Mirzoyan-Lavrov görüşündə “Şönbax planı” müzakirə olunub? – BAXIŞ BUCAĞI

2023/03/1677856533.jpg
Oxunub: 420     19:10     03 Mart 2023    
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Hindistana ikigünlük səfərə gedib. Onun Hindistanda “Raisina dialoqu” konfransında iştirak edəcəyi bildirilir. Ermənistan xarici işlər naziri Hindistana səfəri zamanı Rusiyanın xarici işlər naziri Lavrovla görüşüb, mərasim hissəsi çox kiçik olduğundan görüşü praktiki olaraq qapalı hesab edə bilərik. Lavrov G20 xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün Hindistandadır və bundan öncə isə məlum olduğu kimi Bakıda səfərdə olub.

Ermənistan və Rusiya xarici işlər nazirlərinin müzakirəsinin mümkün gündəliyi, şübhəsiz ki, Ermənistan-Azərbaycan münasibətləri və Ermənistanda artan anti-Rusiya əhval-ruhiyyəsi ilə bağlı ola bilər. Hər bir halda onların görüş zamanı nəyi müzakirə etdiklərini ancaq ehtimal etmək olar. Mirzoyan-Lavrov görüşündən əvvəl Almaniyada Paşinyan-Şolts görüşü olub, bundan sonra Almaniya kansleri qondarma “öz müqəddəratını təyinetmə hüququ”ndan danışmaqla yanaşı, ərazi bütövlüyü prinsipinə də hörmət etdiklərini vurğulayıb. Rusiya, xüsusən də Lavrovun departamenti və Lavrovun özü Avropanın Qafqazdakı fəaliyyətinə kifayət qədər qısqanclıqla yanaşsalar da, Almaniya kanslerinin bəyanatı Moskvanın “ürəyincə” ola bilər. Çünki Qarabağ məsələsinin “gələcək nəsillərə saxlanılmasını” ifadə edən Rusiya bunu sülhməramlı mandatının “təməl” prinsipi kimi görür.

Hər bir halda Rusiya Azərbaycanla münasibətlərin vacibliyini nəzərə alaraq Almaniya kansleri kimi daha açıq danışa bilməz. Habelə Almaniya kanslerinin açıqlaması Rusiya kimi digər tərəflər üçün presedent ola bilər ki, bu da təhlükəlidir. Bu çərçivədə Almaniyanın Aİ missiyası tərkibində alman polislərinin sayının artırılacağını bəyan etməsi təsadüfi xarakter daşımır. Bu baxımdan, Dehlidə Paşinyan-Şolts görüşündən sonra Mirzoyan-Lavrov görüşü kifayət qədər diqqət ediləsi izlər buraxır.

2022-ci ilin yanvarında, yəni təxminən bir il əvvəl, Ukrayna müharibəsi başlamazdan əvvəl, Hindistanda Almaniya və Hindistanın yüksək rütbəli hərbçiləri arasında qapalı müzakirə baş verib. Almaniya Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Kay-Axim Şönbax Almaniya-Rusiya-Hindistan iqtisadi-hərbi-siyasi formatı haqqında danışıb. Təbii ki, bu bəyanat Şönbaxın vəzifədən azad edilməsi bahasına başa gəldi. Qapalı müzakirədən sızdırılan bu məlumat Almaniyanın da daxil olduğu, ABŞ və Britaniya tərəfindən formalaşdırılan kollektiv Qərb məntiqinə zidd idi. Təbii ki, Azərbaycan üçün əsas məsələ Qərbdaxili və ya Avroatlantikadaxili münasibətlərin intriqalı düyünləri deyil. Azərbaycan üçün əsas məsələ öz təhlükəsizliyinin, ərazi bütövlüyünün, təhlükəsizliyinin təmin edilməsi, onların həlli və ya effektiv olması kimi həyati əhəmiyyət kəsb edən məsələlərdir. Bu baxımdan, Ermənistanın Hindistanda atdığı addımlar və təmaslar diqqətlə izlənilməlidir.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hindistan   Şönbax  


Bizi "telegram"da izləyin