İrana 10-20 nüvə başlığı ötürülüb?| Regionda gərginlik ən pik həddə

2023/01/1675173822.jpg
Oxunub: 1047     18:02     31 Yanvar 2023    
Yanvarın 28-29-da İranda vəziyyət gərginləşib. İranın İsfahan şəhərində hərbi sənaye müəssisəsinə pilotsuz uçuş aparatı ilə hücum edilib. İran və Qərb mənbələrinə görə, hücumun arxasında İsrail dayanır. İran tərəfi hücumun uğurlu olmadığını bildirir. İsrail mənbələri isə əks fikirdədirlər və “kifayət qədər uğurlu” əməliyyat olduğunu bildirirlər.

Rəsmi səviyyədə hələlik təmkin hiss olunur. Bütün bunların fonunda ABŞ-ın dövlət katibi Entoni Blinkenin Yaxın Şərqə səfəri həyata keçirilir. Blinken bir gün əvvəl Misirdə olub, o, Qafqaza regional səfərdən qayıdan prezident Sisi ilə də görüşüb.

ABŞ Dövlət Departamenti Blinkenin Yaxın Şərqə səfərini İranda hücumlardan əvvəl açıqlayıb. Blinken İsrail-Fələstin gərginliyinin yeni dalğasından narahat olaraq regional səfərə gedib. Dövlət katibi Blinkenin səfərinin məqsədi Fələstin-İsrail gərginliyini azaltmaq olsa da, səfərə paralel olaraq, İran ətrafında vəziyyət gərginləşir və müzakirələrdə əsas mövzu İran olub. ABŞ İranın regional rolunun artması ilə bağlı narahatlığını açıq şəkildə ifadə edir.

Ötən günlərdə Rusiyanın Su-35 qırıcılarının İrana tədarükü barədə məlumatlar yayılıb. Bu qırıcılar nüvə silahı daşıyan raketləri daşımağa qadirdir. İran belə bir müasir hərbi təyyarə əldə edərsə, Yaxın Şərq regionunda yeni vəziyyət yaranacaq, xüsusən də Tehran nüvə silahı əldə etməyi bacararsa, vəziyyət çox gərginləşəcək.

İrana PUA hücumundan əvvəl mətbuatda yayılan məlumat xüsusilə diqqət çəkir. Xəbərlərdə Rusiyanın ballistik raketlər müqabilində İrana 10-20 nüvə başlığı ötürdüyü barədə iddialar yayılıb. Ancaq məlumatın mənbəyi yoxdur. Burada vacib sual budur: İrana zərbələr endirməzdən əvvəl nə üçün belə məlumatlar internetdə peyda oldu?

ABŞ Müdafiə Nazirliyinin sözçüsü zərbələrdə ABŞ qüvvələrinin iştirakı ilə bağlı xəbərləri təkzib edib. Pentaqonun sözçüsü bildirib ki, ABŞ ordusu bu hadisəyə qarışmayıb. O, əlavə şərh verməyib. Pentaqonun məlumatı qəti şəkildə təkzib etməsi də diqqəti cəlb edir. Düzdür, Pentaqonun sözçüsü yalnız departamentə aid məlumatları təkzib etmək səlahiyyətinə malikdir, belə olan halda bir neçə gün əvvəl rəhbəri İsraildə olan ABŞ kəşfiyyatının bu işdə hansısa rolu olub-olmadığını anlamaq lazımdır. Ümumiyyətlə, ABŞ-ın idarəetmə sistemində İranla bağlı siyasət və hərəkətlərlə bağlı fikir ayrılığı varmı, bu da məlum deyil.

Asif Cəfərov  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Rusiya   ABŞ  


Bizi "telegram"da izləyin