Döyüş şəraitində hərbi qulluqçuların davranışlarının psixoloji xüsusiyyətləri – ANALİZ

2023/01/1673453712.jpg
Oxunub: 950     14:15     14 Yanvar 2023    
Hər bir dövrdə baş verən silahlı münaqişə və müharibələrin təhlilləri göstərir ki, qalib tərəfin nümayəndələri ən yüksək əzmkarlıq, şücaət, mərdlik, Vətənə sevgi və bu qəbildən olan digər döyüşçü keyfiyyətlərinə malik olmuş, bu hiss və duyğuları sonadək yüksək səviyyədə saxlaya bilmişlər. 1992– 1993-cü illərdə Azərbaycandakı siyasi rəhbərliyin səriştəsizliyi, torpaqlarımızın 20%-nin işğal olunmasına gətirib çıxartdı. 30 ilədək bir müddətdə işğal altında inildəyən torpaqlarımız, 2020-ci il sentyabrın 27-də başlayan və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bilavasitə rəhbərliyi altında aparılan Vətən müharibəsində, qəhrəman ordumuzun bölmələri tərəfindən 44 gün ərzində azad edildi. Müharibənin gedişində hər gün onlarla qəhrəmanlıq nümunələrinin şahidi olurduq. Döyüşlər zamanı yaralanmış hərbi qulluqçularımız tibb personalından ən qısa zamanda döyüş meydanına, öz silahdaşlarının yanına qaytarılmalarını tələb edirdilər. Döyüş meydanında çəkilmiş çoxsaylı video materiallardan da görünür ki, qəhrəman Azərbaycan əsgəri, döyüşə girmədən öncə ən yüksən əhval-ruhiyyədə, xalq mahnılarımızı və muğamlarımızı ifa etməkdən zövq alır və özünü döyüşə kökləyir. Buna misal kimi Dövlət Sərhəd Xidmətinin giziri, Zəngilan döyüşlərində şəhid olmuş Xudayar Yusifzadəni göstərmək olar.

Prezident İlham Əliyev xalqa müraciətlərinin birində demişdir: “... bu gün Azərbaycan Ordusu döyüş meydanında qələbə əldə edibdir. Azərbaycan Ordusu öz üstünlüyünü göstərir, Azərbaycan əsgəri və zabiti yüksək mənəvi-psixoloji keyfiyyətlər göstərir, mənəvi ruh göstərir. Çünki biz öz torpağımızda vuruşuruq, öz torpaqlarımızı azad edirik. Ermənistanın əsgərləri işğalçılardır. Döyüş gedən torpaq onların torpağı deyil”.

Vətən müharibəsində Müzəffər Ordumuzun qalib Ali Baş Komandanı, Prezident İlham Əliyevin ilk gündən qəti qələbə əzminin, mahir siyasətçi və əzmkar sərkərdəlik məharətinin, dönməz və qətiyyətli iradəsinin düşmənə və onun dünyadakı havadarlarına qarşı qalibiyyətli mübarizəmizdə həlledici rol oynadığını, ordumuza və xalqımıza necə güc verdiyini izləməkdən və görməkdən iftixar duyuruq.

Əlbəttə, zaman ötdükcə dövlətimizin və ordumuzun bu tarixi Qələbəsinin bütün tariximizi, milli varlığımızı, dövlətçilik ənənələrimizi, fiziki və mənəvi dünyamızı necə dəyişdiyinin daha çox fərqində olacaq, bunu daha ətraflı dərk edəcəyik.

Sinir sistemi tipləri

Məlumdur ki, hər bir insanın temperamenti onun xarakterinin inkişafının əsasını təşkil edir. Hələ antik dövrlərdə bu termin ilk dəfə yunan həkimi Hippokrat tərəfindən istifadə edilmişdir. Belə ki, o, temperament sözünü işlədərkən, insanın anatomo-fizioloji və fərdi psixoloji xüsusiyyətlərini nəzərdə tuturdu. Fizioloji cəhətdən, temperament insanın ali sinir fəaliyyətinin tipindən asılı olaraq, onun davranışında və həyat fəallığı dərəcəsində özünü göstərir. Hippokrat temperamentləri dörd əsas qrupa (sanqvinik, xolerik, fleqmatik və melanxolik) bölüb.

Təbiidir ki, orduya daxil olan vətəndaşların müxtəlif temperament qruplarından olması, onların sonrakı fəaliyyətlərini psixoloji cəhətdən izah edir. Fərqli temperament və xarakterə malik olan fərdlərin fərqli şəraitlərdə davranış tərzlərinin müxtəlif olması, əslində gözlənilən bir haldır. Mülki həyatda insanların müxtəlif xarakterli davranışları, əsasən, normal hesab olunur və onlara qarşı cəmiyyət tərəfindən tolerantlıq (dözümlülük) nümayiş etdirilir. Döyüş şəraitində isə, hərbi qulluqçuların müxtəlif temperament və xarakterə malik olmasına baxmayaraq, vahid məqsəd və ümumi iradə ilə idarə edilməsi, müvəffəqiyyətin əsas şərti, komandirlərin isə əsas vəzifəsidir.

Bu müvəffəqiyyəti əldə edə bilmə qabiliyyəti isə onların təcrübəsindən və ustalığından asılı olur. Psixoloji və pedaqoji cəhətdən müxtəlif hazırlıq səviyyəsində olan komandirlərdə (rəislərdə) bu qabiliyyətlər müxtəlif formada özünü büruzə verə bilər.

Hərbi qulluqçuların davranış xarakterini müəyyən edən fizioloji amillər arasında sinir sistemi tipi vacib əhəmiyyət kəsb edir. Burada əsas üç sinir sistemi tipi ayırd edilir: güclü, zəif və orta. Hesablamalara görə dəyişən mənfi amillərin artması, zəif tipli hərbi qulluqçularda (belələri 15% təşkil edir) tibbi müdaxiləyə ehtiyacı olan, ciddi psixi pozuntular əmələ gətirir. Bu isə öz növbəsində, müəyyən müddətdə döyüş qabiliyyətinin tam itirilməsinə gətirib çıxardır. Eyni şəraitdə orta tipli hərbi qulluqçularda döyüş fəaliyyəti aktivliyi yalnız qısa müddətdə aşağı düşə bilər (belələri 70% təşkil edir). Güclü tipə aid olan hərbi qulluqçular isə (təqribən 15%-dir) hiss olunacaq psixotravmatik təsirlərə məruz qalmırlar. Hərbi qulluqçu döyüşün müxtəlif növlərində (hücumda, müdafiədə, pusquda və s.) fərqli psixoloji vəziyyətlərə düşür. Bu isə ilk növbədə, döyüşün növündən, onun davamiyyətindən, ağırlıq dərəcəsindən, döyüşçünün ideya cəhətdən hansı səviyyədə olmasından və rəhbər şəxslərin qətiyyətindən (və ya onun olmamasından) asılı olur.

XVIII əsr Prussiya ordusunun generalı K.F.Klauzevits müharibə barədə belə fikir bildirmişdir: “Müharibə – fiziki səylər və iztirablar sahəsidir; onların ağırlığı altında əzilməmək üçün, insanı sınaqlara dözümlü edə bilən mənəvi güc və fiziki qüvvə lazımdır”.

Bütün dövrlərdə aparılan müharibələrdə hücum döyüşü, əsas döyüş növü kimi qəbul edilir. Hücum döyüşünün psixoloji xüsusiyyətləri, onların məqsədinin spesifikası, habelə silahlı mübarizədə istifadə edilən üsul və vasitələrlə izah edilir. Təcrübə göstərir ki. hücum döyüşü hərbi qulluqçular tərəfindən daha çox alqışlanır. Hücuma keçmə faktı döyüşçüdə onun rəhbərlərinin hər bir şeyi düşünüb hesablaması, daha çox qüvvə toplaması və kifayət qədər üstünlük əldə edə biləcəkləri ilə assosiasiya edilir. Hücum zamanı döyüşçünün psixoloji vəziyyətinin dinamikasını əks etdirən bir qanunauyğunluq özünü büruzə verir. Belə ki, hücum – döyüş həyəcanı, ehtiras, ruh yüksəkliyi kimi hissləri oyadaraq insanda qorxu, tərəddüd, ətrafdakı sıxıntı amillərinə kəskin reaksiya hisslərini boğaraq, döyüşçünün bütün imkanlarını, iradəsini səfərbər edir, düşmənə nifrət hissini daha da gücləndirir. Hücum edən tərəfin müəyyən üstünlük əldə etməsi bir çoxlarına məlumdur. Bu fikri qədim dünya sərkərdələrinin də təsdiqlədiyini tarixdə görə bilərik. Karfagenli Hannibal İkinci Pun müharibəsi kampaniyası zamanı, döyüşlərin birindən öncə öz qoşununa belə sözlərlə müraciət etmişdir: “Biz hücum edənik, hücum edənin isə həmişə hünəri və cəsarəti hücumu dəf edənlərdən çox olur. Bizim qaçmağa yerimiz yoxdur, ona görə də bizim üçün qorxaqlıq və acizlik yolverilməzdir. Əgər müvəffəqiyyət düşmənin üzünə gülərsə, qaçıb yaxa qurtarmağı deyil, ölümü döyüşdə axtarmaq lazımdır. Əgər hər biriniz bu sözləri möhkəm yadda saxlayıb, mənimsədinizsə, o zaman siz artıq qalibsiniz, çünki, ölümsüz olan allahların insanlara verdiyi ən iti və müzəffər silah – ölümə qarşı olan nifrətdir”.

Hücumun verdiyi üstünlüklər barədə XX əsrin əvvəllərində, keçmiş sovet hərb sənətinin nümayəndələrindən olan M.V.Frunze, belə fikir bildirmişdir: “Hücum, hər zaman düşmənin psixologiyasına onunla təsir edir ki, artıq tək bununla daha güclü iradə özünü büruzə vermiş olur... Təşəbbüsü əldə saxlayan tərəf, qəfillik məqamını əldə edə bilən tərəf, bir çox hallarda düşmənin iradəsini qırır və bununla da, özü üçün daha da əlverişli şərait yaradır....Hücumun özü, hücum edən tərəfi gücləndirir və ona uğur əldə etməsi üçün daha çox şans verir”. Göründüyü kimi, silahlı bölmələrin hücuma can atması onların psixoloji durumunun da yaxşılaşması üçün imkanlar yaradır. Belə ki, döyüş texnikasının, silah və ləvazimatların döyüşə hazırlanması üzrə tədbirlər, həmçinin hərbi qulluqçular qarşısında qoyulan çoxsaylı tapşırıqlar, onları müəyyən müddətdə psixotravmatik təəssüratlardan yayındırır.

Qeyd etmək lazımdır ki, döyüş əməliyyatlarının baş verdiyi mühit əsas dörd elementdən ibarətdir. Bunlar – təhlükələr, fiziki gərginliklər, qeyri-müəyyənliklər və təsadüflərdir. Sadalanan şəraitlərdə inamla və uğurla irəliləmək üçün şübhəsiz ki, böyük mənəvi və əqli qüvvə tələb olunur. Etiraf etmək lazımdır ki, döyüş əsnasında insanın ürəyinə dolan bütün yüksək hisslərdən ən davamlı və qüvvətlisi – şöhrət və şərəf qazanma istəyidir. Bir çox hallarda bu sözləri şöhrətpərəstlik və şan-şöhrət sözləri ilə əvəzləməyə çalışsalar da, əslində bu belə deyildir. Döyüşün gedişində hər bir döyüşçünün şərəf və şöhrət əldə etmə istəyi, sonda ümumi məqsədə nail olmaq üçün vacib zəmin yaradır. Döyüş şəraitində döyüşçülərin hansısa fəaliyyətlərin birinci olaraq yerinə yetirəcəkləri təqdirdə təşviq edilməsi (hər hansı bir formada mükafatlandırılması) kimi hərəkətlər, yuxarıda göstərilən hisslərin açıq şəkildə büruzə verilməsini təmin etmiş olur.

Tarixə nəzər saldıqda, deyilənləri təsdiq edəcək nümunələri, böyük sərkərdələr Hannibalın, Makedoniyalı İskəndərin, Yulu Sezarın, Çingizxanın, Teymurləngin, Napoleon Bonapartın və başqalarının hərb salnamələrində, həmçinin Birinci və İkinci dünya müharibələrində və müasir dövrümüzdə baş verən müharibələrdə də görmək olar.

Hərb tarixinin böyük sərkərdələrindən olan Karfagenli Hannibal döyüşlərin birində, mühasirəyə aldığı qalanın güclü müqavimətinə rast gəldikdə, qala divarlarına birinci dırmaşan döyüşçüyə qızıl çələng vəd etmişdir. Makedoniyalı İsgəndər orta Asiyaya yürüşü zamanı, döyüşlərin birində, sıldırım qayalıq ərazidə mühasirəyə aldığı qarşı tərəfin müqavimətini qıra bilmədiyi halda, qayalıq üzərinə birinci olaraq çıxacaq döyüşçüyə 12 talant qızıl, ikinci və üçüncü olanlara isə müvafiq olaraq digər məbləğdə mükafat vəd etmişdir. Roma imperatoru Yuli Sezarın “Şəhərdə ikinci olmaqdansa, əyalətdə birinci olmaq daha yaxşıdır” – sözləri isə onun nə dərəcədə birinci olmaq istəyini açıq şəkildə göstərir.

İkinci dünya müharibəsi zamanı, 1945-ci ilin mayında, sovet və müttəfiq qoşunların eyni məqsədlə döyüşməsinə baxmayaraq, Berlinə ilk olaraq hansı tərəfin qoşun birləşmələrinin daxil olma istəyi, həmçinin sovet qoşunları arasında kimin Reyxstaq binasının üzərinə bayrağı birinci olaraq sancmaq şərəfinə nail olma arzusu, yuxarıda deyilənləri bir daha təsdiq edir. Döyüşdə birinci olmaq istəyini, ideoloji baxımdan düzgün formalaşdırmaq, uğur əldə etməyin ən vacib şərtlərindəndir.

Burada əsas diqqət döyüşçüyə ən yüksək insani hisslərin (kişilik, qeyrət, fədakarlıq, vətənə sədaqət və s.) aşılanmasına, öz vətəni uğrunda canından keçməyə hazır olma, düşmənə heç bir halda təslim olmama və komandirlərinə sədaqətli olması kimi keyfiyyətlərin kompleks şəkildə tərbiyə olunmasına yönəldilməlidir. Hələ orta əsrlərdə N.Makiavelli bu məsələ ilə bağlı yazırdı: “Mənəviyyata xüsusi diqqət yetirmək lazımdır: əsgər vicdanlı və dürüst olmalıdır; əgər bu keyfiyyətlər yoxdursa, onda həmin əsgər nizamsızlıq alətinə çevrilir və əxlaqsız olmağa başlayır. Çünki heç kim inanmaz ki, yarıtmaz tərbiyə, insanda heç olmasa zərrə qədər də olsa, tərifəlayiq əsgəri cəsarət yarada bilsin”. Vətən müharibəsi zamanı, qəhrəman əsgərlərimizin, əsir düşmüş düşmənə qarşı mərhəmət hissləri ilə rəftarının, şəhər və kəndlərimizin azad edilməsi zamanı mədəni abidələrin, dini ibadətgahların qorunub saxlanmasının, eləcə də düşməndən götürülmüş hərbi qənimətlərin qorunub saxlanmasının şahidi olduq.

Hücum xarakterli döyüş əməliyyatları, döyüşçünün davranış aktivliyinə öz təsirini göstərir. Hücum fəaliyyətləri enerjisi və dinamikası döyüşçüdə kütləvi qəhrəmanlıq hissi və yaradıcı döyüş təşəbbüskarlığının inkişafına imkan yaradır. Buna, psixoloji yoluxma və yamsılama prosesləri də əhəmiyyətli dərəcədə səbəb olur. Ayrı-ayrı hərbi qulluqçular, cəsarətsiz olduqları halda belə, ümumi döyüş nailiyyətləri, uğurlar və kütləvi döyüş həyəcanı fonunda, fəallıq və müstəqillik göstərə bilirlər. Hücum zamanı, hərbi qulluqçular arasında sosial-psixoloji əlaqələr daha da güclənir və fəallaşır, onların intizamı və “idarəolunmaları” fərqli şəkildə artır. Hərbi qulluqçuların bir sırada fəaliyyətləri, psixoloji vəziyyətlərin müxtəlifliyinə baxmayaraq, daha çox fayda verə bilər. Belə bir fikir də var ki, “cəsur, lakin pərakəndə insanlar, qorxaq, lakin sıx sırada, bütöv şəkildə olan insanlardan dəfələrlə zəifdirlər. Belə ki, vahid sırada hərəkət insanın şüurundakı təhlükələri boğur və ya zəiflədir, halbuki, nizamsızlıq və qarışıqlıq, igidliyi və şücaəti heçə endirir”.

Hərbi qulluqçuların hücum döyüşünə üstünlük verməsi, əlavə olaraq onunla izah olunur ki, burada gözlənilməzlilik və qəfillik kimi psixoloji effektdən istifadə etmək olar. Hesablamalara görə, əməliyyat və döyüşlərdə qələbələrin 65%-nin səbəbi məhz qəfillik effektidir. Hərbi mütəxəssislərin tədqiqatları göstərir ki, hücum edən qoşunların itkiləri qarşı tərəfin itkilərindən iki dəfə çox olduqda hücum fəaliyyətləri dayandırılır.

Qeyd etməliyik ki, hücum fəaliyyətləri, psixoloji cəhətdən, bir neçə çətinliklərlə xarakterizə olunur. Onlardan:

Birincisi – ərazinin naməlum olması amilidir. Başa düşdüyümüz mənada, bu daha çox işğalçı ordusuna aid olan bir məsələdir. Lakin öz torpaqlarını işğaldan azad edən qüvvələr üçün, ərazi bu mənada məlum olsa da, işğal müddətində düşmən tərəfindən bu torpaqlarda, hücum edənlər üçün hücumun dərinliklərində hansı atəş müqavimətinin, mühəndis maneələri sisteminin və müxtəlif növ “tələlərin” quracağını təxmin etmək çox çətin olur. 44 günlük Vətən müharibəsində əyani şəkildə gördük ki, mənfur düşmən Ağdam, Füzuli və Cəbrayıl şəhərlərini, eləcədə yüzlərlə kəndlərimizi sözün əsl mənasında talan və viran etmişdir. Büsbütün dağılmış şəhər, qəsəbə və kəndlərdə nəinki taktiki cəhətdən səmtlənmə işi çətinləşirdi, hətta qələbədən sonra öz yurdlarına qayıdan mülki insanlar bir zaman yaşadıqları yeri tanıya bilmirdilər.

İkincisi – hər bir döyüşçü hücuma getdiyi zaman, müəyyən risk və təhlükəyə məruz qalacağını göz altına almalı olur. Bu isə praktika göstərdiyi kimi, çox çətindir. Rus, amerikan, alman və fransız mütəxəssislərin bu sahədə tədqiqatları göstərir ki, döyüşdə şəxsi heyətin yalnız 25–30%-i tələb olunan fəallığı (səmərəli atəş aparır, yerdəyişmə edir və s) göstərir, digərləri isə təhlükəsiz yerdə gizlənir, psixi və ya fiziki xəsarətalmanı imitasiya edir, yaralıları arxa cəbhəyə “müşayiət” edir, döyüş texnikasının döyüşdən çıxarılmasını “göstərir” və s.

Üçüncüsü – elmi surətdə müəyyən edilmişdir ki, praktiki olaraq hər bir hərbi qulluqçu bilavasitə hücumdan öncə yüksək əsəbilik, narahatlıq, həyəcan və təşviş hissləri keçirir. Bu dövrdə insanların əhvalı qeyri-sabit olur və xoşagəlməz–üzücü əhvaldan, gücləndirilmiş–şən əhvaladək dəyişə bilir.

Zahirən bu hallar yersiz vurnuxma, lazımsız işlərin görülməsi, diqqətin zəifləməsi, toparlanmağı bacarmama, nitqin şuxluğu və gursəsli olması, əl-qol hərəkətlərinin (jestikulyasiya) artması və tez-tez siqaret çəkilməsi kimi əlamətlərdə özünü büruzə verir. Bu zaman hərbi qulluqçuların nəfəs alması (18 dəfə nəfəs alıb verməsi norma sayıldığı halda bu göstərici 30-dək artır), nəbzi (dəqiqədə 125-dək vurması) sürətlənir, bədənin hərarəti isə hətta 39 dərəcəyədək qalxır. Bəzən hərbi qulluqçuların soyuq havada belə üst geyimlərini çıxartmaq istəyi müşahidə olunur. Hücuma getmə qərarı verildiyi anda stress vəziyyəti özünün pik nöqtəsinə çatır. Bu zaman döyüşçü əlavə motivasiyaya (döyüş çağırışı, öz yoldaşlarının qəhrəmanlıq nümunələri, psixoloji cəhətdən özünütənzimləmə və ani iradi səfərbərlik fəndlərini yerinə yetirmə bacarığı) ehtiyac duyur. Döyüşə gedən hərbi qulluqçu xüsusi bir əsəbi vəziyyətdə olur. Buna bir çox hallarda “şok” vəziyyəti də deyilir. Bu zaman döyüşçünün döyüş meydanında iştirakı praktiki olaraq idarəolunmaz olur. Onun döyüş meydanında oriyentasiyası qeyri- adekvat ola bilər, bu isə fəaliyyətlər zamanı yanlış hərəkətlərin çoxalmasına səbəb olur.

Döyüş şəraitində hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyətlərin təhlili göstərir ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun şəxsi heyətində də, yuxarıda göstərilən stress hallarının bu və ya digər formada mövcud olmasına baxmayaraq, digər ölkələrdən fərqli olaraq, qəhrəman Azərbaycan əsgəri yalnız qələbəyə köklənmiş və müqəddəs şəhid adına layiq olmağa çalışıb.

Elə buna görə də 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəmizdə fərdi qəhrəmanlıq qrup və kollektiv qəhrəmanlığı doğurdu, qısa zamanda bu, bütün xalqın qəhrəmanlığına yol açdı. Müharibənin ilk günündən Ali Baş Komandanın tam qələbəyə inamlı çağırışı, zəfər ümidli müraciətləri bütün xalqımızı qəhrəmana çevirdi. Genetik kodlarımızda oturduğuna görə, bu çağırışlar babalarımızın döyüş ruhunu və vərdişlərini dirçəltməyimizə və döyüş meydanında təsdiq etməyimizə gətirib çıxardı. İndi biz də alnıaçıq surətdə qəhrəman xalqların sırasındayıq. Ulu öndər Heydər Əliyev deyirdi: “Milli azadlığa nail olmaq üçün Milli oyanış, Milli dirçəliş, Milli ruhun canlanması lazımdır”. Heç şübhəsiz, bu, öz-özünə baş verən proses deyildi, yalnız ardıcıl milli siyasət yürüdülməsi, məqsədyönlü dövlət strategiyasının həyata keçirilməsi sayəsində tədricən formalaşan, zamanın tələb etdiyi həyati dönüş anında isə oyanmış vulkan kimi püskürən bir prosesdir. Bu milli ruhun və dirənişin üsyan anıdır, özünütəsdiq nöqtəsidir.

Azərbaycan əsgərini döyüşlərə motivə edən maddi dəyərlər deyil, mənəvi dəyərlərdən olan – mərdlik, şücaət və qəhrəmanlıq hissləri idi. Bir çox hallarda yaşı 20–25 arasında olan gənclərimiz yüksək iradi keyfiyyətlər nümayiş etdirirdilər. Ötən 30 il ərzində, o cümlədən Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi dövründə müasir milli təfəkkürə, sağlam düşüncəyə və müstəqil Azərbaycana sonsuz sevgisi ilə fərqlənən yeni gənclik yetişdirildi və milli ruhda tərbiyə edildi. 1992–1993-cü illərdə öz yurdlarından məcburi qaçqın kimi qucaqda gələn körpələr, 2020-ci ildə tanklar və döyüş maşınları üzərində geri qayıtdılar.

Stress və onun qarşısının alınması üzrə tədbirlər

Hərbi qulluqçunun döyüşdə yaşadığı emosional halı stress kimi dəyərləndirmək olar. Stress, insanın ona zərəri olan hər bir şeyə biokimyəvi, fizioloji, psixoloji və davranış reaksiyalarının kompleksidir. Stress nəzəriyyəsinin müəllifi, kanadalı alim Q.Selyenin sözlərinə görə, stress – orqanizmin ona qarşı irəli sürülmüş istənilən tələblərə uyğunlaşmağa və çətinliyin öhdəsindən gəlməyə kömək edən, qeyri-spesifik cavabıdır.

Subyektiv olaraq stress-qorxu, həyəcan, təlaş, hiddət, təqsirkar olma (küsmə), qüssə, eyforiya, ümidsizlik, fövqəladə yorğunluq və s. kimi dərk edilir. Stressin bir neçə dərəcələri qeyd olunur.

Bunlardan biokimyəvi, fizioloji (ağ ciyərdə – oksigen həcminin artması, gözlərdə – itilik və uzaqgörmənin artması, arteriyaların daralması – qan təzyiqi, əzələlərin güclənməsi və s.), psixofizioloji, psixoloji (dərketmə qabiliyyətinin daralması, fikirlərin təhlükəyə cəmlənməsi, həyəcan hissi və motivasiya) və sosial-psixoloji dərəcələri göstərmək olar.

Hərbi qulluqçunun döyüş zamanı neqativ hissləri yaşamasının pik həddi müxtəlif vaxtlarda fərqli şəkildə dəyişir. Bir sıra tədqiqatlarda müəyyən edilib ki, təxminən 30% hərbi qulluqçu döyüşdən əvvəl, 35% döyüşün gedişində və 15% isə döyüşdən sonra qorxu hiss edir. Hərbi qulluqçuların döyüş şəraitində stress vəziyyətində mənfi duyğuları arasında qorxu əhəmiyyətli yer tutur. Qorxu – insanın bioloji və sosial mövcudluğuna təhlükə vəziyyətində yaranan real və ya xəyali təhlükə mənbəyinə yönəlmiş emosiyadan ibarət olur. Qorxunun bir neçə formasını fərqləndirirlər: vahimə, təlaş, nigarançılıq, affektiv qorxu, fərdi və qrup halında çaxnaşma (panika). Sadalanan hisslərin içərisində ən təhlükəlisi – qrup halında olan təlaşdır. Bu hiss qarşılıqlı yoluxma prosesində yayılmağa başlayır, tədricən artmaqda davam edir, şəraiti düzgün qiymətləndirmə, daxili imkanların səfərbər edilməsi qabiliyyətlərinin və birgə fəaliyyətlərin məqsədyönlülüyünün itirilməsi ilə müşayiət olunur.

Çaxnaşmanın katalizatorları kimi çıxış edən hay-küyçülər liderlik əlamətləri olan, lovğa, öz hərəkətlərinin doğru və düzgün olmasına yanlış inam hissi olan, yüksək psixosomatik keçiricilik qabiliyyəti olan, təsirli hərəkətləri və hipnoz gücünə malik qışqırığı olan hərbi qulluqçulardır. Onların bu dırnaqarası bacarığı, qısa zamanda böyük sayda insanları yoluxdura və onların fəaliyyətini tamamilə poza bilər. Bir çox hallarda, distress, psixi proseslərin pozulması, mənfi emosiyaların əmələ gəlməsi, hərəkətlərin koordinasıyasının pozulması, şəxsiyyətin qısa və uzunmüddətli şəkildə haldan–hala düşməsi ilə müşayiət olunur. Onun əsas göstəricisi kimi yorğunluq önə çıxır.

Yorğunluq hərbi qulluqçunun fəaliyyətlərinin effektivliyinə mənfi təsir edir, hissiyyatın, diqqətin, yaddaşın və düşünmə qabiliyyətinin pozulmasına gətirib çıxarır. Amerikalı mütəxəssislərin bu sahədə tədqiqatları, yorğunluğun əsas səbəbi kimi yuxu rejiminin pozulmasını göstərir. Müəyyən edilib ki, yuxusuz halda üç sutka ərzində aktiv şəkildə fəaliyyət hərbi qulluqçular, yorğunluğun artması səbəbi ilə, dördüncü sutkada döyüş qabiliyyətini tam olaraq itirəcəklər. Ardıcıl olaraq altı sutka ərzində, sutkada 1,5 saat yuxu yatan hərbi qulluqçuların döyüş qabiliyyəti 50% aşağı düşəcəkdir. Sutkada üç saat yuxu imkanı olan hərbi qulluqçularda isə doqquz və daha çox sutka ərzində ən yüksək (91%-ə qədər) döyüş qabiliyyəti saxlanılır.

Döyüşün gedişində hərbi qulluqçuların fəaliyyətlərinin xüsusiyyətləri, onların fərdi keyfiyyətləri, hazırlıq səviyyəsi, bölmələrin döyüş ahəngi, komandirlərin nüfuzu, döyüş itkilərinin həcmi və nisbəti həmçinin düşmən qoşunlarının fəaliyyətlərinin xarakteri ilə müəyyən edilir. Döyüş meydanında bir neçə hərbi qulluqçu qorxaqlıq göstərərsə, orada həmin anda olan insan sayı nə qədər çox olarsa, onlar bir o qədər çox dəhşətli və vahiməli qorxunun təsiri altına düşürlər.

Onları bürüyən qorxu, çoxsaylı şayiələr və qorxaq çıxışlar hesabına artır, utandırıcı hərəkətlərlə çoxalır, məyus və azğınlaşmış simaları gördükdə isə daha da güclənir. Qədim yunan filosofu Platonun dediyi kimi, qorxu – bədbəxtliyin gözlənilməsinə səbəb olan ruhun sarsıntısıdır. Belə bir vəziyyətdə komandirlər tabelikdə olanlara nə qədər çox cəsarətli və ürəkli olmağı əmr etsələr də, sonuncular öz vəziyyətlərinin bir o qədər də ümidsiz olduğunu hesab edəcəklər.

Alman hərbi psixoloqu E.Dinter öz araşdırmalarında qeyd edir ki, əsgərlərə, öz qrupunun etibarını itirmək, cəsarətsizlik səbəbindən mənəvi təcrid olunma qorxusu hər bir şeydən çox təsir edir və şücaət göstərməyə imkan yaradır. Hesab edilir ki, öz yoldaşlarının lazımi anda köməyə gələcəklərinə olan inam hissi, hər bir hərbi qulluqçunun qətiyyətli və fədakar hərəkətlərinin vacib şərtlərindəndir.

Hələ eramızdan əvvəl VI –V əsrlərdə qədim Çin sərkərdəsi və hərb nəzəriyyəçisi Sun-Tzu yazırdı: “...hamı bir məqsəddə cəmləndikləri zaman, cəsarətli olanlar tək halda hücuma atıla bilmir, qorxaqlar isə tək halda geriyə çəkilə bilmir”. Deyilənlərdən belə nəticə çıxarmaq olar ki, kollektiv ruh hissinin mövcudluğu, başqa sözlə, kütləvilik halı döyüş meydanında insanların bu və ya digər hərəkətlərini formalaşdırır, onlarda bir-birinin bəhsinə fəaliyyətlər göstərməkdə yarışma hissi yaradır. Vətən müharibəsi zamanı ordumuzun əsgərləri döyüş meydanında qəhrəmanlıq göstərmək və düşmən mövqelərini əldə etmək uğrunda yarışırdılar. Bu sağlam rəqabət hissi, ordumuzu və ümumilikdə xalqımızı, uğrunda çalışdığı qələbəyə anbaan yaxınlaşdırırdı.

Bu döyüş ruhunu yüksək səviyyədə saxlamaq məqsədilə ordumuzda Ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu və fəaliyyəti, dövlət və ordu quruculuğu, milli şüurun dirçəlişi, milli ideologiyanın inkişafı, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi və digər sahələrdəki siyasi irsi dərindən öyrənilir və hərbçilər arasında təbliğ edilir. Ulu Öndərimiz çox gözəl bilirdi ki, ordunun mənəvi-psixoloji durumunu yüksəltmədən itkilərin yerini doldurmaq mümkün olmayacaq. Ona görə də Orduda Ulu Öndər Heydər Əliyevin başlatdığı ilk iş məhz hərbi hissələrdə mənəvi ab-havanın sağlamlaşdırılması, şəxsi heyətin vahid komandanlıq altında idarə edilməsinə yönəldildi. Beləliklə, nəzəri və praktiki əsaslara söykənən ordu quruculuğunun formalaşması prosesi başladı. Biz indi bunun müsbət nəticələrini aydın görürük. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi bu xətti Ali Baş Komandan İlham Əliyev çox uğurla davam etdirir. Bütün sahələrdə olduğu kimi, Azərbaycan Ordusunda da dinamik inkişaf gedir. Dövlətimizin başçısının diqqəti sayəsində əsgərin döyüş əzmi daha da artır. Döyüşçü Ali Baş Komandanını səngərdə görəndə sevinir. Prezidentimizin dəfələrlə cəbhə bölgələrinə səfərini, əsgərlərlə oturub çörək kəsməsini ən yaxşı örnək kimi göstərmək olar Bütün bunlar döyüşən əsgərin mənəvi- psixoloji vəziyyətinin yüksək səviyyədə saxlanmasının əsas istiqamətləridir.

Döyüşün başqa bir əsas növü də müdafiədir. Emosional cəhətdən, müdafiə döyüşləri, bu döyüşlərin davamiyyətinə mütənasib olaraq, müdafiə olunanların öz döyüş imkanlarına inamsızlığı, şəxsi acizliyi və vəziyyətin çıxılmaz olması hisslərinin güclənməsi ilə fərqlənir. Bir qayda olaraq, uğursuzluğa görə bütün məsuliyyət komandirlərin üzərində olduğundan, onların nüfuzunun aşağı düşməsi qaçılmaz olur. Bu isə nəticə etibarilə, döyüş şəraitinin müsbət dəyişə biləcəyinə inamsızlığın, ruh düşkünlüyünün, əsəbiliyin və bədbinliyin (pessimizm) ümumən artmasına səbəb olur. Belə bir halda düşmən tərəfin psixoloji diversiyalarının (təbliğat vərəqələrinin yayılması, səsli və radio–yayımların aparılması və s.) effektivliyinin artması və vahiməli şayiələrin dolaşması üçün əlverişli şərait yaranır.

Davranış cəhətdən, müdafiə hərbi əməliyyatları hərbi qulluqçuların hərbi intizamının idarəolunmasının aşağı düşməsi və bölmələrin mütəşəkkilliyinin zəifləməsi ilə xarakterizə olunur. Psixoloqlara görə, hərbi qulluqçuların müdafiədə psixi vəziyyəti və davranışları, bütünlüklə mövqelərin mühəndis təminatının keyfiyyəti, döyüş sursatı və fərdi müdafiə vasitələri ilə təminatı, qidalanması, vaxtaşırı istirahəti, bekarçılığa, sərxoşluğa, pozğunluğa və düşkün əhval-ruhiyyəyə yol verməsi ilə müəyyən olunur. Bu cür halların vaxtında və qəti şəkildə qarşısının alınması komandirlərin əsas vəzifəsi olmalıdır. Bunun üçün həm inzibati tədbirlərdən, həm də mütəmadi təlim və hərbi oyunlardan bacarıqla istifadə etmək lazımdır. Deyilənə misal olaraq, İran şahı Kambisin oğlu Kirə verdiyi nəsihəti göstərmək olar. O deyirdi: “Qarşıya qoyulacaq tapşırıqların yerinə yetirilməsinə hazır olmaq üçün ordu, düşmənin zərərinə, özünün isə xeyrinə yönələn fəaliyyətləri heç bir vaxt dayandırmamalıdır. Mənim oğlum, bir fəaliyyətsiz insanı yedirtmək çətindir, bütün bir ailəni yedirtmək daha çətindir, lakin ən çətini, gününü boş və mənasız keçirən ordunu saxlamaqdır. Axı ordu çox sayda insanlardan ibarətdir, yürüşə çıxanda özləri ilə çox az azuqə götürürlər, yürüşdə əldə etdiklərini isə ən bədxərc şəkildə israf edirlər. Ona görə də, heç bir vaxt ordunu fəaliyyətsiz qoymaq olmaz”.

Döyüş əməliyyatlarının aparılmasının psixoloji cəhətdən ən çətin elementlərindən biri də gecə döyüşüdür. Gecə döyüşlərinin döyüşçülərin psixoloji imkanlarının inkişaf etdirilməsində istifadə olunmasına dair ilk cəhdlər hələ qədim zamanlarda Heradot tərəfindən təsvir edilib. Plutarx yazırdı ki, “Makedoniyalı İsgəndərin Asiyaya yürüşü zamanı, əsgəri cəhətdən əla hazırlanmış makedoniyalı döyüşçülər, zahirən qorxunc görünən (iri cüssəli, pırtlaşıq saçlı, saqqallı, qəribə geyimdə) tacik əsgərləri qarşısında qorxu hiss edirdilər. Döyüşdə qorxu amilini xaric etməyə cəhd edən bir çox hərbi rəhbərlər makedoniyalı İsgəndərə düşmənlə döyüşləri gecə vaxtı aparmağı təklif edirdilər”.

Qeyd edək ki, gecə şəraitindəki döyüş fəaliyyətləri mənfi və müsbət psixoloji xüsusiyyətlərə malikdir.

Mənfi xüsusiyyətlərə:

– ərazidə səmtlənmənin pozulması;
– yenilik, qeyri-müəyyənlik effektinin təsiri;
– hərbi qulluqçularda əsgəri bacarıqların səviyyəsinin aşağı düşməsi;
– birgə qaydada fəaliyyətlərin çətinləşməsi;
– bölmələrin idarə olunmasının pisləşməsi;
– öz qoşunlarından ayrı düşmək həyəcanının və hissinin artması;
– çaxnaşma və s. hisslərə meylliyin artmasını.


Müsbət xüsusiyyətlərə isə:

– qəfilliyi, mənəvi və təşkilatlanma cəhətdən pozulmuş düşmənlə döyüş əməliyyatları aparmaq imkanının əldə edilməsini;
– zahirən qorxuya səbəb olan düşmən qarşısında qorxu hissini azaltmaq imkanını;
– bəzi fobiyaların təsirinin azaldılmasını aid etmək olar.


Gecə döyüşlərində psixoloji təsir vasitələrindən istifadə olunmasına dair ilk tövsiyələr, bir qədər yuxarıda bəhs etdiyimiz Çin sərkərdəsi və hərb nəzəriyyəçisi Sun-Tzu tərəfindən verilib. O, yazırdı ki, “...onlar bir-birini eşitmədikləri üçün təbilləri, bir-birini görmədikləri üçün isə bayraqları fikirləşmişlər. Ona görə də, gecə döyüşündə təbillərin, gündüz döyüşündə isə bayraqların sayını çoxaltmaq lazımdır”.

Ümumilikdə gecə döyüşünün müəyyən üstünlükləri olsa da, onun mənfi cəhətləri daha çoxdur və hərbi qulluqçuların psixikasına daha çox təsir edir. Ona görə də komandirlər, döyüş əməliyyatlarının günün işıqlanmış vaxtında aparılmasına daha çox üstünlük verməli və tabeliklərində olanların ruh yüksəkliyinin qorunub saxlanması üçün mütəmadi tədbirlər görməlidirlər.

Hücumun gedişi və nəticəsi bir çox hallarda hərbi qulluqçuların döyüşdən sonrakı davranışlarını və psixi vəziyyətlərini müəyyən edir. Döyüşdən sonra, adətən hərbi qulluqçularda tənqidi düşünmək qabiliyyətinin yavaş-yavaş qayıtması, müəyyən işlər görməklə döyüş təəssüratlarından yayınmaq cəhdi, kommunikativ (ünsiyyət) “yuxululuğun” bir qədər azalması və dincəlmək istəyi müşahidə olunur.

Döyüş əməliyyatlarının uğursuz başa çatması halında hərbi qulluqçularda öz gücünə və düşmən üzərində qələbəyə, komandirlərin peşəkarlığına və digər məsələlərdə inamsızlıq əhvalı inkişaf edə bilər. Bu təəssüratlar, böyük sayda insan tələfatı və döyüş texnikasının itkisi olduğu halda, daha kəskin xarakter ala bilər. Belə ki, amerikalı psixoloq R.U.Storma görə, öz qoşunlarından təcrid edilmiş bölmələrin hərbi qulluqçuların mənəvi ruhunun azalması nəticəsində, onların döyüş imkanlarını 48 saat ərzində 50%-ə qədər itirilmiş hesab etmək olar.

Belə halların qarşısının alınmasına hərbi qulluqçulara uğursuzluğun həqiqi səbəblərinin izah edilməsi, döyüş qabiliyyətinin bərpa olunmasının yollarının göstərilməsi, şəxsi heyətin sonrakı fəaliyyətlərə fəal şəkildə hazırlanması, düşmənə qarşı nifrət hissinin gücləndirilməsi (təbliğat və təşviqat işləri), psixi xəsarət almış hərbi qulluqçulara psixoloji yardımın göstərilməsi və s. ilə nail olmaq mümkündür. Rus hərbi psixoloqu S.K.Gerşelman qeyd edir ki, “qoşunlar üçün başa çatmış döyüşün tamamilə məqsədsiz, faydasız olduğunu dərk etməkdən daha çox zərərli bir şey ola bilməz”...”Belə bir qənaət qoşunları rəislərə və beləliklə də bütün sonrakı sərəncamlara inamı itirməyə vadar edir”. Buna görə də komandirlər daima hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyətinin yüksək səviyyədə saxlanması üçün onların qarşısında çıxışlar etməli və sözün sehrli təsirindən bacarıqla yararlanmağa çalışmalıdırlar.

N.Makiavelli qeyd edirdi ki, “Müharibə – əgər sərkərdə əsgərlərlə danışa bilmirsə və ya da buna alışmayıbsa – hər biri qoşunu məhv edə bilən, sonsuz sayda təsadüflər silsiləsidir, çünki, söz, qorxunu yox edir, ruhu alovlandırır, yenilməzliyi möhkəmlədir, yalanı ifşa edir, mükafat vəd edir, təhlükələri aşkara çıxardır, ümid verir, tərifləyir və ya rüsvay edir, ümumiyyətlə insani ehtirasları alovlandırma və ya məhvetmə qabiliyyətinə malik olan qüvvələri yarada bilər”.

Əmrlərinin əsgərlər tərəfindən yerinə yetirilməsini gözləyən komandir nəzərə almalıdır ki, əsgərlər özləri komandirlərin onlara qayğı göstərməsini gözləyirlər. Öz komandirlərinin onları yaxşı tanıdıqlarına olan əminlik əsgərləri komandirlərin gözündə fərqlənmək üçün daha çox imkan axtarmağa məcbur, rüsvayçı və nalayiq hərəkətlərdən çəkinməyə sövq edir. Komandirlərin nüfuzunun yüksək olması onlara inam hissini və onların fəaliyyətlərinin düzgün olduğuna əminliyi daha da artırır. İran şahı Kambisin oğlu Kirə nəsihətində deyir ki: “Sərkərdə və döyüşçü eyni gücə malik olsalar da, eyni bir işi fərqli şəkildə yerinə yetirə bilərlər. Ona ehtiramın göstərilməsini, həmçinin bütün əsgərlərin diqqətinin ona yönəldiyini dərk etdiyindən, ən çətin iş belə sərkərdə üçün əhəmiyyətli dərəcədə yüngülləşir”.

1947-ci ildə Amerikalı general Marşall İkinci Dünya müharibəsində döyüşən piyada bölmələrinin veteranları ilə döyüş şəraitində əsgər və zabitlərin davranışlarını müəyyən etmək məqsədilə sorğu keçirib. Məlum olub ki, əsgər və zabitlərin 25%-dən az hissəsi döyüş zamanı düşmən tərəfə atəş açırdı. Şəxsi heyətin yalnız 2%-i şüurlu surətdə düşmənə atəş açırdı. Eyni vəziyyət Hərbi Hava Qüvvələrində də müşahidə olunurdu. Düşmənin vurulmuş təyyarələrinin 50%-dən çoxu amerikalı pilotların cəmi 1%-nin öhdəsinə düşürdü. Tətqiqatlar zamanı məlum olub ki, harada ki, düşmən, bir insan, fərd və ya şəxs kimi qəbul edilirdisə (piyada döyüşləri, aviasiya duelləri və s.) orada ordunun fəaliyyətləri effektiv olmur və düşmənə dəyən bütün ziyanı praktiki olaraq şəxsi heyətin yalnız 2%-i təmin edirdi. Döyüş meydanında hərbi qulluqçular düşməni görmədikdə isə, tam başqa mənzərə alınırdı. Tank və aviasiya bölmələrində, həmçinin bombardman aviasiyasında bu göstəricilər kifayət qədər yüksək olurdu.

Daha maraqlı bir fakt da ondan ibarətdir ki, hərbi qulluqçuların təqribən 25%-də əlin və ya şəhadət barmağın müvəqqəti iflici baş verirdi. Hətta hərbi qulluqçu solaxay idisə və sol əli ilə atəş açmalı idisə, o zaman iflic məhz həmin ələ və ya barmağa təsir edirdi. Faşist Almaniyasının məğlubiyyətindən sonra, üçüncü Reyxin arxivləri öyrənilərkən, demək olar ki, eyni statistikaya rast gəlinirdi. Şərq cəbhəsində əlin və şəhadət barmağının “donması” epidemiyası şəxsi heyətin 25%-ə qədərini yoluxdura bilmişdi.

Amerikalı psixoloqlar R.Suonk və U.Marşan Pentaqonun sifarişi ilə işləyərək, müəyyən ediblər ki, əgər bölmə 60 gün ərzində fasiləsiz olaraq döyüş əməliyyatları apararsa, o zaman şəxsi heyətin 98%- i ağlını itirməyə başlayır. Qalan 2% isə, psixoloqların fikrincə psixopatlardır. Həmin şəxslərin isə, orduya çağırıldıqdan öncə, psixika ilə bağlı ciddi problemlərinin olması bir fakt kimi öz təsdiqini tapır. Bu tədqiqatların mahiyyəti ondadır ki, insanın instinktləri və ümumən onun biologiyası ona adam öldürməyi qadağan edir. Hələ XVII əsrdə Reç Pospolitayada (müasir Polşa) bu qəbildən araşdırmalar aparılırdı. Alayın əsgərləri atəş meydanında, təlim yoxlaması zamanı 500 hədəfi məhv etmişdilər. Lakin bir neçə gün sonra, döyüşdə bütün alayın atəşi düşmənin yalnız üç əsgərini məhv edə bilmişdi.

Aparılmış bütün bu tədqiqatların nəticələrini, təbii ki, şübhə altına almaq istəməzdik. Lakin bu tədqiqatların hansı ölkələr tərəfindən aparıldığına diqqət yetirsək, görərik ki, bu problemlər üzrə mütəxəssislər əsasən ABŞ, Rusiya, Almaniya və Kanada kimi dövlətləri təmsil edirlər. Araşdırılan döyüş əməliyyatlarının coğrafiyasına nəzər salsaq, burada daha çox İkinci dünya müharibəsində, Əfqanıstanda və İraqda aparılan döyüş əməliyyatlarının tədqiq edilməsi aşkar olunur. Göründüyü kimi, yuxarıda adı çəkilən ölkələr döyüş əməliyyatlarını, əsasən və ya büsbütün öz ölkəsində deyil, başqa dövlətlərin ərazisində həyata keçirirlər (yeni ərazilərin birləşdirilməsi (işğalı), müxtəlif ölkələrə demokratiyanın gətirilməsi adı altında qoşun birləşmələrinin yerləşdirilməsi, vətəndaş müharibələrinə dəstək verilməsi və s.). Bu isə hərbi qulluqçuların döyüş şəraitindəki psixoloji durumuna mənfi və müsbət təsirini göstərir. Mənfi təsirlərə – əraziyə, yerli əhalinin adət və ənənələrinə nabələd olma, əldə ediləcək uğurların onun deyil, kiminsə maraqlarına xidmət edəcəyinə olan əminlik və onun yad ölkədə həyatını itirməsinin ailəsi üçün mənasız olmasını dərketmə kimi hissləri aid etmək olar.

İşğalçı müharibələrdən fərqli olaraq, Vətən torpaqlarının azadlığı uğrunda aparılan döyüş əməliyyatlarında hərbi qulluqçuların davranış psixologiyasına təsir edən amillərdən, döyüş əməliyyatlarının aparılmasına və öldürmək hüququna haqlı olaraq malikolma hissinin formalaşması, ərazini yaxından tanıma, düşməndən qisas ala bilmək imkanının əldə edilməsi və həlak olacağı təqdirdə öz ölkəsinin qəhrəmanına çevriləcəyinə əminlik hisslərini göstərmək olar. Vətəninin müdafiəsinə qalxan döyüşçüdə qorxu hisslərinin azalmasını və əksinə, qorxaq kimi tanınacağından çəkinmə, qəhrəmanlıq göstərmə, düşmənə qarşı daha da əzmlə və sonsuz nifrət hissi ilə vuruşmaq həvəsi artır. Bundan fərqli olaraq, Ermənistanın işğalçı müharibə aparan ordusunda isə, bir çox hallarda muzdlulardan, terrorçulardan və cinayətkar ünsürlərdən də geniş istifadə olunurdu. Muzdluların isə, döyüş əməliyyatları aparılan ərazidə törətdikləri vəhşilikləri və qeyri – insanı davranışları barədə hər bir kəsin kifayət qədər məlumatı var. Hələ orta əsrlərdə N.Makiavelli qeyd edirdi ki, “Əcnəbi könüllülər heç bir vaxt ən yaxşı əsgərlər sırasında olmurlar, əksinə, bunlar – öz ölkəsinin tör-töküntüləri, dələduzları, tənbəlləri, azğınları, allahsızları, evdən qaçanları, əxlaqsızları və qumarbazlardır”. Koalisiya dövlətləri ümumi cəbhədə, vahid məqsədlə döyüşdükləri zaman, müttəfiq qoşunları ilə yanaşı tərəfdaş ölkənin ordusu da bir cəbhədə yer ala bilərlər. Bütün bu mövcud fərqlərə baxmayaraq, onların hamısı üçün xarakterik olan əsas amil – insan amilidir.

Buna misal olaraq, 2020-ci ilin sentyabr ayında, Ermənistanın davamlı hərbi təxribatlarına cavab olaraq başlayan və 44 gün davam edən Vətən müharibəsini göstərmək olar. Müharibənin ilk günündən könüllü şəkildə cəbhəyə yollanan qəhrəman Azərbaycan əsgəri, yalnız işğal olunmuş torpaqlarımızın azad edilməsi amalı ilə döyüşlərə atılırdı. Bu əzmkarlıq, fədakarlıq və şəhidlik zirvəsinə yüksəlmək arzusu nəticəsində Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin bilavasitə rəhbərliyi altında öz tarixi zəfərini əldə etdi. Dağıdıcı silahlarla yanaşı, bütün müsbət xüsusiyyətlərlə – ideoloji möhkəmlik, psixoloji dözümlülük, mənəvi saflıq, döyüş ruhu, qələbə əzmi, Vətən sevgisi ilə də silahlanan Azərbaycan əsgərinin qarşısında düşmən ordusu tab gətirmədi, darmadağın edildi. Hərbi qulluqçularımızda fərdi xüsusiyyətlərin dəyişməsi yalnız müsbət istiqamətə, yəni torpaqlarımızın azad olunmasına və tarixi zəfərin əldə edilməsinə yönəlib. Yuxarıda sadalanan fərdi xüsusiyyətlərin yaranması üçün effektiv təsir mexanizmlərinin yaradılması Ali Baş Komandan İlham Əliyevin Orduya göstərdiyi qayğının və yerlərdə bütün dərəcəli komandirlərin davamlı işi sayəsində mümkün oldu.

Düşmən ordusunu bizim əsgərimizdən zəif, aciz edən də məhz onun sadaladığımız müsbət ideoloji aspektlərdən anlayışsız olmasıdır. Nə üçün vuruşduğunu düzgün anlamayan, kimin üçün savaşdığını dərk etməyən erməni əsgərinin zəifliyi, qorxaqlığı döyüşdə özünü açıq-aydın büruzə verdi. Erməni əsgəri silahını atıb qaçmağa üz tutdu ki, Vətən müharibəsində bunun da şahidi olduq. Ondan fərqli olaraq hansı amal uğrunda ölümə yollandığını şüurlu surətdə dərk edən, özündən əmin olan Azərbaycan Ordusunun bir neçə bölməsi illərlə yalanlarla doyuzdurulan, boş vədlərlə, bəzən zorla səngərlərdə saxlanılan düşmən qüvvələrini əzdi keçdi, zəfər çaldı, qələbə qazandı, ölkəmizi sevindirdi, xalqın gözündə daha da ucaldı.

Ali Baş Komandan İlham Əliyevin Hərbi qənimətlər parkının açılışında çıxışı zamanı – “Şuşa əməliyyatından sonra Ermənistan diz çökdü. Şuşa əməliyyatı ayrıca bir dastandır, o haqda hələ çox danışılacaq. Ancaq Şuşaya gedən hər bir adam o sıldırım qayaları görərkən təsəvvür edə bilmir ki, o alınmaz qala necə alındı. Ancaq peşəkarlıq, rəşadət, qəhrəmanlıq və milli ruh hesabına biz Şuşanı azad etdik və düşmən diz çökdü, qabağımızda başını əydi, ağ bayraq qaldırdı, öz məğlubiyyətini etiraf etdi” – deməsi Azərbaycan ordusunun əsgərinin nə dərəcədə peşəkar və qəhrəman ruhda olduğunu bir daha təsdiq edir.

Azərbaycan əsgərinin misilsiz qəhrəmanlığı, xüsusilə də Şuşanın azad edilməsi əməliyyatı, bu gün dünyanın aparıcı dövlətləri tərəfindən taktiki fəaliyyətlər baxımından öyrənilir. Əlbəttə ki, bu müharibədə göstərilən qəhrəmanlıq nümunələri hələ uzun müddət nəinki hərbi ekspertlər, həmçinin psixoloqlar tərəfindən öyrəniləcək və təhlil ediləcəkdir.

Bütün dövrlərdə baş verən müharibələrin və döyüş əməliyyatlarının tarixinə nəzər saldıqda, tarixin yaddaşında işğalçıların istila etdikləri ərazilərdəki amansız, qəddar və həris hərəkətləri deyil, onlara qarşı müdafiə olunan şəhərlərin, qəsrlərin və ya ayrı-ayrı qarnizonların döyüşçülərinin və sakinlərinin yaratdıqları qəhrəmanlıq salnamələrinin qaldığını görürük. Bu qəhrəmanlıq nümunələrinin yaranmasının əsas səbəbləri məhz yuxarıda sadalanan yüksək insani və vətəndaş hisslərinin varlığıdır.

Nəticə

Nəticə olaraq demək olar ki, döyüşün müxtəlif növlərində, milliyyətindən, irqindən, dini baxışlarından, sosial statusundan və intellekt səviyyəsindən asılı olmayaraq, hər bir hərbi qulluqçunun davranışında, bu və ya digər formada, məlum psixoloji xüsusiyyətlər özünü büruzə verir. Döyüşdən öncə, döyüşün gedişində və döyüşdən sonra hərbi qulluqçu müvafiq olaraq müxtəlif dərəcədə stress hissini yaşayır. Döyüşdən öncə və döyüşün gedişində hərbi qulluqçularda yaranan bu hisslərin düzgün şəkildə nəzarət altına alabilmə və lazımi istiqamətə yönləndirəbilmə qabiliyyətlərinin komandirlərdə olması, döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsi üçün güclü zəmin yarada bilər. Döyüşdən sonra psixoloji travmalara məruz qalmış hərbi qulluqçuların psixoloji reabilitasiyası, tibbi və sosial reabilitasiya ilə kompleks şəkildə bərpa edilməsinin təşkili, onların gələcək fəaliyyətlərinin təmin edilməsi istiqamətində çox vacib şərtlərdəndir. Hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyətinin yüksək səviyyədə saxlanması, onların fərdi xüsusiyyətlərinin yaxından öyrənilməsi, onlara qayğı göstərilməsi, komandirlərin şəxsi nümunə olması və Vətən sevgisinin aşılanması ilə əldə oluna bilər.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin bilavasitə rəhbərliyi altında, İşğal olunmuş torpaqların azad edilməsi uğrunda aparılan 44 günlük Vətən müharibəsində, yuxarıda sadalanan bütün vacib komponentlərin vaxtında və tam həcmdə təmin edilməsi, Azərbaycan Ordusunun parlaq qələbəsini təmin etdi.

Dosent, polkovnik Saleh Rüstəmov, Daxili Qoşunların Ali Hərbi məktəbi
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-ordusu   Döyüş   Psixologiya  


Bizi "telegram"da izləyin