Ermənistanın dezinformasiya kampaniyasında medianın yeri və rolu – Vətən Müharibəsinin nümunəsində

2023/09/1694430081.jpg
Oxunub: 520     17:28     12 Sentyabr 2023    
Kütləvi informasiya vasitələrindən tarixən müharibə əməliyyatlarının hazırlanması və aparılması prosesində istifadə edilib. XVIII əsrdə inkişaf etməyə başlayan, Avropa ölkələrində kütləyə təsir göstərən mətbuat, o dövrdə dövlətin informasiya siyasətinin əhəmiyyətli bir komponenti idi. XIX əsrin 80-ci illərində çoxlu oxucu kütləsinə çatan irihəcmli dövri nəşrlər var idi. XIX əsrdə sürətlə inkişaf edən Avropa cəmiyyətlərində savadsızlığın azalması, mətbuat və kitabları ictimai əhval-ruhiyyəyə təsir edən əhəmiyyətli bir vasitəyə çevirdi. Bununla da medianın informasiya müharibəsində bir vasitə kimi istifadəsinə münbit şərait yarandı. Bu istiqamətdə bir çox tədqiqatçılar araşdırma aparıb və kifayət qədər tutarlı işlər təqdim ediblər. A.P.Kiriçok texnologiyanın inkişafı fonunda informasiya müharibəsi konsepsiyasının tarixi inkişafı və transformasiyasını təhlil edib. Y.Qolovçenko, M.Hartman, R.Adler-Nissen Ukraynanın nümunəsində münaqişə zamanı rəqəmsal informasiyanın yayılmasında vətəndaşların rolunu işıqlandırıb. A.Puddefat müasir münaqişələrdə medianın rolunu (kəskinləşdirici və yüngülləşdirici) tədqiq edib. Müəllif müxtəlif aktorların rolunu nəzərdən keçirib və hər bir aktorun nəzərə almalı olduğu məqamlar üzrə ümumiləşdirilmiş tövsiyələr irəli sürüb. Ədəbiyyat təhlili göstərir ki, Cənubi Qafqazda cərəyan edən hadisələrdə, xüsusən də İkinci Qarabağ müharibəsində Ermənistanın həyata keçirdiyi dezinformasiya siyasəti ilə bağlı heç bir tutarlı tədqiqat işi aparılmayıb. Bu baxımdan məqalədə məqsəd İkinci Qarabağ müharibəsinin nümunəsində Ermənistanın həyata keçirdiyi dezinformasiya siyasətində medianın rolunu əsaslandırmaqdır. Məqalədə müqayisəli təhlil və sintez metodlarından istifadə edilib.

Medianın informasiya müharibəsində yeri

Əsrlər əvvəl Napoleon Bonapart tərəfindən irəli sürülmüş məşhur “Dörd düşmən qəzeti min süngüdən daha qorxuludur” ifadəsi müasir dövr qarşıdurmaları üçün də aktualdır. Yeni media siyasi və hərbi güc üçün tutarlı vasitələr təqdim etməklə yanaşı, keçmiş metodlardan da istifadə edir. Rusiyanın Ukraynaya qarşı mediadan istifadə strategiyası, böyük bir qüvvəyə ehtiyac duymadan onun əməliyyat məqsədlərinə çatmasını təmin etdi. Digər tərəfdən İkinci Livan Müharibəsi, Hizbullahın texnoloji cəhətdən müasir silahlara və ünsiyyət bacarıqlarına malik inkişaf etmiş hibrid gücə çevrildiyini sübut etdi. Dezinformasiyaya, ictimai rəyin manipulyasiyasına, trol şərhlərinə və psixoloji müharibədə yalan məlumatların istifadəsinə həsr olunmuş ofislər mövcuddur. Məsələn, istənilən regionda qarşıdurmaya səbəb olan ziddiyyətli məlumatları kütləvi şəkildə yaymaqla diqqəti yayındırmaq olar. Bu, “parçala və idarə et” yanaşmasının müasir versiyasıdır. Hibrid müharibə taktikalarını tətbiq edən istənilən ölkə, bu cür mesajları qəbul etməyə meyilli olan müəyyən bir kütləyə malik ölkələrdə və ya ərazilərdə informasiya kampaniyalarından (“saxta xəbərlər” də daxil olmaqla) ən təsirli şəkildə istifadə edə bilər. Məsələn, 2016-cı ilin dekabrında RT Deutsch “ABŞ-ın Almaniyada 2000 tank yerləşdirəcəyi” xəbərini yaymışdı. Əslində Polşa və Baltikyanı ölkələrdə yerləşdirmək üçün ABŞ-ın Almaniyadan yalnız 87 tankı keçmişdi. RT Deutsch daha sonra Almaniya Maliyyə Naziri Wolfgang Schauble tərəfindən iddia edildiyi kimi saxta xəbər yaymaqda günahlandırıldı. Bu hekayələr populyar, yerli media orqanları tərəfindən paylaşıldığı zaman çox effektiv olur. Məsələn, Moldovada rus kanalları və rusdilli media orqanları yerli mediadan çoxdur. 2019-cu ilin yanvar ayına keçirilmiş ictimai sorğuya əsasən ölkənin əsas məlumat mənbəyi yenə də Prime (Rusiyanın əsas televiziya kanalı olan ORT-ni yenidən yayımlayan bir kanal) və Moldova RTR (Rusiya RTR-ini yenidən yayımlayan bir kanal) kanalları olub.

Media cəmiyyətin əsas sütunlarından biri hesab olunur. Hər hansı bir cəmiyyətdə birləşmək, milli həmrəylik və harmoniya yaratmaq çox aktual məsələdir. Ancaq kommersiyalaşdırma və özəlləşdirmə medianı bir biznesə çevirmişdir. Texnologiyanın sürətli inkişafı media mühitinin mənzərəsini dramatik şəkildə dəyişərək milli tənzimlənmiş media mühitindən daha beynəlxalq (və ya bölgələrarası) yönümlü mediaya, ictimai yönümlü mediadan özəl mediaya, təchizat yönümlü mediadan tələbə əsaslanan mediaya, kütləvi informasiya texnologiyalarından şəxslərarası media texnologiyalarına çevirmişdir. Ənənəvi media orqanlarının hadisə ilə bağlı məlumat verib-verməməsindən asılı olamayaraq, informasiya texnologiyaları imkan verir ki, istənilən şəxs məlumat toplasın, real vaxtda şəkil və video çəksin, redaktə etsin və paylaşsın. Bu da hər bir şəxsə informasiya aktoru olmaq və dünyanın hər yerində məhdudiyyətsiz sayda və ya miqyasda auditoriyaya ismarıc ötürmək imkanı verir.

Dünya əhalisinin, demək olar ki, yarısının internetə (dünyanın ən kasıb regionlarında belə) çıxışı var və bütün insanların ⅓ hissəsi sosial mediadan istifadə edir və bu insanlar üçün informasiya iyerarxiyası yoxdur. İnternet məlumat əldəetmə, məlumatın müdafiəsi və pozulması imkanlarını genişləndirir və həm müəyyən bir ölkənin vətəndaşlarına, həm də beynəlxalq birliyə çatmanı asanlaşdırır. Ünsiyyət sürəti və geniş əhatə dairəsi sayəsində sosial media dezinformasiya kampaniyalarının həyata keçirilməsində həlledici rol oynayır. Sosial şəbəkə saytları, həm də informasiya fəaliyyətinin yönləndirdiyi hədəf qruplar üçün əsas məlumat mənbəyidir. Onu da qeyd etmək lazımdır ki, hərtərəfli təhlil və hesabatlar sosial mediada hər hansı uydurma təbliğatın məzmunu ilə eyni dəyərə malikdir. Məlumat (hətta saxta) sosial platformalarda sürətlə yayılmağa meyillidir və beynimiz informasiya ilə o qədər yüklənir ki, nəyin doğru, nəyin yalan olduğunu müəyyənləşdirmək olmur. Sosial media bir zamanlar insanları ayıran norma və maneələri yox etmişdir: istənilən vaxt adi vətəndaşlar məşhurlarla, siyasətçilərlə və hətta terrorçularla ünsiyyət qura bilərlər.

Cənubi Qafqaz regionuna gəldikdə, etiraf etmək lazımdır ki, medianın əhaliyə güclü təsiri var. Məsələn, erməni alimi Arman Qriqoryanın qeyd edir ki, erməni mətbuatı indiki vəziyyətə səbəb olan milliyyətçi mifologiyanı (Azərbaycanın darmadağın etdiyi) təşviq etməkdən məsuldur. Ermənistan prezidenti Levon Ter-Petrosyanın keçmiş müşaviri Gerard Libaridyan bildirir: “Ermənilər reallıqdan uzaq bir xəyal dünyası yaradıblar. Ermənilərin əksəriyyətinə elə gəlirdi ki, müharibə əyləncəlidir. Bu mif, 1992–94-cü illər Birinci Qarabağ müharibəsinin nəticələri əsasında formalaşıb. Bu mifin yaradılmasında Ermənistanda və dünyada (ermənilər tərəfindən dəstəklənən) kütləvi informasiya vasitələrinin həlledici rola malik olması danılmaz faktdır.

Sosial medianın ortaya çıxması rəqib dövlətlərin əsas mediaya və geniş ictimaiyyətə çıxışı üçün yeni bir yol açdı. Jurnalist David Patrikarakosun dediyi kimi, sosial media əslində XXI əsrin döyüş meydanıdır. Təbliğatın sürətlə və görünməmiş miqyasda aparılmasına imkan yaradır.

Sara Oatesin fikrincə, siyasi institutların nüfuzuna xələl gətirmək məqsədilə media sistemindən, xüsusən də sosial mediadan istifadə istənilən cəmiyyətə qarşı bir təcavüzdür. Xüsusi olaraq vurğulanmalıdır ki, kifayət qədər imkanlara malik olmayan Ermənistan belə bir siyasətin arxasında yeganə fiqur ola bilməz. Ermənistanın dezinformasiya siyasəti Azərbaycana qarşı hibrid müharibənin tərkib hissəsidir. Xarici aktorlar məqsədlərinə çatmaq üçün Ermənistanı mütəmadi olaraq manipulyasiya ediblər. Azərbaycanda fəaliyyət göstərən, xarici aktorlara bağlı olan müxtəlif media orqanları var. Onlar “mətbuat azadlığı” adı altında fəaliyyət göstərirlər, lakin müstəqil və ya hər hansı xarici dövlətə bağlı xarici KİV-lər tərəfindən istifadə olunurlar. Kütləvi informasiya vasitələri müəyyən məqsədlərə çatmaq məqsədilə xarici qüvvələrin hədəf auditoriyasının fikrinə təsir göstərmək üçün istifadə etdiyi əsas vasitələrdən biridir. Məsələn, 2020-ci ilin avqustunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qəbələdə dövlət məmurlarına şəhid general-mayor Polad Həşimovun adının küçələrdən birinə verilməsini tapşırmışdı. Bir neçə gün sonra Azərbaycanın bəzi media agentlikləri Qəbələdə başqa bir general, keçmiş Sovet İttifaqının azərbaycanlı qəhrəmanı Həzi Aslanovun adını daşıyan küçənin general Polad Həşimovun adı ilə dəyişdirildiyi barədə saxta məlumat paylaşdılar. Bu sadə bir xəbər deyildi. Qeyd etmək lazımdır ki, Həzi Aslanov sovet dövründə, Polad Həşimov isə müstəqillik dövründə döyüş meydanında şəhid olmuş Azərbaycan generallarıdır. Hər ikisi xalq qəhrəmanıdır. Sual budur: General Həzi Aslanov niyə bu saxta xəbərin mövzusu olaraq seçilmişdi? Çünki General Həzi Aslanov Azərbaycanın etnik azlığı olan talışların yaşadığı Lənkəran rayonundandır. Xəbər yayımlandıqdan dərhal sonra bəzi təxribatçılar bundan faydalanaraq xalqı hökumət rəsmilərinə qarşı təşviq etməyə başladılar. Bu sübut edir ki, xarici aktorlar hökumətə qarşı ictimai reaksiya yaratmağa və bu faktı dövlətə təzyiq göstərmək üçün bir vasitə kimi istifadə etməyə can atırdılar.

Ermənistanın dezinformasiya kampaniyası. Retrospektiv təhlil

1999-cu ildə Kosovoda baş verən ilk “İnternet müharibələri”ndən, Hizbullahla İsrail arasındakı qarşıdurmadan, Şimali Afrika və Yaxın Şərqdəki “Ərəb Baharı”ndan Suriya və Ukraynadakı münaqişələrə qədər və nəhayət İkinci Qarabağ müharibəsində ictimai rəyi formalaşdırmaq, tərəfdarları səfərbər etmək, hərbi fəaliyyətləri koordinasiya etmək və məlumat toplamaq üçün medianın necə istifadə edildiyinin şahidi olmuşuq. Media həm dövlət, həm də qeyri-dövlət aktorları üçün daha çox “silah” halına gəlib. Media istənilən mövzunu sürətlə yaymaq gücünə malikdir və qısa müddətdə müəyyən siyasi və ya hərbi məqsədlərə çatmaq üçün ictimaiyyətin fikir və davranışlarına təsir etmək və ya onları dəyişdirmək üçün təsirli vasitə kimi istifadə olunur. Beləliklə, dövlət və qeyri-dövlət aktorları hədəf kütlənin düşüncə və inanclarına təsir göstərmək, öz ideologiyalarını təbliğ etmək üçün mediadan geniş istifadə edirlər. Media, konfliktlərdə xüsusi hərbi məqsədlərə çatmaq üçün ən təsirli təbliğat vasitəsinə çevrilib. Keçmiş “Dağlıq Qarabağ münaqişəsi” də bu baxımdan istisna deyil. Sara Oates, medianın informasiya savaşında çox əhəmiyyətli bir rol oynadığını və müasir müharibədə həm hücumun, həm də müdafiənin kritik bir parçası olduğunu qeyd edir.

İkinci Qarabağ müharibəsində Ermənistanın Azərbaycana qarşı dezinformasiya kampaniyasından istifadə etməsi hamıya məlumdur. Görünür Ermənistanın siyasi rəhbərliyi hərbi qüvvələrin, imkan və qabiliyyətlərin balanslaşdırılması, eləcə də müdafiənin təşkili ilə bağlı ciddi səhvə yol verib. Bu səbəbdən, heç olmasa yenidən toparlanmaq üçün saxta informasiya yayaraq boşluqları doldurmaq məcburiyyətində qalmışdı. Ermənistan 44 günlük İkinci Qarabağ müharibəsi zamanı geniş dezinformasiya kampaniyası aparmışdı və Azərbaycan xalqında şübhə yaratmaq, rəhbərliyin etibarına zərbə vurmaq və müxalif qrupları təşviq etmək üçün hər cür saxta məlumatı yaymağa cəhd etmişdi. Etiraf etmək lazımdır ki, Ermənistan bu müharibədə müvəffəqiyyətli olsaydı, onların “saxta xəbərlərinin” böyük əksəriyyəti açılmayacaqdı. Xoşbəxtlikdən Azərbaycan həm danışıqlar masasında, həm də döyüş meydanında Ermənistanı məğlub edə bildi. Diplomatiya və informasiya müharibəsindəki üstünlük, şübhəsiz ki, Azərbaycan Ordusunun qələbəsinə dəstək verdi. Bəzi nümunələr üzərində dayanmaq faydalı olardı. Müharibə başladıqdan dərhal sonra müxtəlif media platformalarının erməni istifadəçiləri Silahlı Qüvvələrin keçmiş Baş Qərargah rəisinin 2016-cı ilin aprelində Azərbaycanın döyüş itkisindən bəhs etdiyi “məktubunun” fotosunu yaymağa başladılar (Şəkil 1). Bu, 2017-ci ilin avqust ayında voskanapat.info saytında ilk dəfə təqdim olunan saxta xəbər idi.


Şəkil 1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisinin feyk məruzəsi

Sual ola bilər ki, Ermənistan tərəfi niyə köhnəlmiş “məlumatı” 4 ildən sonra yaymağa çalışırdı. 2016-cı ilin aprel döyüşləri Azərbaycanın müasir tarixinin ən qürurverici hadisələrindən biridir. Bu, Birinci Qarabağ müharibəsindən sonra Ermənistanla Azərbaycan arasında ilk ciddi toqquşma idi. Azərbaycanın həmin müharibədə qalib gəlməsinə, bəzi strateji yüksəklikləri azad etməsinə baxmayaaraq, etiraf etmək lazımdır ki, xalq Ordunun irəliləməsindən razı qalmamışdı. Millət əsgərlərin dayanmasını gözləmirdi və işğal altında olan bütün ərazilərin azad edilməsini istəyirdi. Lakin bu baş vermədi və ermənilər bu məqamdan istifadə etməyə başladılar və kütləvi itkilər səbəbindən Azərbaycan Silahlı Qüvvələrinin hücumu dayandırmaq məcburiyyətində qalması və hökumətin ictimai narazılığın qarşısını almaq üçün döyüş itkilərinin dəqiq sayını gizlətməsi barədə yanlış məlumatlar yaymağa başladılar. Ona görə də İkinci Qarabağ müharibəsinin əvvəlində bu məsələyə toxunulması təsadüfi deyildi. Bu saxta məktubda keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkov Müdafiə nazirinə məruzəsində döyüşdə şəhid olan və yaralanan əsgərlərin sayının müvafiq olaraq 558 və 1293 olduğunu bildirir. Lakin məlumdur ki, rəsmi ölüm sayı 8–10 dəfə azdır. Məktubun saxta olduğunu sübut edən əsas fakt da elə budur. Həmçinin kiminsə müharibədə şəhid olması və adının Müdafiə Nazirliyi tərəfindən təqdim edilən rəsmi şəhid siyahısında olmaması ağlasığmazdır. Şəhid olan əsgərlərin valideynləri heç vaxt bu ayrı-seçkiliyə razı olmazlar. Bundan əlavə, kimsə bu məktubu hətta ötəri oxusa, mətnin kobud səhvlərlə dolu olduğunu mütləq görər. Məsələn, imza atan şəxsin rütbəsində və vəzifəsində də səhvlər var, bundan başqa, onun tam adının əvəzinə yalnız ilk hərfi təqdim olunub ki, bu da Müdafiə Nazirliyinin yazışma qaydalarına görə qəbuledilməzdir. Ancaq buna inanan və ya belə davranan bir qrup insan var idi və insanlar arasında sosial gərginliyə səbəb olan saxta xəbərləri yaymağa başladılar.

Hər hansı bir məğlubiyyəti əsaslandırmaq üçün iki yanaşma var. Birincisi, döyüş sahəsindəki real vəziyyəti təhlil etmək və ordunun uğursuzluğa düçar olmasının səbəblərini izah etmək. Bu, əsasən, daha kiçik bir qrup (məsələn, hökumət) üçündür və gizli saxlanılır. İkinci yanaşma dezinformasiya kampaniyasına əsaslanaraq daha geniş bir kütlə üçün tətbiq edilir. Ermənistanın müharibədə ikinci yanaşmanı tətbiq etməsi danılmazdır. Ermənistanın və xarici havadarlarının yaymaq istədikləri ən əhəmiyyətli dezinformasiyalardan biri Türkiyənin “müharibədə iştirakı”dır. Tədqiqatçı Barış Kirdemir müharibə dövründə Rusiya mənbələrində Türkiyənin “iştirakını” vurğulamaq üçün təhdid xarakterli bir çox məqalənin olduğunu iddia edir. Tədqiqatçıya görə, bu məqalələrin məqsədi, Azərbaycana dəstəyinə görə Rusiyanın Türkiyədən “qisas alacağı” və bağışlanması üçün Ankaranın Rusiya Prezidenti Vladimir Putindən “xahiş etməyə” məcbur qalacağı barədə dezinformasiyalar yayaraq Kremlin reaksiyasını şişirtmək idi. Qeyd etmək lazımdır ki, eyni tendensiya həm Ermənistan, həm də Azərbaycanda bir sıra xəbər agentliklərində də müşahidə edilmişdi.

Oktyabrın 12-də Ermənistanda məşhur bəstəkar Sevak Avanesyanın “Leylək” adlı əsərini ifa etdiyi bir video yayımlanmışdı. Videonun məqsədi, insanlarda empatiya yaratmaq idi, çünki ermənilər bu əsəri qondarma “soyqırımı”ları ilə əlaqələndirirlər. İsmarıc aydın idi: ermənilər beynəlxalq ictimaiyyətin diqqətini çəkmək istəyirdilər ki, Ermənistana qarşı mübarizə aparan Azərbaycan deyil, ermənilərlə türklər arasında əsrlər boyu davam edən düşmənçiliyin nəticəsi olaraq Türkiyə–Azərbaycan tandemi idi. Lakin bu dezinformasiya kampaniyası Ermənistan üçün heç bir ciddi nəticə vermədi. Türkiyə Azərbaycanın strateji tərəfdaşıdır və müharibənin ilk saatlarından etibarən Bakını mənəvi və siyasi cəhətdən dəstəkləyib.

Sonra ermənilər suriyalı döyüşçülərin “müharibədə iştirakı” ilə bağlı saxta xəbərlər yaymağa başladılar. Döyüş meydanındakı uğursuzluqlarını gizlətmək üçün erməni tərəfi xarici muzdlu döyüşçülərin Azərbaycan Respublikası Silahlı Qüvvələrinə dəstək verdiklərini iddia edərək bir sıra şəkillər paylaşmağa başladılar. Ermənistan hökuməti və lobbisi cəmiyyətdə belə bir təsəvvür yaratmaq istəyirdi ki, onların ordusu Azərbaycan Silahlı Qüvvələri ilə deyil, xarici muzdlularla “döyüşür”. Ancaq müharibə vaxtı heç bir tutarlı fakt təqdim edə bilmədilər. Əslində, Bolqarıstanın araşdırma mərkəzi olan Xəzər və Qara Dəniz Tədqiqat Fondu (CCBS) tərəfindən aparılan bir araşdırmada bu iddianın yalan olduğu sübut edilmişdi. Fondun məlumatına görə, mənbə erməni əsilli suriyalı tvitter istifadəçisi Kevork Almasyanın yaydığı saxta məlumat idi. Heç bir konkret və etibarlı mənbəyə istinad etmədən Almasyan, Suriya muzdluları ilə bağlı “düşüncəsini” bir fakt kimi təqdim edib (Şəkil 2). Almasyanın 2020-ci il sentyabrın 21-də paylaşdığı tvitdə qeyd olunur: “Türkiyə Suriya muzdlularının ilk qrupunu növbəti həftənin çərşənbə günü Azərbaycana göndərəcək. Muzdlular aylıq məvacibi 600 dollar olmaqla Ermənistana qarşı döyüşəcəklər”.


Şəkil 2. Kevork Almasyanın saxta tviti

Eyni gün özünü araşdırmaçı jurnalist kimi təqdim edən Lindsey Snellin Almasyana istinadən “Türkiyə tərəfindən dəstəklənən Suriya Milli Ordusu”nun yerləşdirilməsi ilə bağlı hesabatını tvitterdə paylaşdığı müəyyən edilib (Şəkil 3). Snell, eyni zamanda bir təyyarədə naməlum şəxslərin fotosunu da paylaşmışdı. Fotoşəkil “Həmzə Alayının” Bakıya gəlişinə dair bir şərhlə müşayiət olunub (Şəkil 4). “Snellin erməni və kürdlərə olan rəğbətini onun əvvəlki tvitlərindən də görmək olar” deyə mənbə bildirir.


Şəkil 3. Lindsey Snelin əsassız tvitləri

Xüsusilə, qeyd etmək lazımdır ki, Lindsey Snelin tvitləri onun fiziki olaraq Ermənistanda olmasını sübut edir və bu da onun obyektivliyi və qərəzsizliyi ilə bağlı suallar doğurur. Təəssüf ki, bu tvitlər, hətta Yunan City Times və France 24 kimi Azərbaycan və Türkiyəyə qarşı çox qərəzli olan müxtəlif media orqanları tərəfindən də paylaşılmışdı. Xəzər və Qara Dəniz Tədqiqat Fondu qeyd edir ki, “Həmzə Alayı” ilə bağlı sonrakı məlumatlarda mənbə kimi Snelin əsassız tvitlərinə istinad edilib.

Üçüncü tərəfləri müharibəyə cəlb etmək üçün Ermənistanın bütün yollara əl atması da məlum faktdır. Regionda Ermənistanın İkinci Qarabağ müharibəsinə cəlb etmək fikrində olduğu iki ölkə var idi: Rusiya və İran. Ermənistanın ümid etdiyi kimi, hər ikisi eyni hərbi blokda – KTMT-də olduğu üçün müharibəyə müdaxilə edəcəyi ən çox ehtimal olunan ölkə Rusiya idi. Sonra Ermənistan İsrail– Azərbaycan isti münasibətlərini ön plana çıxararaq İran variantından istifadə etməyə başladı. Sirr deyil ki, bu əməkdaşlıq İranı qıcıqlandırır, lakin Ermənistanı açıq şəkildə dəstəkləmək üçün heç bir əsas vermir (İranın Ermənistana gizli dəstəyi müharibə dövründə sübut edilib). Bundan başqa, İran və Ermənistan Sovet İttifaqı dağıldıqdan sonra həmişə yaxşı münasibətdə olublar. Bununla belə, İranda yaşayan 30 milyona qədər azərbaycanlının İkinci Qarabağ müharibəsi başlayandan etibarən soydaşlarına dəstək verməsi hamıya məlumdur. Ermənilər bunun fərqində idilər və İranla Azərbaycan arasındakı münasibətləri korlamağa çalışırdılar. Buna görə də Ermənistan tərəfi müxtəlif media platformaları vasitəsilə dezinformasiya (əsasən saxta fotolar) yaymağa başladı ki, guya Azərbaycan Respublikası Silahlı Qüvvələri Ermənistan qoşunlarını hədəf alarkən İran ərazisinə mərmilər atır. Xüsusilə, vurğulamaq lazımdır ki, hətta Ermənistan Müdafiə Nazirliyi də bu iddianı dəstəkləmişdi. Lakin diplomatik böhran baş vermədən bu dezinformasiyanın qarşısı uğurla alındı. Belə ki, Tehran bunun baş vermədiyini və fotoların saxta olduğunu bildirdi. Bundan başqa, Ermənistan tərəfi gürcü polisinin Azərbaycana gələn Türkiyə hərbi yüklərini müşayiət etdiyini iddia edən bir video yaymışdı. Bu hekayə hətta erməniləri dəstəkləməsi ilə yadda qalan Sovolyevin televiziya proqramında da işıqlandırılmışdı. Hekayə, videoda görünən yük maşınlarından birinin üzərində olan “Bayraktar” yazısına əsaslanır. Erməni tərəfi “Bayraktar” TB-2 PUA-larını diqqət mərkəzinə gətirmək istəyirdi. Əslində, Giorgi Molodininin dediyi kimi, yük maşınındakı yazının hərbi istehsal və ya mövcud qarşıdurma ilə heç bir əlaqəsi yox idi, “Bayraktar” Türkiyənin logistik şirkətidir.

Ermənistan tərəfi Azərbaycanda vətəndaşları ruhdan salmaq, Ermənistan və Qarabağdakı erməniləri motivasiya etmək üçün də dezinformasiyadan geniş istifadə edirdi. Bəzi məqamların üzərində dayanaq. İkinci Qarabağ Müharibəsi başlayandan dərhal sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyi döyüşdə fərqlənən əsgərlərin şəkillərini və onlar haqqında məlumatları nazirliyin internet səhifəsində paylaşmağa başladı. Bu müharibədə yüzlərlə əsgərin şəhid olduğu məlum məsələdir və şəkilləri internetdə paylaşılan bəzi əsgərlərin şəhid olması da qeyri adi bir hadisə deyil. Bu halda ermənilər nə etdilər? Bəzi cəsədlərin həmin fərqlənən əsgərlərə aid olduğunu və onları öldürərək necə qisas aldıqlarını sosial mediada paylaşmağa başladılar. Aydındır ki, onları qəsdən seçib öldürməmişdilər. Deyək ki, artilleriya atəşi nəticəsində müharibədə şəhid olanlar var idi. Ermənilər bunu elə təqdim edirdilər ki, guya həmin əsgərləri məqsədli şəkildə öldürmüşdülər. Əsgərlərin cəsədləri göstərilən videolar fərqli proqramlardan istifadə edilərək hazırlanmışdı. Məsələ burasındadır ki, əsgərin müharibədə şəhid olması real idi, lakin ermənilərin təqdim etdiyi cəsədlərin fotoşəkili real deyildi. İstənilən halda xalqın əhval-ruhiyyəsinə təsir edirdi. Bundan əlavə, ermənilər Azərbaycanın adından saytlar açmaqla da öz məkrli dezinformasiya kampaniyalarını həyata keçirməyə çalışırdılar. Məsələn, guya müharibədə həlak olan və yaralanan hərbçilərin məlumat bazasını özündə əks etdirən Hamimiz.com saytı fəaliyyət göstərirdi (Şəkil 4).


Şəkil 4. Hamimiz.com saytının saxta axtarış sistemi

Sözsüz ki, bu saytda axtarış edən şəxs hərbi xidmətdə olduğunu bildiyi bir əsgərin adını yazacaq. Bu zaman nə baş verir, adı yazılan əsgər barədə “şəhid olmuş” və ya “itkin düşmüş” məlumatı çıxır. Psixoloji olaraq, məlumat axtaran şəxs travma keçirir, əhvalı pozulur, istər-istəməz həmin saxta informasiyanı yaymağa başlayır. Lakin sonradan məlum olur ki, həmin saytda adı axtarılan istənilən azərbaycanlı həlak olmuş və ya yaralanmış kimi qeyd olunur. Burada əsas məqsəd Azərbaycan xalqını ruhdan salmaq və ya əhali arasında xaos yaratmaq idi. Bundan əlavə, düşmən sistemə adı daxil olan əsgərlər barədə məlumat toplayırdı. Oxşar feyk xəbər portalı Şəhidlər.info da Azərbaycan auditoriyası üçün nəzərdə tutulmuşdu, ancaq həqiqətən də şəhid olan hərbçilər haqda informasiya təqdim edirdi. Bu kanalın sahibləri şəhid olanlar haqda məlumatı rəsmi mənbələrdən əvvəl (Azərbaycanda şəhidlərin adları ancaq müharibə bitəndən sonra açıqlandı) yayırdı. Eyni informasiya erməni dilində yayılsaydı, sözsüz ki, heç bir azərbaycanlı bu xəbər portalına etibar etməzdi. Ancaq Ermənistandan idarə olunan bu sayt Azərbaycan xalqının məlumatlandırılmasına deyil, Ermənistanın dezinformasiya kampaniyasına xidmət edirdi. Bu qəbildən olan saytların siyahısını daha da genişləndirmək olar.

Noyabrın 8-də Şuşa azad edildikdən sonra Ermənistan hökuməti bütün səylərinin boşa çıxdığını və kapitulyasiya aktına imza atmağın qaçılmaz olduğunu başa düşdü. Xatırladaq ki, Şuşa azad edilənə qədər Ermənistan hökuməti və mediası saxta xəbərlərlə xalqı aldatmaqda müvəffəqiyyətli idi. Belə ki, Ermənistan Müdafiə Nazirliyinin rəsmiləri Azərbaycan Ordusunun azad etdiyi torpaqlardan taktiki olaraq geri çəkildiklərini açıqlayır, hətta bəzi bölgələri itirdiklərini inkar edərək dezinformasiya yayırdılar. Məsələn, oktyabrın 9-da Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev Hadrut qəsəbəsinin azad olunduğunu bəyan etdi, lakin oktyabrın 10-da ermənilər Hadrut şəhərində separatçıların lideri Arayik Haruturyanın videosunu paylaşdılar. Bu videoda hərbi geyimli Haruturyan əsgərlərin qarşısında çıxış edir və onlara təlimat verir (Şəkil 5).


Şəkil 5. Arayik Harutyunyanın Hadrutda çəkildiyi iddia edilən fotosu.

Bu video yayımlandıqdan dərhal sonra Ermənistan və Rusiyadakı, demək olar ki, bütün media orqanları Hadrutun Ermənistan silahlı qüvvələrinin nəzarəti altında olması xəbərini yaydılar. Hadrut qəsəbəsini itirən erməni tərəfi qəsəbənin köhnə videolarını yayaraq yerli əhali arasında narahatlığı azaltmağa çalışırdı. Təbii ki, sadə insanlar bu saxta xəbərə inanırdılar. Əslində bu video Hadrutun Azərbaycan Ordusu tərəfindən azad edilməsindən xeyli əvvəl çəkilmişdi. Başqa bir səbəb, son 200 ildə Azərbaycanın işğal olunmuş ərazilərini azad edən ilk lider kimi Prezident İlham Əliyevin formalaşan yüksək imicinə xələl gətirmək idi. Qeyd etmək lazımdır ki, WorGonzo xəbər portalının sahibi, erməni oliqarx tərəfindən maliyyələşdirilən və himayə olunan jurnalist Semyon Peqov erməni xalqını bu hekayəyə inandırmaq üçün çox səy göstərmişdi. Semyon Peqov İkinci Qarabağ müharibəsi zamanı dezinformasiyanı fəal şəkildə yayan bir jurnalist kimi xatırlanır. Hadrutun fotosunu 9 oktyabrda WarGonzonun Telegram kanalında yayımlayan Peqov bildirmişdi: “Kimsə Hadrutu aldı? WarGonzonun komandası oradan yeni qayıdıb. Şəhər ermənilərin nəzarətindədir” (Şəkil 6).


Şəkil 6. Semyon Peqov 9 oktyabrda Hadrutda olduğunu iddia edir

Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan da Hadrutda olduğunu bildirmişdi: “Hazırda Hadrutdayam və nədənsə burada yalnız erməniləri görürəm”. Separatçı rejimin sözçüsü Vahram Poqosyan, Hadrutun azad edilməsinin tamamilə yalan olduğunu demişdi. Daha sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Hadrutun yeni videosunu paylaşdı və Ermənistanda ümumxalq yalanını ifşa etdi. Noyabrın 10-da paylaşılan başqa bir videoda Semyon Peqov iddia edir: “Şuşanın müdafiəsi davam edir. Ermənilər şəhəri təslim etmək istəmirlər”. Video müsahibəni canlı olaraq təqdim edir və inandırıcı bir səhnə yaratmağa çalışır. Fakt budur ki, Şuşa şəhəri bir neçə gün idi ki, tamamilə Azərbaycan Ordusunun nəzarətində idi və Azərbaycan Prezidenti artıq Şuşanın azad olunduğunu rəsmən elan etmişdi.

Qeyd olunmalıdır ki, müharibə zamanı Ermənistanın “saxta xəbərlər yaymaq strategiyası” dayanmadan işləyib. Bunu keçmiş yüksəkrütbəli hərbçi Movses Akopyan da öz çıxışında təsdiqləyib: “44 günlük müharibədə yayılan yalanlar ölkəni dərin böhran vəziyyətinə saldı. Ermənistan Müdafiə Nazirliyinin məlumat mərkəzinin vəzifələrindən biri düşməni çaşdırmaq olsa da, yalanların miqdarı 30%-i keçməməli idi, amma 100% idi”. Şuşa azad edildikdən sonra artıq belə dezinformasiyalar yaymaq mümkün deyildi. Xüsusilə, vurğulanmalıdır ki, Ermənistan tərəfindən yayılan dezinformasiyaların böyük əksəriyyəti Azərbaycan tərəfindən uğurla aşkar edilmiş və əks- arqumentlər verilib.

Nəticə

Hədəf auditoriyasına təsir etmək üçün yanlış məlumatları media vasitəsilə yayma taktikası, xüsusilə son bir neçə ildə hibrid müharibə vasitəsi kimi təqdim edilməkdədir. Tədqiqatdan əldə edilən nəticələr göstərir ki, medianın İkinci Qarabağ müharibəsində də danılmaz təsiri var. Bu təsirin müsbət və ya mənfi olması mübahisəlidir, müzakirələrə və elmi araşdırmalara açıqdır. Ermənistanın dezinformasiya kampaniyası aparmaq üçün mediadan geniş istifadə etdiyini sübut edən çoxlu etibarlı mənbələr və tutarlı faktlar var. Təəssüf ki, bir çox media orqanları istər-istəməz qlobal nüfuzlarına xələl gətirərək bu kampaniyanın tələsinə düşürlər. Qeyd etmək lazımdır ki, Azərbaycan İrəvan və onun xarici havadarlarının apardığı dezinformasiya kampaniyasının qarşısını uğurla aldı, etibarlı əks-arqumentlər təqdim etdi və medianı yenilənmiş məlumatlarla təmin etməklə beynəlxalq aləmdəki mövqeyini möhkəmləndirdi. Əgər Azərbaycan İkinci Qarabağ müharibəsi zamanı və sonrasında media vasitəsilə aparılan dezinformasiya kampaniyasının qarşısını ala və ya təsirlərini azalda bilməsəydi, Bakı üçün yarana biləcək neqativ nəticələri təsəvvür etmək o qədər də çətin deyil. Bu baxımdan, Azərbaycan İkinci Qarabağ müharibəsinin informasiya cəbhəsində qazandığı uğurları davam etdirməli, dezinformasiya kampaniyaları ilə mübarizə mərkəzləri quran aparıcı ölkələrin təcrübəsindən istifadə etməlidir.

Polkovnik-leytenant Xəyal İskəndərov, Silahlı Qüvvələrin Hərbi Akademiyası
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-ordusu  


Bizi "telegram"da izləyin