Aİ-nin 2 illik missiyası Ermənistanı təxribatlardan çəkindirə biləcək? – BAXIŞ BUCAĞI

2022/12/1671005776.jpg
Oxunub: 395     18:23     24 Yanvar 2023    
Avropa İttifaqı Ermənistanda iki il müddətinə fəaliyyət göstərəcək uzunmüddətli müşahidə missiyası yaratmağa qərar verib. Mülki missiya Ermənistan və Azərbaycan sərhədində müşahidə aparacaq. İrəvan Aİ-nin bu qərarını alqışlayıb. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik komissarı Cozef Borrell bildirib ki, bu qərar Avropa İttifaqının Qafqazda iştirakının yeni mərhələsidir. Bu mərhələ Qafqazda nə ilə nəticələnəcək?

Regionda sülh və müharibə məsələləri bir sıra digər, daha dərin və daha təsirli və həyat qabiliyyətli amillərin məcmusu ilə həll olunur, buna görə də regional təhlükəsizlik məsələləri kifayət qədər geniş və hərtərəfli diplomatik iş tələb edir.

Bu Avropa missiyası birinci deyil, əvvəlki missiya daha məhdud idi: cəmi 40 nəfər və cəmi iki ay. Həmin mandat dekabrın 19-da başa çatdı. İlkin mərhələdə müşahidəçilər missiyası Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması üçün köməkçi mexanizmlərdən biri olmalı idi. Ancaq buna nail ola bilmədi.

Əvvəlki Avropa missiyası Ermənistanı mümkün təxribatlardan çəkindirmədi. Yeni missiyanın necə olacağı hələlik bilinmir. Ancaq bunun da Ermənistanın təxribatlarının qarşısını ala biləcəyinə dair şübhələr mövcuddur. Azərbaycan XİN artıq bildirib ki, Aİ missiyasının Ermənistanda yerləşməsinin müvafiq qaydada Azərbaycanın legitim maraqlarını nəzərə alması, habelə Aİ tərəfindən bu missiyanın fəaliyyətinin qarşılıqlı inam və etimadı sarsıtmayacaq şəkildə həyata keçirilməsi təmin edilməlidir.

“Avropa İttifaqı missiyasının mövcudluğunun hazırkı dialoq mexanizmlərinə qarşı sui-istifadəsi təhlükəlidir və bundan çəkinilməlidir”, - Nazirlik qeyd edib.

Avropa İttifaqının özünün bu addımı çox obyektiv addım deyil. Ümumilikdə missiyanın necə işləyəcəyi Avropa İttifaqının, geniş mənada ABŞ, Britaniya və şübhəsiz ki, Türkiyənin də olduğu Avro-Atlantik məkanında bu münasibətlərin gedişatından çox asılıdır. Türkiyənin xarici işlər naziri bir neçə gün əvvəl Vaşonqtonda Blinkenlə danışıqlar aparıb. Blinken bu görüşdən qısa müddət əvvəl Ermənistan baş naziri Nikol Paşinyanla, bir neçə gün sonra isə isə Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparıb.

Rusiyanın xarici işlər naziri Lavrov ötən gün bəyan edib ki, İrəvan KTMT-nin monitorinqi əvəzinə Avropa İttifaqının monitorinqinə üstünlük verib. O qeyd edib ki, bu missiya Azərbaycanla razılışdırılmalıdır. Görünür ki, Rusiya Aİ-nin regionda güclənməsindən narahatdır və bu, ümumi regionun təhlükəsizliyinə təhdid yaradır.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Ermənistan   Təxribat  


Bizi "telegram"da izləyin