“Qarşıdakı bir neçə ayda İlham Əliyevin qərarları çox vacib olacaq, 2023-cü il Ermənistan üçün çətin il olacaq” - Tomas de Vaal yazır

2018/02/1456456_1519217719.jpg
Oxunub: 23768     12:00     03 Mart 2023    
“2023-cü il Ermənistan üçün çətin il olacaq”.

Ordu.az xəbər verir ki, bunu Cənubi Qafqazın problemləri ilə məşğul olan britaniyalı ekspert Tomas de Vaal ötən gün “Karnegi” Fondunun saytında dərc olunmuş məqaləsində bildirib.

“Ermənistanın etibarsızlıq ili” başlıqlı bu məqalədə britaniyalı analitik qeyd edir ki, ermənilər heç vaxt Azərbaycanın 2020-ci il müharibəsindəki qələbəsindən sonra, Azərbaycan Prezidenti İlham Əliyevin təzyiqlərini davam etdirdiyi bir vəziyyətdə özlərini bu qədər zəif hiss etməyiblər.

De Vaal deyilənlərə sübut kimi ötən ilin yayında Beynəlxalq Respublikaçılar İnstitutunun (İRİ) Ermənistanda keçirdiyi sorğunun nəticələrini göstərir.

“Ermənilərin 54 faizi bildirib ki, əsas narahatlıq daxili və ya iqtisadi problemlər deyil, ölkənin təhlükəsizliyidir”, - deyə məqalə müəllifi yazıb.

De Vaalın fikrincə, cari ildə hadisələr ən qaranlıq versiyalardan ən optimist olanlara qədər bir sıra ssenarilərdə inkişaf edə bilər.

“Azərbaycanla yeni münaqişələr, Rusiyanın təzyiqləri və daxili qeyri-sabitlik tutqun olanlardandır. Daha optimist ssenarilərə Türkiyə ilə münasibətlərin tənzimlənməsi, Azərbaycanla çərçivə sazişinin bağlanması və Aİ-Ermənistan münasibətlərinin gücləndirilməsi daxil ola bilər. Bütün bu çaşqınlığın episentrində Ermənistanın Baş naziri Nikol Paşinyan dayanır. O, 2018-ci il inqilabından doğan həvəs dalğası ilə hakimiyyətə gəlib, vəd etdiyi islahatları, xüsusən də məhkəmə və məhkəmə-hüquq sistemində islahatları gecikdirib. Xarici siyasi arenada isə Paşinyan inqilabçıdır”, - deyə De Vaal bildirib.

O, Türkiyə ilə münasibətləri normallaşdırmaq cəhdlərini xatırladıb, həmçinin İrəvanın Kollektiv Təhlükəsizlik Müqavilənin təşkilindən narazılığını bildirib.

“Paşinyan Ermənistanın Rusiyadan hərbi və iqtisadi asılılığından narahatlığını açıq şəkildə bəyan edir. Moskvanın səs-küylü şikayətlərinə və Belarus prezidenti Aleksandr Lukaşenkonun hədələyici bəyanatlarına baxmayaraq, Paşinyan Rusiyanın başçılıq etdiyi KTMT-nin faydalılığını açıq şəkildə şübhə altına alır”, - deyə De Vaal yazır.

Ekspert onu da xatırladır ki, Moskvanın narazılığının səbəblərindən biri Aİ-nin müşahidə missiyasının Ermənistan ərazisində yerləşdirilməsi olub.

Tomas de Vaal nəşrinin əhəmiyyətli hissəsini Ruben Vardanyanla bağlı hadisələrə həsr edir.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan liderləri Vardanyanın uzaqlaşdırılması ilə bağlı ortaq dil tapa biliblər. Daha qlobal məsələlərdə isə, analitikin fikrincə, hazırda Ermənistan-Azərbaycan razılaşmaları çətin vəziyyətdədir, amma xüsusən Aİ-nin sponsorluğu ilə aparılan danışıqlar prosesi çərçivəsində müəyyən perspektivlər yarana bilər.

“Aİ Şurasının Prezidenti Şarl Mişelin rəhbərliyi ilə aparılan danışıqlar gözləniləndən daha çox irəliləyiş əldə edib. Moskvadan fərqli olaraq, Aİ qərəzsiz vasitəçi kimi qəbul edilir, üstəlik, Vaşinqtonun daşıdığı yükdən də məhrumdur”, - deyə De Vaal yazır və yaxın gələcəkdə sülh müqaviləsi bağlamaq perspektivlərinin çətin olduğunu vurğulayır.

Onun fikrincə, bunun əvəzində Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının müəyyən perspektivi var.

Faciəli hadisələrin, yəni 6 fevral zəlzələsi və ondan sonra baş verən hadisələrin erməni-türk dialoqunun dərinləşməsinə töhfə verdiyini vurğulayan məqalə müəllifi qeyd edir: “Martın 25-də Türkiyə milli futbol komandası Avropa çempionatının seçmə mərhələsində iştirak etmək üçün İrəvana yola düşdüyü zaman futbol diplomatiyasını, 2008-ci ildə nizamlanma danışıqlarına başlayan diplomatiyanı təkrarlamaq imkanı yaranacaq”.

“Hazırda Ermənistanda hər şey təhlükəsizliklə bağlıdır. Paşinyanın hərəkətləri ciddi siyasi müxalifətə, hətta potensial siyasi zorakılığa səbəb ola bilər. Çoxları istər Rusiyada, istərsə də erməni diasporunun bəzi hissələrində onun uğursuzluğa düçar olmasını istəyər”, - deyən britaniyalı analitik, bununla belə, yaxın gələcəkdə Ermənistan ətrafında cərəyan edən proseslərin əsasən xarici oyunçulardan asılı olacağını qeyd edir.

“Aİ və ABŞ Ermənistanın suverenliyini və iqtisadiyyatını dəstəkləməklə, həmçinin sülh prosesinin ədalətli inkişafına zəmanət verməklə İrəvana kömək edə bilər. Lakin hadisələrin gərginləşməsi Ermənistandan yox, Azərbaycan, Rusiya və Türkiyənin qəbul etdiyi qərarlardan, bəlkə də hər şeydən əvvəl Azərbaycanın verdiyi qərarlardan asılıdır. Azərbaycan Prezidenti İlham Əliyevin tarix səhifəsini vərəqləmək istəməməsi isə bu gündən daha çox keçmişlə bağlıdır. Qarşıdakı bir neçə ayda onun qərarları çox vacib olacaq”, - deyə Tomas de Vaal “Karnegi” Fondunun saytında dərc olunan məqaləsində iddia edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tomas-de-Vaal   Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin