Ermənistanda “Növbəti qurban sizin oğlunuz olmasın” çağırışı ilə aksiya keçirilib

2023/01/6c650-1674627968.jpg
Oxunub: 170     12:32     25 Yanvar 2023    
Ermənistanda “Birləşmə” hərəkatının üzvləri hökumət binası qarşısında “Növbəti qurban sizin oğlunuz olmasın” çağırışı ilə aksiya keçiriblər.

Ordu.az xəbər verir ki, onlar mühəndis-istehkam bölüyünün sığınacağında baş verən yanğının günahkarlarının cəzalandırılmasını tələb ediblər.

Aksiya iştirakçılarının əllərində “Ordusuz gələcək yoxdur”, “Günahkar sizin DNT-nizdir”, “Ordu bizim dayağımızdır”, “Paralel reallıqlar” sözləri yazılmış plakatlar olub.

“Birləşmə” hərəkatının liderlərindən biri Menua Soğomonyan bəyan edib ki, yanğın hadisəsinə görə birinci məsul şəxs Ermənistan Baş naziri Nikol Paşinyan, ikinci məsul şəxs isə müdafiə naziri Suren Papikyandır.

“Avroviziya üçün 5 milyard xərcləməyə, 500 min dollarla Baş nazirə və onun xanımına yeni maşınlar almağa, 2 milyon dollarla Respublika meydanını bəzəməyə vəsait varsa, necə olur ki, təhlükəsizliyimizi qoruyan əsgərlər üçün normal yaşayış yeri hazırlamağa vəsait yoxdur?", - deyə o qeyd edib.

“Birləşmə” hərəkatının üzvü, erməni ictimai-siyasi xadim Avetik Çalabyan isə deyib ki, ötən il silah alınmayıb, sistemdə maaşlar çox aşağıdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin