ABŞ-dan Ukraynaya “UH-60 Black Hawk” helikopteri göndərildi

2023/02/20230-1677149171.jpg
Oxunub: 623     15:24     23 Fevral 2023    
Ukrayna Hərbi Kəşfiyyat Xidməti (GUR) ABŞ-dan sifariş edilən “UH-60 Black Hawk” helikopterini və Mi-24 hücum helikopterini alıb. Alınan “UH-60 Black Hawk” və Mi-24 helikopterləri Rusiyaya qarşı aktiv şəkildə istifadə olunacaq.

Ukrayna Hərbi Kəşfiyyat Xidmətinin açıqlamasında bildirilib: “Ukrayna hərbi kəşfiyyat aviasiyası dövlətimizin müdafiəsində ön sıralarda öz işini davam etdirir. Kəşfiyyat pilotları yenicə növbəti döyüş tapşırığından qayıdıblar. Döyüş helikopterləri Ukrayna Baş Kəşfiyyat İdarəsinin xüsusi bölmələrinin imkanlarını və xüsusi əməliyyatların effektivliyini əhəmiyyətli dərəcədə artırır. Ukrayna Müdafiə Nazirliyinin GUR pilotları cəbhənin bütün sahələrində düşməni məhv etməyə davam edir”.

“UH-60 Black Hawk” helikopteri

“UH-60 Black Hawk”, “Sikorsky” şirkəti tərəfindən istehsal edilən, hərbi nəqliyyat və hücum üçün nəzərdə tutulmuş S-70 helikopter ailəsinə məxsus versiyadır. Onun əsas vəzifəsi qoşunların daşınması və maddi-texniki təminatın təmin edilməsidir. Bununla belə, helikopter konfiqurasiya edilərək tibbi təxliyə, komanda-nəzarət, axtarış-xilasetmə, silahlı mühafizə, elektron müharibə və nəqliyyat məqsədləri üçün də istifadə oluna bilər. Lazımi konfiqurasiya edilsə, hava hücumu üçün də istifadə edilə bilər.

O, tam təchiz olunmuş 11 hərbi qulluqçu və ya 1170 kq yük daşıya bilir. O, həmçinin kəndirlə 4050 kq yükü çəkə bilir. “UH-60 Black Hawk” helikopterləri yanğınsöndürmə, xilasetmə və təcili yardım kimi də istifadə edilə bilər. Onun dəyəri təxminən 5,9 milyon dollardır. Dəyəri baxımından bazarda ən bahalı nəqliyyat helikopterlərindən biridir. Başda ABŞ, Türkiyə, Yaponiya və Cənubi Koreya olmaqla, ümumilikdə 28 ölkə tərəfindən fəal şəkildə istifadə olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna   UH-60-Black-Hawk  


Bizi "telegram"da izləyin