Budapeşt Aİ müşahidəçilərinə mane olmayıb – Bəs TDT faktoru?

2023/01/1675101367.jpg
Oxunub: 398     19:32     31 Yanvar 2023    
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 30-da Macarıstana səfər edib və bu ölkənin prezidenti və baş naziri ilə görüşlər keçirib. Görüşlərdə əsas müzakirə olunan mövzu enerji olub. Prezident Macarıstan Baş naziri ilə görüşdə İlham Əliyev bildirib ki, hazırda Azərbaycanın enerji resursları əvvəlki dövrlə müqayisədə Avropaya daha çox lazımdır. “Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra - təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa üçün etibarlı tərəfdaş olsun”, - deyə dövlət başçısı mətbuat konfransında qeyd edib.

Orban xatırladıb ki, Azərbaycan Avropa ilə 2027-ci ilə qədər tədarük olunan qazın həcmini iki dəfə artırmağa razılaşıb.

Macarıstan NATO və Avropa İttifaqına üzv dövlətdir, ancaq Rusiya ilə münasibətlərin qorunması baxımından unikal nümunədir. Macarıstan Rusiyaya qarşı əsasən enerji daşıyıcıları ilə bağlı bir sıra sanksiyaları rədd edib. Macarıstan eyni zamanda Türkdilli Dövlətlər Təşkilatında müşahidəçi üzvdür.

Avropada Azərbaycanla sıx əməkdaşlıq edən ölkələrdən biri də İtaliyadır. Bu ölkənin müdafiə naziri bir neçə həftə əvvəl Bakıya gələrək hərbi əməkdaşlıq sazişi imzalayıb. Rəsmi Roma, həmçinin Ankara ilə sıx əməkdaşlıqla Avropa İttifaqının magistral qaz kəmərlərinin təşkilat ərazisinə “girişi”nə çevrilməyi gözləyir.

Ermənistan sərhədində Aİ-nin müşahidə missiyasının yerləşdirilməsini təhlil edərkən bu məqamlar mütləq nəzərə alınmalıdır. Məsələn, Azərbaycanla yaxın münasibətdə olan Türkdilli Dövlətlər Təşkilatının üzvü olan Macarıstan Rusiyaya, o cümlədən enerji daşıyıcılarına qarşı bəzi addımların qarşısını alır, Brüssellə bu və ya digər məsələlərdə fikir ayrılıqlarını gizlətmir. Ancaq Aİ-nin Ermənistana müşahidəçi göndərməsinə mane olurmu? Görünən budur ki, yox. Ancaq bu o demək deyil ki, Aİ-nin bütün üzvləri Ermənistana göndərilən müşahidəçilərdən eyni məqsədlə istifadə etmək niyyətindədir.
Odur ki, Azərbaycan Aİ ilə daha sıx işləməlidir. Ancaq Aİ artıq qurulduğu zamanda olduğu kimi vahid deyil. Avropa İttifaqı qurulmasından bu yana qarşısına məqsəd qoyduğu vahid Avropa kimliyini yarada bilməyib. Rəsmi Bakı yalnız təşkilatın özü ilə yox, ayrı-ayrı üzv ölkələrlə də əməkdaşlığı genişləndirməlidir.

Asif Cəfərov  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Macarıstan   İtaliya    


Bizi "telegram"da izləyin