5-ci Ankara-İrəvan danışıqlarında nə müzakirə olunacaq?

2021/12/10517-1640340524.jpg
Oxunub: 335     15:15     17 Yanvar 2023    
Türkiyə Xarici İşlər Nazirliyindən “Anadolu” Agentliyinə verilən məlumata görə, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi davam edir və Ankara bu istiqamətdə səmimi səylər göstərir.

Məlumata görə, birbaşa uçuşların bərpası, birbaşa hava yüklərinin daşınmasına maneələrin aradan qaldırılması kimi münasibətlərin normallaşdırılması təşəbbüsləri çərçivəsində artıq ilk addımlar atılıb.

Agentliyin mənbələri gələcək danışıqlarda bir sıra digər məsələlərin, o cümlədən ikitərəfli ticarətin bərpası məsələsinin də qaldırıla biləcəyini istisna etməyiblər.

“Hələlik nizamlanma danışıqlarının beşinci raundunun tarixi müəyyən edilməyib, lakin Ankaranın fikrincə, onlar baş tutmazdan əvvəl bir sıra qarşılıqlı addımlar atılmalıdır. Danışıqlar ya Türkiyədə, ya da Ermənistanda aparılacaq”, - deyə məlumatda bildirilir.

Ankara bütövlükdə Ermənistanla münasibətlərin normallaşması istiqamətində ardıcıl addımlar atır və İrəvandan da səmini addımlar gözləyir.

Bir neçə gün əvvəl “Anadolu” xəbər agentliyi görüşlərin son durumu və Türkiyə-Ermənistan münasibətlərinin tənzimlənməsi prosesi ilə bağlı məlumat dərc edib. Məlumata görə, iyulun 1-də keçirilən xüsusi nümayəndələrin dördüncü görüşündən sonra Ankara ilə İrəvan arasında Türkiyə-Ermənistan sərhədində müxtəlif strukturların iştirakı ilə mütəxəssislər səviyyəsində keçirilən görüşlər səmimi şəraitdə keçib.

Qeyd olunub ki, Türkiyə ilə Ermənistan arasında üçüncü ölkə vətəndaşlarının tranzitinə şərait yaradılması ilə bağlı qərarın icrası üçün texniki işlər davam etdirilir. Sözügedən işlər çərçivəsində Türkiyə və Ermənistan rəsmiləri birlikdə Əlican sərhəd-keçid məntəqəsində yerləşən körpüdən nümunə götürərək üçüncü ölkə vətəndaşlarının tranzit prosesinin körpünün vəziyyətindən asılı olaraq aydınlaşacağını qeyd ediblər.

Bildirilib ki, növbəti proses çərçivəsində keçiriləcək görüşlərdə iki ölkə arasında qarşılıqlı ticarətin başlanması məsələsi də daxil olmaqla bəzi digər mövzular da müzakirə oluna bilər. İyulun 1-də Vyanada keçirilən dördüncü iclasda iki konkret qərarın qəbul edildiyini, daha sonra texniki səviyyədə iki ayrı-ayrı iclasın keçirildiyini qeyd edən mənbələr bildirib ki, əvvəlki aylarla müqayisədə sürətin azalmasına baxmayaraq, iki ölkə arasında proses dayanmayıb və indi texniki məsələlər müzakirə olunur.

Türkiyənin diplomatik mənbələri bölgəyə xarici müdaxilələrin bölgədəki bütün proseslərə mənfi təsir göstərə biləcəyini qeyd edib.

Türkiyə ilə Ermənistan arasında quru ticarətinin bərpası imkanlarına toxunan mənbələr 1993-cü ildə Ermənistanla Türkiyə arasında ildə 160 min ton kommersiya məhsulunun ticarətinin aparıldığını və iki ölkə arasında dəmir yolu yenidən açılsa, bunun iki dəfə arta biləcəyini bildiriblər. Hələlik 5-ci görüşün tarixinin məlum olmadığını, bunun həyata keçirilməsi üçün müəyyən qarşılıqlı addımların atılmalı olduğunu bildirən mənbələr bundan sonra keçiriləcək görüşlərin ya Türkiyədə, ya da Ermənistanda olacağını qeyd ediblər.

Türkiyə ilə Ermənistan arasında fevralın 2-dən başlayan birbaşa aviareyslərə istinad edən diplomatik mənbələr qeyd edib ki, qarşılıqlı uçuşlar çox yaxşı gedir: “İnsanlar arasında təmas başladı. İnsanlar rahatlıqla gəlib-gedə bilərlər. Prosesdə gözə görünməyən şeylər olub. Türkiyə vətəndaşı Ermənistana çıxış olmadığı üçün Tbilisi vasitəsilə viza üçün müraciət edib. İndi internet bağlantısı yaradılıb, əvvəllər Ermənistanla internet vasitəsilə əlaqə yaratmaq mümkün deyildi. Ermənistanın interneti bütün Türkiyə üçün bağlanmışdı. Artıq açılıb. Konsulluq işləri çox yaxşı gedir. Bəzi görünməz humanitar addımlar da atılır”.

Mənbələr onu da qeyd ediblər ki, Türkiyə ilə Ermənistan arasında keçirilən görüşlər nəticəsində birbaşa hava yüklərinin daşınması qarşısındakı maneələrin aradan qaldırılması iki ölkə arasında iqtisadi əlaqələrə mühüm fayda gətirəcək.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ermənistan   Normallaşma  


Bizi "telegram"da izləyin