“Bell” şirkətinin vitse-prezidenti Mayk Deslat AH-1Z helikopterlərinin təhvil verilməsindən sonra bildirib: “Bəhreyn Krallığını ən son nəsil AH-1Z-ləri əldə etdiyinə görə təbrik edirik. Bölgədə lider olaraq Bəhreynin müdafiə imkanları “Viper”in qabaqcıl texnologiyaları ilə daha da dəstəklənəcək. Söhbət təyyarə parkının modernləşdirilməsindən gedirsə, imkanlar tənliyin yalnız bir hissəsidir”.

Bəhreyn AH-1Z hücum helikopterlərini ilk dəfə 2018-ci ilin aprelində təsdiq edilmiş və 2019-cu ilin fevralında imzalanmış Xarici Hərbi Satış (FMS) müqaviləsi çərçivəsində alıb. İmzalanan müqavilə ilə Bəhreyn 12 AH-1Z helikopterinə əlavə olaraq “Lockheed Martin”in AGM-114 “Hellfire” “hava-yer” raketlərini, “BAE Systems”in APKWS II idarə olunan raketlərini və “Thales”in dəbilqə ilə inteqrasiya olunmuş pilot görüntüləmə sistemini alıb.
Ehtiyat hissələri, dəstək və köməkçi avadanlıqlar da daxil olmaqla, sövdələşmənin təxmini ümumi dəyəri DSCA tərəfindən 911,4 milyon dollar olaraq qeyd edilib.
“Bell” AH-1Z hücum helikopteri
“Viper” adlanan “Bell” AH-1Z helikopteri iki mühərrikli hücum helikopteridir. AH-1Z ABŞ Dəniz Piyadaları Korpusu üçün H-1 təkmilləşdirmə proqramının bir hissəsi kimi hazırlanmış AH-1W “SuperCobra”ya əsaslanır. O, inteqrasiya olunmuş silah platformasında qabaqcıl hərbi avionika, silah sistemləri və elektro-optik sensorları yeni rotor texnologiyası ilə birləşdirir. Helikopterin uzunömürlülük qabiliyyəti artırılıb və o, daha uzaq məsafələrdə hədəfləri taparaq onlara dəqiq silahlarla hücum edə bilmə vəziyyətinə gətirilib.
AH-1Z-nin yeni rotor sistemi dörd qanadlı sistemlərdən 75% daha az hissəyə malikdir. Qanadlar, ballistik dayanıqlılığı artırılmış kompozit materialdan hazırlanır. Amfibiya hücum gəmilərində saxlama üçün yarımavtomatik sistem mövcuddur. Yenidən dizayn edilmiş 2 qanadcıq daha uzundur və hər birinə AIM-9 “Sidewinder” kimi bir raket üçün nəzərdə tutulan qanad ucluğu əlavə olunub.

Sevinc Əliyeva
Ordu.az