Azərbaycanda hərbi ənənələrin bərpası onun gəlişi ilə başladı – Heydər Əliyev və hərb tarixi məsələləri

2019/05/5e43a-1557469046.jpg
Oxunub: 1309     17:31     10 May 2023    
Hərb işi insan fəaliyyətinin elə sahələrindəndir ki, onun təşkili və inkişafı tarixi ənənə və təcrübədən təcrid edilə bilməz. Bu məsələ o vaxt daha əhatəli həll edilə bilər ki, o, xalqın neçə min illik hərb tarixinin praktiki nəticə və dəyərlərinə əsaslansın və bu dəyərlər hərb elminin müasir nailiyyətləri ilə vəhdət təşkil etsin. Əslində, hərb işinin düzgün təşkili xalqın hərbi sahəsindəki təcrübəsi ilə hərb elminin bugünkü inkişaf səviyyəsinin qarşılıqlı vəhdətinin praktiki ifadəsidir və hərb işini tarixi təcrübəni nəzərə almadan qurmağa çalışmaq onu möhkəm özüldən qoparmaq deməkdir. Belə olmasaydı, insanlar hər şeyi yenidən başlamalı olardı.

Hərb işində elə elmi və praktiki qənaətlər vardır ki, onlar hər zaman öz aktuallığını qoruyub saxlayır. Çünki həmin qənaətlər hərb işinin əsasını təşkil edir və mahiyyət etibarilə dəyişməzdir. Dəyişən yalnız onları hərəkətə gətirən qüvvələrdir. Məsələn, xalq və ordu arasındakı əlaqə, müharibənin aparılmasına xalqın münasibəti və onun müharibəyə necə səfərbər edilməsi, ölkənin müdafiəsinin təşkilində xarici siyasətin nəzərə alınması, müdafiənin təşkilinin maddi və mənəvi amillərdən asılılığı, təmin edilməsi üçün dövlətin apardığı siyasətin xarakteri və s. Bu məqamların (əsasların) sayı çoxdur və Azərbaycan xalqının qəhrəmanlıq tarixi bu məqamların yüksək məharətlə icrasının ifadəsidir. Heydər Əliyev də Azərbaycan xalqının məhz bu qəhrəmanlıq tarixini bugünkü mübarizə üçün örnək sayırdı. Qeyd edilməlidir ki, Silahlı Qüvvələrin şəxsi heyətinin və bütünlükdə gənclərin Vətənə məhəbbət və sədaqət ruhunda tərbiyələndirilməsi üçün Heydər Əliyevin bu sahədəki irsinin öyrənilməsinin elmipraktiki əhəmiyyəti vardır. Məqalə də Azərbaycan xalqının Ümummilli liderinin Azərbaycanın hərb tarixi ilə bağlı irsinin araşdırılmasına həsr edilib.

Azərbaycan xalqının ölkənin müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi kimi vahid məqsəd ətrafında birləşdirilməsi, onun mübariz ruhunun təşkilatlandırılması və istiqamətləndirilməsi, mənəvi potensialının üzə çıxarılması üçün Heydər Əliyevin istinad etdiyi ən qiymətli meyar və mənbələrdən biri xalqın hərbi qəhrəmanlıq tarixi idi. O, bu tarixi Azərbaycan xalqından miras qalmış zəngin və ibrətamiz bir sərvət kimi qiymətləndirir, ölkənin müdafiəsinin təşkilinin müxtəlif məsələləri ətrafında etdiyi çıxışlarında hər bir vətəndaşı bu tarixə tapınmağa çağırırdı. Ölkə rəhbərinin fikrincə, bu tarix Azərbaycan xalqının Vətənə sevgi, torpağa bağlılığın təcəssümü idi və bu tarixə sədaqət əldə edilmiş müstəqilliyin həmişəyaşarlığına real zəmin yarada bilərdi.

Heydər Əliyev Azərbaycan xalqının qəhrəmanlıq ənənələrinin qədim və zəngin tarixə malik olduğunu bildirirdi. Yəni Azərbaycan xalqının ən qədim dövrlərindən bu cür ənənələrin başlanğıcının qoyduğunu qeyd edir və bu qədim qəhrəmanlıq ənənələri içərisində Dədə Qorqud dastanının qəhrəmanlarının mübarizliyini xüsusi vurğulayırdı. Bu dastandan danışarkən Heydər Əliyev Qazan xanın adını çəkir, onun öz övladlarını cəngavərliyə necə hazırladığına toxunurdu. Bu dastanın əsas qəhrəmanları olan Dədə Qorqudla Qazan xanın Azərbaycan xalqının qəhrəmanlıq tarixində xüsusi yeri vardır. Dədə Qorqud xalqın müdrikliyini, xalqı öz ətrafında birləşdirib ağır günlərdə onların gücünü istiqamətləndirən el ağsaqqalını təmsil edirsə, Qazan xan xalqın düşmənə qarşı vuran əlini, onun mübarizliyini, el maraqları üçün qətiyyət göstərən qəhrəman övladını təmsil edirdi

Heydər Əliyevin fikrincə, Azərbaycan xalqının Babək və Koroğlu kimi el qəhrəmanları bu gün də öyrənilməli və qəhrəmanlıq ənənələri davam etdirilməli olan tarixi örnəklərdir. Çünki onlar da elin ağır günlərində xalqını yadelli qüvvələrə qarşı səfərbər edib cəsurluq nümunələri göstərmiş qəhrəmanlar idi və onların sərkərdəliyi altında xalq düşmən təcavüzünün qarşısını almış, yadelli basqınlara cavab verərək torpaqlarını qoruya bilmişdi.

Çıxışlarının birində Heydər Əliyev Uzun Həsənin də tarixi xidmətlərindən danışırdı. Ümummilli liderin çıxışında təcrübəli siyasətçi və diplomat kimi xatırlanan Uzun Həsən həm də böyük bir sərkərdə idi. O, öz istedadı və təşkilatçılığı ilə böyük bir dövlət qura bilmiş və bu dövlətə təcavüz niyyətində olan qüvvələrə qarşı uğurlu döyüşlər aparmışdı. Bu səbəbdən, Uzun Həsənin tarixi xidmətləri Heydər Əliyev tərəfindən məmnunluqla xatırlanır və o, bu xidmətləri nəsillərə nümunə sayırdı.

H.Əliyev Azərbaycan xalqının zəngin tarixinin bütün dövrlərini düzgün öyrənməyə və ondan düzgün nəticə çıxarmağa çağırırdı.

Azərbaycan xalqının qəhrəmanlıq keçmişinin bütövləşməsinə xidmət edən çox məzmunlu hərbi irsi olub. Göstərilən Azərbaycan ərazisində müstəqil dövlətlərin yaranması, hərb işinin inkişafı ilə səciyyəvidir. Xüsusilə orta əsrlərdə Azərbaycan türklərinin yaratdığı imperiyalar onların malik olduğu hərb işinin yüksək zirvəsi ilə əldə edilmişdi. Azərbaycanlı hökmdarların özündə dövlətçilik və hərb işini birləşdirməsi, dövrün ən məharətli sərkərdələri kimi tanınması bölgənin tarixində dərin izlər buraxmışdı. Başqa sözlə, bu dövrdə Azərbaycan xalqına mənsub olan böyük hökmdar-sərkərdələrin yaratdıqları hərbi miras dünya hərb sənətinin yeni səhifələri olmaqla yanaşı, qürur və iftixar mənbəyidir. Heydər Əliyev də belə bir irsin düzgün qiymətləndirilməsini və ondan ibrət götürülməsini bütün cəmiyyətə təlqin edirdi.

Heydər Əliyev çıxışlarında XIX və XX əsrdə baş verən hərbi-siyasi proseslərin təhlilinə, bu dövrün yetişdirdiyi azərbaycanlı sərkərdə və generallar nəslinə, Azərbaycan övladlarının qəhrəmanlıq nümunələrinə, onların öyrənilməsinə və insanlara çatdırılmasına daha geniş yer ayırırdı. Bu dövr Azərbaycan xalqının tarixində çox ağır və taleyüklü hərbi-siyasi proseslərin, Azərbaycan torpaqlarının parçalanması ilə nəticələnən qanlı müharibələrin getdiyi, Azərbaycanın nizami ordusunun meydana gəldiyi, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizələr aparıldığı, Azərbaycanın şanlı hərbçilər nəslinin yetişdiyi bir dövrdür. Əslində, Azərbaycan xalqının bugünkü hərbi həyatının XIX, XX əsrlərdə formalaşmış hərbi irslə sıx əlaqəsi vardır və həmin irsin düzgün öyrənilməsi, bu irsin tarixindən əldə edilmiş qənaətlərə məsuliyyətlə yanaşılması Azərbaycanın müasir hərb quruculuğunun uğurlarına zəmin yaratmaqla gənc nəslin, Silahlı Qüvvələrin şəxsi heyətinin inam və ilham mənbəyinə çevrilə bilər.

XIX əsrin əvvəlləri Azərbaycan tarixində xanlıqlar dövrünə təsadüf edir. Məlumdur ki, həmin dövrdə mövcud olan Azərbaycan xanlıqları öz müstəqilliklərini qoruyub saxlamaq üçün şimalda və cənubda yerləşən iki böyük dövlətə qarşı mübarizə aparmalı olublar. Azərbaycan xalqı güclü dövlətlərin çoxsaylı qoşunları qarşısında öz müstəqilliyini qoruyub saxlamaq üçün sonsuz əzmkarlıq və mübarizlik nümunələri göstəriblər. Həmin mübarizlik nümunələri Azərbaycan xalqının hərbi irsinin və qəhrəmanlıq tarixinin unudulmaz səhifələridir.

Çıxışlarının birində bu dövrə münasibət bildirərkən Heydər Əliyev Şuşa qalasının qəhrəmanlıq tarixindən söz açırdı. Şuşa qalasının qəhrəmanlıq keçmişinin nümunə gətirilməsini Heydər Əliyevin xanlıqlar dövründə Azərbaycanın müstəqilliyin qorunması üçün aparılan mübarizə tarixinə ümumi bir baxış kimi də dəyərləndirmək olar: "Qəhrəman Azərbaycan oğulları vaxtilə Şuşanı qoruyub saxlayıblar. Ona görə də Şuşaya Şuşa qalası deyirlər. Dəfələrlə o, təcavüzkarlar tərəfindən zəbt edilmək təhlükəsi altında olubdur. Ancaq Şuşanı qoruyublar, saxlayıblar. Bizim əcdadlarımız, ulu babalarımız o vaxtlar öz borclarını yerinə yetiriblər".

Ümummilli liderin bu fikrində iki məqam diqqəti cəlb edir. Birincisi, Şuşa qalası kimi bir qalanın tikilməsi. Bu qala Qarabağ xanlarının seçimi və rəhbərliyi altında Azərbaycan xalqı tərəfindən tikilmiş və malik olduğu imkanlara görə xalqın məğlubedilməzlik rəmzinə çevrilmişdi. İkincisi, Heydər Əliyev burada həm də Azərbaycan xalqının əcdadlarının və ulu babalarının mübarizliyinə işarə edib, dəfələrlə bu qalanın xarici təcavüzkarlar tərəfindən işğal edilməsi təhlükəsinin olmasına baxmayaraq, onun qorunub saxlandığını nəzərə çatdırıb. Bununla dövlət rəhbəri həm də ona işarə edirdi ki, 1992-ci ildə Şuşanın qorunmasına məsul olan insanlar öz borclarını yerinə yetirsəydilər, bu qala erməni təcavüzkarlarının əlinə keçməzdi. Eyni zamanda ona da eyham vurulurdu ki, ulu babaların qəhrəmanlıq keçmişi öyrənilsəydi, ondan düzgün nəticə çıxarılsaydı və onların ənənələrinin davam etdirilməsinə cəhd göstərilsəydi, Şuşanın işğalı kimi bir ağrılı hadisə Azərbaycan xalqının taleyinə yazılmazdı.

Xanlıqlar dövründən sonra çar Rusiyasının əsarətində olduğu zaman Azərbaycanda hərb işinin yeni bir dövrü başlayır. Bu dövrün xarakterik tərəfi ondan ibarət idi ki, çar Rusiyası tərkibində azərbaycanlılar hərb işinə cəlb edilmirdilər. Bunun əsas səbəblərindən biri də çar Rusiyasının bu rejimin işğalına qarşı qətiyyətli mübarizə aparmış Azərbaycan xalqının övladlarına etibar etməməsi və azərbaycanlılara paylanmış silahların rejimin özünə qarşı çevrilməyəcəyinə əmin olmaması idi. Əhali arasında Rusiya işğalına qarşı barışmaz mövqe kifayət qədər güclü idi. Bununla belə, artıq o dövrdə yetişməkdə olan azərbaycanlı ictimai-maarifpərvər xadimlər Azərbaycan xalqının hərb işindən uzaqlaşmasının xalq üçün təhlükəli tərəflərini də görürdülər. Ona görə də azərbaycanlıların hərb işinə cəlb edilməsi dövrün azərbaycanlı ziyalıları arasında aktual məsələyə çevrilmişdi.

Ona görə savadlı azərbaycanlıların Rusiya ordusu sıralarında zabit kimi xidmət etməsini H.Əliyev yüksək qiymətləndirirdi: "Azərbaycan oğulları rus ordusunun yüksək səviyyəli hərbi məktəblərini bitirib, döyüşlərdə böyük peşəkarlıq, qəhrəmanlıq nümunələri göstərib, general rütbələri alıb, yüksək ordenlərlə təltif ediliblərsə, bunlar Azərbaycan xalqının, oğullarının nəyə qadir olduğunu göstərir. Bunlar tariximizin sovet dövründə unudulmuş səhifələridir, faktlardır. Ancaq biz bu gün tariximizi bərpa edərkən bunların hamısını öyrənməliyik və xalqımız bunu bilməlidir.

Naxçıvan xanları sülaləsindən bir neçə general çox uğurla xidmət ediblər: general Ehsan xan, general Kəlbalı xan, Hüseyn xan, İsmayıl xan, Cəmşid xan Naxçıvanskilər. Bakıxanovlar sülaləsindən bir çox generallar Azərbaycanın tarixində və rus ordusunun tarixində görkəmli yer tutublar. Talışxanovlar sülaləsindən bir çox generallar bizim tariximizin səhifələrində öz yerlərini tutublar. General Fərəc bəy Ağayev, general Ağalarov, general Ərəblinski və başqaları – bunlar hamısı XIX əsrdə və XX əsrin əvvəllərində orduda xidmət etmiş yüksək rütbəli generallar, Azərbaycan oğullarıdır".

Qeyd etmək lazımdır ki, çar ordusunun tərkibində xidmət edən azərbaycanlı zabitlərin çoxu bəy və xan nəslindən idi və bu təbəqə Rusiya monarxiyasına liberal yanaşan təbəqə kimi qəbul edilirdi. Ona görə də onların övladlarının rus ordusunda xidmətinə Rusiya hakimiyyət dairələri tərəfindən ciddi müqavimət göstərilmirdi.

Heydər Əliyevin xatırlatdığı generalların bir neçəsi, o cümlədən general Balakişi Ərəblinski, general Fərəc bəy Ağayev, general Ehsan xan Naxçıvanski, general Kəlbalı xan Naxçıvanski, general İsmayıl xan Naxçıvanski, Bakıxanov sülaləsindən olan generallar hələ XIX əsrin birinci yarısında Rusiya ordusunda xidmətə başlamış və general rütbələrinə layiq görülmüşdülər. Bu generalların adı, şöhrəti hələ xidmət etdikləri illərdə geniş yayılmışdı və onların hərbi şücaəti Azərbaycan xalqının qəhrəmanlıq tarixinin çox məzmunlu və qürurdoğurucu səhifəsini təşkil edir. General Balakişi Ərəblinski, general İsmayıl xan Naxçıvanski kimi generallar hətta rus hərbi qulluqçuları arasında xidmət nümunəsinə çevrilib və özlərindən sonra zəngin bir məktəb qoyub gediblər.

XIX əsrin əvvəllərindən başlayaraq azərbaycanlılar arasında tanınmış general və hərbçilər nəsli formalaşmağa başladı. Heydər Əliyev bu nəsillərdən Naxçıvanskilər, Bakıxanovlar, Talışxanovlar nəslinin adlarını çəkib. Bu nəsillərin sırasına Qacarlar, Yadigarovlar, Şıxlinskilər nəsilini də əlavə etmək mümkündür. Bu nəsillərin də hər birinin həm general övladları, həm də yüksək rütbəli zabitləri olub. General Naxçıvanskilər arasında Heydər Əliyev Hüseyn xan Naxçıvanskinin və Cəmşid xan Naxçıvanskinin də adlarını çəkib. Qeyd ermək lazımdır ki, onların hər ikisinin Azərbaycanın hərb tarixində xüsusi yeri vardır və hər ikisi də xidməti vəzifəyə sədaqət nümunəsidir. Hüseyn xan Naxçıvanski yalnız Rusiya ordusu tərkibində xidmət etmişdisə, Cəmşid xan Naxçıvanskiyə həm Cümhuriyyət ordusunun, həm də Sovet Azərbaycanı ordusunun tərkibində xidmət etmək nəsib olub.

Heydər Əliyevin öz çıxışlarında adlarını təkrar-təkrar çəkdiyi zabit və generallar arasında Səməd bəy Mehmandarovla Əliağa Şıxlinski xüsusi yer tutur. Ölkə prezidenti bu generalları həm I Dünya müharibəsinin, həm də Azərbaycan Xalq Cümhuriyyətinin iştirakçıları kimi xatırlayırdı. Generalların hər ikisi general Hüseyn xan Naxçıvanski kimi azərbaycanlılar arasında nizami hərbin zirvəsi, yeni bir məktəbin yaradıcılarıdır, ən başlıcası isə müstəqil Azərbaycan milli ordusunun təşkilatçılarıdır. Onlar uzun xidmət yolu keçmişdilər. Onlar təkcə xidməti vəzifəsinin icrasına sədaqət nümunəsi deyildilər, onlar həm də yaradıcı hərbçilər idilər, təşəbbüskarlıqları və novatorluqları ilə xidmət yoldaşlarını da öz arxalarınca apara bilirdilər. Harada xidmət etməsindən asılı olmayaraq onların hər ikisi hörmət və ehtiram qazanmışdı.

Heydər Əliyev bu generalların Port-Artur müharibəsinin iştirakçısı olmasını da xatırladırdı: "Rus ordusunda böyük hörmət qazanmış Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski tariximizdə adlarını çəkdiyim generallara nisbətən daha da tanışdırlar. Onlar Rus Yapon müharibəsində iştirak etmişlər, qəhrəmanlıq nümunələri göstərmişlər, sonra isə 1918-ci ildən başlayaraq Azərbaycanda Silahlı Qüvvələrin yaranmasında böyük xidmətləri olmuşdur".

Səməd bəy Mehmadarovla Əliağa Şıxlınskinin daha məşhur olmasını Heydər Əliyev də qeyd edirdi. Onlar bu şöhrəti Port-Artur, xüsusilə də I Dünya müharibəsi cəbhələrində qazanmışdılar. PortArtur cəbhəsində bu zabitlərin hər ikisi tapşırılan vəzifələri prinsipiallıqla icra etməklə bərabər, əzmkarlıq nümunəsi göstərib, güclü düşmən qüvvələri qarşısında rus komandanlığının süstlüyünə və acizliyinə qarşı barışmazlıq nümayiş etdiriblər. Səməd bəy Mehmandarov Port-Artur cəbhəsində ikən general-mayor rütbəsinə layiq görüldü. Rus ordusunun Port-Arturda məğlub olmasına baxmayaraq, Səməd bəyin general rütbəsinə layiq görülməsi onun hərbçi potensialından xəbər verirdi.

Bu generalların daha böyük uğurları Azərbaycan Xalq Cümhuriyyətinin müstəqil milli ordusunun formalaşdırılması sahəsindəki xidmətləri ilə bağladır.

Həyatının sonuncu ilində, 2003-cü ildə Silahlı Qüvvələr günü münasibətilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin şəxsi heyətinə göndərdiyi təbrikində Heydər Əliyev Cümhuriyyət dövründə aparılan ordu quruculuğunu belə qiymətləndirirdi: "Azərbaycanda ordu quruculuğu prosesi çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçmişdir. Xalq Cümhuriyyətinin mövcud olduğu 1918– 1920-ci illərdə Səməd bəy Mehmandarov, Əliağa Şıxlınski və digər peşəkar hərbçilərin rəhbərliyi altında yüksək intizama və hərbi hazırlığa malik, döyüş qabiliyyətli milli ordu hissələri formalaşdırılmışdı. Azərbaycanın yeni yaradılmış ordusu Ermənistanın təcavüzünün qarşısının alınması, Qarabağda və digər ərazilərdə separatçı hərəkatların yatırılması və ölkə sərhədlərinin qorunmasında mühüm rol oynamış, öz hərbi qabiliyyətini nümayiş etdirə bilmişdi".

Hər iki fikirdə Cümhuriyyətin ordu quruculuğu Heydər Əliyev tərəfindən çox yüksək qiymətləndirilib. Azərbaycan xalqının Ümummilli lideri Cümhuriyyətin bu tarixini böyük ehtiramla xatırlayırdı. Xüsusi olaraq vurğulayırdı ki, çətin şəraitdə olmasına baxmayaraq, Cümhuriyyət ordusunun rəhbərləri yüksək intizama və hazırlığa malik, döyüş qabiliyyətli milli ordu hissələri formalaşdırdılar. Bu qüvvələr isə uğurlu işlər gördülər və Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatlara qarşı mübarizə apardılar. Heydər Əliyev tərəfindən söylənən bu fikirlər Cümhuriyyət ordusunun formalaşma və fəaliyyət tarixinə qısa bir baxışdır. Onun bu müxtəsər fikirlərinin arxasında son dərəcə dəyərli bir tarix dayanır. Bu tarix Azərbaycanın müstəqil ordu quruculuğu tarixidir.

Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycan iki il ərzində formal müstəqilliyə malik oldu. Azərbaycanı işğal edən bolşevik qüvvələri işğal etdikləri xalqlara azadlıq gətirmələri görüntüsü yaratmaq məqsədilə Azərbaycanın yerli hakimiyyət strukturlarını yaratdı və onlara müəyyən səlahiyyətlər verdi. 1920–1922-ci illərdə Azərbaycanda Hərbiyyə və Bəhriyyə Komissarlığı da mövcud oldu. Cümhuriyyət dövründən qalmış olan hərbi hissələr, o cümlədən də yeni yaradılan hərbi hissələr bu Komissarlığa tabe idi. Komissarlığın rəhbəri də milli kadr idi. Əvvəlcə Çingiz İldrım, sonra Əliheydər Qarayev Azərbaycanın Hərbiyyə və Bəhriyyə komissarı təyin edildilər. Bir daha qeyd edilməlidir ki, Azərbaycanda təşkil edilmiş milli hökumət qurumları mərkəzin əlavəsindən başqa bir şey deyildi və bu qurumların mərkəzin siyasətindən kənara çıxmaq gücləri və səlahiyyətləri yox idi. Bununla belə, Heydər Əliyev Azərbaycanın formal müstəqilliyinin mövcud olduğu illərdə də hərbi sahədə görülən işlərə biganə yanaşmağın tərəfdarı deyildi.

Bu dövr istər Azərbaycan tarixi, istərsə də Azərbaycanın hərb tarixi üçün kifayət qədər maraqlı və ziddiyyətli bir dövrdür. Çünki siyasi mahiyyətinə, ideoloji ziddiyyətlərinə, mərkəzin diktatçılıq üsul-idarəsinə baxmayaraq, bolşevizm ideologiyasına aldanmış müəyyən milli qüvvələr Azərbaycanın hüquqlarının qorunub saxlanması üçün müəyyən cəhdlər göstərməyə çalışırdılar. Bu, ordu quruculuğunda da belə idi. Erməni daşnaklığı ilə çulğalaşmış olan bolşevizmin işğalçı mahiyyətinə baxmayaraq, sovetləşdirilməkdə olan Azərbaycan ordusunda da bir sıra milli keyfiyyətlərin qorunmasına cəhd göstərilirdi. Baxmayaraq ki, bolşevik işğalının elə ilk günlərindən Cümhuriyyət ordusunun hərbi qüvvələri, bu qüvvələrin zabit və əsgərləri kütləvi qırmızı terrora məruz qaldılar. Hətta Əliheydər Qarayevin rəhbərliyi altında Qarabağda Azərbaycanın sovetləşmiş hərbi hissələri erməni-daşnak qüvvələrinə qarşı çox ağır döyüşlər apardılar. Nəriman Nərimanov və bolşevizmə tapınmış olan bir sıra şəxslər, o cümlədən də elə sonradan Azərbaycanın Hərbiyyə və Bəhriyyə komissarı təyin edilmiş Əliheydər Qarayev yeni şəraitdə bolşevizmin Azərbaycana qarşı siyasətində milli maraqların qorunmadığının şahidi oldular. Erməni-daşnak qüvvələri Azərbaycanın sovetləşməsindən əvvəl Azərbaycana qarşı hansı münasibətdə idilərsə, Azərbaycanın sovetləşməsindən sonra da həmin münasibətdə qaldılar. Hətta müəyyən hallarda bolşevizmə arxalanmaqla Azərbaycana qarşı daha ifrat mövqe tutdular. Bu qüvvələrin Qarabağın dağlıq hissəsindəki yeni təcavüzünə qarşı da bolşevizm rəhbərliyi tərəfindən aydın və kəskin münasibət bildirilmədi. Onda Cümhuriyyət dövründən qalmış hərbi qüvvələrin köməyi ilə Qarabağın erməni qüvvələrindən qorunması planı ortaya qoyuldu və bu plan həyata keçirildi.

Sovetləşmənin ilk dövrünün parlaq hərbi nümayəndələrindən biri olan Cəmşid Naxçıvanskinin bir hərbçi kimi fəaliyyəti və onun Azərbaycanda hərbi ənənələri davam etdirmək sahəsindəki xidmətləri də Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilirdi.

Cəmşid Naxçıvanskinin adı hazırda sovet Azərbaycanının ilk dövrünün hərb işinin simvoluna çevrilib. Azərbaycanın XX əsrin 20–30-cu illərinin hərb tarixindən danışarkən göz önünə gələn ilk hərbçilərdən biri də məhz Cəmşid xan Naxçıvanskidir. Heydər Əliyev də Cəmşid Naxçıvanskinin hərbi keyfiyyətlərini layiqincə qiymətləndirirdi. 1972-ci ildə Heydər Əliyevin xüsusi səyləri ilə Bakıda əsası qoyulan hərbi-internat məktəbə də onun təşəbbüsü ilə Cəmşid Naxçıvanskinin adı verildi.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra müstəqil Azərbaycan ordusunun məhvi xətti götürüldü və çox tezliklə də buna nail olundu. Yeni tarixi şərait Azərbaycanlılar arasında hərb işi üçün tamamilə yeni vəziyyət yaratdı. Heydər Əliyev bu dövrün hərbi irsinin də doğru-düzgün öyrənilməsinin vacibliyini qeyd edirdi.

Heydər Əliyev Azərbaycan övladlarının İkinci Dünya müharibəsindəki iştirakına xüsusi yer ayırırdı. Onun çıxışlarında həm azərbaycanlıların bu müharibədə iştirakı, onların göstərdikləri qəhrəmanlığın, arxa cəbhədə qələbənin əldə edilməsinə Azərbaycan xalqının verdiyi töhfələrin, həm də İkinci Dünya müharibəsinə olan mövcud münasibətlərin geniş təhlili aparılıb. Bu müharibə azərbaycanlılar arasında hərb işinin yeni və zəngin bir səhifəsidir və Heydər Əliyev bu səhifənin obyektiv, mili dəyərlər baxımından qiymətləndirilməsinə təkid edirdi.

İlk növbədə, Heydər Əliyev İkinci Dünya müharibəsinə münasibətdə təftişçi baxışlara yol verilməsini qətiyyətlə rədd edir, tarixi hadisələrə, tarixi proseslərə dəyişən siyasi baxışlara siyasi konyukturaya görə deyil, dövrün obyektiv reallıqlarına uyğun olaraq qiymət verilməsini istəyirdi. Heydər Əliyevə görə, yeni tarixi şəraitdə İkinci Dünya müharibəsinə münasibətdə yeni yanaşmaların ortaya çıxması həmin dövr Azərbaycan tarixinin birtərəfli qiymətləndirilməsi, Azərbaycan xalqının bu müharibənin aparılması ilə bağlı ortaya qoyduğu xidmətlərin üzərindən xətt çəkilməsi olardı. Heydər Əliyev bu müharibənin qələbə ilə başa çatdırılması üçün Azərbaycan xalqının xidmətlərinin yüksək qiymətləndirirdi və bu məsələyə obyektiv yanaşılmasının tərəfdarı idi.

Müharibənin qələbə ilə başa çatdırılmasında Heydər Əliyev hər bir azərbaycanlı döyüşçünün böyük şücaət göstərdiyini və onların qəhrəmanlıqları ilə Azərbaycan tarixinə dəyərli bir səhifə yazıldığını bildirirdi. Bu tarixi xidmətləri Heydər Əliyevin bütövlükdə faşizmin qarşısının alınmasında Azərbaycan xalqının ortaya qoyduğu xidmətlər kimi xatırlayırdı. H.Əliyev Azərbaycan xalqının bu tarixi xidmətlərinə, hərb meydanında göstərdiyi qəhrəmanlıqlara görə qürur keçirdiyini bəyan edirdi. Eyni zamanda, Heydər Əliyev xalqın bu fədaklarlığının nəsillərə nümunə olduğunu və nəsillər tərəfindən öyrənilməli olduğunu qeyd edirdi.

Azərbaycan oğullarının İkinci Dünya müharibəsi illərində göstərdiyi igidliklərin, qəhrəmanlıqların üzə çıxarılmasında, əbədiləşdirilməsində və gələcək nəsillərə çatdırılmasında Heydər Əliyev özü də çox fədakarlıq göstərirdi. O çalışırdı ki, bu qəhrəmanlıq tarixi gənclərə çatdırılsın, İkinci Dünya müharibəsi illərində ata-babaların miras qoyduğu qəhrəmanlıq ənənələri davam etdirildiyi kimi, İkinci Dünya müharibəsində yaradılan yeni qəhrəmanlıq tarixi də gələcək nəsillər tərəfindən davam etdirilsin. Heydər Əliyevin sonralar Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Mehdi Hüseynzadənin igidliklərinin üzə çıxarılmasında və onun qəhrəmanlığının layiqli qiymətini tapmasında əvəzsiz xidməti olmuşdu. Onun xatirəsinə Bakıda abidə ucaldılması və bununla onun qəhrəmanlığının əbədiləşdirilməsi də Heydər Əliyevin şəxsi təşəbbüsünün və təşkilatçılığının nəticəsi idi.

Heydər Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun qəhrəmanlığına da Azərbaycan xalqına başucalığı gətirəcək bir dəyər kimi baxırdı, onun igidlikləri ilə qürur yaşadığını və bu qəhrəmanlığın əbədiləşdirilərək gələcək nəsillərə çatdırılmasının zəruriliyini bildirirdi. Ümummilli lider şübhə etmirdi ki, Həzi Aslanov kimi qəhrəmanlar Azərbaycanın yeni nəsil hərbçilərinin, generallarının yetişməsində bir örnək ola bilər.

İkinci Dünya müharibəsinin başa çatmasından sonra Azərbaycan milli diviziyalarının ləğv edilməsini Heydər Əliyev təəssüflə xatırlayırdı. Bu, bir tərəfdən azərbaycanlı zabit kadrlarının dağılmasına və azalmasına gətirdi, digər tərəfdən isə hərbi hissələrdə milli hərbi ruhun inkişafına son qoydu. Bunun nəticəsi idi ki, XX əsrin 60-cı illərində Sovet Silahlı Qüvvələrində yüksək rütbəli azərbaycanlı zabit kadrları artıq qalmamışdı. Belə bir vəziyyətin yaradılmasını Heydər Əliyev Sovet imperiyasının məqsədyönlü siyasəti kimi qiymətləndirirdi: "Bu, o vaxtkı sovet imperiyasının siyasəti idi. Mən bu siyasəti görürdüm".

Heydər Əliyev bildirirdi ki, Azərbaycan milli diviziyaları dağıdılmasaydı, həmin diviziyaların tərkibində yeni zabit kadrları, o cümlədən də yüksək rütbəli zabit kadrları yetişə bilərdi. Mərkəz isə ordu daxilində milli kadrların çoxalmasına heç də rəğbətlə yanaşmırdı. Ona görə də tezliklə mövcud olan milli diviziyalar yenidən ləğv edildi. Nəticədə, XX əsrin 60–70-ci illərində azərbaycanlılar arasında hərbi ənənələrin zəifləməsi, hərbi işə bağlılığın zəiflədilməsi halları xarakterik oldu. Heydər Əliyev azərbaycanlılar arasında hərbi işin yadırğadılmasına yönəldilmiş belə bir siyasəti qəbuledilməz sayırdı.

1969-cu ildə respublika rəhbəri seçiləndən sonra Heydər Əliyev Azərbaycanda hərbi ənənələrin bərpası, hərbçi peşəsinə münasibətin dəyişdirilməsi üçün yeni bir dövr başladı. Onun rəhbərliyi altında azərbaycanlılar arasında hərbi işin vəziyyəti ciddi şəkildə araşdırıldı, Bakıda yerləşən ali hərbi məktəblərə azərbaycanlı gənclərin cəlb edilməsi, Azərbaycandan hərbi xidmətə cəlb edilən çağırışçı kontingentinin ciddi hərbi ixtisaslı hərbi hissələrdə xidmətə göndərilməsi, azərbaycanlı məktəblilərin ali hərbi məktəblərə hazırlaşdırılması üçün konkret və əməli tədbirlər həyata keçirildi.

Müstəqilliyin bərpasından sonra Azərbaycanın hərb tarixinin Heydər Əliyev mərhələsi başlayır. Bu mərhələdə Azərbaycanda yeni və müasir ordunun əsası qoyuldu, hərbi quruculuğa yeni bir məzmun verildi, hərb tarixinin yeni və hər zaman öyrənilməyə layiq olan səhifəsi yazıldı.

Nəticə

Ümumiyyətlə, Heydər Əliyev Azərbaycan xalqının hərb tarixinin öyrənilməsinə və təbliğinə xüsusi əhəmiyyət verirdi. Onun mövqeyinə görə:

1) Azərbaycanın hərb tarixi Azərbaycanın qəhrəmanlıq tarixi, qürur mənbəyi, Azərbaycan xalqının başucalığı, onun keçmişinin ayrılmaz parçası idi;

2) Heydər Əliyev irsində Azərbaycanın hərb tarixi, eyni zamanda cəmiyyətin mənəvi-vətənpərvərlik tərbiyəsinin ən təsirli örnəyi kimi qiymətləndirilirdi;

3) Heydər Əliyev üçün Azərbaycanın hərb tarixi həm də hərb işinin öyrənilməsinin heç vaxt dəyərini itirməyəcək bir mənbəyi idi və ona görə də təkid edirdi ki, Azərbaycanın bütün tarixi kimi onun hərb tarixi də dürüst öyrənilməlidir.

Mehman Süleymanov, Silahlı Qüvvələrinin Hərbi Akademiyası
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Heydər-Əliyev   Hərb-tarixi  


Bizi "telegram"da izləyin