Ordu.az xəbər verir ki, erməni politoloq Andrias Qukasyan Ermənistanın xarici siyasətində yeni nəyinsə baş verdiyini düşünmür.
Qukasyan bildirib ki, Nikol Paşinyanın xarici siyasəti təkbaşına aparmaq azadlığı çox məhduddur.
“Onun dodaqlarından Rusiya Federasiyasına qarşı tənqidlərin səslənməsinin xarici siyasətdə hər hansı yeni dəyişikliyə dəlalət etdiyini düşünmürəm. Sadəcə olaraq, ictimai əhval-ruhiyyə elədir ki, Rusiya Federasiyasının açıq-aşkar Azərbaycan və Türkiyə yönlü mövqelərini əhəmiyyətsiz və reaksiyasız qoymaq mümkün deyil. Ona görə də Ermənistan rəhbərliyi müəyyən tənqidi fikirlər səsləndirməlidir, amma praktikada heç bir tədbir görülmür. Ermənistan Rusiya Federasiyasının bütün hərbi müqavilələrinə, KTMT-yə üzvlüyünə sadiq qalmaqda davam edir. 2024-cü ildə Ermənistan KTMT sazişini davam etdirmək, ona yenidən baxıb-baxmamaq barədə qərar verməlidir. Bu gün biz Ermənistan rəhbərliyinin KTMT üzvü olaraq qalmaq niyyətində olması barədə bəyanatını görürük. Bu il Ermənistanın Rusiya ilə ümumi hava hücumundan müdafiə və birgə qoşunlar haqqında sazişə yenidən baxmamaq imkanı var idi. Bəs dövlətin mövqeyi necədir? Axı o müqavilələri daha beş il də təsdiq etdi. Başqa sözlə, hesab edirəm ki, bu konkret hakim qüvvənin bu məsələlərdə aydın kursu var və Rusiya Federasiyasının təklif etdiyi planları, o cümlədən regionda bizi narahat edən məsələləri sona qədər davam etdirmək niyyətindədir. Ermənistanın Qarabağ məsələsində nə qədər böyük güzəştlərə getdiyini görürük”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az