Azərbaycanın ən qədim qala şəhəri – HƏSƏNLİ

2023/09/654-1695037385.jpg
Oxunub: 34     14:33     19 Oktyabr 2023    
Həsənli şəhər-qalası (Aşşur mənbələrinə görə İda) Azərbaycanın ən qədim müdafiə istehkamlarından biri hesab olunur. Urmiya gölü yaxınlığında yerləşən Həsənli qala-şəhərində aparılan arxeoloji qazıntılar zamanı xəncərlər, ox ucluqları, dəbilqə aşkar olunub. Qala-şəhər on iki bürclü müdafiə divarı ilə əhatələnib. Həsənlinin mərkəzi hissəsində aşkar olunan IV təbəqəyə aid iri tikinti kompleksinin qalıqlarının saray və ya məbəd olması güman edilir. Hərbi əməliyyatların miqyasının genişlənməsi Həsənlidə müdafiə tədbirlərinin gücləndirilməsini zəruri edirdi.

Azərbaycanın tarixi cənub torpaqlarında I – II Dəmir dövrünün arxeoloji cəhətdən ən yaxşı öyrənilmiş şəhəri Urmiya gölünün cənub yaxınlığında yerləşən indiki Həsənli kəndinin ərazisində, 25 m yüksəklikdəki iki təbii təpəlik üzərində salınıb. 1957-ci ildə Robert Daysonun rəhbərliyi ilə Pensilvaniya Universiteti ilə Metropolitan Sənət muzeyinin əməkdaşları bu təpəliklərdə 20 il ərzində birgə arxeoloji qazıntılar aparıblar. Qazıntılarda Son Neolit – III Dəmir dövrlərini əhatə edən 10 mədəni təbəqə aşkar edilib. Ən zəngin maddi nümunələr bu qədim yaşayış yerinin yetkin şəhər dövrünə aid V–III təbəqələrindən, (e.ə. 1200–650-ci illər) əldə olundu. O zaman şəhər ümumilikdə 600 m diametrlik sahəni əhatə edirdi. İki hissədən ibarət olan şəhərin mərkəzi hissəsində 200 m diametrlik sahədə Narınqala yerləşirdi. Əhalini içməli su ilə təmin etmək üçün e.ə. I minilliyin əvvəllərində şəhərə Qadar çayından iki kanal çəkilib.

Oval planlı qalası olan şəhər 10 m aralıqla inşa edilmiş 12 bürclü müdafiə divarı ilə əhatələnib. Bu divarın iri daşlardan hörülmüş qalınlığı 3,20 m, hündürlüyü 2,60 m olan özülü də tapılıb. Düşmənin Həsənliyə qərb tərəfdən gözlənilən hücumunu zəiflətmək üçün indiki Əqrəbtəpənin ərazisində qabarıq bürcləri olan nisbətən kiçik ölçülü qala inşa edilib. Qala divarında 30–35 metrdən bir 11 bürc tikilib. Qala iki dəfə yanğına məruz qalsa da yenidən bərpa olunub.

Şəhərin V–IV mədəni təbəqələrindən indiyədək 6 ictimai və təsərrüfat xarakterli tikilinin qalıqları öyrənilib. Həsənlinin mərkəzi təpəliyinin açılması ilə IV təbəqəyə aid iri tikinti kompleksi (saray və ya məbəd) aşkarlanıb. İri ölçülü sütunlu zalda alov üçün nəzərdə tutulmuş platforma, ikinci mərtəbəyə aparan pilləkənin qalıqları tapılıb. Zalın arxasında iri anbar yerləşirdi. İkinci mərtəbədə mətbəxin və yaşayış otaqlarının olması güman edilir. Tikinti kompleksi memarlıq üslubuna görə Şimali Suriyanın həmdövr tikililərini (onları Aşşur mirzələri “bit hilani” adlandırırdılar) xatırladır. Tikilidə tuncdan, fil sümüyündən, qızıldan, Misir pastasından düzəldilmiş əşyalar, xeyli sayda boz-qara və qırmızı rəngli saxsı qab qırıqları və s. tapılıb.

Yanğın nəticəsində dağılmış bu binadan müxtəlif dövrlərə aid tarixi əşyalar aşkarlanıb. Onlardan ən qədimi e.ə. 1940–1920-ci illərdə Elamın hökmdarı olmuş Tan-Ruhuraterə məxsus iki ədəd daş toppuz başlığıdır. Digər toppuz başlığının üzərində “Aşşurubalitin sarayından” ifadəsi yazılıb ki, bu da Aşşur hökmdarının hakimiyyət dövrü ilə əlaqələndirilir (e.ə 1365–1329-cu illər). Başqa toppuz başlığının üzərində onun sahibinin isminin əvvəli (Sin-) aydın görünür. Binada saxlanan əşyalar arasında Babilistanın kaşşu mənşəli hökmdarı I Kadaşman-Enlilin (e.ə.1374–1360-cı illər) ismi yazılmış daş su qabı da diqqəti cəlb edir.


Şəkil. Həsənli şəhərinin memarlıq planı

III təbəqədə (e.ə. 800–650-ci illər) ölçüləri 44 m × 39 m olan digər tikili tapılıb, o da yanğından tələf olub. Onun sütunlu zalının ölçüləri 25 m × 19 m təşkil edir, divarlarını maral kəllələri bəzəyirdi. Şəhərə hücum zamanı 3 döyüşçü bu tikilidə qoruduqları 20,6 sm x 28 sm ölçülü sacral əhəmiyyətli qızıl camla birgə tikililərdən birinin yanmış ikinci mərtəbəsindən birinci mərtəbəyə düşüblər. Döyüşçülərdən biri ulduzvari başlıqlı toppuzla, digəri dəmir qılıncla silahlanıb. Digər döyüşçünün başında dəbilqə var idi. Bu tapıntılara istinadən bu binanın xəzinə olduğu söylənilir. Min illik yaşı olan tarixi əşyaların Həsənlidə aşkara çıxarılması dostluq münasibətdə olan xarici ölkə başçılarının hədiyyələri ola bilər və şəhərin qədim dövlətçilik ənənələrindən xəbər verir. Dağıntıdan sonra e.ə. 650-ci ilədək bu tikintidən tövlə kimi istifadə olunub. Şəhərin şimal qurtaracağında qəbiristanlıq salınıb. Qəbirlərdən ikisi çiy kərpicdən hörülüb, onlardan tunc bəzək əşyaları gil qablar, qurbanlıq heyvanın sümükləri tapılıb. Abidəni qazan arxeoloqlar Həsənlinin dağıdılmasını e.ə. 800-cü ilə aid edirlər. Yalnız İ.N.Medvedskaya şəhərin süqutunu II Sarqonun e.ə. 714-cü il yürüşünə aid edir və hesab edir ki, o vaxta qədər şəhərdə Urartu qarnizonu yerləşdirilib. Şəhərin süqutu IV B təbəqəsinin tapıntıları təyin olunur. İ.N.Medvedskaya ehtimalını onunla əsaslandırılır ki, əvvəlki mədəni təbəqədən fərqli olaraq, IV B təbəqəsindən qırmızı anqoblu Urartu keramikasına bənzəməyən saxsı qablar tapılıb. Bu təbəqədən 637 ədəd dəmir, 20 ədəd tunc ox ucluğu aşkarlanıb və onların heç biri skifmənşəli deyil. Əgər Həsənli kimi iri şəhər nə vaxtsa urartululara məxsus olsaydı orada mütləq biayni dilində kitabə qoyulmuş olardı. Həsənlinin yerindəki qədim şəhər hansı dövlətə məxsus olub və onu yazılı ilk mənbələrdə xatırlanan hansı şəhərlə eyniləşdirmək olar? Əksər tədqiqatçılar hesab edirlər ki, Həsənlinin IV–III təbəqələrinə müvafiq vaxtlarda (e.ə. 1000–650- ci illər) şəhər Mannaya aid idi. Həsənli qazıntıları zamanı e.ə. IX əsrin sonuna aid üzərində “İda ölkəsinin hökmdarı Baurinin (və ya Kaurinin) sarayından Günəş ilahəsi Uşişiyə ” ifadəsi yazılmış daş qab tapılıb. Bu yazıya istinadən hesab olunur ki, Həsənlinin qədim adı “İda” olub

Adətən, bu İdanı Aşşur hökmdarı III Salmanasarın mətnlərində xatırlanan eyniadlı məntəqə ilə eyniləşdirirlər. E.ə. 855 və 843-cü illərdə III Salmanasar əslən İdadan olan Nekdiara (və ya Mektiara) adlı çarla hərb meydanında və Urmiya gölündə (“Daxili Zamua dənizi”) baş tutmuş “dəniz döyüşündə” qarşılaşıb və ona qalib gəlib. O zaman İda “Daxili Zamua” (və ya “Mazamua”) adlı vilayətin tərkibində idi və Aşşur hücumlarına qarşı hurri-biayni dillərində danışan qrupların yaratdığı Nairi hərbi birliyində təmsil olunurdu. Bu vilayət Manna dövləti ilə Urmiya gölünün cənubu arasında bufer zonada yerləşirdi, başqa sözlə, nə Həsənli, nə də onunla eyniləşdirilən İda vilayəti Manna dövlətinin inzibati-ərazi sisteminə daxil deyildi. “İda” adlı şəhər Kiçik Zab çayının sağ sahilində, hazırda Satupala adlanan ərazidə yerləşirdi. Oradan tapılmış 2 kərpic qırığı üzərində “Abdizeri – İda ölkəsinin şahı, [...]-şaninin, İda ölkəsinin şahının oğlu” ifadəsi yazılıb. Ola bilsin ki, “İda ölkəsi”nin xatırlandığı qab, digər tarixi əşyalar kimi, Həsənli sarayına məhz buradan daxil olub. Bu halda, Həsənli kəndinin qədim adı sirr olaraq qalır.

Selcan Məmmədzadə, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-ordusu  


Bizi "telegram"da izləyin