Birlik dövlətinin “sönməz atəşi” Ermənistanı yandıracaq – BAXIŞ BUCAĞI

2022/01/61d83-1641560410.jpg
Oxunub: 403     15:00     11 Yanvar 2023    
Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 10-da media nümayəndələri üçün keçirilən mətbuat konfransında Birlik Dövləti məsələsinə də toxunub.

O bildirib ki, Moskva rəsmi olaraq İrəvan qarşısında belə bir məsələ qoymayıb.

“Birlik dövləti ilə bağlı əgər rəsmi təklifi nəzərdə tutursunuzsa, yoxdur və ola da bilməzdi. Amma reallıq, təəssüf ki, göründüyü qədər sadə deyil. Bəzən biz sualların mətninə deyil, kontekstinə dərindən baxmalıyıq. Biz qlobal proseslərə nəzər salmalıyıq. Başqa bir şeyi də deyə bilərəm ki, bizim üçün ümumilikdə Ermənistanın suverenliyi, müstəqilliyi, dövlətçiliyi mütləq dəyərlərdir. Biz o dövlətin, vətənimizin dövlətçiliyinin daimi olması üçün hər şeyi etməyi özümüzə borc və missiya hesab edirik”, - deyə Paşinyan qeyd edib.

Burada Paşinyanın danışdığı rəsmi təklifdir. Şübhəsiz ki, Rusiya Ermənistana Birlik Dövlətinə Qoşulması üçün birbaşa rəsmi təklif irəli sürməz. Bunun üçün Moskva əvvəlcə zəmin hazırlayır, müxtəlif dairələr tərəfindən fikri gündəmə gətirir və Ermənistan hazır olduqda təklifi rəsmi olaraq təqdim edir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın məşhur bəyanatının əsasını bu qeyri-rəsmi təklif təşkil edirdi.

Qriqoryan bundan əvvəl Moskvanın Ermənistana Birlik dövləti ideyasını sırımağa çalışdığını bildirib. O, bu bəyanatı Paşinyanın MDB-nin qeyri-rəsmi Assambleyasında iştirak etmək üçün Sankt-Peterburqa getməsi fonunda səsləndirib. Kremlin sözçüsü Peskov bu açıqlamanın təxribat xarakterli bəyanat olduğunu bildirib. Bu olduqca sərt cavabdır. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Zaxarova da bəyan edib ki, İrəvan səsləndirdiyi fikilərə dair sübut təqdim etməlidir. Ermənistanın baş nazirinin bəyanatından belə çıxır ki, bu kontekstdə “dəlil” ekspertlər arasında baş tutmuş söhbətdir.

Üstəlik, Paşinyan faktiki olaraq deyir ki, o, TŞ katibinin məşhur bəyanatla çıxış edərkən nə demək istədiyini “təxmin edir”. Deməli, Ermənistanın Baş naziri ölkənin Təhlükəsizlik Şurasının nə bəyanat verəcəyini əvvəlcədən bilmir. Bu o deməkdir ki, sağ əl sol əlin nə etdiyini bilmir.

Ümumilikdə görünən budur ki, Moskva Ermənistanın daxili siyasi həyatında, xüsusən də mürəkkəb regional və geosiyasi şəraitdə fikir formalaşdırmağa çalışır. Rusiya SSRİ-nin “sönməz atəşi” sayəsində müəyyən “mühəndis strukturları” formalaşdırmağa və özünə maksimum ictimai dəstək formalaşdırmağa cəhd edir.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Birlik-dövləti   Ermənistan  


Bizi "telegram"da izləyin