Türkiyədən Zəngəzur dəhlizi tələbi – Paşinyan sözdə yox, əməldə hərəkət etməlidir

2021/09/3444-1630763863.jpg
Oxunub: 471     15:48     24 Yanvar 2023    
Ötən həftə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan hökumətlə sual-cavab iclasında Ankaranın Ermənistanla Türkiyə arasında birbaşa hava yüklərinin daşınmasına qoyulan qadağanı aradan qaldırması ilə bağlı ona ünvanlanan sualı cavablandırıb. Ondan xüsusi nümayəndələrin görüşü nəticəsində əldə olunan digər razılaşmanın, xüsusən də üçüncü ölkə vətəndaşlarının quru sərhədindən keçmək imkanlarının təmin olunmasının hansı mərhələdə olduğu soruşulub.

Mirzoyan iki ölkə arasında hava yüklərinin daşınmasına qoyulan qadağanın aradan qaldırıldığını qeyd edib və bunu “böyük dialoq prosesində kifayət qədər müsbət addım və mühüm irəliləyiş” kimi qiymətləndirib. “Biz ümidlə edirik ki, yaxın gələcəkdə digər sazişlər və müzakirə olunan digər mövzular reallığa çevriləcək. Əslində, iki xüsusi nümayəndəmiz arasında kifayət qədər uzun müddətdir ki, görüş baş tutmur, əvəzində artıq ekspertlər səviyyəsində daha praktik müzakirələr və görüşlər olub. Bir daha deyirəm, addım müsbətdir, başqa mövzuların da maddiləşməsini gözləyirik”, - deyə o qeyd edib.

Bu sualı cavablandıran Mirzoyan yaxın gələcəkdə iki ölkə rəsmiləri arasında yüksək səviyyəli təmasların planlaşdırılıb-planlaşdırılmadığını açıqlayıb: “Xüsusi nümayəndələrin görüşü hələ planlaşdırılmayıb, yəni hələlik razılaşma yoxdur. Ancaq nəzərinizə çatdırmaq istəyirəm ki, ötən il olduğu kimi, mən Türkiyə Xarici İşlər Nazirliyindən Antalyada keçiriləcək Diplomatik Forumda iştirak etmək üçün dəvət almışam və mən həmin forumda iştirak edəcəyəm, burada da güman ki, görüş və müzakirələr olacaq. Hesab edirəm ki, bu, həm də dialoqu davam etdirmək, inkişaf etdirmək və daha konkret, əsaslı nəticələrə gətirib çıxarmaq üçün çox vacibdir”.

Beləliklə, Mirzoyan mart ayında Antalya Diplomatik Forumunda iştirak etmək üçün Türkiyəyə yola düşəcək. Ermənistan-Azərbaycan arasında gərginliyin artması fonunda erməni-türk dialoqu davam edir. Türkiyə tez-tez müxtəlif səviyyələrdə Ermənistana xəbərdarlıq edir, ancaq rəsmi İrəvan uzadılan sülh əlini tutmur. Bəs Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasında ciddi addımların atılmasının səbəbi nədir.

Bu ilin may ayında Türkiyədə növbədənkənar seçkilər keçiriləcək və Ankara heç bir qonşusu ilə münasibətləri gərginləşdirmək istəmir.

Ruben Rubinyanla Serdar Kılıç arasında sonuncu, 4-cü görüş ötən ilin iyulunda Vyanada baş tutub. Ermənistan-Türkiyə nizamlanmasına yönəlmiş sonuncu görüş dekabrın sonuna təyin edilmişdi, lakin Laçın yolundakı vəziyyət səbəbindən təxirə salınmışdı.

Vaşinqtonda olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə-ABŞ strateji mexanizminin 2-ci nazirlər görüşündən sonra mətbuat konfransı verib. O, ABŞ dövlət katibi Entoni Blinkenlə görüşdə Qafqaz, Türkiyə-Ermənistan, Azərbaycan-Ermənistan nizamlama prosesləri ilə bağlı fikir mübadiləsi apardıqlarını açıqlayıb. İki nazir Cənubi Qafqazda sülhün təşviqi istiqamətində əməkdaşlığı artırmaq barədə razılığa gəliblər. Çavuşoğlu daha sonra Türkiyənin Vaşinqtondakı səfirliyində türk vətəndaşları ilə görüşüb. Qeyd edək ki Türkiyənin türk dünyası ilə əlaqələri gücləndirdiyini deyən Çavuşoğlu, Gürcüstanın da iştirak etdiyi Şərq-Qərb Orta Dəhlizində üçtərəfli və dördtərəfli Türkiyə-Azərbaycan-Qazaxıstan və ya Türkiyə-Azərbaycan-Özbəkistan mexanizmlərindən də danışıb.

“Ümid edirəm ki, Ermənistan da bu prosesdə iştirak edəcək. Yəni sülh yolunda səmimi addımlar atacaq. Təəssüf ki, son vaxtlar biz danışıqlar istiqamətində geriləmələr müşahidə edirik. Blinken bu gün Paşinyanın səmimi olduğunu söylədi, lakin biz bunu təkcə sözdə deyil, həm də əməldə görmək istəyirik”, - deyə Çavuşoğlu qeyd edib.

Ötən ilin noyabrın sonunda rəsmi Ankara yenidən bəyan edib ki, İrəvanla barışıq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesindən asılıdır. Rəcəb Ərdoğan Ermənistanın bu istiqamətdə yetərli addımlar atmadığını bildirib: “İrəvanın Bakıya doğru atdığı addımlar bizim də addımlarımıza müsbət təsir göstərəcək”.

Ərdoğanın sözlərinə görə, xaricdə yaşayan ermənilər də prosesə mane olurlar: “İstər Fransada, istərsə də ABŞ-dakı erməni diasporu dialoqa qarşı çıxır ki, bu da prosesə mənfi təsir göstərir. Hazırda Ankara və Bakı ilə münasibətlərin normallaşması ilə bağlı İrəvandan yetərli addımlar görmürük”.

O, Praqada Ermənistanın baş naziri ilə görüşdən də danışıb: “Mən ona Ankaranın Ermənistanın Türkiyə və Azərbaycanla dialoqunun bir-birinə bağlı olması ilə bağlı mövqeyini açıq şəkildə izah etdim. Biz İrəvandan aktiv addımlar gözləyirik. Hazırda mən deyə bilmərəm ki, biz hansısa səviyyəyə çatmışıq. Yalnız Ermənistan vəziyyəti müsbət istiqamətdə dəyişə və diasporun mənfi addımlarını minimuma endirə bilər”.

Ermənistan və Türkiyə liderlərinin son 13 ildə Praqada keçirilən ilk görüşündən sonra rəsmi İrəvan bildirib ki, tərəflər nizamlanma istiqamətində mümkün gələcək addımları müzakirə ediblər. Görüşdən sonra keçirilən mətbuat konfransında Rəcəb Ərdoğan bildirib ki, xüsusi nümayəndələrə bəzi tələblər təqdim olunub, xarici işlər nazirlərinə nizamlanma istiqamətində addımlar atmaq tapşırılıb. Tərəflər təfərrüatları açıqlamayıblar.

Ermənistan-Türkiyə prosesindən danışarkən xatırladaq ki, Türkiyə prezidenti Bakının İrəvan qarşısındakı tələblərini sadalamasa da, Türkiyə rəsmiləri dəfələrlə bəyan ediblər ki, əgər Ermənistan Ankara ilə münasibətlər qurmaq istəyirsə, Zəngəzur dəhlizi açılmalı və Azərbaycanla sülh müqaviləsi imzalanmalıdır.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ermənistan  


Bizi "telegram"da izləyin