Ordu.az xəbər verir ki, bu barədə REX xəbər agentliyi yazıb.
Nəşr qeyd edir ki, Rusiyanın BMT Təhlükəsizlik Şurasındakı nümayəndəsi Polyanskinin Fransanın yolun açılmasına dair qətnaməsini dəstəkləməkdən imtina etməsi və bütün bunları demaqoq bəyanatlarla ört-basdır etməsi barədə məlumatlar yayılıb.
“Yəqin ki, oxucular təəccüblənirlər ki, mən niyə Rusiya üçün Ukraynada ölümcül hərbi əməliyyatlar fonunda yenidən Laçın dəhlizi mövzusuna qayıdıram, Qarabağdan Ermənistana gedən dəhliz Qafqaz dağ silsiləsindən çox uzaqdadır, orada ruslar yaşamır. Bizdən soruşurlar ki, orada nə baş verir. Məsələ burasındadır ki, Rusiya Xarici İşlər Nazirliyinin çox “peşəkar” hərəkətləri ucbatından Rusiya növbəti müharibəyə qarışa bilər.
Amma gəlin Polyanskinin açıqlamasına qayıdaq. Xüsusilə, o qeyd edib ki, Rusiya qətnaməni dəstəkləməyib, çünki Fransa “Rusiyanın təkliflərinin böyük əksəriyyətinə məhəl qoymayıb”. Lakin Polyanski həmin dəyişikliklərin nədən ibarət olduğunu açıqlamayıb, ona görə də şübhə var ki, Rusiya tərəfi Laçın dəhlizində vəziyyətin gərginləşməsinə kimin cavabdeh olduğuna qərar vermək istəməyib.
Sonra Polyanski sülh və xalqlar arasında dostluq haqqında uzun-uzadı mühakimə yürütməyə başlayıb: “Mən şəxsən çox inanmaq istəyirəm ki, erməni dostlarımız SSRİ-də bir yerdə yaşayan qardaş xalqları toqquşdurmaq üçün istənilən fürsətdən istifadə etməkdən çəkinməyənlərin xeyrinə çirkin geosiyasi oyunlara cəlb olunmağa imkan verməyəcəklər”.
Rusiya Xarici İşlər Nazirliyi öz siyasətində Rusiyanın milli maraqlarını deyil, bəzi subyektiv üstünlükləri rəhbər tutur. Belə olan halda Rusiya Xarici İşlər Nazirliyindəki azərbaycanpərəst lobbi qruplarının hərəkətlərini qətiyyən istisna etmirəm. Xatırlatmaq istərdim ki, 1992-ci ildən MDBMİ-nin XİN kadrlarının əsas dayağına Azərbaycan prezidenti İlham Əliyevin yaxın dostu Torkunov rəhbərlik edir. Müvafiq olaraq, MDBMİ-də azərbaycanyönümlü ab-hava qorunur. Torkunovun rektorluq etdiyi 30 il ərzində Rusiya Xarici İşlər Nazirliyinə nə qədər azərbaycanpərəst kadrların gəldiyini təsəvvür etmək olar! Bundan başqa, Moskvadakı Azərbaycan diasporunun Rusiyanın xarici və daxili siyasətinə təsir etmək üçün başqa alətləri də var.
Ona görə də Rusiyanın BMT Təhlükəsizlik Şurasındakı nümayəndəsinin yaranmış vəziyyətdən sui-istifadə edib həmin beynəlxalq təşkilat vasitəsilə Bakıya təzyiq göstərmək əvəzinə birdən-birə azərbaycanpərəst mövqe tutması təəccüblü deyil. Üstəlik, XİN rəsmilərinin guya orada vəziyyəti nizamlamaq üçün nəsə etdikləri ilə bağlı çoxsaylı açıqlamalar verməsi də çox güman ki, növbəti boş bəyanatdır. Rusiya ekspert birliyində kifayət qədər səriştəli mütəxəssislər var ki, onlar effektiv qiymət verə bilirlər. Rusiya Xarici İşlər Nazirliyi üzərində ciddi ictimai nəzarət yaradılmalıdır, əks halda onlar öz “peşəkar” hərəkətləri ilə bizi növbəti müharibəyə sürükləyəcəklər”, - deyə məqalənin müəllifi Mixail Aleksandrov yazır.
Sevinc Əliyeva
Ordu.az