Ordu.az xəbər verir ki, tərəflər məhkəmə iclasının günü və saatı barədə lazımi bildiriş almadıqlarını və ya təyin olunan iclasdan bir neçə gün sonra aldıqlarını deyirlər.
Növbəti iclas dekabrın 20-də gözlənilirdi, lakin zərərçəkmiş tərəf iclasların Zəngəzur vilayətinin ümumi yurisdiksiya məhkəməsindən İrəvanın ümumi yurisdiksiya məhkəməsinə verilməsi üçün məhkəməyə vəsatət verəcək.
“Biz məhkəməyə vəsatət verməyi, məhkəmə iclaslarının İrəvana köçürülməsini xahiş etməyi düşünürük, çünki burada hamı üçün rahat olacaq, iclaslarda iştirak edə biləcəklər”, - deyə bölüyün əsgərləri olan Tiqran Şahbaryan və Edqar Tonakanyanın varisi Tonakan Şahbaryan və Qor Tonakanyanın nümayəndəsi olan erməni vəkil Anjelika Hakopyan bildirib.
Hadrutda 73 nəfərlik bölüyün hansı şəraitdə ölməsi ilə bağlı cinayət işi erməni hərbi qulluqçuların valideynlərinin müntəzəm hərəkətləri və davamlı təzyiqləri nəticəsində ötən ilin əvvəlində başlanıb. Ötən ilin yazında valideynlər dövlət qurumları qarşısında müxtəlif aksiyalar təşkil edərək övladlarını qətlə yetirən komandanlığın, xüsusilə də Qarabağdakı qanunsuz “hərbi birləşmənin keçmiş komandiri” Cəlal Harutyunyanın məsuliyyətə cəlb olunmasını tələb ediblər.
73 nəfərlik heyətdə 20 yaşlı Eduard Qazaryan da yer alıb. “Biz məhkəmə iclasını səbirsizliklə gözləyirik”, - deyə Eduard Qazaryanın atası Aleksandr Qazaryan bildirib.
O, iş üzrə şahidlərin ifadəsini dinləməyi gözlədiyinə görə səbirsizlənir, çünki şahidlər arasında Cəlal Harutyunyan da var. Onun sözlərinə görə, komandir Qor İşxanyana qarşı irəli sürülən ittiham çox yumşaqdır.
“Səhlənkarlıq ittihamı bizim üçün bir qədər yumşaqdır, onlar satqındırlar, nə səhlənkarlıq? Biz daha sərt ittihamlar və cəzalar istəyirik. Uşağımızın başı yeyilib, satqınlar ən ağır şəkildə cəzalandırılmalıdır”, - deyə Qazaryan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az