Meksikada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

2023/01/32fc7-1674277903.jpg
Oxunub: 3246     04:25     21 Yanvar 2023    
20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Azərbaycanın Meksikadakı səfirliyində anım mərasimi keçirilib.

Azərbaycanın Meksikadaki səfirliyindən Ordu.az-a verilən məlumata görə, Meksikada akkreditə olunmuş Türkiyə, Gürcüstan və Qazaxıstan Səfirliklərinin üzvləri, yerli icra hakimiyyəti orqanlarının təmsilçiləri, yerli KİV nümayəndələri, bu ölkədə yaşayan soydaşlarımız, Azərbaycanın meksikalı dostlarının iştirakı ilə baş tutmuş tədbirdə ilk olaraq, faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra səfir Məmməd Talıbov qonaqlara Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsi, bu yolda məruz qaldığı 20 Yanvar qətliamı və bu faciənin Azərbaycan tarixinin ən ağrılı, eyni zamanda ən şanlı səhifələrindən biri olmasından bəhs edib.

Ümummilli lider Heydər Əliyevin dövrünün ağır şərtlərinə baxmayaraq, bu cinayəti kəskin şəkildə pisləyən, xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsi və günahkarların cəzalandırılmasını tələb edən ilk dövlət xadimi olduğunu deyən M.Talıbov, bu cinayətin AR Milli Məclisinin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında hərbi təcavüz və insanlığa qarşı cinayət kimi qiymətləndirildiyini bildirib.

Mərasim zamanı iştirakçılara 20 Yanvar faciəsinin xronikası və xalqımızın azadlıq uğrunda sarsılmaz mübarizəsini əks etdirən videoçarx nümayiş olunub, şəhidlərin əziz ruhuna halva paylanılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Meksika   20-Yanvar  


Bizi "telegram"da izləyin