Prezident İlham Əliyev Laçın-Xankəndi yolunda hər hansı blokadanın olmadığını qeyd edib. O vurğulayıb ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarı dayandırılmalı və həmin ərazidə Azərbaycanın daimi monitorinq və təftiş aparmaq imkanı təmin edilməlidir. Azərbaycan Prezidenti Ermənistan tərəfindən 2021-ci ilin istehsalı olan minaların qanunsuz olaraq Laçın yolundan istifadə edilərək daşındığını bildirib.
Blinken, həmçinin ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına sadiqliyini ifadə edib və sülh müqaviləsi üzrə danışıqları dəstəklədiyini bildirib.
ABŞ dövlət katibi səviyyəsində Azərbaycanla təmas quraraq məsələdən narahatlığını ifadə edir. Güman etmək olar ki, rəsmi Bakının bir sıra tələbləri var və bu tələblər bütün tərəflərə çatdırılıb.
Bir neçə gün əvvəl Rusiya xarici işlər naziri Lavrov Rusiyanın sülhməramlılarının vasitəçiliyi ilə tərəflər arasında danışıqların aparıldığını və məsələnin həll olunacağını bildirmişdi. Lavrovun sözlərinə görə, yaxın günlərdə həll olunacaq. Həmin bəyanatdan günlər keçsə də, məsələ həllini tapmayıb. Bu o deməkdir ki, rəsmi Bakının tələbləri yerinə yetirilməyib.
Bu gün Rusiyanın regiona qarşı sərt siyasət imkanının olmaması göz önündədir. ABŞ, İngiltərə və onların müttəfiqləri ilə müharibə vəziyyətində olan Moskva üçün xüsusən Azərbaycanla əlaqələr həyati əhəmiyyət kəsb edir. ABŞ, İngiltərə və onların müttəfiqləri üçün də Azərbaycan önəmli ölkədir. Bu o deməkdir ki, Ermənistan bu məsələdə də yalnız qalıb.
Firuz Bağırov
Ordu.az