Bakıda Yaponiya imperatorunun doğum günü münasibətilə tədbir keçirilib

2023/02/16455-1677169504.jpg
Oxunub: 365     20:11     23 Fevral 2023    
Bu gün Bakıda Yaponiyanın milli bayramı - Təvəllüd Günü, İmperator əlahəzrət Naruhitonun 63-cü doğum günü münasibətilə tədbir keçirilib.

Ordu.az xəbər verir ki, tədbirdə Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri və digər rəsmi şəxslər iştirak edib.

Tədbirin açılış mərasimində çıxış edən səfir Cuniçi Vada ölkələrimiz arasında sıx diplomatik əlaqələrdən məmnunluq hissini bildirib: "Məmnuniyyətlə bildirmək istəyirəm ki, 1992-ci ildə diplomatik əlaqələrin qurulmasından indiyə qədər Yaponiya ilə Azərbaycan Respublikası arasında ikitərəfli münasibətlər siyasi, iqtisadi, mədəni, təhsil, o cümlədən xalqlar arasında əlaqələr daxil olmaqla, müxtəlif sahələrdə yüksək templə inkişaf edir. Bu illər ərzində əlaqələr möhkəm dostluq və əməkdaşlıq bağına çevrilib.

Şübhəsiz ki, bu mükəmməl əlaqələrin əsasında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 1998-ci ilin fevral ayında Yaponiyaya ilk rəsmi səfəri dayanır ki, bu səfər əməkdaşlığın ən yüksək səviyyədə inkişafına böyük töhfə verib".

Səfir qeyd edib ki, ölkələrimiz arasında əlaqələrin inkişafına müxtəlif beynəlxalq səviyyəli tədbirlər də töhfə verir: "Əminəm ki, "EXPO 2025 Osaka, Kansay, Yaponiya" sərgisi sənaye, texnologiya və turizm baxımından əməkdaşlığın sürətləndirilməsi üçün gözəl imkanlar yaradacaq.

Sevindirici haldır ki, Azərbaycan hökuməti EXPO 2025-də iştirakla bağlı müqavilə imzalayan ilk ölkə oldu və orada öz eksklüziv pavilyonu ilə təmsil olunacaq".

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev də öz növbəsində ölkələrimiz arasında sıx əlaqələrin mövcud olduğunu vurğulayıb: "Qeyd etmək istərdim ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Yaponiya bir çox sahələrdə onun əsas tərəfdaşlarından biri olmuşdur. Ölkələrimiz arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlıq müxtəlif sahələrdə yüksələn xətlə davam etdirilir.

Hazırda iki ölkə arasında təmiz enerji sahəsində uğurlu əməkdaşlıq mövcuddur. Belə ki, bu əməkdaşlıq çərçivəsində işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonası üçün konseptual sənəd hazırlanıb.

Yaponiya ilə Azərbaycan arasında bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinin hər iki tərəf üçün faydalı olacağına qəti şəkildə inanıram".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Azərbaycan  


Bizi "telegram"da izləyin