Vətən Müharibəsinin nümunəsində| Artilleriya bölmələrində PUA vasitəsilə sınaq atışı necə aparılmalıdır? – ANALİZ

2022/10/1664960913.jpg
Oxunub: 1989     11:32     18 Sentyabr 2023    
Hazırda əksər ölkələrin ordularında hava kəşfiyyatının aparılması əsasən pilotsuz kəşfiyyat təyyarələri və pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilir. Pilotsuz uçuş aparatı (PUA) ilə hava kəşfiyyatının əsas tapşırıqlarına düşmənin əməliyyat-taktiki (taktiki) raketlərinin yerini, qoşun qruplaşmalarını və onların yerdəyişməsini, aviasiyanın bazalaşma yerlərini və hava hücumundan müdafiə (HHM) vasitələrini, qoşunların idarəetmə məntəqələri, radioelektron vasitə və sistemlərini, düşmənin müdafiə sistemini və yerinə yetirdiyi mühəndis tədbirlərini, maddi-texniki təminat obyektlərinin yerlərini aşkar etmək və koordinatlarını müəyyən etmək daxildir.

Müasir müharibələrin və lokal münaqişələrin, o cümlədən 44 günlük Vətən müharibəsinin təhlili göstərir ki, PUA-lar komandirə günün istənilən vaxtı müşahidə və kəşfiyyat aparmağa, düşmən müdafiəsinin dərinliyi boyu hədəfləri aşkar etməyə və onun koordinatlarını müəyyənləşdirməyə imkan verən əsas vasitələrdən biridir. PUA-lar düşmənin genişmiqyaslı və hərtərəfli qiymətləndirilməsi, raket və artilleriya atəş vasitələri ilə zərər vurulacaq hədəflərin aşkarlanması və tanınması, düşmənə vurulmuş zərərin düzgün qiymətləndirilməsi, döyüşü idarəetmə imkanlarının yüksəldilməsi, eləcə də döyüş meydanının və cari vəziyyətin müşahidə edilməsi üzrə bir çox üstünlüklərə malikdir. Bu üstünlüklərin olması bölmə komandirləri tərəfindən düzgün qiymətləndirmənin aparılmasına, həmçinin, onlara döyüş əməliyyatlarının gedişində öz bölmələrini düzgün idarə etməyə, yüksək sürət və dəqiqliklə manevr etməyə imkan yaradır. Bundan başqa vacib qərarların qəbulu prosesində PUA sistemi əsas kəşfiyyat vasitəsi kimi real vaxt rejimində döyüş meydanına nəzarət etməyə, düşmənin fəaliyyətlərini qabaqlamağa və döyüş əməliyyatını müvəffəqiyyətlə başa çatdırmağa imkan verir.

44 günlük Vətən müharibəsi dövründə müzəffər Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızda Ermənistana məxsus hərbi obyektlərə və canlı qüvvəyə sarsıdıcı zərbələr vurub. Düşmənin məhv edilməsində xüsusi təyinatlı qoşunlarla yanaşı, PUA-lar və kamikadze tipli dronlar xüsusi rol oynayıb. Bu döyüşlərdə üzərinə idarəolunan raketlər quraşdırılan “Bayraktar TB2” PUA- larından və “Harop”, “Zərbə”, “İti qovan” kimi kamikadze tipli pilotsuz vasitələrdən geniş istifadə edilmişdir. Bir çox döyüşlərin müqəddəratını həll edən bu PUA-ların əsas üstünlüyü onların hava kəşfiyyatını həyata keçirməsi və eyni zamanda aşkarlanan hədəflərə dərhal zərbələr endirməsi olub. PUA-ların başqa döyüş imkanlarından biri də müxtəlif artilleriya sistemlərindən atılan, lazer GPS-lə idarə olunan başlıqlı mərmilərin (raketlərin, minaların) məhv etmək üçün seçilən hədəflərə yönəldilməsidir.

Sınaq atışının aparılması metodikası

PUA-lardan istifadə etməklə düşmənin görünməyən hədəflərinin aşkar edilməsi və artilleriya zərbələrinin yönəldilməsi məqsədilə artilleriya bölmələrində hava kəşfiyyat qrupu (HKQ) yaradılır. HKQ artilleriya bölmələrinin maraqları çərçivəsində onların tərkibinə verilmiş PUA-lar və kəşfiyyat düzəlişvermə helikopterləri tərəfindən vizual müşahidə ilə görünən hədəfləri, eləcə də radioelektron vasitələrin tətbiqi ilə görünməyən düşmən obyektlərini aşkar etməyə və artilleriya zərbələrini həmin hədəflərə (obyektlərə) yönəltməyə xidmət edir.

Artilleriya atışının və atəşinin idarə edilməsi qaydalarını mükəmməl bilmək və bacarıqla tətbiq etmək atəş tapşırıqlarını effektiv yerinə yetirməyə imkan verir. Müəyyən şəraitdə atəş tapşırığını yerinə yetirməyə imkan verən digər (kənar) üsul və qaydaları tətbiq etmək istisna deyil. Bu üsul və qaydalardan biri də Azərbaycan Ordusu tərəfindən 2016-cı il aprel döyüşlərində və 44 günlük Vətən müharibəsində geniş tətbiq olunan PUA vasitəsilə sınaq atışı keçirməklə hədəflərin məhv edilməsidir.

Artilleriya zərbələrinin yönəldilməsi məqsədilə istifadə edilən PUA-lar, bir qayda olaraq, hava kəşfiyyatı komplekslərinin (HKK) tərkibində tətbiq olunur. HKK-dən artilleriyanın maraqları çərçivəsində aşağıda göstərilən tapşırıqları yerinə yetirmək üçün istifadə olunur:

‒ görünməyən hədəflərin aşkar edilməsi və onların koordinatlarının müəyyən edilməsi;

‒ sınaq və tələfat atışlarının gedişində artilleriya zərbələrinin hədəfdən sapmasının müəyyən edilməsi;

‒ tələfat atışının nəticələrinin müəyyən edilməsi.


Ümumilikdə, PUA vasitəsilə sınaq atışına hədəfə (hədəflər qrupunun mərkəzinə) tam (ixtisar) hazırlıq üsulu, sınanmış düzəlişlərdən istifadə etməklə, gözəyarı hazırlıq və ya atəşin gözəyarı köçürülməsi üsulu ilə hesablanmış göstəricilər əsasında başlanılır. Lakin PUA vasitəsilə sınaq atışı üçün bölmələr tərəfindən atış göstəricilərinin tam hazırlıq üsulu ilə işlənməsi daha məqsədəuyğundur. Belə ki, PUA-larda müşahidə kamerasının görmə sahəsi geniş olmadığından mərminin hədəfdən sapmasının çox olması hallarında hədəfdən müəyyən uzaqlıqda düşən mərminin partlayışını müşahidə etmək mümkün olmur.

PUA vasitəsilə sınaq atışının keçirilməsi zamanı artilleriyanın atəş bölmələrində ümumi qaydalardan istifadə olunur. Bu zaman PUA (HKK) vasitəsilə sınaq atışı ölçülmüş sapmalara görə batareyanın (taqımın) yaylım atəşi ilə topladılmış yelpikdə aparılır. Sınaq və tələfat atışı üçün eyni atış növü, mərmi, partladıcı tipi, atım nömrəsi və partiyası təyin edilir. Partlayışların etibarlı qeydə alınmasını təmin etmək üçün partladıcının qoyuluşu “Fuqas” təyin edilir və bu məlumatlar əsas topa ötürülür. Sınaq atışını tüstülü və başqa mərmilərlə və ya digər partladıcılarla aparmağa o vaxt icazə verilir ki, bu mərmilərin, partladıcıların atış şəraitinin sapmasına görə cədvəl düzəlişləri tələfat atışında istifadə ediləcək mərmilərin düzəlişləri ilə eyni olsun. Belə hallarda tələfat atışına keçən zaman nişangah göstəricisi tələfat atışı üçün nəzərdə tutulan mərminin atış cədvəlindən sınaq atışından tapılmış uzaqlığa uyğun götürülür. Sınaq atışını başqa partiyalı atımlarla aparmağa hər iki atım üçün mərmilərin ilkin sürətinin cəm sapması müəyyən edildiyi halda icazə verilir. Tələfat atışına keçən zaman sınanmış nişangahın göstəricisi atımların ayrı vurmasına görə düzəldilir.

Divizion komandiri verilən PUA (HKK) ilə qarşılıqlı əlaqəni, bir qayda olaraq, divizionun atəşi idarəetmə məntəqəsi vasitəsi ilə təşkil edir. Divizionun qərargah rəisi qarşılıqlı əlaqəni təşkil edərkən:

‒ PUA operatoru (HKK komandiri) ilə etibarlı rabitəni təşkil edir;

‒ sınaq atışı (tələfat atışının gedişində atəşə düzəlişlərin edilməsinin) üsulunu və qaydasını müəyyən edir, PUA operatoruna (HKK komandirinə) bu barədə lazım olan məlumatları çatdırır;

‒ PUA-nın uçuş rayonunu (hədəflərin kəşfi və artilleriya atışının aparılacağı rayon) təyin edir (razılaşdırır);

‒ idarəetmə siqnallarını təyin edir;

‒ PUA-nın atışa xidmət etməyə hazırolma vaxtını müəyyən edir.


Divizion (batareya) komandiri hədəf haqqında kəşfiyyat məlumatlarını PUA operatorundan (HKK komandirindən) və ya divizionun atəşi idarəetmə məntəqəsindən alır. PUA-dan (HKK-dən) alınan hədəf haqqında kəşfiyyat məlumatlarına aşağıdakılar aiddir:

‒ hədəfin nömrəsi və xarakteri;

‒ hədəfin mərkəzinin koordinatları və hündürlüyü, qrup hədəflərinin tərkibində olan tək hədəflərin (ehtiyac olduqda) sayı və koordinatları;

‒ hədəfin cəbhə və dərinliyə görə ölçüləri;

‒ hədəfin fəaliyyətinin xarakteri, onun mühəndis cəhətdən hazırlanması və ondakı canlı qüvvə və texnikanın müdafiə olunma dərəcəsi;

‒ hədəfin rəqəmsal təsviri (idarəetmənin və topların tuşlanmasının avtomatlaşdırılmış sistemləri (İTTAS) ilə təchiz olunmuş batareyalar olduqda);

‒ hədəfin aşkar olunma vaxtı və onun həqiqilik (etibarlılıq) dərəcəsi.


PUA (HKK) vasitəsilə sınaq atışı bu vasitələrlə müəyyən edilmiş hədəf koordinatları üzrə aparılır. Əgər hədəfin koordinatları digər vasitələrlə müəyyən edilibsə, bu koordinatlar PUA (HKK) vasitəsilə dəqiqləşdirilir. Düzəlişlərin hesablanması zamanı isə yalnız PUA (HKK) tərəfindən müəyyən edilmiş hədəfin koordinatları qəbul edilir.

Digər vasitələrlə aşkar edilmiş hədəfin koordinatlarının dəqiqləşdirilməsi üçün PUA operatoruna (HKK komandirinə) tapşırıq verilən zaman aşağıdakı məlumatlar çatdırılır:

‒ hədəfin nömrəsi və xarakteri, onun təxmini koordinatları, yaxud yerləşdiyi yer;

‒ atəş tapşırığının yerinə yetirilməsinin planlaşdırılmış başlanma vaxtı;

‒ mərminin uçuş vaxtı;

‒ atış istiqamətinin hesablanmış qiyməti;

‒ atəş tapşırığının yerinə yetirilməsinin hesablanmış vaxtı;

‒ atışa xidmətin tapşırığı;

‒ digər məlumatlar.


PUA operatoru (HKK komandiri) aşkar edilmiş hədəf haqqında dəqiqləşdirilmiş məlumatlar, həmçinin atəşə xidmət göstərməyə hazırlıq, yaylımlar (atışlar) arasındakı vaxt barədə məruzə edir.

Hədəf haqqında məlumat ötürüldükdən sonra PUA operatoru növbəti mərhələdə atəşə xidmət göstərməyə hazır olmalıdır. Bunun üçün təhlükəsiz uçuş zonası seçilməlidir. Bu zaman PUA havada öz atəşimizdən təhlükəsiz yerdə, yəni atış istiqamətinin davamında, hədəfə görə 70–80 dərəcə baxış bucağı altında, müşahidə üçün əlverişli maksimal hündürlükdə olmalıdır.


Şəkil. PUA-nın artilleriya batareyasını müşahidə etməsi

Batareya atışa hazır olduqda, PUA operatoruna (HKK komandirinə) aparılacaq yaylım və ya atışların sayı, mərmilərin uçuş vaxtı barədə məlumat verilir.

Atəş PUA operatorunun (HKK komandirinin) partlayışları qeyd etməyə hazır olması barədə məruzəsindən sonra təyin edilmiş tempdə başlayır və atılmış yaylımlar (atışlar) barədə PUA operatoruna (HKK komandirinə) məlumat verilir.

PUA operatorundan (HKK komandirindən) “Partlayış var” məruzəsi qəbul olunduqda, eyni göstəricilər üzrə batareyaya (taqıma) yaylım atəşi təyin edilir.

Partlayış (yaylım) qeydə alınmadığı halda, PUA operatorundan (HKK komandirindən) “Partlayış yoxdur” məruzəsi qəbul olunduqda, batareyada (taqımda) atış üçün göstəricilər, topların tuşlanması və PUA (HKK) üçün təyin edilmiş kəşfiyyat rayonu yoxlanılır və atəş (yaylım) təkrar olunur. Hər bir batareya ilə yaylımlar (atışlar) PUA operatorunun (HKK komandirinin) siqnalı ilə açılır.

Sınaq atışının gedişində PUA operatoru (HKK komandiri):

‒ hədəfin nömrəsi;

‒ qeydə alınmış partlayışların düşmə yerlərinin koordinatları və sayı (yaylımda partlayışların qrup mərkəzinin koordinatı);

‒ aşkar olunma vaxtı barədə məruzə edir.


Yaylımda PUA operatoru (HKK komandirindən) tərəfindən partlayışların qrup mərkəzinin koordinatları verildikdən sonra ümumi qaydalara görə, düzəlişlər hesablanır və tələfat atışına keçilir. PUA (HKK) vasitəsilə sınaq atışı aparıldıqda partlayışların koordinatlarını dəqiq müəyyən etmək mümkün olmadıqda (müxtəlif maneələr tətbiq edildikdə), sınaq atışı qütb cəhətlərinə görə aparılır (partlayışların hədəfə, qütbün cəhətlərinə görə yeri və uzaqlığı təyin edilir, atəş aparan bölməyə ötürülür və ümumi qaydalarla tələfat atışına keçilir).

Nəticə

Beləliklə, pilotsuz uçuş aparatları günün istənilən vaxtında artilleriya kəşfiyyatının aparılması, hədəfə sınaq atışının keçirilməsi üçün unikal vasitədir. Belə ki, 44 günlük Vətən müharibəsində aparılan döyüş əməliyyatlarının təhlili göstərir ki, müasir döyüş PUA-ları günün istənilən vaxtı müşahidə və kəşfiyyat aparılması, düşmən müdafiəsinin dərinliyi boyu görünməyən hədəflərin aşkar edilməsi və artilleriya zərbələrinin aşkar edilmiş hədəflərə yönləndirilməsi imkanlarına malikdir. PUA-lar vasitəsilə aşkarlanan hədəflərə dərhal zərbələr endirmək, müxtəlif artilleriya sistemlərindən atılan lazer GPS-lə idarəolunan başlıqlı mərmilərlə (raketlərlə, minalarla) hədəfləri məhv etmək mümkündür. Təqdim edilən metodika üzrə sınaq atışlarının aparılması görünməyən düşmən hədəflərinin yerini aşkar etməyə, onların koordinatlarını dəqiqləşdirməyə, bununla da artilleriya zərbələrini yönəltməyə və tələfat atışının aparılmasına imkan verir.

Professor Elşən Həşimov, polkovnik-leytenant Bəhruz Hüseynov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-ordusu  


Bizi "telegram"da izləyin