Ermənistan müdafiə nazirinin keçmiş müşaviri: “Rusiya XİN-in bəyanatı Ermənistana xəbərdarlıqları xatırlatdı”

2023/01/g4df5-1674896776.jpg
Oxunub: 431     15:22     28 Yanvar 2023    
“Kadr çatışmazlığı və strukturların zəifləməsi, nüfuzdan salınması problemi var”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin keçmiş müşaviri Artak Bştikyan Vahan Kostanyanın xarici işlər nazirinin müavini təyin edilməsini, Ombudsman vəzifəsini tərk edən Kristinne Qriqoryanın isə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin ediləcəyini şərh edərkən deyib.

Bştikyan sual verib ki, bu gün ermənilər Ermənistan Xarici İşlər Nazirliyinin nə işlə məşğul olduğunu, səfirlərin nə işlə məşğul olduğunu bilirlərmi?

“Təyinatın X və ya Y olmasının fərqi yoxdur. Hər ikisi heç nə etməmək üçün ora təyin edilir. Xarici İşlər Nazirliyi Ermənistanda qurulmuş bir struktur idi. Çatışmazlıqlar və qüsurlar var idi. Bəs bu gün bizim Xarici İşlər Nazirliyinin nə işlə məşğul olduğunu, səfirlərimizin nə işlə məşğul olduğunu bilirikmi? Digər tərəfdən, Xarici Kəşfiyyat Xidməti istənilən ölkənin ən mühüm halqalarından biridir, ona görə də Ermənistanda bu vəzifələrdə yalnız yüksək peşəkarlar var idi. Həmin vəzifəyə təyin etmək istədikləri şəxsin imkanlarını bilmirəm, amma məni artıq heç nə təəccübləndirmir. Burada söhbət fərdlərdən getmir, söhbət kursdan, onların nə etmək istəməsindən gedir. Onlar isə bütün dövlət sisteminin parçalanmasını istəyirlər”, - deyə o bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin Ermənistanda Aİ-nin müşahidə missiyasının yerləşdirilməsinin geosiyasi qarşıdurma yarada biləcəyi ilə bağlı bəyanatına gəlincə, Bştikyan bildirib ki, bu, xəbərdarlıq və öhdəliklərin xatırladılmasıdır.

“10noyabr bəyanatı var və bunu oyunçuların fərqli, maraqların fərqli olduğu geosiyasi məsələyə çevirməyə çalışmaq ilk növbədə bizim üçün təhlükəli nəticələr verə bilər”, - deyə o vurğulayıb.

Ermənistan müdafiə nazirinin keçmiş müşaviri qeyd edib ki, Paşinyan müdafiə naziri Papikyanın istefasını tələb etmir, çünki öz qrupunun qanadlara parçalanacağından qorxur.

“Hadisənin təfərrüatlarına varmaq istəmirəm, çünki ümid edirəm ki, araşdırma hələ də davam edir və bəzi hallar aydınlaşacaq. Ermənistanda hakimiyyət yoxdur, bir hökmdar var və onun ətrafına toplaşan dəstə onun ofisiantları, masajçılarıdır. Həmin məmur bütün hakimiyyəti öz əlində cəmləşdirmək istəyir. Özü də gördüyü işin ağırlığını bilir və buna əsaslanaraq başa düşür ki, heç kimə etibar edilməməlidir, istənilən tərəfdən, o cümlədən istintaq və məhkəmə orqanlarından gələn təhlükələri mümkün qədər neytrallaşdırmaq üçün güc onun əlində cəmlənməlidir”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan   Xəbərdarlıq  


Bizi "telegram"da izləyin