Prezident: "Ermənistan məsuliyyəti tamamilə öz üzərinə götürməli və sülh müqaviləsi imzalanmasına hazır olmalıdır" (YENİLƏNİB)

2023/01/1673365821.jpg
Oxunub: 336     23:38     10 Yanvar 2023    
Ermənistanın hakimiyyət orqanları məsuliyyəti tamamilə öz üzərinə götürməli və sülh müqaviləsi imzalanmasına hazır olmalıdır.

Ordu.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi zamanı deyib.

Dövlət başçısı bildirib:

"Bəli, sonuncu tezislə tam razıyam ki, erməni tərəfi bu prosesi pozur və deyəsən, bunun səbəbləri mənə məlumdur. Ermənistanın qüvvəsinin olub-olmaması və bu qüvvəyə diasporun təsir göstərib-göstərməməsi barədə birinci tezisə gəldikdə düşünürəm ki, belə təsir var və kiminsə buna mane olmasına istinad etmək məsuliyyəti öz üzərindən atmaq üçün çox münasib yoldur. Ona görə ki, əgər hakimiyyət məsuldursa, o, öz hərəkətlərinə görə cavab verməlidir. Hər ölkənin, hər bir liderin öz çətinlikləri var, lakin bununla spekulyasiya etmək olmaz. Bu, necə deyərlər, evin daxili işidir, hər kəs yalnız sülh məsələsinin gündəlikdə olmasını artikulyasiya etməklə kifayətlənməyib bu işi görməli – ictimaiyyəti inandırmalı, həqiqətən sülhə can atmaq üzərində işləməlidir. Bəs bu gündəlik haradadır? Müharibədən sonra iki il ərzində nə gördük? Ermənistan görməli olduğu işlərin heç birini görməyib. Əgər ritorikanı, bu şikayət intonasiyasını kənara qoysaq, praktiki olaraq xarici dövlətlərin başçıları ilə hər bir görüşdə sadəcə xəbərçilik edir. Mən buna başqa ad tapa bilmirəm. Bu, sadəcə cılız qeybət, xəbərçilikdir. Bunu anonim adlandırardım, lakin anonim deyil, hər şey konkret adamların adından səslənir. Buna görə də düşünürəm ki, bu kontekstdə Ermənistanın hakimiyyət orqanları məsuliyyəti tamamilə öz üzərinə götürməli və sülh müqaviləsi imzalanmasına hazır olmalıdır. Xüsusən ona görə ki, mən əvvəlcədən demişəm, biz bu beş prinsipi irəli sürəndə də demişdim ki, bu, hansısa çoxcildlik olmamalıdır. Bu, çox sadə bir kağız, əsas prinsipləri əks etdirən sadə sənəd olmalıdır. Əlbəttə, orada bizim daxili problemlərimiz və Qarabağ ilə bağlı bütün məsələlər barədə söhbət də ola bilməz. Fikrimcə, Ermənistan rəhbərliyinin məsələni uzatmasının bir səbəbi məhz budur. Ona görə ki, onlar qərar qəbul etməli və mahiyyət etibarilə Praqada qeydə alınmış, sonra oktyabrda Soçidə təsdiq edilmiş məsələləri təsbit etməlidirlər. Axı ərazi bütövlüyünə və suverenliyə, Alma-Ata Bəyannaməsinə istinad edilməsi açıq-aydın onu göstərir ki, onlar Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyırlar. Mən həmin görüşdən dərhal sonra bu barədə bəyan etdim ki, bəli, bu, bizim uğurumuzdur, çünki Ermənistan, nəhayət, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıyıb. Terminlərdən azacıq da olsa baş çıxaran hər kəs bütün ölkə üzərində, bütün ərazi üzərində suverenliyin nə demək olduğunu bilir. Lakin onlar “A” deyəndən sonra “B” demək istəmirlər. Onlar hər vasitə ilə Qarabağ mövzusunu mümkün sülh müqaviləsinə daxil etməyə çalışır və əslində onu bloklayırlar. Onların Moskvada hansısa hadisələr baş verməsinə istinad edərək nazirlərin orada görüşünə etinasızlıq göstərmələri, ümumiyyətlə, yolverilməz hərəkətdir. Bəs onlar oktyabrın 6-da Praqada keçirilən görüşə nə üçün etinasızlıq göstərmədilər? Axı bundan bir aydan az əvvəl də sərhəddə hadisələr baş verirdi. Orada kifayət qədər ciddi hadisələr olmuşdu. Bunun Ermənistan üçün nə ilə başa çatmasının təfsilatına qayıtmaq istəmirəm. Nədənsə erməni tərəfi Praqaya Makronla görüşə getdi, amma Moskvaya getmədi. Sonra Rusiya Xarici İşlər Nazirliyinin erməni tərəfinin hətta xalis protokol xarakterli davranışı barədə şərhləri də məhz buna dəlalət edir. Yəni, incidilmiş tərəf kimi mövqe tutmaq həm rahat, həm də münasibdir, lakin bu mövqe həm insan üçün, həm də ölkə üçün çox zərərlidir. Necə deyərlər, yazığı gəlmək siyasi xadimlərin arsenalında heç də ən yaxşı vasitə deyil, xüsusən, indi qəbul edilmiş təbirlə desək, bütün bunlar feyk olduğu halda".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Prezident   İlham-Əliyev   Ermənistan  


Bizi "telegram"da izləyin