2022-ci ilin dekabrında Ermənistan və Türkiyə nümayəndələrindən ibarət işçi qrupları Ermənistan-Türkiyə sərhədi yaxınlığında, Ağrı bölgəsində görüşüblər.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşr qeyd edib ki, Marqara körpüsünün nümunələnməsi də həyata keçirilib.
“Həmçinin öyrəndik ki, dekabr ayında işçi qrupunun üzvləri əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün iki iclas keçiriblər. Söhbət xüsusən 2022-ci il iyulun 1-də Türkiyə təmsilçisi Serdar Kılıçla Ermənistan təmsilçisi Ruben Rubinyan arasında keçirilən görüşdə əldə olunan razılaşmalardan gedir. Həmin görüşdə Ermənistan və Türkiyəyə səfər edən üçüncü ölkə vətəndaşlarına ən qısa müddətdə Ermənistan-Türkiyə quru sərhədini keçmək imkanının yaradılması qərara alınıb. Həmçinin Ermənistan-Türkiyə birbaşa hava yüklərinin ən qısa zamanda daşınmasına başlanılması razılaşdırılıb. Daha öncə yazdığımız kimi, bu qadağa yanvarın 1-dən götürülsə də, Ermənistan İqtisadiyyat Nazirliyinin məlumatına görə, proses hələ başlamayıb.
Nəşrimiz Ermənistan Xarici İşlər Nazirliyinə yazılı sorğu göndərərək dekabr ayında hansı işlərin görüldüyü və Ermənistan-Türkiyə sərhədlərinin açılması prosesinin hansı mərhələdə olduğu barədə məlumat vermələrini xahiş etmişdi. Sorğumuza cavab olaraq Ermənistan Xarici İşlər Nazirliyinin İnformasiya və Diplomatiya İdarəsi belə cavab verib: “İyulun 1-də Ermənistan və Türkiyə arasında işçi qrupları səviyyəsində keçirilən görüşlər nəticəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi prosesi gedir. Bu çərçivədə Marqara körpüsünün nümunələnməsi də həyata keçirilib”.
Bizə onu da bildirdilər ki, Ermənistan və Türkiyə nümayəndələrinin qarşıdakı görüşünün nə vaxt keçiriləcəyi hələlik məlum deyil, çünki indi əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsi istiqamətində işlər aparılır və yalnız bundan sonra yeni görüşlə bağlı razılıq əldə olunacaq”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az