Tarixi səfər| Regionun təhlükəsizlik “piramidası”nda Misir komponenti – ANALİZ

2023/01/1674730637.jpg
Oxunub: 615     19:54     26 Yanvar 2023    
Misir Respublikasının prezidenti Əbdülfəttah əs-Sisi yaxın günlərdə Azərbaycan və Ermənistana səfər edəcək. O, səfərinə Hindistandan başlayacaq, ardınca Azərbaycana, daha sonra Ermənistana gedəcək. Misir lideri regiona hansı gündəmlə gəlir?

Bu sualın cavabı o qədər də məlum deyil, səfərin əhəmiyyətindən asılı olmayaraq, Misir həm ərəb dünyasında, həm də Afrika qitəsində nüfuzlu oyunçulardan biridir. Üstəlik, səfər tarixidir, Misir prezidenti ilk dəfədir ki, Azərbaycana və Ermənistana gəlir. Səfərin Azərbaycan-Misir münasibətlərinin dərinləşməsinə yeni iqtisadi və siyasi perspektivlər açmağa imkan verəcək məzmunlu gündəliyi ehtiva etməsi çox vacibdir.

Misir hazırda həm Asiya-Ərəb dünyasının, həm də Afrika istiqamətinin mühüm aktorlarından biridir, Asiya-Afrika “kəsişməsi”nin əsas zonasında öz rolunu gücləndirməyə çalışır. Bu mənada Misir prezidentinin Hindistan səfərindən sonra Qafqaza gəlməsi diqqət çəkir. Hindistan və Misir arasındakı münasibətlərin kifayət qədər yaxın gündəliyi və tarixi var. Misir prezidenti Hindistandan G20 Sammitində iştirak etməyə dəvət alıb. Hindistan quruma sədrlik edir, sədrlik statusunu 2022-ci ilin dekabrında qəbul edib və G20 Sammiti 2023-cü ilin sentyabrında Hindistanda keçiriləcək.

Hindistana hazırkı səfər Hindistan Günü ilə üst-üstə düşür və Misir prezidenti Sisi bayramın xüsusi qonağı olacaq. Qahirə Misirin Hindistanla da əlaqəli böyük nəqliyyat layihələrində iştirakını dərinləşdirmək üçün öz rolunu gücləndirməyə çalışır. Paralel olaraq Hindistan da öz növbəsində iqtisadi və siyasi rolunu qərb istiqamətinə – Afrikaya, Misirin əsas rol oynadığı Aralıq dənizi istiqamətinə doğru genişləndirmək iddiasındadır. Bu kontekstdə Hindistanın Qafqaz regionuna yanaşmasını da xatırlasaq, Sisinin Dehlidən sonrakı səfərinin Qahirə və Dehlinin burada birgə rol oynaya biləcəyinə işarə etdiyini görərik.

Şübhəsiz, Misirin əhəmiyyəti təkcə bundan ibarət ola bilməz, çünki Qahirə həm də Yaxın Şərq regionunun təhlükəsizlik arxitekturasının əsas aktorlarından biridir. Burada o da vacibdir ki, Qahirə hazırda Türkiyə ilə münasibətləri yaxşılaşdırmağa çalışır və bu vəziyyət region üçün dolayısı ilə Yaxın Şərq regionundan və Qafqazdan “yaranan” təhlükəsizlik risklərinin idarə edilməsində mühüm mexanizmlərdən biri ola bilər.

Asif Cəfərov  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Misir   Səfər   Ermənistan  


Bizi "telegram"da izləyin