Ombudsman Ermənistanın törətdiyi müharibə və ekoloji cinayətlərlə bağlı yenidən beynəlxalq təşkilatlara müraciət edib

2021/07/9935_-1626962102.jpg
Oxunub: 176     12:05     25 Yanvar 2023    
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə və ekoloji cinayətlərlə bağlı beynəlxalq insan hüquqları təşkilatlarına növbəti dəfə müraciət edib.

Ombudsman Aparatından Ordu.az-a verilən xəbərə görə, müraciətdə deyilir:

"Ermənistan tərəfindən Azərbaycana qarşı uzun illər ərzində əsassız ərazi iddiaları irəli sürülməklə bərabər, həm də kəskin milli, irqi və dini nifrət zəmnində işğalçılıq, etnik təmizləmə, soyqırımı, terrorçuluq siyasəti həyata keçirilmişdir. Bunun acı nəticəsi olaraq, Azərbaycan ərazilərinin 20 faizindən çoxu 30 ilə yaxın bir dövr ərzində Ermənistan tərəfindən işğal altında saxlanılmış, bir milyona yaxın soydaşımız öz doğma ata-baba yurdlarından zorla qovularaq qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Hərbi qulluqçularla yanaşı, çoxsaylı mülki şəxslər də amansızcasına qətlə yetirilmiş və ya əlilliyə səbəb olan müxtəlif ağır xəsarətlər almış, habelə əsir və itkin düşmüş, girov götürülmüşlər.

Birinci Qarabağ müharibəsi dövründə 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxs olmaqla, ümumilikdə 3890 nəfər Azərbaycan vətəndaşı itkin düşmüşdür. Onlardan 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri isə yaşlı insanlar olmuşdur. Ermənistan tərəfindən əsir və girov götürülmüş azərbaycanlılar amansız işgəncələrə məruz qoyulmaqla qətlə yetirilmiş, daha sonra onların nəşləri kütləvi şəkildə, qeyri-insani formada basdırılmışdır.

Azərbaycanın aidiyyəti dövlət orqanları tərəfindən Ermənistana, eləcə də beynəlxalq təşkilatlara çoxsaylı müraciətlər edilsə də, bu gün də Ermənistan tərəfi əsassız bəhanələrlə itkin düşmüş şəxslərin taleyi barədə məlumat verməkdən yayınır, əsir və girov götürülmüş azərbaycanlıları müxtəlif ağır işğəncələrə məruz qoymaqla qətlə yetirərək qeyri-insani şəraitdə basdırdıqları kütləvi məzarlıqların xəritələrini verməkdən imtina edir.

Göründüyü kimi, Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş, habelə əsir və itkin düşmüş, girov götürülmüş çoxsaylı soydaşlarımızın beynəlxalq müqavilələrdə və milli qanunvericilikdə təsbit olunmuş fundamental insan hüquqları, xüsusən də yaşamaq, azadlıq və sərbəst hərəkət etmək, mülkiyyət, təhlükəsiz yaşamaq, sağlam ətraf mühitdə yaşamaq, sağlamlığın qorunması, şərəf və ləyaqətin müdafiəsi hüquqları kütləvi və kobud şəkildə pozulmuşdur.

Beynəlxalq hüququn hamılıqla qəbul olunmuş prinsip və normalarını heçə sayaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ilə yaxın müddət ərzində işğal altında saxlayan Ermənistan tərəfindən ölkəmizin ayrılmaz tərkib hissəsi olan Qarabağ və ətraf rayonlarda həyat üçün zəruri olan əksər sosial-iqtisadi infrastruktur obyektləri, yaşayış və qeyri-yaşayış obyektləri yerlə-yeksan edilmiş, hətta tarixi-mədəni və dini abidələr, o cümlədən qəbiristanlıqlar tamamilə dağıdılmışdır.

Ermənistanın işğalı dövründə Azərbaycan ərazilərində olan təbii sərvətlər talan edilmiş, qızıl, civə, mis, qurğuşun, sink, kömür və s. daxil olmaqla 163 faydalı qazıntı yatağı, həmçinin meşə örtüyü, nadir ağaclar qanunsuz şəkildə istismar olunmuşdur.

Transsərhəd çay olan Oxçuçayın uzun illərdir ki, Ermənistan ərazisində kəskin çirklənməyə məruz qalması Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayındakı su ehtiyatlarının keyfiyyətinə də mənfi təsir göstərir ki, bu da həyat və sağlamlıq üçün son dərəcə təhlükəli nəticələr verir.

Bütövlükdə götürdükdə bəşəriyyətin təhlükəsizliyinə qəsd edən əməllərindən hələ də əl çəkməyən Ermənistan ölkəmizin təbiətinə, bioloji müxtəlifliyinə, flora və faunasına, su mənbələrinə, ümumilikdə regionun ekosisteminə ciddi zərər vurmaqda davam edir.

Ermənistanda texniki və mənəvi cəhətdən köhnəlmiş “Metsamor” Atom Elektrik Stansiyasının (AES) hazırda da fəaliyyət göstərməsi yalnız Azərbaycan və Ermənistan üçün deyil, həm də bütün bölgə üçün ciddi təhlükə mənbəyidir. Bu isə o deməkdir ki, regionun hər bir ölkəsi Çernobıl və Yaponiyanın Fukuşima AES-lərinin aqibətini yaşamaq riski ilə üz-üzədirlər. Müxtəlif beynəlxalq təşkilatların və atom sahəsi üzrə mütəxəssislərin artıq istismar müddəti bitmiş “Metsamor” AES-i “bütün bölgə üçün təhlükə” adlandıraraq xəbərdarlıq etmələrinə baxmayaraq, Ermənistan nəinki stansiyanın fəaliyyətini dayandırmır, əksinə onun fəaliyyəti 2026-cı ilə və ondan sonrakı müddətə uzadılmışdır.

Yeri gəlmişkən, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsinin (Aİ Komissiyasının) Ermənistan üzrə tərəfdaşlığın implementasiyası haqqında 2022-ci il 17 may tarixli hesabatında da qeyd edilmişdir ki, “Metsamor” AES nüvə təhlükəsizliyi üzrə beynəlxalq səviyyədə qəbul edilmiş standartlara tam cavab verəcək formada təkmilləşdirilə bilməz və buna görə də onun bağlanması və təhlükəsiz şəkildə istismardan çıxarılması tələb olunur.

Ermənistan və Azərbaycan arasındakı hərbi əməliyyatlara son qoyulduğunu elan edən 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra Cənubi Qafqazda dövlətlərarası münasibətlərin yeni reallıqlara uyğun olaraq normallaşdırılmasına və inkişafına xidmət edən davamlı sülhün təmin olunması, regionda uzun müddət davam etmiş münaqişənin tam aradan qaldırılması, bölgədəki iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi üçün yeni imkanlar yaranmışdır.

Hazırda uzun illərdir ki, doğma yurdlarına qayıtmaq həsrəti ilə yaşayan soydaşlarımızın öz torpaqlarına təhlükəsiz şəraitdə qayıdışının təmini məqsədilə Azərbaycan işğaldan azad edilmiş ərazilərinin mina və digər partlayıcı qurğulardan təmizlənməsi, bərpa-quruculuq işləri istiqamətində tədbirlər həyata keçirir. Bütün bunlar həmin ərazilərdə davamlı inkişafa xidmət etməklə məcburi köçkün məsələsinin tamamilə həllinə yönəlmişdir. Lakin təəssüf ki, Ermənistanın pozucu və təxribatçı fəaliyyəti, xüsusilə də mövcud mina problemi regionda dayanıqlı və ədalətli sülhün təmin edilməsi, insanların həyat və sağlamlığı üçün mühüm təhlükə olaraq qalmaqda davam edir, dinc sakinlərimizin hüquqları hələ də pozulur.

İstər işğal dövründə, istər müharibə zamanı, istərsə də torpaqlarımızın azad edilməsindən sonra Ermənistan silahlı qüvvələri tərəfindən ərazilərimizdə basdırılmış çoxsaylı piyada və tank əleyhinə minaların partlaması nəticəsində hərbi qulluqçularla yanaşı, çoxsaylı mülki şəxslərin də mina terrorunun qurbanına çevrilməsi, bununla da onların fundamental insan hüquqlarının kobudcasına pozulması faktları bunu əyani şəkildə təsdiq edir. Belə ki, 2020-ci il 10 noyabr tarixindən hazırkı vaxtadək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 10 hərbi qulluqçu, 36 mülki şəxs həlak olmuş, 146 hərbi qulluqçu, 88 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Beləliklə, 1991-ci ildən indiyə qədər baş vermiş mina hadisələri nəticəsində 3357 nəfər mina partlayışı nəticəsində həlak olmuş və ya xəsarət almışdır ki, onlardan 38 nəfəri qadın, 357 nəfəri isə uşaqlardır.

Çoxsaylı insan itkilərinə və xəsarətlərə səbəb olan mövcud mina problemi azad edilmiş ərazilərimizə təhlükəsiz qayıdışı ləngidir, aparılan genişmiqyaslı tikinti-quruculuq və bərpa işlərinə ciddi maneə yaradır. Məhz buna görə də, uzun illərdir ki, hüquqları pozulan keçmiş məcburi köçkünlərimizin öz ata-baba yurdlarına qayıtması üçün ilk növbədə həmin ərazilər minalardan təmizlənməli, orada tamamilə məhv edilmiş infrastruktur bərpa edilməlidir.

Azərbaycan dəfələrlə Ermənistandan mina xəritələrini tələb etsə də, buna heç bir adekvat cavab verilməmişdir. Ermənistan tərəfindən verilən mina xəritələri isə ümumi minalanmış ərazilərin çox kiçik faizini əhatə etmiş və həmin sənədlərdə verilən məlumatın dəqiqliyi və etibarlılığı çox aşağı səviyyədə olmuşdur.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq, beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsmanlarına və milli insan hüquqları təsisatlarına ünvanladığımız hesabat, bəyanat və müraciətlərdə Ermənistanın törətdiyi müharibə və terror cinayətləri, o cümlədən mina problemi ilə bağlı faktlar əsasında məlumat verilməsinə, işarələnməmiş minaların dəqiq xəritələrinin ölkəmizə təhvil verilməsinin əsaslandırılmasına baxmayaraq, qarşı tərəf bu məsələyə hər hansı bir reaksiya verməmişdir. Əksinə, Azərbaycanın BMT tərəfindən tanınmış və hazırda işğaldan azad edilmiş ərazilərində beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına, o cümlədən beynəlxalq humanitar hüquqa tamamilə zidd olaraq, Ermənistan hələ də müxətlif diversiya qrupları vasitəsilə torpaqlarımızı minalarla çirkləndirməklə, ətraf mühitə qlobal təhlükə yaratmaqla mina terroru və ekosid cinayətlərini davam etdirir.

Azərbaycan ərazilərində Ermənistan tərəfindən təbii sərvətlərin qanunsuz istismarı və talan edilməsi nəticəsində ətraf mühitə ciddi şəkildə zərər vurulur. Belə ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində baş verən ciddi ekoloji fəsadlar bunu bir daha sübut edir. Təəssüf ki, beynəlxalq qurumlar hələ də bu məsələdə susur.

Ermənistan Ombudsmanı tərəfindən bu günlərdə yayımlanmış açıqlamada qeyd edilən əsassız iddialarla bağlı bildiririk ki, Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının nümayəndələri və ətraf mühitin mühafizəsinə önəm verən ictimai fəallar tərəfindən Laçın-Xankəndi yolunda davam etdirilən dinc aksiya da məhz Ermənistan tərəfindən ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarı, talan edilməsi və nəticə etibarilə həmin fəaliyyətlərin səbəb olduğu ətraf mühitin ciddi şəkildə çirkləndirilməsinin qarşısını almaq məqsədi daşıyır.

Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası 1999-cu il 9 noyabr tarixli Qanuna əsasən “Ətraf mühit ilə bağlı məsələlərdə məlumatın əldə edilməsi, ictimaiyyətin qərar qəbul edilməsində iştirakı və ədalət məhkəməsinin açıq keçirilməsi haqqında” 1998-ci il 25 iyun tarixli BMT Konvensiyasını ratifikasiya etmişdir. Bu aksiya da ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, o cümlədən bu Konvensiyanın tələblərinə uyğun şəkildə keçirilir.

2006-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı Qətnamədə işğal altında olan Azərbaycan torpaqlarında törədilmiş yanğınların regionun ekoloji təhlükəsizliyinə təsirinin qiymətləndirilməsi məsələsi qaldırılmış, 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunmuş Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı qətnamədə Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması, müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi tələb olunmuşdur. Bütün bunlar ciddi hüquq pozuntularının mövcud olduğunu təsdiqləyir. Bununla yanaşı, Ermənistan Respublikası tərəfdar çıxdığı “Ətraf mühitə istənilən hərbi və ya düşməncəsinə təsir vasitələrindən istifadənin qadağan edilməsi haqqında” 1976-cı il tarixli Konvensiya, “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” 1989-cu il tarixli Bazel Konvensiyası, “Sənaye qəzalarının transsərhəd təsiri haqqında” 1992-ci il tarixli Konvensiya və digər beynəlxalq müqavilələr üzrə öhdəliklərinə də məqsədli şəkildə əməl etmir. Təsadüfi deyildir ki, Ermənistan “Transsərhəd suaxınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsinə dair” 1992-ci il tarixli Konvensiyanı ratifikasiya etməkdən də qərəzli şəkildə yayınır.

Aksiya iştirakçıları tərəfindən Laçın-Xankəndi yolunda humanitar yüklərin daşınması üçün heç vaxt maneə yaradılmayıb və hazırda da yaradılmır. Humanitar məqsədlər üçün açıq olan bu yolda hər iki istiqamətə onlarla avtomobil maneəsiz hərəkət edir.

Bir daha Ermənistan tərəfini aksiya barədə saxta məlumatlar tirajlamaq və beynəlxalq ictimaiyyəti çaşdırmaqla Azərbaycana qarşı yalnış fikir formalaşdırmaq məqsədi daşıyan qərəzli açıqlamalar verməkdənsə, uzun illər ərzində Azərbaycana qarşı törədilən müharibə cinayətlərini və ekoloji terroru dayandırmağa, Azərbaycana qarşı hərbi təcavüz nəticəsində itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirilməsinə, əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının ağır işgəncələrə məruz qoyulmaqla qətlə yetirilməsi və nəşlərinin kütləvi şəkildə, qeyri-insani formada basdırılması faktlarını araşdırmağa, Ermənistan silahlı qüvvələri tərəfindən ərazilərimizdə basdırılmış və günahsız insanların həyatlarının itirilməsi və ya əlilliklə nəticələnən ağır xəsarətlər almasına səbəb olan minaların dəqiq xəritələrini ölkəmizə təhvil verməyə dəvət edirəm.

Hesab edirik ki, beynəlxalq təşkilatlar, dünya dövlətləri, xarici ölkələrdə fəaliyyət göstərən ombudsman təsisatları və digər milli insan hüquqları institutları regionda pozulan insan hüquqlarının bərpası naminə beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar hüququn tələblərinə Ermənistan tərəfindən əməl olunması və daimi sülhün bərqərar edilməsi istiqamətində birgə səylər göstərməlidir.

Ermənistan transsərhəd çay olan Oxçuçayın zəhərli maddələrlə çirkləndirilməsinə, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden faydalı qazıntı yataqlarının qanunsuz istismarına son qoymalı, Azərbaycanın müvafiq dövlət orqanlarına ekoloji və digər fəsadlarla bağlı həmin yataqlarda monitorinq aparmasına şərait yaradılmalıdır.

Çernobıl və Fukuşimaya bənzər növbəti fəlakətin qarşısını almaq üçün təcili olaraq “Metsamor” AES-in fəaliyyəti təhlükəsiz şəkildə dayandırılmalı və radioaktiv tullantıların Beynəlxalq Atom Enerjisi Agentliyinin “İstifadə olunan yanacaq idarəetməsinin təhlükəsizliyi və radioaktiv tullantıların idarə edilməsi təhlükəsizliyi haqqında” Birgə Konvensiyasının, habelə Avropa Şurası Parlament Assambleyasının 1588 saylı qətnaməsinin (2007) müəyyən etdiyi tələblərə uyğun şəkildə ciddi beynəlxalq nəzarət altına alınmalıdır.

Ermənistanda və onun sərhədlərindən kənarda azərbaycanlılara qarşı dözümsüzlük mühitinin formalaşmasına səbəb olan, tərəflər arasında dayanıqlı sülhün təmin edilməsinə maneə yaradan xoşagəlməz hadisələr, eyni zamanda, erməni əsilli şəxslər tərəfindən açıq çıxışlarda, sosial mediada düşmənçiliyi təşviq edən nifrət və kin dolu ifadələrin işlənməsi kəskin şəkildə pislənilməlidir. BMT tərəfindən qəbul edilmiş “Diplomatik əlaqələr haqqında” 1961-ci il tarixli Vyana Konvensiyasına, “Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” 1973-cü il tarixli Konvensiyaya uyğun olaraq, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə edilmiş hücumlarla bağlı qanuni ölçü götürülməlidir.

Bundan əvvəlki illərdə, eləcə də hazırda təqdim etdiyimiz müraciətdə öz əksini tapmış insan hüquqları pozuntuları ilə bağlı təkzibolunmaz faktlar Ermənistanın sülh və insanlıq əleyhinə, habelə müharibə və terrorçuluq cinayətlərini bir daha ifşa etməklə həmin dövlətə qarşı beynəlxalq hüquqi məsuliyyət müəyyən edən addımların atılmasını zəruri edir.

Ümidvarıq ki, beynəlxalq təşkilatların ədalətli mövqeyi, insan hüquqlarına hörmət müstəvisində yanaşmaları əsasında Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsinə nail olmaq mümkün olacaq".

Qeyd edək ki, müraciət BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, “Human Rights Watch” və “Amnesty International” təşkilatlarına, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ombudsman  


Bizi "telegram"da izləyin