Erməni hərbi qulluqçunun anası: “Uşaqları öldürüblər, izlərini örtmək üçün yanğın təşkil ediblər”

2023/01/fgfd4-1674897312.jpg
Oxunub: 386     17:21     28 Yanvar 2023    
Kirakosyanlar ailəsi övladları Haykı keçən qış Ermənistan ordusuna göndəriblər. Basarkeçərdə beş ay qulluq etdikdən sonra o, Ağkilsə kəndində yerləşən mühəndis qoşunlarına göndərilib.

Ordu.az xəbər verir ki, sentyabr döyüşlərindən sonra Hayka baş istehkamçı vəzifəsi verilib.

Ağkilsə kəndinə köçəndən sonra ailə bir neçə dəfə Hayka baş çəksə də, sığınacağa daxil olmayıblar. Onlar oğlundan öyrəniblər ki, erməni hərbi qulluqçular özləri üçün minimum yaşayış şəraiti yaradıblar, öz vəsaitləri ilə su xətti çəkiblər, açıq elektrik naqillərini bağlayıblar. Ailə həmçinin bilir ki, valideynlərdən biri erməni hərbi qulluqçulara paltaryuyan maşın göndərib.

Hayk yanğın hadisəsindən bir neçə gün əvvəl xidmətdən şikayət etməyib. Yalnız atası ilə son söhbətlərinin birində deyib ki, iki əsgər yoldaşı və Qor adlı taqım komandiri arasında ciddi insident olub.

“Hadisədən iki gün əvvəl danışdıq, dedi ki, mübahisə olub, söhbət olub. Ondan 4 gün əvvəl hərbi polis yoxlamağa gedib, əsgərlərdə telefon tapıblar, çox təfərrüat deyə bilmərəm. Onların komandiri haqqında söz-söhbət olmuşdu, komandir yəqin ki, bütün bu əşyaların kimə məxsus olduğunu dəqiqləşdirmişdi, dava etmişdilər. Deyirdi ki, nə edəcəyimə qərar verə bilmirdim, olan silahımı götürdüm, sağa qaçırdım, sola qaçırdım. Dava edənləri ayırıb. Deyirdi ki, gedib Qoru arxadan tutdum, sürüyərək başqa yerə apardım”, - deyə Haykın atası Qabriel Kirakosyan bildirib.

Haykın ailəsi Qorun soyadını və rütbəsini bilmir. Oğulları ancaq deyib ki, taqım komandiridir. Hayk ondan heç vaxt şikayətlənməyib, onlarla yaxşı davrandığını deyib. Amma həmin hadisədən sonra Hayk atasına köçmək istədiyini, daha eyni yerdə xidmətini davam etdirə bilməyəcəyini deyib.

“Sən deyə bilməzsən ki, o, çox yaxşı insan ola bilər, kiminləsə konfliktə girər və o qədər axmaq olar ki, o qədər uşağı... inanmaq istəmirəm... İki nəfər ilə münaqişəyə görə bu qədər uşaqla belə davranmağa nə ad vermək olar bilmirəm...”, - deyə Kirakosyan qeyd edib.

Erməni valideynlər oğullarının ölümünün ilkin rəsmi versiyasına inanmırlar.

“Uşaqları yatdırıblar və ya zəhərləyiblər, onları öldürüblər, izlərini örtmək üçün yanğın təşkil ediblər. Özümə o qədər sual verirəm ki, nə baş verdiyini anlamıram. Mən heç bir fərziyyəyə inanmıram. Onlar öldürülüblər”, - deyə Haykın anası Armine Ağaxanyan bildirib.

Hadisədən bir həftə sonra Haykın ailəsinə Ermənistan Müdafiə Nazirliyinin heç bir rəsmisi baş çəkməyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hərbi-hissə   Yanğın  


Bizi "telegram"da izləyin