Kuleba və Reznikov hərbi yardım üçün müraciət edib

2023/01/_1283-1674113660.jpg
Oxunub: 3497     11:31     19 Yanvar 2023    
Ukrayna xarici işlər naziri Dmitri Kuleba və müdafiə naziri Oleksiy Reznikov Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinin aktuallığı ilə bağlı birgə bəyanat yayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna XİN-in mətbuat xidməti məlumat yayıb.

Bəyanatda bildirilib ki, Rusiya Avropanın ən böyük dövlətlərindən birini və 45 milyonluq Ukrayna xalqını məhv etməklə bağlı məqsədlərini dəyişməyib: “Ukrayna xalqının cəsarəti və dözümlülüyü, Ukrayna Silahlı Qüvvələrinin qəhrəmanlığı və peşəkarlığı sayəsində dünyada getdikcə daha çox dərk olunur ki, Ukraynanın müdafiə qabiliyyəti nə qədər güclü olarsa, Rusiya işğal etmək cəhdlərinin nəticəsizliyini bir o qədər tez qəbul edəcək, bizim ölkəmiz və Avropanın mərkəzində bu amansız müharibə bir o qədər tez bitəcək”.

Kuleba və Reznikov birgə bəyanatda bu günə qədər Ukraynanın müdafiə potensialının gücləndirilməsi üçün çox işlərin görüldüyünü vurğulayaraq, praktiki hərbi yardıma görə 50-dən çox tərəfdaş dövlətlərə təşəkkür ediblər.

“Rusiya qoşun, silah və hərbi texnika baxımından əhəmiyyətli kəmiyyət üstünlüyünü saxlayır. Rusiya qoşunları Ukraynanın şərq vilayətlərinə hücumlarını davam etdirir. Kreml hərbi əməliyyatları daha da gücləndirməkdə qətiyyətlidir. Rusiyanın Ukraynaya qarşı müharibəsindəki uğursuzluqlarına görə, qisas almaq cəhdinin perspektivləri, o cümlədən Rusiya qüvvələrinin yeni genişmiqyaslı hücumu təhlükəsi çox realdır.
Buna görə də biz artıq hərbi yardım göstərmiş və ya göstərməyi planlaşdıran bütün tərəfdaş dövlətlərə müraciət edərək, Ukraynanın özünü müdafiə qabiliyyətinin gücləndirilməsinə öz əməli töhfələrini əhəmiyyətli dərəcədə gücləndirməyə və yardımlarını keyfiyyətcə yeni səviyyəyə çatdırmağa çağırırıq”, - nazirlər birgə bəyanatda bildiriblər.

Bəyanatda qeyd olunub ki, hazırda Ukrayna Silahlı Qüvvələrinin müasir zirehli texnika ilə təminatının yaxşılaşdırılması, Qərb tanklarının köməyi ilə onların atəş və manevr imkanlarının artırılması ən aktual və təxirəsalınmaz ehtiyaclardan biridir: "Biz Böyük Britaniyanın "Challenger 2" tanklarının ilk eskadrilyasını Ukraynaya köçürmək barədə cəsarətli və çox vaxtında qərarını alqışlayırıq. Bununla belə, əməliyyat məqsədlərinə çatmaq üçün bu kifayət deyil. Ona görə də biz müraciətimizi “Leopard 2” tankları xidmətdə olan dövlətlərə, o cümlədən Kanada, Danimarka, Finlandiya, Almaniya, Yunanıstan, Hollandiya, Norveç, Polşa, Portuqaliya, İspaniya, İsveç və Türkiyəyə ünvanlayırıq. Biz zəmanət veririk ki, bu silahlardan məsuliyyətlə və müstəsna olaraq beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində Ukraynanın ərazi bütövlüyünü qorumaq məqsədləri üçün istifadə edəcəyik.

Biz bütün bunları və müvafiq imkanlara malik olan digər ölkələri dəstək məqsədilə beynəlxalq tank koalisiyasının yaradılması təşəbbüsünə qoşulmağa çağırırıq".

Ukrayna XİN başçısı və müdafiə naziri bəyan edib ki, bu hərbi dəstək milyonlara ukraynalı mülki vətəndaşın həyatını xilas edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin