Aİ 2 il ərzində Ermənistanı Rusiya “çətiri”ndən çıxara biləcək?

2022/12/21e9a-1672117701.jpg
Oxunub: 379     22:25     24 Yanvar 2023    
“Laçın dəhlizi ətrafında vəziyyət ciddidir və təcili həll yolları tapılmalıdır. İrəvana doğru yollar tapmaq üçün müzakirələri səbirsizliklə gözləyirəm”. Bunu İrəvana yollanan Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Twitter”də yazıb və əlavə edib ki, Avropa İttifaqının məqsədi Ermənistan-Azərbaycanın münasibətlərinin hərtərəfli nizamlanmasıdır.

Klaar dünən İrəvanda idi. İrəvandakı müzakirələrin kökündə yalnız Laçın yolundakı böhran dayanır? Avropalı məmurun gündəliyi tam açıqlanmayıb.

Ermənistan Laçın yolu ilə maraqlanmayacağını bildirib. Alen Simonyan deyib ki, 10 noyabr sənədində Laçın yolu məsələsi var, orada Ermənistanın öhdəliyi yoxdur.

Bəs Ermənistan hakimiyyəti Avropa İttifaqının nümayəndəsi ilə nəyi müzakirə edib? Ermənistan Müdafiə Nazirliyi avropalı diplomatın nazir Suren Papikyanla görüşdüyünü, Laçın yolunun da müzakirə edildiyini bildirib: “Toivo Klaar Laçın dəhlizi ətrafında yaranmış vəziyyətdən narahatlığını ifadə edib. Biz son regional hadisələri müzakirə etdik”.

Ola bilsin ki, Klaarın səfərinin məqsədlərindən biri də Ermənistan-Azərbaycan danışıqlarını təşkil etmək olsun. Noyabr ayından bəri, təxminən 3 aya yaxındır ki, xarici işlər nazirləri və liderlər səviyyəsində heç bir görüş olmayıb.

Axşam saatlarında Klaar Paşinyanla görüşüb. Laçın yolundakı vəziyyət müzakirə edilib. Klaar qeyd edib ki, Aİ regionda sabitliyin və sülhün təmin edilməsində maraqlıdır və bu problemin həllinə öz töhfəsini verməyə davam edəcək.

Bundan başqa, Aİ dünən mühüm qərar qəbul edib. Aİ Şurası Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində Ermənistanda Avropa İttifaqının Mülki Missiyasının (EUMA) yaradılmasına razılıq verib.

Missiyanın məqsədi Ermənistanın sərhədyanı rayonlarında sabitliyi təşviq etmək, yerlərdə etimad yaratmaq və Ermənistan və Azərbaycan arasında münasibətləri normallaşdırmaq üçün Aİ tərəfindən dəstəklənən səylər üçün konstruktiv olacaq mühiti təmin etməkdir. Bu barədə Aİ-nin yaydığı məlumatda deyilir.

“Aİ-nin Ermənistanda missiyasının yaradılması ilə Aİ-nin Cənubi Qafqazda iştirakında yeni mərhələ başlayır. Aİ gərginliyin azaldılması səylərini dəstəkləməyə davam edəcək və regionda davamlı sülhün əldə edilməsinə nail olmaq üçün hər iki tərəflə yaxından işləməyə sadiqdir”, - deyə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Cozef Borrell bildirib. Mesajda bildirilir ki, Ermənistanın sorğusuna cavab olaraq EUMA müntəzəm patrullar həyata keçirəcək və vəziyyətlə bağlı hesabat verəcək və bu, Aİ-nin yerlərdə vəziyyətlə bağlı anlayışını gücləndirəcək. Missiya, həmçinin Aİ Şurasının sədri Şarl Mişelin rəhbərlik etdiyi proses çərçivəsində vasitəçilik səylərinə töhfə verəcək. EUMA-nın ilkin mandatı iki il olacaq və onun əməliyyat qərargahı Ermənistanda olacaq. Mülki əməliyyatlar komandiri EEAS-ın idarəedici direktoru Stefano Tomat olacaq.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin