Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşr qeyd edib ki, rəsmi məlumatlara görə, Ermənistanın iqtisadi aktivlik indeksi 2021-ci illə müqayisədə ötən il ərzində 14,2 faiz artıb.
“Onu da qeyd edək ki, bir il ərzində ticarət dövriyyəsinin həcmi 17 faiz artıb. Həmçinin ticarət olmadan xidmətlərin həcmi 28,2 faiz artıb. Statistika Komitəsinin məlumatına görə, ixracın həcmi 77,7 faiz, idxal isə 63,5 faiz artıb. Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan hələ də iqtisadi aktivlik göstəriciləri ilə “qürurlanmağı” bacarmayıb. Bu rəqəmlərlə tanış olduqda sual yaranır ki, xoşbəxt yaşayırıq, amma fərqində deyilik? Bəlkə Statistika Komitəsi saxtalaşdırılmış rəqəmlərlə məşğul olub?”, - deyə nəşr bildirib.
Nəşrin jurnalistləri erməni iqtisadçı Atom Marqaryandan dərc olunan göstəricilərin reallığa uyğun olub-olmadığını soruşublar.
“Uyğundur, amma hansı reallıq olduğunu aydınlaşdırmaq lazımdır. Baxmaq lazımdır ki, bu fəaliyyətlər nəyin nəticəsidir: Rusiya-Ukrayna müharibəsi, nəticədə 300.000 köçkün və onların pulları, qeydə alınmış iş yerləri və investisiyaları, ikincisi, dəhşətli dərəcədə böyük, mifik 5 trilyon 300 milyard dollarlıq mərclər, ofşor pul axını. Bunların mənşəyi əsasən şübhəlidir və bu da etimoloji cəhətdən təhlil edilməli, aydınlaşdırılmalıdır. Əgər Statistika Komitəsi doğrudan da millidirsə, o trilyonların hansı adaların hansı bank hesablarından Ermənistana axdığını, hər şeyi açıq şəkildə təqdim etməlidir. Bəli, 144 faiz göstərici ola bilər, amma bu, Ermənistan rezidentlərinə heç bir şey verməyən virtual bir fəaliyyətdir. Bu, əsasən qeyri-rezident tərəfindən yaradılan dalğadır, belə desək, çox tez qalxıb düşə bilər”, - deyə Marqaryan qeyd edib.
Erməni iqtisadçının sözlərinə görə, Ermənistanda yoxsulluq demək olar ki, 80 faiz artıb, əhalinin əksəriyyətinin həyat keyfiyyəti ilə bağlı problemləri var.
Alpər Mövludoğlu
Ordu.az