Böyük Britaniyada yerləşən “BAE Systems” Avstraliyada dizayn edilmiş, inkişaf etdirilmiş və istehsal edilmiş ilk zərbə PUA sistemi olan STRIX-i təqdim edib. STRIX PUA-sının maketi hazırda Avstraliyanın Celonq şəhərindəki “Avalon Airshow”da “BAE Systems Australia” stendində nümayiş etdirilir. “BAE Systems” STRIX PUA-sını Avstraliyanın yerli şirkətlərindən biri olan “Innovaero” ilə birlikdə hazırladığını bildirib.
“BAE Systems” şirkətinin meneceri Ben Hudson təqdimatdan sonra aşağıdakı açıqlamanı verib: “STRIX-in Avstraliyada istehsal olunan ilk zərbə tipli PUA olması bizi həyəcanlandırır və bu qabiliyyəti müştərilərə çatdırmaq üçün bütün ölkə üzrə tərəfdaşlarla işləməyi səbirsizliklə gözləyirik. STRIX tapşırığa konfiqurasiya edilə bilən və yeni texnologiyalara və ya təhdidlərə cavab olaraq təkmilləşdirilə bilən sərfəli qabiliyyəti təmin etmək üçün mövcud, sübut edilmiş texnologiyalardan istifadə edir”.

STRIX PUA-sı adını yunan mifologiyasındakı “pis bayquş”dan götürüb. “BAE System” tərəfindən hazırlanmış STRIX şaquli qalxma və enməni həyata keçirə bilir. Onun maksimum uçuş çəkisi təxminən 900 kiloqramdır və 160 kiloqrama qədər sursat daşımaq üçün nəzərdə tutulub. O, havadan yerə hücum, müşahidə və kəşfiyyat missiyaları üçün istifadə olunacaq.
STRIX PUA-sı iki saata qədər havada qala bilir və bu müddəti daha da uzatmaq üçün işlər davam edir. Prototipin irəli maili qanadları və V formalı quyruğu var, hər biri cəmi dörd pərvanəli hibrid mühərriklə təchiz olunub. Şirkət hazırda PUA sisteminin prototipi üzərində işləyir və 2026-cı ildən əvvəl aktiv xidmətə daxil olması gözlənilmir.

Eyni zamanda, Avstraliyada hazırlanmış RAZER yüksək dəqiqlikli sursat təqdim edilib. “BAE Systems”in direktoru Ben Hudson belə bir açıqlama verib: “RAZER dominant idarə olunan silah bazarında açıq bir boşluğu aradan qaldırır”. Hazırkı prototipdə “Hellfire” və “Brimstone” raketləri APKWS II 70 mm lazerlə idarə olunan raketlə birlikdə istifadə olunacaq. Hudson iki ölkənin artıq STRIX zərbə PUA-sı ilə maraqlandığını da bildirib, lakin bunların hansı ölkələr olduğunu qeyd etməyib.
Sevinc Əliyeva
Ordu.az