Rusiya Erməniləri Birliyi Yekaterinburqun Lenin regional məhkəməsinin qərarı ilə razılaşmadığını bildirir. Birliyin yaydığı bəyanatda bu qərarın sifarişli olduğu qeyd olunur.
Ordu.az xəbər verir ki, Yekaterinburqdakı erməni icmasının nümayəndəsi Manuşak Qriqoryanın sözlərinə görə, mitinq keçirmək qadağan edilib və onlar əvvəldən mitinq keçirmək fikrində deyildilər.
“Biz istəyirdik ki, Qarabağ erməniləri onların tərəfində olduğumuzu bilsinlər. Bu, nümayiş deyildi, bu toplanış idi, toplanış zamanı heç bir aqressiv çağırış olmadı, biz heç kimdən heç nə tələb etmədik”, - deyə o qeyd edib.
Qriqoryan bildirib ki, Elen Kirakosyan plakatı internetdə yerləşdirdiyi üçün polisə çağırılıb.
“İki nəfər 5 gündür həbsdədir. Elen universitetimizin tələbə şurasının sədridir. Ümumiyyətlə, onların saxlandığı maddə adətən cərimənin ödənilməsi ilə bitir. Adətən bir neçə dəfə xəbərdarlıq edildikdən sonra onlar beş-on sutka həbs olunurlar”, - Qriqoryan əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az