İran PUA-larının Balkanlara ixracı, Ermənistanın həvəslənməsi – Geosiyasi nəticələr necə ola bilər? (ANALİZ)

2023/01/1674742469.jpg
Oxunub: 623     16:10     30 Yanvar 2023    
İranın Avropanın qonşuluğunda hərbi fəaliyyəti təkcə Rusiyanın Ukraynadakı müharibəsinə dəstək verməklə məhdudlaşmır. Özünü xalis silah idxalçısından inkişaf edən silah ixracatçısına çevirən Tehran Ukraynadan tutmuş Balkanlar kimi gərgin, kövrək bölgələrə qədər münaqişə zonalarında fürsətçi davranışlarla məşğuldur. Balkan silah bazarına nəzər salan Tehran diqqətini Pilotsuz Uçuş Aparatı (PUA) sektoruna yönəldib. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın yerli dron proqramının yayılmasında iştirak edən əsas hərbi aktordur. Belə ki, Tehranın Balkan regionunun PUA sənayesinə daxil olması NATO-nun cənub-şərq cinahı boyunca SEPAH-ın iştirakına qapı açır.

Artan silahlanma yarışı və mövcud siyasi gərginlik fonunda İranın bölgəyə daxil olması geosiyasi dəyişkənliyin artmasına səbəb ola biləcək vəhşi xarakter olacaq.

Bir tərəfdən, Tehran NATO-nun bəzi regional müttəfiqlərinə, məsələn Albaniyaya qarşı kiberhücumlar həyata keçirməklə artıq regionda təhlükəsizlik mühitini pozur, bununla paralel olaraq Serbiya ilə münasibətlərini gücləndirir. Bununla bağlı ən son və diqqətçəkən nümunə İran xarici işlər nazirinin dekabrın 4-də Belqradda Serbiya prezidenti ilə görüşməsidir.

Digər tərəfdən, siyasətlə yanaşı, din də Tehranın istifadə edə biləcəyi ümumilik olaraq qalır. Balkan müsəlmanlarının əksəriyyətinin sünni olmasına baxmayaraq, Bəktaşilər və Ələvilər (Qızılbaşlar) kimi bəzi heterodoks dini icmalar İranın təsirinə açıq qalır. Keçmişdə SEPAH-ın Bosniya hökumət qüvvələrini dəstəkləmək üçün tonlarla silah və sursat göndərdiyi iddia edilir. Bu nümunələr göstərir ki, Balkan regionu İranın təsirindən sığortalanmayıb və Tehran Balkanlara PUA proqramını genişləndirməklə istənilən zəiflikdən istifadə etməyə hazırdır.

Tehran Balkanlarda davam edən silahlanma yarışından istifadə edir

Kremlin davamlı tələbi və Tehranın dron istehsal xətlərinin genişlənən qlobal şəbəkəsi ilə İran PUA-ları sürətlə yayılır. Bu, xüsusilə kövrək şəraitdə, eləcə də müvafiq olaraq Yəmən və Ukrayna kimi açıq müharibələrdə özünü göstərir. Hal-hazırda, həqiqətən də fürsətçi davranışını nümayiş etdirərək, Tehran Rusiya ilə pro-kvo tipli mübadilə ilə məşğuldur, burada İran özünün “səxavətli” PUA-lar və bəlkə də ballistik raketlər tədarükü müqabilində müxtəlif mürəkkəb silah sistemləri əldə edir. Bu qarşılıqlı faydalı mübadilənin ən son nümunəsi Kremlin Tehrana 4++ nəsil Su-35-ləri tədarük etməyə razılıq verdiyi və Tehranın Rusiyanın Ukraynaya davam edən işğalını dəstəkləməyə davam edəcəyinə söz verdiyi Rusiya-İran sazişidir. Açıq mənbə kəşfiyyatı Moskvanın əvvəlcə Misir üçün nəzərdə tutulan 24 qırıcı təyyarəni Tehrana yönləndirməsi ehtimalının yüksək olduğunu göstərir. Bəzi mənbələrə görə, Qahirənin satınalmanı ləğv etməsi, əsasən, Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar tətbiq esilən sanksiyalarla bağlı olub.

Balkanlarda mövcud təhlükəsizlik vəziyyəti qeyri-sabit və gərgindir. Artan təhlükə qavrayışları fonunda Balkan ölkələri Belqrad və Zaqrebin başçılıq etdiyi silahlanma yarışındadır və regionda satınalma müqavilələrinin sayı getdikcə artır. Xorvatiya, Albaniya və Bosniya Qərbin həll yollarına üstünlük verərkən, Serbiya və Ermənistan kimi digər ölkələr qeyri-Qərb sistemlərini qəbul edir. Buna görə də İranın Balkanların silah bazarına daxil olması təkcə İranın beynəlxalq hərbi əməliyyatlarının göstəricisi deyil, həm də Balkanlarda davam edən silahlanma yarışında katalizator rolunu oynayır, habelə onun bu fəaliyyətləri Şərqi Avropada potensial olaraq tamhüquqlu münaqişəyə səbəb ola bilər.

Digər tərəfdən, Kosovoda ölkənin serb əhalisi ilə dövlət orqanları arasında gərginlik artır və çoxsaylı toqquşmalar qeydə alınır. Serb daxili siyasətçilərinin ultramillətçi diskursları növbəti toqquşmalara təkan verə bilər. İranın Balkan silah bazarına daxil olması donmuş münaqişənin incə balansını pozacaq və mövcud çatları artıracaq. Bu, Tehranın Balkan təhlükəsizlik-hərbi mənzərəsində daimi iz buraxmadan regiondakı təsirini cilovlamaq üçün ciddi ehtiyac yaradır. Bu risk xüsusilə İranın Serbiya və Ermənistanla son mübadilələrində özünü göstərir. Hər iki ölkənin Tehranın PUA-larına maraq göstərdiyi iddia edilir. Serblərin öz yerli PUA proqramı olsa da, İran sistemlərinin ucuzluğu və döyüşdə sübut olunmuş performansı hələ də Belqradı maraqlandıra bilər. Bundan əlavə, İran Serbiyanın öz PUA proqramının xərclərini azalda biləcək yerli istehsal müqaviləsi vasitəsilə Serbiyaya kömək edə bilər. Tehranın PUA portfeli “Araş-2” və “Mohajer-6” kimi mürəkkəb uzun mənzilli PUA-larla olduqca təhdidkardır.

Tehranın Serbiyaya potensial PUA satması da iki əlavə səbəbə görə vacibdir. Birincisi, bu, İranın Balkanlar və Qafqaz kimi qeyri-sabit, post-münaqişə regionlarında genişlənən izlərinə işarə edir. Qərb və Türkiyənin təsirinə qarşı çıxmaq istəyi ilə idarə olunan İran PUA-ları silahlanma yarışına qığılcım əlavə edə biləcək sabitliyi pozan amil ola bilər. İkincisi, Serbiyanın Kosovoya qarşı təcavüz təhlükəsinin artması və Serbiyada davam edən “dronizasiya” tendensiyası Belqrad, Kosovo, eləcə də Bosniya və Herseqovina arasında gərginliyin artmasına səbəb ola bilər. İranla potensial saziş yekunlaşarsa, Belqrad Balkanlarda ən böyük hərbi PUA operatoru olacaq.

Artan tələb və İran, o cümlədən Çinin praqmatik ixrac siyasətləri səbəbindən qeyri-Qərb həlləri artıq Balkanlarda böyük bazar payı əldə edib. 2021-ci ildə Serbiya Miq-29 döyüş təyyarələri, Mi-35 və Mi-17 helikopterləri, T-72MS tankları və “Pantsir S1” zenit-raket kompleksləri də daxil olmaqla xeyli sayda Rusiya hərbi texnikası alıb. 2022-ci ildə Serbiya Çinlə CH-92 PUA-ları və zenit raketlərinin alınmasına dair müqavilə imzalayıb. 2022-ci ilin sonunda Rusiya yenidən Belqrada “Kornet” TƏİRK-lərini satdı. Serbiya, həmçinin əlavə Çin texnologiyası və nou-hau əldə etmək niyyətindədir. Həm Moskva, həm də Pekin Belqradı silahlandırarkən ABŞ Balkanlardakı strategiyası ilə bağlı çətin sınaq qarşısındadır.

Nəticə

Bu son hadisələri nəzərə alaraq, Qərb regionda iranpərəst düşərgənin formalaşmaması üçün Balkanlardakı siyasətində dəyişiklik etmək imkanına malikdir. İran və Çin silah sistemlərinin Balkan ölkələrinin silah bazarlarına axını ilə belə bir blok artıq hazırlanır. Vaşinqtonun bu tendensiyanın qarşısını almasının bir yolu Bosniya və Herseqovina (BH) və Kosovo kimi regiondakı müttəfiqləri ilə münasibətlərini gücləndirməsidir. Hazırda, xüsusilə birinci ilə dialoqun qurulması, Putinin Ukraynadakı müharibəsinə ölkənin serblərdən ibarət hissəsinin yüksək səviyyədə dəstək verməsi səbəbindən həlledici əhəmiyyət kəsb edir. Yanvarın 8-də BH-nin bosniya serblərinin lideri Rusiya prezidenti Vladimir Putini fəxri medalla təltif etdi və bu, Kremlin regiondakı separatçı qruplar üzərində davam edən siyasi təsirindən xəbər verir.

Balkanlarla bilavasitə qonşu olan Türkiyə Vaşinqtonla region ölkələri arasında münasibətlərin yaxşılaşdırılmasında əsas rol oynaya bilər. Ankaranın bu rola uyğunluğu onun yaxın tarixi bağlarına və hərbi tərəfdaşlıqlarına əsaslanır. Bu üstünlüklər nəticəsində Türkiyə Serbiya kimi bir sıra Balkan ölkələrində populizmin artması fonunda aktuallaşan dialoq və əməkdaşlıq təməlləri qura bilər. Habelə populizmin bu yüksəlişi Bolqarıstan kimi Aİ-nin üzvü olan bəzi region ölkələrində Transatlantik-Qərb dəstəyinin azalması ilə üst-üstə düşür. Potensial ssenarilərdən birində Balkan ölkələri Rusiyadan asılılığını azaltmaq və Qərblə etimadı və əməkdaşlığı gücləndirmək üçün sıx iqtisadi, siyasi və hərbi tərəfdaşlıq quracaqlar.

İranın artan iştirakı regionun daha geniş sabitliyinə də təsir edir. Belqradın Çin və İran mənbələrindən gələn yeni “oyuncaqlar”ını tətbiq etmək üçün istifadə edə biləcəyi yayılma effektinin və güc boşluğunun qarşısını almaq məqsədilə təhlükəsizlik vəziyyəti qorunmalıdır. Serblər artıq qurucu üzvü olduqları “Açıq Şengen” təşəbbüsünü pozublar - yolları bağlayıb və Serbiya-Kosova sərhədində barrikadalar qurublar. Ona görə də Qərb qeyri-sabit olan təhlükəsizlik vəziyyətində gərginliyin artmasının qarşısını almaq üçün Serbiyanı yaxından izləməyə məcbur olacaq.

Balkan bazarına axan İran və Çin silahları həm də bölgəni iki blokun (Qərb və anti-Qərb) silahlarının birbaşa qarşıdurmaya girəcəyi yeni qaynar zonaya çevirəcək. Albaniya və Kosovo öz arsenallarını türk PUA-ları və zirehli texnikası ilə doldurarkən, Serbiya və Ermənistan İran, Çin və Rusiyadan əlavə sistemlərə diqqət yetirir. Qərbi Balkanlar Kiçik və Yüngül Silahlara (SALW) Nəzarət Yol Xəritəsində qeyd edildiyi kimi, silahlanma sürəti hələ də razılaşdırılmış həddən aşağı olsa da, sürətlə maksimum səviyyəyə doğru irəliləyir.

İranın bölgədəki səylərini məhdudlaşdırmağın başqa bir yolu logistika və ticarətə köklənməkdir. Tehranın dünya üzrə müxtəlif istehsal sahələri var, lakin onun PUA-larının hissələrinin əksəriyyəti Qərb komponentlərindən asılıdır. Əgər NATO və Qərb bu zəiflikdən istifadə edə bilsə, bu, İranın PUA-ların istehsalında və ixracında uğurlarının azalmasına ciddi təsir göstərəcək.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Serbiya   Ermənistan   PUA  


Bizi "telegram"da izləyin