Bazar günü rəsmilərdən yerli mətbuata bildirib ki, hadisə nəticəsində ölən və yaralananlar müəyyən edilməyib və hadisınin səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.
İran Müdafiə Nazirliyi bildirib ki, İsfahan zavoduna 3 kvadrokopter tipli PUA ilə zərbə endirməyə cəhd edilib, biri hava hücumundan müdafiə sistemi tərəfindən vurulub, digər ikisi isə “müdafiə tələlərinə” düşərək partlayıb.
Sosial mediada yayılan görüntülərdə zavodun damında partlayış baş verdiyi, ardınca tüstünün səmaya qalxdığı, izləyənlərin telefonları ilə hadisəni lentə alması əks olunub.
“Hücum nəticəsində avadanlıq və kompleksin işinə heç bir maneə törədilməyib”, - deyə İran Müdafiə Nazirliyi iddia edib.
Məlumata görə, şənbə günü edilən hücumda tətbiq edilən pilotsuz uçuş aparatları ilkin olaraq bəzi dairələrin iddia etdiyi kimi “zərbə endirə bilən PUA-lar” deyil, adi satışda olan PUA-lar olub.
Bəs mühərrik yağı başqa vaxt sızmırdı?
İranın dövlət mediası “sosial şəbəkələrdə, xüsusən də “Twitter”dəki sionist hesablarını” və ölkə daxilindəki “əks-inqilabi elementləri” “psixoloji əməliyyatlar”da ittiham edib və İsfahan hücumunun digər şəhərlərdəki yanğınlarla əlaqəsi olması ilə bağlı “saxta xəbərlər” yaydığını iddia edib. Şəhid Səlimi Sənaye Şəhərində baş verən insident zamanı mühərrik yağı zavodunda sızan borunun səbəb olduğu güclü yanğın olduğu bildirilir.
Neft zavodunda baş verən yanğında tələfat yoxdur. Əlborz və Həmədan əyalətlərində hücumlarla bağlı da məlumatlar yayılıb, lakin onlar təsdiq edilməyib.
İsrail və Ərəb mediası İsfahanda PUA tətbiqinə maraqla diqqət yetirib. İsrail saytları Qərb kəşfiyyatına və xarici mənbələrə istinad edərək, hücumun böyük uğur olduğunu və bunu həyata keçirənin MOSSAD olduğunu bildirib. Məşhur ABŞ nəşri amerikalı rəsmilərə və əməliyyatla tanış olan insanlara istinad edərək hücuma görə İsrailin məsuliyyət daşıdığını bildirib.
Səudiyyə xəbər kanalı hücuma görə ABŞ Hərbi Hava Qüvvələrinin və adı açıqlanmayan üçüncü ölkənin məsuliyyət daşıdığını iddia edib. İran və İsrail onilliklər ərzində əsasən pərdəarxası kəşfiyyat müharibəsi aparır, bir-birinin internet və fiziki infrastrukturunu hədəf alan kiberhücumlar həyata keçirir və İsrail İranın nüvə proqramı üzərində işləyən alimlərinin sistematik şəkildə öldürülməsində və diversiya hücumlarında şübhəli bilinir.
Təl-Əviv dəfələrlə İranın nüvə proqramına hava zərbələri endirməklə hədələyib. Bu həftə İsrail Hərbi Dəniz Qüvvələrinin keçmiş rəisi Eli Marum İranın nüvə silahı əldə etmək ərəfəsində olduğunu bildirib və Benyamin Netanyahu hökumətini nə qədər gec deyil, tezliklə İranı vurmağa çağırıb
Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns hökumət və kəşfiyyat rəsmiləri ilə danışıqlar aparmaq üçün ötən həftənin cümə axşamı İsrailə gəlib, o, İsrail ilə Fələstin Muxtariyyəti arasında ardıcıl qətllər və terror hücumları fonunda gərginliyin azaldılmasına diqqət yetirib. Börnsdən sonra ABŞ Dövlət katibi Antoni Blinkenin İsrailə səfər edəcək. Blinkenin baş nazir Benyamin Netanyahu ilə danışıqlarda “İran tərəfindən törədilən təhlükələri” gündəmə gətirəcəyi gözlənilir.
Dəyanət Ağalarlı
Ordu.az