Ombudsman Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyən bəyanat yayıb

2023/01/1674818140.jpg
Oxunub: 224     15:15     27 Yanvar 2023    
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə edilən hücumla bağlı bəyanat yayıb.

Ombudsman Aparatından Ordu.az-a verilən məlumata görə, bəyanatda deyilir:

Bu gün səhər saatlarında ölkəmizin İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktını qətiyyətlə qınayırıq. Bu alçaq hücum nəticəsində öz xidməti fəaliyyətini həyata keçirərkən diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov həlak olmuş, səfirliyin iki nəfər əməkdaşı isə xəsarət almışdır.

Baş verən hadisə ilk növbədə "Diplomatik əlaqələr haqqında" 1961-ci il tarixli Vyana Konvensiyasının müddəalarının kobud şəkildə pozulmasıdır. Belə ki, Vyana Konvensiyasının 22-ci maddəsinə əsasən, nümayəndəlik binaları toxunulmazdır, nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq, nümayəndəliyin normal fəaliyyətinin təmini üçün lazımi tədbirlər görmək ev sahibi olan dövlətin vəzifəsidir.

Baş verən cinayət hadisəsi həm də "Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən, diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında" 1973-cü il tarixli Konvensiyasının tələblərinin kobud pozuntusudur.

Bəşəriyyət üçün ən təhlükəli təhdidlərdən biri olan terrorizm cinayətinin qurbanı olmuş və öz xidməti vəzifəsini icra edərkən həlak olmuş səfirlik əməkdaşına Allahdan rəhmət, ailəsinə səbir, yaralananlara şəfa diləyirəm.

Bu qanlı terror aktı İran hökuməti tərəfindən tezliklə araşdırılmalı, cinayətkarlar cəzalandırılmalı, beynəlxalq sənədlərə əsasən müəyyən edilmiş öhdəliklər yerinə yetirilməlidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ombudsman   İran  


Bizi "telegram"da izləyin