“Rusiya eyham vurub ki, Ermənistan hökuməti Qərblə razılaşma barədə xalqa məlumat vermir” - Xaçikyan

2022/02/sdf78-1645851677.jpg
Oxunub: 500     21:22     14 Yanvar 2023    
“Xatırladığım qədər, Moskva heç vaxt Ermənistana qarşı belə ritorikadan istifadə etməyib, Ermənistan-Rusiya münasibətləri heç vaxt bu qədər aşağı səviyyədə olmayıb”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Artur Xaçikyan deyib.

Onun sözlərinə görə, Paşinyan əslində nəticələrini düşünmədən emosional bəyanatlar verir.

“Artıq hakim rejimin aydın planla hakimiyyətə gəldiyini inkar etmək çətindir. Plan Ermənistan-Rusiya münasibətlərini pozmaq, hər şeydə Rusiyanı günahlandırmaq, Qarabağla bağlı bütün öhdəlikləri Rusiyanın üzərinə qoymaq, onun regiondan çıxmasına nail olmaq, Ermənistanı Türkiyəyə vermək, erməniləri buradan qovmaq və dənizdən dənizə vahid türk dövlətinin formalaşdırılması üçün şərait yaratmaqdır. Biz öz suverenliyimizi, müstəqilliyimizi itiririk. Rusiyanın bölgədən çəkilməsi bizi vahid Türkiyə qarşısında müdafiəsiz edəcək. Zaxarova eyham vurub ki, Ermənistanın Qərbdəki nümayəndələri bəzi razılaşmalar barədə sənəd imzalayıblar, bu barədə xalqa məlumat verilmir. Rusiya Qarabağ məsələsi və başqa məsələlər ilə bağlı bütün məsuliyyəti Moskvanın üzərinə qoymaq hiyləsinin işə yaramayacağını açıqladı. Üstəlik, Ermənistan hökuməti İlham Əliyevin görünməmiş aqressiv ritorikasına cavab olaraq kəskin bəyanatlar vermir”, - deyə Xaçikyan qeyd edib.

Xaçikyan vurğulayıb ki, BMT sülhməramlıları Azərbaycan və Türkiyəni cilovlaya bilməyəcək.

“Rusiya sülhməramlılarından narazı olmaq üçün səbəblər var, Laçın dəhlizində yolu açsınlar, amma bağlı qapılar arxasında diplomatiya aparılsın, Rusiya rəhbərliyi ilə görüşlər keçirilsin, qışqırıb barmaq yelləmək olmasın. Rusiyaya təzyiq etmək lazım idi, amma münasibətləri korlamaq yox. Qərbə də sual vermək lazım idi. Ukraynadakı müharibə şəraitində Rusiya Türkiyəni azsaylı müttəfiqlərindən biri kimi görür və bir gün bunu elan edə bilər. Rusiya bir gün qoşunlarını çıxara bilər. Hərbi əməliyyatların bərpasının qarşısını almaq sülhməramlıların funksiyasıdır. BMT sülhməramlıları Azərbaycan və Türkiyəni cilovlaya bilməyəcək”, - deyə ekspert əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin