Yaponiyanın yeni müdafiə strategiyasının regiona və qlobal təhlükəsizliyə təsiri – ANALİZ

2023/03/1677824146.jpg
Oxunub: 500     15:48     03 Mart 2023    
1. Transformasiyanın arxasında nə dayanır?

İkinci Dünya Müharibəsindən sonra ABŞ-ın işğalı altında hazırlanmış Yaponiyanın hazırkı 1947-ci il Konstitusiyasının 9-cu maddəsində deyilirdi ki, ölkə mahiyyətcə pasifist dövlətə çevriləcək və bir daha heç vaxt “quru, donanma və ya hava qüvvələri” yaratmayacaq. Bununla belə, ABŞ qüvvələri işğalı dayandırdıqdan sonra Yaponiyanın Çin və Rusiya kimi qonşularının regional hücumlarına tamamilə həssas olacağı tez bir zamanda aydın oldu. 1950-ci ildə Koreya Müharibəsinin başlamasından bir ay sonra ABŞ işğalçı qüvvələri faktiki olaraq Milli Polis Ehtiyatı adlı 75.000 nəfərlik yüngül silahlı ordu yaratdı. Yaponiyanın hazırkı ordusu olan Özünümüdafiə Qüvvələri 1954-cü ildə yaradılıb. Altı il sonra Tokio ABŞ-ın Yaponiyada hərbi bazalarını saxlaması və ada dövlətini hücumlardan qoruması barədə müqavilə imzaladı.

Pasifist Yaponiyanın müdafiə strategiyası onun ərazisində çoxlu ABŞ bazalarının təsiri ilə Vaşinqtondan çox asılı idi. Lakin səkkiz ilə yaxındır (2012-2020) hakimiyyətdə olan keçmiş baş nazir Şinzo Abenin hakimiyyəti dövründə Yaponiya hərbi rolunu və büdcəsini xeyli genişləndirdi. Baş nazir Abe “proaktiv pasifizm” adlandırdığı təhlükəsizlik siyasəti çərçivəsində konstitusiyada nəzərdə tutulan hərbi məhdudiyyətləri yumşaldıb və Özünümüdafiə Qüvvələrində islahatlar aparıb. 2015-ci ildə qəbul edilən qanunlar Yaponiyaya 70 ildən sonra ilk dəfə olaraq xaricə qoşun göndərməyə və hərbi əməliyyatlarda müttəfiqlərə qoşulmağa icazə verdi. Yeni qanunlar Şinzo Abe tərəfindən “müharibə etməmək öhdəliyini gücləndirəcək” və “dünya sülhü və rifahına töhfə verəcək” əsasları ilə müdafiə edildi.

2. Yeni milli müdafiə baxışı hansı dəyişiklikləri nəzərdə tutur?

Yaponiyanın yeni milli müdafiə baxışı 2022-ci ilin dekabrında dərc edilmiş üç strateji sənədlə formalaşıb. Bunlar yeni hazırlanmış Milli Təhlükəsizlik Strategiya Sənədi, əvvəllər hazırlanmış, lakin ən son yenilənmiş Milli Müdafiə Strategiyası Sənədi və Müdafiə İnkişaf Proqramı Sənədidir.

Yaponiya bu sənədlərlə ümumi daxili məhsulunun (ÜDM) yüzdə 1-i civarında olan müdafiə xərclərini 2 faizədək artıracağını açıqladı. Beş illik planla reallaşacaq bu artım, NATO hədəflərinə mütənasib oxşarlığı ilə diqqət çəkir. Üstəlik, bu yolla cari xərcləri iki dəfə artırmaqla Yaponiya müdafiə büdcəsinə 315 milyard dollar əlavə edərək, ABŞ və Çindən sonra hərbi xərclərə görə dünyanın üçüncü ən böyük ölkəsi olacaq. Mətnlərə, həmçinin hücum silahlarının alınması və genişləndirilmiş silahlı qüvvələrin hərbi komandanlıq strukturunun yenidən formalaşdırılması daxildir.

Sənədlərdəki ən yüksək profilli investisiyalar “əks-hücum” imkanlarına investisiyalardır ki, bu da potensial olaraq 1500-3000 kilometr məsafədən gəmiləri və ya quru raketlərini vura bilən uzun mənzilli raketlərin alınmasını nəzərdə tutur. Bu, bir neçə yüz kilometr məsafə ilə məhdudlaşan və əsasən qısa mənzilli müdafiə üçün nəzərdə tutulmuş Yaponiyanın hazırkı raket tədarükü ilə müqayisədə əhəmiyyətli irəliləyiş hesab oluna bilər. Bu cür raketlər Yaponiyaya Çin, Şimali Koreya və Rusiya kimi Asiya qitəsinin dərinliklərindəki hərbi hədəfləri vurmaq üçün texniki imkan verəcək. Bu addımın baş tutması üçün konstitusiyadakı hücum qadağasının “Yaponiyanı işğal etməyə çalışan düşmənin qüvvələrini vurmaq” izahı ilə “profilaktik hücum” kimi qiymətləndirilərək aradan qaldırıldığı görünür.

Bu sənədlər həmçinin diplomatiya, hərbi güc, iqtisadi güc, texnologiya və kəşfiyyatdan birgə istifadəyə istinad edən yeni “Hərtərəfli Milli Güc” (CNP) termininin əhəmiyyətini vurğulayır. O, həmçinin Yaponiya hökumət şəbəkələrini və kritik infrastrukturu qorumaq üçün kibertəhlükəsizliyin gücləndirilməsinə diqqət yetirməklə inkişaf yol xəritələrini təsvir edir.

3. Yeni müdafiə baxışının regiona və qlobal təhlükəsizliyə təsirləri hansılardır?

Sənədlərə görə, Yaponiya İkinci Dünya Müharibəsinin bitməsindən bəri özünü ən şiddətli və mürəkkəb təhlükəsizlik mühitinin ortasında tapır. Milli Təhlükəsizlik Strategiyası Çini, şübhəsiz ki, Yaponiyanın üzləşdiyi “ən böyük strateji çağırış” adlandırır. O, Şimali Koreyanı “Yaponiyanın milli təhlükəsizliyi üçün əvvəlkindən daha ciddi və qaçılmaz təhdid” kimi təsvir edir. Bu strategiya həm də Tokionun Rusiya-Ukrayna müharibəsində güclü mövqeyini vurğulayır.

Yaponiyanın mövcud sisteminin himayədarı sayılan ABŞ və müttəfiq Avropa qüvvələrinin ortaq dəyərlərinə və qlobal təhlükəsizliyə təhdid kimi qiymətləndirilən Çin, Şimali Koreya və Rusiyaya çox yaxın olan və hər üç dövlətin hökumətləri tərəfindən təhlükə və ya düşmən kimi qəbul edilən Tokio çox sərt strateji mühitlə üz-üzədir. Yaponiyanın bu təhdidlərə qarşı gücünü artırması Asiya demokratiyaları üçün də bir üstünlük kimi qiymətləndirilir.

Dəyişdirilən müdafiə siyasətlərinin milli təhlükəsizlik mühitində yaratdığı dəyişiklik, yüksələn müdafiə xərcləri ilə birlikdə artan hərbi səlahiyyət və məsuliyyəti də gətirəcək. Bu vəziyyət daxildə az da olsa siyasi müzakirələrə səbəb ola bilər. Daha da önəmlisi odur ki, bu, qonşu dövlətlər tərəfindən Yaponiyanın hərbi gücə çevrilməsi və silahlanma yarışının sürətləndirilməsi kimi səhv başa düşülməsinə səbəb ola bilər. Bu vəziyyət əvvəlcə Asiya-Sakit okean regionunda, sonra isə qlobal təhlükəsizlik rəqabətində təhlükəsizlik dilemmasının kəskinləşməsinə səbəb ola bilər.

Demək olar ki, Yaponiyanın silahlanması hazırkı qlobal sistemin və demokratik dəyərlərin qorunması məsuliyyəti altında ABŞ və Avropa tərəfindən dəstəklənir. Digər tərəfdən, bu transformasiya sıx bağlı olduğu, lakin getdikcə daha çox müzakirə olunduğu qlobal sistem üçün yeni problem yarada bilər. Ancaq bu silahlanma prosesinin dayanmayacağını və Asiya-Sakit Okean regionunda iqtisadi və siyasi güc kimi dayanan Yaponiyanın qısa müddətdə hərbi güc kimi yerini alacağını proqnozlaşdırmaq olar.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Hərbi-transformasiya  


Bizi "telegram"da izləyin