Seperatçıların başçısı Arayik Harutyunyan Vardanyana “vəzifə” təklif edilməsinin bir neçə səbəbi var idi. Bunlardan birincisi məşhur kriminal iş adamının maliyyə dünyasındakı əlaqələri və imkanları ilə bağlı idi. Qondarma qurumun 2022-ci il “büdcəsi” 31 milyard dramdan artıq böyük kəsirlə qəbul edilib və kəsiri dolduran mənbələr məlum deyildi. Məlumata görə, müharibədən əvvəl kəsir kommersiya banklarından alınan borc hesabına ödənilirdi. Lakin müharibədən sonra bu, artıq mümkün olmadığından, 2022-ci ildə kəsiri doldurmaq üçün mənbələr tapmaq əsas problemə çevrildi. Kəsirdən əlavə, daha 20 milyard dram borc yığıldığı da qeyd olunur. Beləliklə, seperatçılar arasında maliyyə resurslarının cəlb edilməsi problemi yaranmışdı və Vardanyanın əlaqələri müxtəlif maliyyə qurumlarından və erməni oliqarxlarından vəsaitlərin cəlb olunmasına kömək edə bilərdi.
Növbəti səbəb, Artak Beqlaryanın seepratçılar arasında normal qarşılıqlı əlaqəni təmin edə bilməməsi, xüsusən də Arayik tərəfindən ona sistemdə cəmi 4 “nazirlik” verilməsi olub.
Növbəti səbəb, erməni sakinlərin yeni, boş vədlərlə qidalandırılması məsələsi idi. Məşhur criminal iş adamının bölgəyə gəlməsi və “vəzifə”yə təyin olunması ilə bunu etmək olardı.Vardanyanın Qarabağa gəldikdən dərhal sonra Azərbaycana qarşı təxribatlara başladı. Vardanyanın “təyinat”ı kifayət qədər böyük səlahiyyətlərin verilməsi ilə birləşdirildi, qanunsuz silahlı birləşmə istisna olmaqla, bütün “struktur”lar onun koordinasiyasına keçdi.
Seperatçılar tərəfindən mədənlərin qanunsuz istismarına son qoyulması yələbi ilə Laçın yolunda başladılan ekoaksiya Vardanyan üçün əsl sınaq oldu. “Facebook” vasitəsilə erməniləri manipulyasiya etməyə çalışan Vardanyan canlı yayım zamanı tez-tez dəqiqləşdirilməmiş bəyanatlar verir, həmçinin Azərbaycana qarşı hədələr səsləndirirdi. Məsələlərin praqmatik həllini tapmaq əvəzinə, Vardanyan Parisdə yaşayan Şarl Aznavurun oğlu vasitəsilə Fransa mediasını cəlb edərək propoqanda aparmaq variantını seçdi ki, bu da vəziyyəti daha da gərginləşdirdi. Üstəlik, yanvarın əvvəlində müharibədən sonrakı dövrdə danışıqlar aparmaq yolunu seçən Vitali Balasanyan qovuldu.
Çox keçməmiş 2023 yanvarın 14-də xəbər yayıldı ki, Vardanyan “öz ərizəsinə əsasən tutduğu vəzifə”dən azad edilə bilər. Eyni zamanda, Arayikin də uzaqlaşacağı, qondarma “parlamenti” buraxacağı barədə şayiələr yayılırdı. Seperatçılar daxilində aktiv müzakirələrin getdiyi açıq-aşkar görünürdü. Baş verənlər fonunda Vardanyan getməyəcəyini açıqlayıb, həmçinin Arayikin uzaqlaşmasını və “parlament”in buraxılmasını qəbuledilməz hesab edib. Bütün bunlara baxmayaraq, Arayikin Vardanyana etimadının tükəndiyi bəlli idi. Hansı epizodun onun səbr kasasını tam doldurduğunu söyləmək çətindir, lakin iki “komanda”nın müxtəlif mediada sifariş etdiyi yazılar sübut edir ki, Arayik və Vardanyan birgə çalışmaq istəmirlər.
Ruben Vardanyan separatçıların keçmiş başçıları Bako Saakyan, Arkadi Qukasyan, “təhlükəsizlik xidmətinin keçmiş direktoru” Kamo Ağacanyanı əsas simalar hesab edir. Seperatçılara ən böyük investisiya yatıran və böyük sifarişləri olan Arman Hakobcanyan Vardanyanın yeni təyin olunan “müşavirləri”ndən biridir. Çoxları Hakopcanyanı seperatçıların əsl başçısı hesab edir, Bako Saakyan isə Vardanyanla aralarındakı isti münasibətlərə görə böyük təsir gücünə malik fiqur hesab olunur.
Laçın yolunda ekoaksiya başladıqdan sonra, 2022-ci ildə dekabrın 13-də Vardanyanın rəhbərlik edəcəyi “operativ qərargah”ın formalaşdırılması haqqında məlumat verildi. Onun bir çox köməkçiləri, bəzi “idarələr”in nümayəndələri operativ qərargaha daxil olsalar da, əsas şəxslər orada olmaqdan imtina ediblər. “Nazirlər”in çoxu Vardanyanla işləmir, hətta sonuncu onlarla məşğul olmaq istəmir. Beləliklə qondarma qurumda parçalanma artır və Vardanyanın “müşavirləri” əsas qərarları qəbul edir. Bu cür iş tərzi isə ermənilərin xoşuna gəlmir və bu, Vardanyandan narazılıq yaradır.
Vardanyan daim erməniləri “birliyə” çağırır. Lakin onun “birlik” haqqında fikirləri kifayət qədər subyektivdir. “Operativ qərargah”ın iclaslarının birində növbəti “birliyə” çağırışdan sonra onun prinsipləri ilə razılaşanların hamısı ilə işləyəcəyini bildirib. Onun prinsipləri ilə razılaşmayan, hətta onlara qarşı olan insanlarla işləməyəcəyini düşünsək, hansı “birlik”dən söhbət gedə bilər? Ruben Vardanyan yığıncaqları xoşlayır, burada “birlik” və “mübarizə”dən danışır, Azərbaycana qarşı təxribat xarakterli bəyantlar verir və gəlişi ilə bağlı təbriklərə qulaq asır. Onun tost kimi çıxışları əvvəllər ermənilər arasında böyük həyəcan doğururdusa, artıq Vardanyanın ünvanına tənqidlər səslənir.
Məqaləni ümumiləşdirərək belə qənaətə gəlmək olar ki, Vardanyan yaxın vaxtlarda “vəzifəsi”ndən uzaqlaşdırılacaq. Ona qarşı “Operativ Qərargah-2” adlı yeni qərargahın yaradılması da buna işarə edir. Lakin bunun necə baş verəcəyi başqa sualdır, əsas məsələ onun ümumiyyətlə bölgədən uzaqlaşdırılmasıdır, əks halda “vəzifə”dən uzaqlaşdırılsa belə təxribatçı fəaliyyətlərini yekunlaşdırmayacaq, təsir mexanizmini saxlayacaq.
Aqil Məmmədov
Ordu.az