Ordu.az xəbər verir ki, erməni politoloq Levon Şirinyanın sözlərinə görə, Ermənistan cəmiyyəti Rusiya və Azərbaycanın adını demək olar bərabər çəkib.
O qeyd edib ki, Laçın yolunun fəaliyyətinə görə məsuliyyət Azərbaycanın yox, Rusiyanın üzərinə düşür.
“10 noyabr sənədinə görə, bütün səlahiyyət və məsuliyyət Rusiyaya məxsusdur. Ermənistanın bununla heç bir əlaqəsi yoxdur. Ermənistanla bağlı əldə olunan rəqəmlər isə “beşinci kolon” və Moskvanın təbliğatının nəticəsidir, bu, revanşistlərin tərəfdarlarının nəticəsidir, bəziləri isə hər şeydən tamamilə xəbərsizdirlər”, - deyə Şirinyan bildirib.
Erməni politoloq vurğulayıb ki, Ruben Vardanyan bir il əvvəl xəritədə Qarabağın yerini belə bilmirdi.
“O, gecə-gündüz efrə çıxır və Qarabağ məsələləri ilə sırf Rusiyanın maraqlarına uyğun məşğul olur. O, erməni maraqlarına xidmət etmir və onun erməni olması heç nə demək deyil, bu, aldatma kimi bir şeydir. O, yəqin ki, Ermənistanın Baş naziri olmaq istəyir. Böyük ehtimalla ona deyiblər ki, Qarabağa get, necə deyərlər, sən belə edəcəksən, sonra Ermənistanın Baş naziri olacaqsan. Amma belə bir şey mümkün deyil. O, diqqətini Ermənistana yönəldir”, - deyə Şirinyan əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az