Milli Təhlükəsizlik və onun təmin olunmasının hüquqi əsasları

2023/09/7688-1694429395.jpg
Oxunub: 53     14:32     12 Sentyabr 2023    
1918-ci ilin may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi ilə Azərbaycan Respublikasının müasir dövlət kimi ilk milli maraqları formalaşmağa başladı. Təəssüf ki, 1920-ci ilin aprel ayının 28-də yeni formalaşmış milli maraqlar Sovet imperiyası tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin işğal edilməsi ilə müvəqqəti olaraq sovet sosialist maraqları ilə əvəz edildi. Azərbaycan Respublikası 18 oktyabr 1991-ci il tarixdə öz müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin dövründə olan milli maraqlar əsas götürülməklə ictimai və beynəlxalq münasibətlər fonunda dövlətin yeni milli maraqları formalaşdırıldı. Milli maraqların qorunaraq təmin olunması isə milli təhlükəsizlik mühitinin və dövlətin milli təhlükəsizlik siyasətinin həyata keçirilməsi hüquq bazasının yaradılması Azərbaycan Respublikasının prioritetləri siyahısında birinci idi. 90-cı illərin başlanğıcından sonuna qədər bu prosesin ilkin mərhələsi yeni ictimai münasibətlər sisteminə daxil olundu. Bu səbəbdən Azərbaycan Respublikası 12.11.1995-ci il tarixdə referendum yolu ilə Konstitusiyasını qəbul edərək dövlət quruluşunda əsaslı dəyişikliklər etdi. Bu kontekstdən çıxış edərək həmin vaxt mövcud olmuş ictimai-siyasi vəziyyət milli maraqlarının formalaşmasına təkan verdi və milli maraqların mühafizə olunması üçün beynəlxalq hüquq münasibətlərinə uyğun milli təhlükəsizlik sisteminin yaradılması tarixi zərurətə çevrildi. Hər bir dövlətin milli maraqları və milli təhlükəsizliyi önəmli olduğundan, bu sahədə elmi araşdırmaların aparılması məqsədəuyğun hesab edilir.

Milli təhlükəsizlik anlayışına ümumi baxış

Milli təhlükəsizlik anlayışını müəyyən etmədən öncə dövlətin milli maraqlarını aydınlaşdırmalı, sonra isə milli maraqların mühafizə olunması və həmin maraqların həyata keçirilməsi sahəsində qalxan rolunu oynayan milli təhlükəsizlik haqqında fikirlərimizi bildirməliyik.

Milli maraqlar hər bir millətin inkişafı ilə əlaqədar olaraq dövlətin hər bir sahəsinin necə olması ilə bağlı olan, hamılıqla qəbul edilən standartlardır. Bu standartların əsasında milli təfəkkür və mövcud beynəlxalq münasibətlər dayanır. Milli maraqlar ölkənin iqtisadi, siyasi, sosial, ekoloji, mədəni, hərbi və s. sahələrində mövcuddur. Milli maraqların dövlət tərəfindən hüquq normaları çərçivəsində müdafiəsi milli təhlükəsizliyin mövcudluğunu zəruri edir. Milli maraqlar milli təhlükəsizliyin təmin edilməsini şərtləndirir. Məhz bu aspektdən yanaşdıqda milli maraqlarla milli təhlükəsizlik bir-birini tamamlayır.

Milli maraqlar anlayışına qanunvericilikdə də aydınlıq gətirilmişdir. Belə ki, Azərbaycan Respublikasının 29.06.2004-cü il, 712-IIQ nömrəli “Milli təhlükəsizlik haqqında” qanununun 6-cı maddəsində Azərbaycan Respublikasının Milli maraqları Azərbaycan xalqının fundamental dəyər və məqsədlərinin, habelə insanın, cəmiyyətin və dövlətin inkişaf və tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusu kimi qeyd olunub.

Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 23.05.2007-ci il tarixli, 2198 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası”nın 2-ci hissəsində qeyd edilir: “Azərbaycan Respublikasının Milli Maraqları dövlətin müstəqilliyinin və ərazi bütövlüyünün qorunması, onun beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının təmin edilməsi, Azərbaycan xalqının vahidliyinin qorunub saxlanması, azərbaycançılıq ideyasının təşviqi, vətəndaş cəmiyyətinin formalaşdırılması, insan hüquq və əsas azadlıqlarının təmin olunması, demokratik və vətəndaş cəmiyyəti təsisatlarının inkişafı, qanunun aliliyi, asayişin təmin edilməsi ilə dövlətin funksiyalarının yerinə yetirilməsini gücləndirmək, əhalinin təhlükəsizliyinin qorunması, beynəlxalq öhdəlikləri yerinə yetirmək, qlobal və regional təhlükəsizlik və sabitliyə töhfə vermək üçün dəyərlərini bölüşdüyü beynəlxalq təşkilatlarla inteqrasiyaya yönəlmiş əməkdaşlığın inkişaf etdirilməsi, bazar iqtisadiyyatının inkişafı, onun hüquqi əsaslarının təkmilləşdirilməsi, iqtisadi sabitliyin təmin olunması məqsədilə daxili və xarici sərmayələr üçün əlverişli şəraitin yaradılması, təbii sərvətlərdən tam səmərəli istifadə edilməsi, davamlı iqtisadi inkişaf, ətraf mühitin qorunması, tədris, elmi və texnoloji potensialın artırılması yolu ilə Azərbaycan xalqının gələcək inkişafının, əhalinin layiqli həyat səviyyəsinin və fiziki sağlamlığının təmin edilməsi, dünya azərbaycanlılarının bölüşdüyü dəyərlərə əsaslanan milli özünəməxsusluğun və həmrəyliyin möhkəmləndirilməsi, Azərbaycan xalqının mədəni- tarixi irsinin və mənəvi dəyərlərinin qorunması, eləcə də ümumbəşəri dəyərlərlə zənginləşdirilməsi, dilinin, özünüdərk, vətənpərvərlik və milli iftixar hissinin, intellektual potensialının inkişaf etdirilməsindən ibarət olması kimi qeyd edilib.

Xarici ölkələrin milli təhlükəsizliklə bağlı qanunvericiliklərinə nəzər salsaq görərik ki, milli maraqlar anlayışına müxtəlif yanaşmalar var.

Belə ki, Rusiya Federasiyası Prezidentinin “Rusiya Federasiyasının milli təhlükəsizlik strategiyası haqqında” 31 dekabr 2015-ci il tarixli 683 nömrəli Fərmanının 6-cı maddəsində Rusiya Federasiyasının milli maraqları fərdin, cəmiyyətin və dövlətin təhlükəsizliyini və davamlı inkişafını təmin etməkdə obyektiv əhəmiyyətli ehtiyaclar kimi qeyd edilib.

Qeyd etmək lazımdır ki, milli maraqlar birbaşa milli təhlükəsizliklə bağlıdır. Bu baxımdan dövlət bütün imkanlarından istifadə edib milli maraqlarını əsaslı şəkildə qorumalıdır. Milli təhlükəsizlik hər bir dövlətin milli maraqlarının həm daxili, həm də xarici münasibətlərdə qorunması, mühafizə olunması ilə bağlı müdafiə tədbirlərinin məcmusudur. Maraqların qorunması və reallaşdırılması hər bir dövlət üçün həyati əhəmiyyət kəsb edən vəzifədir.

“Milli təhlükəsizliyin” etimoloji mənası milli təhlükəsizlik anlayışının özünün genezisini ifadə edən latın sözü “natio” (nəsil, tayfa) sözünə əsaslanır. Bu istilahın müasir anlayışı isə Qərbdə ümumi qəbul olunmuş “national security” (milli təhlükəsizlik) ifadəsindən alınıb. Bu ad altında həyati vacib milli maraqların təmin olunmasına yönəlmiş strategiya başa düşülür. Təhlükəsizliyin ictimai həyat sahələri üzrə əsas tipologiyası bunlardır: siyasi, iqtisadi, informasiya, hərbi, demoqrafik, ekoloji, psixoloji və s. Onlar bilavasitə milli təhlükəsizliyin strukturunu təşkil edir. Milli təhlükəsizliyin təmin olunması dövlət tərəfindən həyata keçirilən siyasi, iqtisadi, hüquqi tədbirlər sistemi, habelə çevik daxili və xarici siyasətlə bağlıdır.

Bundan başqa, milli təhlükəsizlik anlayışına və təhlükəsizlik təhdidləri termininə 1904-cü ildə ilk dəfə Amerika alimlərinə məxsus geosiyasi ədəbiyyatda istifadə olunub. “Milli təhlükəsizlik” termini sonrakı illərdə dünya geosiyasət elmində bir çox dəyişikliklərə məruz qalıb. Əvvəlcə ona daxili məzmun daşıyan məsələlər - əmlakın, şəxsiyyətin və dövlətin mühafizəsi aid edilirdisə, sonradan bu sıraya beynəlxalq və milli təhlükəsizlik məsələlərini də əlavə edildi. 1986–87-ci illərdən etibarən dünya siyasətşünaslığında milli təhlükəsizliyə insanların, cəmiyyətin və dövlətin daxili və xarici təhdidlərdən qorunmasını təmin edən inteqral anlayış kimi yanaşılmağa başlandı.

Bundan əlavə, Amerikalı-ictimai siyasi xadim Valter Lipman (23.09.1989-cu ildə Nyu-york şəhərində anadan olub, 14.12.1974-cü ildə həmin şəhərdə vəfat edib, amerikalı yazıçı, jurnalist, siyasi şərhçi) milli təhlükəsizliyi “Bir xalq müharibədən qaçmaq üçün qanuni mənfəətlərini qurban vermək məcburiyyətində olmadıqda təhlükəsizliyə sahibdir və etiraz edilərsə, onları müharibə ilə qorumağa qadirdir” deyə izah edib.

Amerika Siyasi Elmlər Birliyinin prezidenti Harold Lasvel (12.02.1902-ci ildə İllionis ştatında anadan olub, 18.12.1978-ci ildə Nyu-york şəhərində vəfat edib, politoloq) isə milli təhlükəsizliyi “Milli təhlükəsizliyin fərqli mənası xarici diktədən azad olmaq deməkdir” kimi qeyd edib.

ABŞ-ın 1977-1981-ci illərdə müdafiə katibi vəzifəsində çalışmış Harold Braun isə qeyd edir ki, milli təhlükəsizlik bir xalqın rifahına və hər an bir millət olaraq, bir dövlət olaraq yaşamasına yönəlmiş çox ölçülü təhdidləri aradan qaldırmaq qabiliyyətinin ölçülə bilən vəziyyətini, ölkənin ərazi bütövlüyünü, dünyanın digər ölkələri ilə iqtisadi əlaqələrini ağlabatan şərtlə davam etdirmək, təbiətini, qurumunu və idarəçiliyini kənar müdaxilələrdən qorumaq və sərhədlərinə nəzarət etmək qabiliyyətidir.

Mustafa Kamal Atatürk təhlükəsizliyi təmin edən əsas subyekt kimi dövləti əsas götürərək bunu aşağıdakı kimi ifadə edir: “Hökumətin varlığının səbəbi ölkənin asayişini, millətin hüzur və rahatlığını təmin etməkdir. Bütün ölkədə gerçək bir asayiş hakim olmalıdır. Millət böyük bir hüzur və asayişin içində rahat olmalıdır. Ölkəmizin hər hansı bir guşəsində xalqın təhlükəsizliyini, dövlətin bütövlüyünü və asayişini pozmağa qalxanlar dövlətin bütün qüvvələrini qarşısında görməlidirlər”.

Yuxarıda qeyd olunan fikirləri analiz etdikdə, milli təhlükəsizliyi şəxsiyyət, cəmiyyət və dövlətin müdafiə dərəcəsinin artırılmasına yönəlmiş yekun fəaliyyət kimi qiymətləndirə bilərik. Hər bir dövlət mili maraqlarını təmin etməkdən ötrü təhlükəsizlik mühiti formalaşdırmalıdır. Dövlətin təhlükəsizlik mühiti onun suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, milli maraqları, davamlı inkişafı, əhalisinin rifah və dəyərlərinin qorunmasına təsir edən amillərin məcmusudur. Milli təhlükəsizliyi təmin etmək üçün xüsusi dövlət orqanları fəaliyyət göstərir. Bu fəaliyyət dövlətin nəzərdə tutduğu və qəbul etdiyi proqramlar və qanunlar çərçivəsində reallaşır. Milli təhlükəsizliklə bağlı Azərbaycan Respublikasında yetərincə hüquqi baza mövcuddur.

İlk olaraq qeyd etmək istəyirik ki, 12.11.1995-ci il tarixdə referendumla qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasının preambulasında ölkəmizin milli təhlükəsizliyinin (daxili və beynəlxalq təhlükəsizliyin) əsas özəyini formalaşdıran ülvi niyyətlər sadalanıb:

– Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;
– Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;
– vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;
– xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;
– ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək;
– ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.

Azərbaycan Respublikasının 29.06.2004-cü il tarixli, 712-IIQ nömrəli “Milli təhlükəsizlik haqqında” qanununun 1-ci maddəsində milli təhlükəsizlik – dövlətin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun, xalqın və ölkənin milli maraqlarının, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və xarici təhdidlərdən qorunmasının təmin edilməsi kimi göstərilib.

Həmin qanunda Azərbaycan Respublikasının milli təhlükəsizliyinin obyektləri kimi insan - onun hüquq və azadlıqları, cəmiyyət - onun maddi və mənəvi dəyərləri, dövlət - onun müstəqilliyi, suverenliyi, konstitusiya quruluşu və ərazi bütövlüyü, subyekti kimi isə insanların, cəmiyyətin və dövlətin təhlükəsizliyi maraqlarının və tələbatlarının təmin edilməsi məqsədilə yaradılmış dövlət hakimiyyəti orqanları göstərilib.

Rusiya Federasiyası Prezidentinin “Rusiya Federasiyasının milli təhlükəsizlik strategiyası haqqında” 31 dekabr 2015-ci il tarixli 683 nömrəli Fərmanının 6-cı maddəsində Rusiyanın milli təhlükəsizliyi şəxsiyyətin, cəmiyyətin və dövlətin daxili, eləcədə xarici təhdidlərdən qorunmasını, vətəndaşlarının konstitusiya hüquq və azadlıqlarının həyata keçirilməsini, yaşayış keyfiyyətinin yaxşılaşdırılmasını, suverenlik, müstəqillik, dövlət və ərazi bütövlüyünü, davamlı sosial-iqtisadi inkişafını, ölkənin müdafiəsini konstitusiyada və qanunvericilikdə nəzərdə tutulmuş bütün növ təhlükəsizlikləri, ilk növbədə dövlət, ictimai, informasiya, ekoloji, iqtisadi, nəqliyyat, enerji təhlükəsizliyini və şəxsi təhlükəsizliyi nəzərdə tutur.

Milli təhlükəsizliyin təmin olunmasının hüquqi əsasları

Milli təhlükəsizliyi milli maraqların qorunma və mühafizə olunma sistemi kimi nəzərdən keçirməklə yanaşı, onun təmin edilməsində xüsusilə qeyd etməliyik. Milli təhlükəsizliyin təmin edilməsi dedikdə, ilk öncə milli təhlükəsizliyə qarşı olan real təhdidlərin proqnozlaşdırılması, təhlili, müəyyənləşdirilməsi, baş verə biləcək təhdidlərlərin və qarşısının alınması üzrə tədbirlərin həyata keçirilməsi, milli təhlükəsizliyi təmin edən qüvvə və vasitələrin formalaşdırılması və hazırlığının təmin edilməsi, milli təhlükəsizliyə bilavasitə təhdid və qəsdlərin olması halında bütün qüvvə və vasitələrin səfərbər edilməsi, müvafiq əks-tədbirlərin görülməsi, yaranmış vəziyyətin mümkün nəticələrinin lokallaşdırılması və aradan qaldırılması nəzərdə tutulur.

Bundan başqa, milli təhlükəsizliyin təmin edilməsi dedikdə, dövlət və yerli özünüidarəetmə orqanları tərəfindən vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq edərək, milli təhlükəsizliyə yönəlmiş təhdidlərə qarşı və milli maraqların təmin edilməsi üzrə siyasi, hərbi, təşkilati, sosial-iqtisadi, hüquqi və digər tədbirlərin həyata keçirilməsi başa düşülür.

Milli təhlükəsizliyin təmin edilməsinin 3 istiqamətini əsas istiqamət kimi göstərməliyik:

– milli təhlükəsizliyə qarşı olan təhdidlər;
– təhdidlərin qarşısının alınması üçün görülən tədbirlər;
– təhdidlərlə mübarizə aparan dövlət orqanları.

Milli təhlükəsizliyin təmin edilməsinin əsası insanın təhlükəsizliyini, onun hərtərəfli inkişafı üçün əlverişli şəraitin mövcudluğu, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində ümumdövlət tədbirlərinin həyata keçirilməsi; cəmiyyətin təhlükəsizliyi, xalqın həyati əhəmiyyətli maraq və tələbatlarının, habelə ictimai dəyərlər sisteminin təhlükə və təhdidlərdən qorunması; dövlətin təhlükəsizliyi, dövlətin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun və həyati əhəmiyyətli digər maraqlarının təhdidlərdən qorunmasıdır.

Milli təhlükəsizlik təmin olunarkən aşağıdakı prinsiplər əsas götürülməlidir:

– Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət edilməsi;
– Azərbaycan Respublikasının milli təhlükəsizliyinin vahid dövlət siyasətinə əsaslanması və onun təmin olunması istiqamətlərinin tarazlaşdırılması və əlaqələndirilməsi;
– Azərbaycan Respublikasının milli təhlükəsizliyini təmin edən orqanlar arasında səlahiyyətlərin dəqiq müəyyən edilməsi, onların fəaliyyətinin əlaqələndirilməsi və həmin orqanların bir-birini qarşılıqlı surətdə operativ məlumatlandırması;
– Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təminatı ilə əlaqədar fəaliyyətin həyata keçirilməsinə nəzarət;
– beynəlxalq təhlükəsizlik sistemlərinə inteqrasiya;
– insan, cəmiyyət və dövlətin maraqları arasındakı tarazlığın saxlanılması və onların qarşılıqlı məsuliyyəti.


Hər bir dövlət öz milli təhlükəsizliyini təmin etməkdən ötrü milli təhlükəsizlik strategiyasını müəyyən edir. Milli təhlükəsizlik strategiyası - dövlətin müstəqilliyini, ərazi bütövlüyünü və demokratik inkişaf yolunu, bununla yanaşı, tarazlaşdırılmış xarici siyasətinin çoxşaxəliliyini vurğulayan, şəxsiyyət, cəmiyyət və dövləti xarici və daxili təhdidlərdən qorumağa yönəlmiş siyasət və tədbirlərin məqsəd, prinsip və yanaşmalarının məcmusudur.

Azərbaycan Respublikasının milli təhlükəsizlik strategiyası Azərbaycan Respublikası Prezidentinin 23.05.2007-ci il tarixli, 2198 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası”nda öz əksini tapıb.

Həmin konsepsiyada milli təhlükəsizliyin xarici və daxili siyasət vasitələri ilə təmin olunması qeyd edilib. Təhlükəsizliyin xarici siyasət vasitələri ilə təmin edilməsinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası, Avropa və Avro-Atlantik strukturlara inteqrasiya, beynəlxalq təhlükəsizliyə töhfə, beynəlxalq təşkilatlarla əməkdaşlıq, regional əməkdaşlıq və ikitərəfli münasibətlər, region ölkələri ilə əməkdaşlıq, qeyri-region ölkələri ilə əməkdaşlıq kimi siyasi istiqamətlər daxildir. Təhlükəsizliyin daxili siyasət vasitələri ilə təmin edilməsinə isə iqtisadi və sosial inkişaf, elm, təhsil, mədəniyyət siyasəti və mənəviyyatın, milli və dini tolerantlıq mühitinin qorunması, demokratiyanın, daxili təhlükəsizliyin, sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi, miqrasiya siyasəti, enerji təhlükəsizliyi siyasəti, nəqliyyat təhlükəsizliyi siyasəti, fövqəladə idarəetmə, ətraf mühitin və əhalinin sağlamlığının mühafizəsi, informasiya təhlükəsizliyi siyasəti daxildir.

Bundan başqa, konsepsiyada milli təhlükəsizliyin təmin edilməsinin ən vacib sahəsi kimi müdafiə qabiliyyətinin möhkəmləndirilməsi göstərilib.

Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Konstitusiyasının 9-cu maddəsinin 1-ci hissəsində ölkənin öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədilə silahlı qüvvələr yaratması qeyd olunub.

Hərbi sahədə təhlükəsizliyin təmin edilməsi istiqamətləri Azərbaycan Respublikası Milli Məclisinin 2010-cu il 8 iyun tarixli, 1029-IIIQR nömrəli qərarı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Hərbi doktrinasında göstərilib. Hərbi doktrina milli təhlükəsizliyin təminatı strategiyasının tərkib hissəsi olaraq insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və xarici hərbi və digər təhdidlərdən qorunmasına yönəlmiş hərbi təhlükəsizlik sisteminin konseptual əsasını müəyyənləşdirən sənəddir. Hərbi doktrina hərbi təhlükəsizliyə təhdidlərin vaxtında aşkarlanması, təhlil edilməsi, qiymətləndirilməsi, qarşısının alınması, onlara yetərli müqavimətin göstərilməsi, dövlətin, əhalinin və ərazinin müdafiəyə hazırlanması, səmərəli hərbi təhlükəsizlik sisteminin yaradılması, müharibə və silahlı münaqişələrin qarşısının alınması, silahlı təcavüzün dəf edilməsi ilə bağlı məsələlərə dair Azərbaycan Respublikasının mövqeyini əks etdirir və Azərbaycan Respublikasının bu sahədə müdafiə siyasətini müəyyənləşdirir.

Hərbi doktrinanın 2-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikası xalqın və ölkənin milli maraqlarını təmin etməyə qadir müstəqil, demokratik, hüquqi, dünyəvi, unitar dövlət olaraq, öz inkişafı naminə milli təhlükəsizlik siyasətini müəyyən edir və həyata keçirir. Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin tərkib hissələrindən biri də hərbi sahədə və digər sahələrdə milli maraqların təmin edilməsinə yönəlmiş Azərbaycan Respublikasının müdafiə siyasətidir.

Dövlətlərin milli təhlükəsizliklə bağlı strategiyalarına nəzər saldıqda həmin dövlətlərin milli maraqları və milli təhlükəsizliklərinə qarşı olan real təhdidlərin müxtəlifliyinə görə milli strategiyaları da fərqlidir.

Belə ki, Rusiya Federasiyasının milli təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Rusiya Federasiyası Prezidentinin 31 dekabr 2015-ci il tarixli 683 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rusiya Federasiyasının milli təhlükəsizlik strategiyası haqqında” sənədə nəzər saldıqda həmin fərmanın 1-ci hissəsinin 1-ci bəndində qeyd edilir ki, bu strategiya Rusiya Federasiyasının milli maraqlarını və strateji milli prioritetlərini, milli təhlükəsizliyinin və Rusiya Federasiyasının milli təhlükəsizliyinin gücləndirilməsinə və ölkənin uzun müddətli davamlı inkişafını təmin etməyə yönəlmiş daxili və xarici siyasət sahəsindəki məqsədləri, vəzifələri və tədbirlərini müəyyən edən strateji planlaşdırmanın əsas sənədidir.

Bundan başqa, qeyd olunan hissənin 6-cı bəndində Rusiya Federasiyasında milli təhlükəsizliyin təmin edilməsi - dövlət orqanları və yerli özünüidarəetmə orqanları tərəfindən vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıqda milli təhlükəsizliyə təhdidlərə qarşı yönəlmiş və milli maraqları təmin etməyə yönəlmiş siyasi, hərbi, təşkilati, sosial-iqtisadi, məlumatlandırma, hüquqi və digər tədbirlərin həyata keçirilməsi kimi göstərilib.

Bundan əlavə, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp tərəfindən 18 dekabr 2017- ci il tarixdə imzalanan “Milli Təhlükəsizlik Strategiyası” ilə ABŞ-nın maraqlarının və milli təhlükəsizliyinin həm ölkə daxilində, həm də beynəlxalq aləmdə mühafizə olunması və qorunmasının prioritetləri dörd istiqamətdə müəyyənləşdirilib.

Birinci istiqamət, “Amerika xalqını, Vətəni qoruyun və Amerikanın Həyat Yolu”dur. Buraya ABŞ-ın ərazisinin və sərhədlərinin mühafizəsi, kütləvi qırğın silahlarından müdafiə, bioloji silah və pandemiya ilə mübarizə, sərhəd nəzarəti və immiqrasiya siyasətini gücləndirmək, cihadçı terrorist qruplarla mübarizə, transmilli cinayətkar təşkilatları məhv etmək, kiber hücumlar zamanı amerikanın təhlükəsizliyinin saxlanması, amerikanın dayanıqlığını möhkəmləndirmək kimi niyyətlər aiddir.

İkinci istiqamət, “Amerika rifahını, firavanlığını üstün tutmaq”dır. Bu istiqamətə daxili iqtisadiyyatın yenilənməsi və inkişafı, ədalətli və qarşılıqlı iqtisadi münasibətlərin qurulması, tədqiqat, texnologiya, ixtiraçılıq və innovasiyada öndə olmaq, ABŞ-ın milli təhlükəsizlik innovasiya bazasını tanıtmaq və qorumaq, enerji üstünlüklərini əldən verməmək aiddir.

Üçüncü istiqamət, “Sülhü qorumaq”dır. Buraya Amerikanın rəqabət üstünlüklərini yeniləmək, hərbi, müdafiə sənayesi bazası, nüvə qüvvələri, fəza, kiberməkan, zəka sahəsində inkişaf, rəqabətli, iqtisadi diplomatiya, məlumat bazasının inkişafı daxildir.

Dördüncü istiqamət, “Amerika təsiri”dir. Qeyd olunan istiqamətə tərəfdaşların həvəsləndirilməsi, çoxtərəfli forumlarda üstünlüyün əldə edilməsi, Amerika dəyərlərinin üstünlüyünü qəbul etdirmək aiddir.

Bundan əlavə, ABŞ-ın milli təhlükəsizlik strategiyasında ölkəni qorumaq və milli maraqlarını təmin etmək üçün müxtəlif regionlardan gələ biləcək təhdidlərin xarakteri, miqyası və intensivliyini müəyyən edə biləcək vahid regional strategiyalar müəyyənləşdirmək və ölkənin maraqlarının qorunması üçün Hind-Sakit okean, Orta Şərq, Cənubi və Mərkəzi Asiya, Qərb Yarımkürəsi, Avropa və Afrikada aparılacaq siyasi strategiya göstərilib.

Hesab edirik ki, hər bir dövlətin milli maraqlarının və təhlükəsizliyinin təmin edilməsi baxımından strategiya müəyyənləşdirmək hüququ var və bu hüquq həmin dövlətin özünümüdafiə instinktindən irəli gəlir.

Milli təhlükəsizliyin təmin edilməsinin tərkib hissəsi olan təhlükəsizliyə yönələn təhdidlər və onların qarşısının alınması əsas məsələlərdən biri kimi müəyyən olunmalıdır. Hər bir ölkə təhlükəsizliyinə təhdid kimi müxtəlif amilləri müəyyən edə bilər.

Milli təhlükəsizliyə təhdidlər – ölkənin milli maraqlarının həyata keçirilməsinə mane olan və ya onlara təhlükə yaradan şərait, proses və amillərdir. Milli təhlükəsizliyə mümkün təhdidlər potensial və real ola bilər. Milli təhlükəsizliyinə təhdidlər mənbəyindən asılı olaraq xarici və daxili təhdidlərdən ibarətdir. Milli təhlükəsizliyinə potensial və real, daxili və xarici təhdidlər, əsasən ictimai həyatın siyasi, iqtisadi, sosial, hərbi, informasiya, ekologiya, elm, mədəniyyət və mənəviyyat sahələrində təzahür edir. Azərbaycan Respublikasının “Milli təhlükəsizlik konsepsiyası”nın 3-cü maddəsində təhlükəsizliyimizə təhdid kimi, ölkənin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu əleyhinə qəsdlər, qanunun aliliyinə nail olunması, ictimai asayişin qorunması, insan hüquq və əsas azadlıqlarının müdafiəsi sahəsində dövlət funksiyalarını yerinə yetirməyə qarşı fəaliyyət, separatçılıq, etnik, siyasi və dini ekstremizm, terrorçuluq və kütləvi qırğın silahlarının yayılması, regional münaqişələr və transmilli mütəşəkkil cinayətkarlıq, Azərbaycan Respublikasının enerji infrastrukturuna qarşı fəaliyyət, xarici siyasi, hərbi və ya iqtisadi asılılıq, iqtisadi qeyri-sabitlik, peşəkar insan ehtiyatlarının çatışmazlığı, regional hərbiləşdirmə, ekoloji problemlər və s. amillər göstərilib.

Milli təhlükəsizliyə yönələn təhdidlər ölkələrin yerləşdiyi region, qonşular, iqtisadi və hərbi güc baxımından dəyişir. ABŞ-ın “Milli Təhlükəsizlik Strategiyası”nın giriş hissəsində Amerika Koreya Xalq Demokratik Respublikasını, İran İslam Respublikasını, cihadçı terrorçu və transmilli cinayətkar təşkilatlarının fəaliyyətini özünün milli təhlükəsizliyinə təhdid hesab edir.

Bundan başqa, Rusiya Federasiyasının “Milli təhlükəsizlik strategiyası”nın 6-cı maddəsində milli təhlükəsizliyə təhdid - milli maraqlara birbaşa və ya dolayısı ilə zərər vurma imkanı yaradan şərtlər və amillər toplusu kimi ifadə olunur.

Qeyd olunan strategiyanın 43-cü maddəsində xarici dövlətlərin xüsusi xidmət orqanları tərəfindən həyata keçirilən kəşfiyyat fəaliyyəti, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə cəhd, dövlət orqanlarının işini pozmağa, hərbi və sənaye obyektlərinin fəaliyyətini, əhalinin yaşayışını, nəqliyyat infrastrukturunu məhv etməyə və ya pozmağa yönəlmiş terror və ekstremist təşkilatların fəaliyyəti, kütləvi qırğın silahlarını, radioaktiv silahları ələ keçirməklə zəhərli, kimyəvi və bioloji hücumun təşkil edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin, silah-sursatın, partlayıcı maddələrin qanunsuz dövriyyəsi, qanunsuz miqrasiyanın təşkili və insan alveri ilə əlaqəli cinayətkar təşkilatların, eləcə də qrupların fəaliyyəti, şəxsə, əmlaka, dövlət hakimiyyətinə, ictimai və iqtisadi təhlükəsizliyə qarşı yönəlmiş cinayətlər, korrupsiya Rusiya Federasiyasının təhlükəsizliyinə təhdid hesab edilir.

Milli təhlükəsizliyə qarşı yönəlmiş təhdidlərin qarşısının alınması ilə bağlı funksiyaları bu istiqamətdə səlahiyyətləndirilmiş silahlı qüvvələr və dövlət orqanları həyata keçirirlər. Azərbaycan Respublikasının milli təhlükəsizliyini təmin edən qüvvələr və dövlət orqanları aşağıdakılardır:

– Azərbaycan Ordusu və başqa silahlı birləşmələr;
– Azərbaycan Respublikasının xüsusi xidmət orqanları;
– polis, prokurorluq, gömrük, vergi və digər hüquq mühafizə orqanları;
– sənaye, energetika, nəqliyyat sahəsində işlərin təhlükəsiz görülməsi qaydalarına məsuliyyət daşıyan, rabitə və informasiya təhlükəsizliyini, ətraf mühitin mühafizəsini və əhalinin sağlamlığının qorunmasını təmin edən orqanlar və milli təhlükəsizliyinin təmin olunmasında iştirak edən digər dövlət orqanları.


Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 10.04.1997-ci il tarixli fərmanı ilə təhlükəsizlik şurası yaradılıb. Təhlükəsizlik şurası prezidentin yanında məşvərətçi orqan olaraq vətəndaşların hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunması sahəsində prezidentin konstitusiya səlahiyyətlərini həyata keçirməsinə şərait yaradılmasını təmin edir. Şuranın tərkibinə vitse-prezident, milli məclisin sədri, baş nazir, prezident administrasiyasının rəhbəri, dövlət müşavirləri, baş prokuror, xarici işlər naziri, müdafiə naziri, dövlət təhlükəsizlik xidmətinin rəisi və daxili işlər naziri daxildir. Təhlükəsizlik şurasının iclaslarına prezident sədrlik edir. Şuranın katibi funksiyalarını prezidentin administrasiyasının rəhbəri yerinə yetirərək təhlükəsizlik şurasının fəaliyyətini təmin edir, onun iclaslarının hazırlanmasına rəhbərlik edir. İclasların gündəliyi və məsələlərin müzakirəsi qaydası administrasiya rəhbərinin təqdimatı əsasında prezident tərəfindən müəyyənləşdirilir.

Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2019-cu il tarixli 829 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidməti haqqında Əsasnamə”nin 2-ci maddəsində Təhlükəsizlik Şurası katibinin xidmətinin təhlükəsizliyin təmin edilməsi sahəsində fəaliyyət istiqamətləri müəyyənləşdirilir. Belə ki, həmin xidmət Təhlükəsizlik Şurasının işinin və Təhlükəsizlik Şurası katibinin fəaliyyətinin təmin edilməsi üçün tədbirlər görür, milli təhlükəsizliyin təmin edilməsi, dövlətin müdafiə qabiliyyəti, daxili və xarici təhlükəsizlik məsələlərinin araşdırılmasına, təhlilinə, müvafiq məlumat və təkliflərin hazırlanmasına yönəlmiş fəaliyyəti həyata keçirir, ölkədə milli təhlükəsizliyin təmin olunması ilə bağlı Azərbaycan Respublikasının qanunlarından, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarından irəli gələn məsələlərin icrasını nəzarətdə saxlayır, Azərbaycan Respublikasında milli təhlükəsizliyin vəziyyəti barədə elmi, informasiya və analitik xarakterli iş aparır.

Nəticə

Müasir beynəlxalq aləmdə gedən qloballaşma şəraitində hər bir ölkənin dinamik inkişafı təcrid olunmuş qaydada deyil, əksinə onun geniş beynəlxalq əlaqələrinin formalaşdırılması əsasında mümkündür. Bu səbəbdən də milli təhlükəsizlik problemi, onun səmərəli təşkili günün aktual məsələsi sayıla bilər. Dövlətin milli təhlükəsizliyinin təmin edilməsi ilə bağlı olan sahələr: siyasi, hərbi, iqtisadi, sosial, sənaye, informasiya, ekologiya, elm, mədəniyyət, mənəviyyat və digər sahələrdə milli təhlükəsizlik konsepsiyasının ölkənin inkişaf tempinə, həm daxili, həm də xarici proseslərə və yeni yaranmış milli maraqlara və mövcud şəraitə uyğun sahəvi yenilənməsi təklif olunur. Azərbaycan Respublikası Prezidentinin 23.05.2007-ci il tarixli, 2198 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası”nın tərkib hissəsini təşkil edən siyasi, hərbi, iqtisadi, sosial, sənaye, informasiya, ekologiya, elm, mədəniyyət, mənəviyyat və digər sahələrdə təhlükəsizlik konsepsiyaları ölkənin inkişafı, regionda və beynəlxalq aləmdə gedən proseslər fonunda fərdiləşdirilib dövlətin iqtisadi, sosial, sənaye, informasiya, ekologiya, elm, mədəniyyət və digər sahələrinə aid xüsusiləşdirilmiş təhlükəsizlik konsepsiyalarının qeyd olunan hər sahə üçün ayrılıqda hazırlanması dövlətin ayrı-ayrı sahələrində milli təhlükəsizlik baxımından təkmilləşməyə gətirib çıxaracaq.

Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında aparılan strateji araşdırmaların koordinasiyasını və ali dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin elmi-analitik informasiya təminatını həyata keçirmək məqsədilə 12.11.2007-ci il tarixli 648 nömrəli fərmanı əsasında yaradılıb. Mərkəzin əsas funksiyası daxili və xarici siyasətin ən mühüm inkişaf istiqamətlərini analiz etmək, dünyada baş verən geosiyasi prosesləri, beynəlxalq siyasəti izləmək, təhlil etmək, gələcək inkişaf meyillərinə dair proqnozlar vermək, ciddi proseslərə təsir göstərə bilən faktorlar üzərində tədqiqatlar aparmaq, bütün bu işlər əsasında Azərbaycanın dövlət maraqlarına, milli təhlükəsizliyinə uyğun olan və bu tələblərə cavab verən müxtəlif proqramlar, konsepsiyalar, doktrinalar hazırlamaqdan ibarət idi. Ancaq Azərbaycan Respublikasının Prezidentinin 14.01.2019-cu il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ləğv edilib.

Azərbaycan Respublikasında yuxarıda qeyd olunan məqsədləri yerinə yetirə bilən ixtisaslaşmış qurum hazırda mövcud deyil, bu səbəbdən də ölkədə milli təhlükəsizlik və onun təmin olunması ilə əlaqədar proqramları hazırlayıb tədqiq edən, elmi əsaslarını müəyyənləşdirən Azəraycan Respublikası Prezidenti yanında Milli Təhlükəsizlik İnstitutunun yaradılması təklif edilir. Həmin institut ölkənin milli təhlükəsizliyinin elmi əsaslarının işlənib hazırlanmasında və bu sahədə kadr hazırlığında daha da səmərəli inkişaf tendensiyasını formalaşdırmış olar. Milli təhlükəsizlik İnstitutunda milli təhlükəsizliklə bağlı konsepsiyalar, proqramlar, elmi tədqiqat işləri hazırlanmaqla bu istiqamətdə inkişafa dəstək verə bilər. Qeyd olunan institut milli təhlükəsizliyi təmin edən qurumlarla qarşılıqlı fəaliyyət göstərməsi fonunda həmin qurumların praktik təcrübəsindən istifadə edə bilər, beynəlxalq və yerli təcrübəni öyrənərək dövlət qurumlarında təlim-tədris fəaliyyətini həyata keçirib bu sahədə elmi yeniliklərin və qarşılıqlı fəaliyyətin inkişafına töhfə vermiş olar.

Vüqar Talıbov, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Milli-təhlükəsizlik   DTX  


Bizi "telegram"da izləyin