Telefon danışığı zamanı Azərbaycan və Rusiya arasında mövcud ikitərəfli məsələlər, bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində tədbirlər, o cümlədən Laçın yolu ətrafında cari vəziyyət müzakirə mövzusu olub. Ceyhun Bayramov blokada və humanitar vəziyyət barədə iddiaların heç bir əsasının olmadığını xatırladıb.
Maraqlıdır ki, bir neçə gün əvvəl Lavrov Laçın yolundakı vəziyyətin “yaxın bir neçə gün ərzində” həll olunacağını bildirib. Ancaq Vardanyanın başçılığı altında olan seperatçılar tələbləri yerinə yetirmir və ekoloqlarımız aksiyanı davam etdirir. Qərb təşkilatları vəziyyətdən narahatlığını ifadə edir və tərəflərə çağırışlar edir. Rəsmi Bakı isə dəfələrlə yolun açıq olduğunu təsdiqləyib.
ABŞ sülh müqaviləsini müzakirə etməyə çalışır, bəyan edir ki, Ermənistan və Azərbaycan danışıqlar yolu ilə Laçın yolu məsələsini həll etməlidir. Ermənistan Laçın mövzusu ilə bağlı danışıqlardan imtina edir. İrəvan xarici işlər nazirlərinin dekabrın 23-də Moskvada keçirilməsi planlaşdırılan üçtərəfli görüşündə də iştirak etməyib və bildirib ki, onun üçün prioritet Laçın yolunun açılmaısıdır.
Lavrov və Ceyhun Bayramov arasında telefon danışığı ərəfəsində Putin-Paşinyan telefon danışığı da baş tutub. Bu o deməkdirmi ki, Lavrov-Bayramovun telefon danışığı Paşinyan-Putinin telefon danışığından qaynaqlanır?
Moskva-İrəvan yüksək səviyyəli təması İran ətrafında cərəyan edən proseslər fonunda, eləcə də Misir prezidentinin Azərbaycan və Ermənistana səfərlərindən sonra baş tutub. Munun ardınca Misirin xarici işlər naziri Moskvaya səfəri edib və onu Rusiya xarici işlər naziri qəbul edib. Misir prezidenti İrəvanda bəyan edib ki, Qahirə tərəflər üçün məqbul olarsa, neytral vasitəçi olmağa hazırdır. Vaşinqtonun son günlər Misirlə də əlaqə saxlaması diqqət çəkir. Dövlət katibi Blinken Yaxın Şərq səfərinə yanvarın 29-da Qahirədən başlayıb, burada Qafqazdan qayıdan prezident Sisi ilə görüşüb. “Böyük Oyun” çox sürətlə inkişaf edir.
Asif Cəfərov
Ordu.az