Ordu.az xəbər verir ki, bunu erməni politoloq Andrias Qukasyan deyib.
Onun sözlərinə görə, Ermənistanın hazırkı rəhbərliyi yaranmış vəziyyətin nizamlanmasına hər hansı formada təsir göstərməkdə acizdir.
“Rusiyaya edilən bütün ictimai və qeyri-ictimai müraciətlərin heç bir nəticə vermədiyini görürük. Aydındır ki, Rusiyanın bu vəziyyətlə bağlı siyasi maraqları var, ona görə də rus əsgərlər Laçın yolunda aksiyanın keçirilməsinə icazə veriblər”, - deyə Qukasyan qeyd edib.
Qukasyan düşünmür ki, Ermənistanın indiki hakimiyyətinin Avropa paytaxtları ilə hansısa ciddi siyasət hazırlayıb həyata keçirmək imkanı var.
“Çünki Ermənistanın bu gün tutduğu mövqeyi saxlamaq mümkün deyil. Bu gün Ermənistan işğalçı Rusiyanın müttəfiqidir, Rusiya rəhbərliyi Ermənistan rəhbərliyi ilə müvafiq memorandumlar imzalayıb və bu memorandumlarda Ermənistan mahiyyətcə NATO-nun genişlənməsini və Avropanın təhlükəsizlik sahəsində siyasətini pisləyir. Bu razılaşmalara görə, Ermənistan Ukraynadakı müharibənin məsuliyyətini NATO-nun üzərinə qoyur. Bu cür siyasi addımlar nəticəsiz qala bilməz. Ermənistanın bugünkü siyasi rəhbərliyinə heç kimin ciddi siyasət gözləmədiyi Kremlin marioneti kimi baxılır”, - deyə o bildirib.
Qukasyanın sözlərinə görə, Ermənistan ötən il Fransa və ABŞ-dan strateji əlaqələr qurmaq təklifi alıb, lakin onların hamısı Ermənistan rəhbərliyi tərəfindən rədd edilib.
“Bəzi gözləntilərin ola biləcəyini güman etmək ağlabatan deyil. Mənim belə gözləntim yoxdur, güman edirəm ki, Avropa paytaxtlarının və ABŞ-ın da gözləntiləri yoxdur”, - deyə o yekunlaşdırıb.
Alpər Mövludoğlu
Ordu.az