Məqalədə məqsəd yaxın hava dəstəyi əməliyyatlarının tarixini, bu gününü, gələcək perspektivlərini araşdırmaq və dünyanın müasir orduların silahlanmasında yer alan yaxın hava dəstəyi vasitələrini təhlil etməkdir.
Yaxın hava dəstəyi – öz qoşunlarımızın bilavasitə yaxınlığında olan düşmən hədəflərinə qarşı havadan yerinə yetirilən bir fəaliyyətdir. Bu fəaliyyət müxtəlif uçuş aparatları (təyyarə, helikopter, PUA) ilə həyata keçirilir və ümumqoşun bölmələrinin atəş və manevr fəaliyyətləri ilə geniş şəkildə koordinasiya edilməlidir. “Yaxın” anlayışı məsafə yaxınlığından, daha çox taktiki yaxınlıq mənasında izah olunur. Ümumqoşun bölmələrinin döyüş düzülüşündəki atəş dəstək vasitələri taktiki vəziyyətə bağlı olaraq düşməni yormaq, ləngitmək, dayandırmaq, təsir altında saxlamaq, susdurmaq, təsirsiz vəziyyətə gətirmək və ya məhv etmək kimi məqsədlərə tam nail olmadıqda yaxın hava dəstəyi həyata keçirilir. Taktiki üstünlüyü təmin etmək məqsədilə istənilən məkan və zamanda atəş və manevr gücünü toplayaraq öz qoşunlarımızı himayə etmək və ya ümumqoşun komandirinə təşəbbüsü əldə saxlamaq imkanını təmin edən fəaliyyətdir.
Birinci Dünya müharibəsindən sonra hava gəmiləri nəqliyyat, kəşfiyyat və atəş dəstəyi kimi tapşırıqları yerinə yetirməklə dünyada yeni bir müharibə anlayışının ortaya çıxmasına səbəb oldu. Artıq müharibələr sadəcə quru qoşunlarının qarşılaşma döyüşləri ilə deyil, döyüşün müqəddəratını həll edə bilən yaxın hava dəstəyi ilə həyata keçirilməyə başlayıb.
Birinci və İkinci Dünya müharibələri ərəfəsində pərvanəli hava gəmiləri ilə yaxın hava dəstəyində təkcə avtomatik toplardan istifadə olunurdusa, günümüzdə texnologiyanın inkişafı ilə müxtəlif tip hədəflərin sıradan çıxarılması üçün təyyarə və helikopterlərdə tətbiq olunan müxtəlif növ aviasiya zərərvurma vasitələrindən istifadə olunur.
Yaxın hava dəstəyində qabaqcıl ölkələrin təcrübəsi
Təyyarə modeli yaratmaq və ona zireh və atəş gücü səviyyəsini ən yaxşı şəkildə təmin etmək ən çətin işlərdən biridir. Yaxın hava dəstəyini həyata keçirə bilən təyyarələri araşdırarkən onlarda yüksək manevr qabiliyyəti, atəş gücü və güclü zirehin olması kimi xüsusiyyətlər vacib şərt kimi götürülür. Bu tip təyyarələri olan ölkələr sırasında ən öndə ABŞ, Rusiya və Almaniya dayanır. Xüsusi ilə Ikinci Dünya müharibəsi ərəfəsində Hitler ordusu hərəkət edən ümumqoşun bölmələrini havadan açılan atəş ilə qoruyaraq, düşmənin yerləşdiyi yüksəkliklərə qəfil aviasiya zərbələri endirdikdən sonra ümumqoşun bölmələrini o əraziyə istiqamətləndirərək ərazini daha tez və asanlıqla ələ keçirirdi. Bu taktiki üsullardan amerikalılar və ruslar da istifadə etməyə başladı və müharibə artıq yerüstü deyil havada da həyata keçirilməyə başladı. Aradan keçən bu qədər vaxt və texnologiyanın günü gündən inkişafı yaxın hava dəstəyini də təkmilləşdirdi .
İlk növbədə, təyyarələrdəki avtomatik topların sayı artırıldı. Vəziyyət belə olunca təyyarənin böyüklüyü artdı və təyyarə kobudlaşdı, nəticədə təyyarənin manevr etməsi çətinləşdi. Daha sonra təyyarəyə raket sistemləri əlavə edildi. Daha çox raket daşıması üçün təyyarəyə əlavə dartı gücü təmin edilməsi məsələsi ortaya çıxdı. Pərvanəli mühərriklər dövrün texnologiyası ilə ayaqlaşa bilmədi və reaktiv mühərrikli təyyarələr istifadə edilməyə başlandı. O dövrün texnologiyasında qabaqcıl ölkələr olan Rusiya və ABŞ pərvanəli reaktiv mühərrikli hava dəstəyi verə biləcək təyyarələr istehsal etdilər. ABŞ ötən əsrin 45-ci illərində A-1 (AD) Skyraideri silahlanmaya qəbul etdi. Bu təyyarə dövrün parlayan ulduzu idi. Donanma tərəfindən də istifadə edilən bu təyyarə yaxın hava dəstəyi tapşırıqlarını da öz üzərinə götürdü. Daha sonra AM “Mauler”, T-28 “Trojan” kimi təyyarələr ABŞ Ordusu tərəfindən də istifadə edildi. Bəlkə də A-10-nun atası deyə biləcəyimiz təyyarə “Northrop” YA-9 1972-ci ildə istehsal olunaraq ABŞ-ın arsenalına daxil edildi.
Bütün bu inkişaflar əsnasında Rusiya bir çox təyyarə istehsal etmiş, yarısı prototipdə qalıb, yarısı isə 10 ədəddən çox istehsal olunmayıb və sonda təyyarələrdən əldə etdiyi təcrübə ilə Su-25-i silahlanmaya qəbul etdi və bu, hələ də aktiv olaraq uçuş yerinə yetirən təyyarələrdən biridir. Müxtəlif modifikasiyalar həyata keçirilərək hazırda da istifadə edilən həmin təyyarə olduqca ağır silah daşıma imkanına malikdir. Cüt reaktiv mühərriklə təchiz olunan Su-25-ə A-10-un rəqibi deyə bilərik. Bu zaman ABŞ təyyarələrini inkişaf etdirməyə davam etdi və indiki zamanda da ən yaxşı təyyarələrdən biri olan A-10 Thunderboltu silahlanmasına daxil etdi.
Bildiyimiz kimi müasir dövrdə ən yaxşı hava dəstəyi təyyarəsi A-10 Thunderbolt II təyyarəsidir. Təyyarə, yerüstü düşmənin atıcı silahlarının atəşlərinə qarşı əlavə zireh ilə örtülmüş və manevr qabiliyyətini artırmaq məqsədilə iki mühərriklə təchiz edilmişdi. Dizayn və silah daşıma tutumuna görə ABŞ Ordusu bu təyyarəni silahlanmadan çıxara bilmir. 1977-ci ildə silahlanmaya daxil edilən bu təyyarədə müxtəlif modifikasiyalar olunsa da artıq köhnəldiyindən arsenaldan çıxarılması qərara alınmışdı. Yerinə keçəcək təyyarələrə nəzər saldıqda heç biri A-10-un imkanlarına malik olmadığından ABŞ Ordusu təyyarəni yenidən modelləşdirməyə qərar verdi.
Yaxın hava dəstəyi, müştərək atəş dəstəyinin bir elementi kimi düşmən hədəflərini yox etmək, döyüş düzülüşünü pozmaq, susdurmaq və ya ləngitmək üçün hücum və ya müdafiə əməliyyatlarında dəstəkləyici atəş gücünü təmin edir. Döyüş sahələrinin ən məşhur və müvəffəqiyyətli yaxın hava dəstəyi təyyarəsi A-10 Thunderbolt II, ləqəbi “Vəhşi qaban”dır.
Bir neçə modifikasiya edildikdən sonra erkən “təqaüdə çıxmaq” cəhdindən xilas olan və 2028-ci ilə qədər silahlanmada qalacaq A-10 Thunderbolt II, Fairchild Republic Corps tərəfindən 1975 və 1984 illərdə istehsal olunmuş, əsasən, yaxın hava dəstəyi (CAS) təyyarəsi kimi hazırlanmış bir platformadır. Adını Republic Aircraft tərəfindən istehsal olunan və İkinci Dünya müharibəsinin məşhur təyyarələrindən biri olan P-47 Thunderboltdan götürüb. Təyyarəni məşhurlaşdıran əsas faktor burun hissəsindəki 30 mm-lik topu və topun çıxardığı səsdir.
A-10 yeni nəsil bir hücumçu təyyarəsinə duyulan ehtiyaca görə 1966-cı ildə başladılan A-X proqramı çərçivəsində yaradıldı. Təyyarənin məhvetmə, həyatda qalma və sadəlik kimi xüsusiyyətlərə malik olması gözlənilirdi. Aşağı sürət və hündürlüklərdə mükəmməl manevr qabiliyyətinə malik A-10-nun birinci növbəli tapşırıqları arasında yaxın hava dəstəyi, irəli hava nəzarəti, axtarış-xilasetmə və xüsusi əməliyyatlar yer tutur.
Müasir dövrdə yaxın hava dəstəyi
Artıq günümüzdə yaxın hava dəstəyi üçün istifadə edilən bir çox təyyarələr mövcuddur. Bu təyyarələri seçərkən ən əsas üstünlük onların daha az səsli olmsasına və daha az yanacaq sərf etməsinə verilir. Məsələn, Suriyada icra edilən “Fırat Qalxanı” əməliyyatında və ya səhralıq ərazilərdə olan terror qruplaşmalarına hava zərbələri F-16 ilə deyil, yaxın hava dəstəyi təyyarələri ilə həyata keçirilə bilərdi. Xüsusilə F-16-nın istifadə etdiyi MK81-82 ümumi məqsədli bombaları da daşıya bilmələri onları istifadə etmək üçün daha da əlverişli edirdi. Beləliklə daha az yanacaq sərfiyyatı ilə eyni tapşırıq yerinə yetirilmiş olacaqdı. Turbovint mühərriklərinin kəşf olunması və inkişaf etdirilməsi ilə birlikdə yaxın hava dəstəyi təyyarələrinin qarşısı daha da açılmış oldu. Təlim-məşq, kəşfiyyat, yanğınsöndürmə kimi tapşırıqları yerinə yetirmək məqsədilə hazırlanan təyyarələr sahib olduqları turbovint mühərrik sayəsində aktuallaşaraq yaxın hava dəstəyini təmin edəcək mövqeyə gəldilər. Məsələn, Piper PA-48 Enforcer təyyarəsi 1971-ci ildə ilk uçuşunu həyata keçirdi. Həm daşıya bildiyi döyüş yükü, həm də turbovint mühərriki ilə olduqca yüksək imkanlar nümayiş etdirən Piper Aircraft firmasına aid bu təyyarə ABŞ Hava Qüvvələrinə daxil ola bilmədi. Təyyarədən yalnız 4 ədəd istehsal edildi və təyyarə uzun vaxt qiymətləndirmə müddətində qaldıqdan sonra ordu tərəfindən alınmamasına qərar verildi. Daha sonra 1984-cü ildə təkrar ordunun qiymətləndirilməsinə təqdim edilən PA-48 yalnız sınaq uçuşu ilə sonlandı və bir daha silahlanmaya daxil ola bilmədi.
Başqa bir nümunə isə AT-802 təyyarəsidir. ABŞ istehsalı olan bu təyyarə İtaliya tərəfindən yanğınsöndürmə tapşırıqlarını yerinə yetirmək üçün istifadə edildiyi halda (10 ədəd AT-802A Fire Boss- ları var), Birləşmiş Ərəb Əmirliklərində bu təyyarələrə (24 ədəd IOMAX AT-802i BPA modeli var) hədəfi müşahidə və kilidlənməni təmin edən lazımı filir POD sistemləri quraşdırılaraq yaxın hava dəstəyi tapşırıqları üçün istifadə edilir. Bu məqsədlə müxtəlif POD sistemləri yaradıldı və təyyarələrə quraşdırıldı. IOMAX AT-802i BPA təyyarə modeli yaxın hava dəstəyi tapşırıqlarını yerinə yetirmək üçün hazırlanmadığı üçün təyyarəyə quraşdırılacaq POD və silah sistemlərinin təyyarənin aerodinamikasına təsirini aradan qaldırmaq üçün “Centerline Aerodynamic ISR” POD sistemlərindən istifadə olundu. Birləşmiş Ərəb Əmirliklərinin istifadə etdiyi IOMAX AT-802i BPA modellərində Roketsan firması tərəfindən istehsal olunan lazer idarəolunan “Cirit” raketləri var. Bundan başqa təyyarə GBU-12/58 lazer idarəolunan bomba və AGM-114 Hellfire raketləri də daşıya bilir.
Başqa bir Turbovint mühərrikli yaxın hava dəstəyi təyyarəsi A-29 Super Tucanodur (Şəkil 1).
Şəkil 1. A-29 Super Tucano təyyarəsi
1999-cu ildə silahlanmaya daxil olan Braziliya istehsalı A-29 tamamilə yaxın hava dəstəyi tapşırıqlarını yerinə yetirmək üçün hazırlanmış bir təyyarədir. Təyyarə bir necə hava-hava (Python 3/4, AIM-9L Sidewinder, MAA-1 Piranha) və bir necə hava-yer (SMKB-82, AGM-65 Maverick) raketlərindən istifadə edə bilir. Hətta təyyarənin FPG-82 və F-15-lərdə istifadə edilən yüksək dəqiqliyə malik aviasiya bombası olan GBU-39-dan da istifadə edə bilməsi üçün işlər aparılır. İndi yenə bir turbovint mühərrikli təyyarə olan KAI KT-1 Woongbini araşdıraq. Bu təyyarə bir çox müasir orduların Hərbi Hava Qüvvələrinin silahlanmasında yer alır və pilotları səma ilə tanış edən ilk təyyarələrdən biridir. (Türkiyədə gənc təyyarəçilərin hazırlanması zamanı pilotlar ilk olaraq bu təyyarə ilə uçuşlar həyata keçirirlər. Daha sonra reaktiv mühərrikli təyyarə olan Northrop T-38 Talonu istifadə edib tapşırıq yerinə yetirəcəkləri F-16 və ya F-4E eskadrilyalarına göndərilirlər). Cənubi Koreyanın Korea Aerospace Industries (KAI) firması tərəfindən hazırlanan KT-1 təyyarəsi 1991-ci ildə silahlanmaya daxil olub. Əsas olaraq təlim məqsədi ilə hazırlanmış bu təyyarə yaxın hava dəstəyində də istifadə edilir.
Günümüzün ən yeni yaxın hava dəstək təyyarəsi “Textron's Scorpion”dur. ABŞ istehsalı olan təyyarə 2013-cü ildə ilk uçuşunu həyata keçirdi. Təyyarəyə hava-yer raketləri və silah sistemləri quraşdırıldı. Hazırda hər hansı bir Hərbi Hava Qüvvələri tərəfindən aktiv istifadə edilmir. Lakin təyyarənin istehsalçısı olan Textron AirLand və LLC firmaları təyyarənin tanınması üçün dünyanın müxtəlif yerlərində təşkil edilən bir çox aviasərgilərə cəlb olunurlar.
Dünyanın ən güclü orduları sırasında yer alan qardaş Türkiyənin yaxın hava dəstəyində Müdafiə Sənayesinin təlim təyyarəsi olaraq başlatdığı “Hürkuş” layihəsinin bir başqa variantını inkişaf etdirərək Hürkuş-C (Şəkil 2), yəni yaxın hava dəstəyi tapşırıqlarını yerinə yetirə bilmə imkanına malik təyyarə modelini yaratması oldu. Bu təyyarədə qanad altında olmaqla dörd ədəd Cirit PODu, UMTAS və LUMTAS markalı zireh deşici raketlər, GBU-12 markalı lazer özü yönələn aviasiya bombası, raket sistemi, MK-81 və 82 ümumi məqsədli bombaları, MK-106 və BDU-33 markalı mini bombalar, HGK- 3 və KGK-82 idarə olunan aviasiya bombaları daşıya bilir. Təyyarəyə asma vəziyyətində 12.7 mm və ya 20 mm pulemyot quraşdırıla bilər. FLİR sistemi kimi Aselsan firmasının istehsal etdiyi elektron-optik kəşfiyyat, müşahidə və hədəfgöstərmə sistemi olan AselFLİR 300T istifadə edən Hürkuş-C-nin bu yaxınlarda CATS sistemindən istifadə etməsi də gözlənilir. AselFLİR 300T elektron-optik kəşfiyyat, müşahidə və hədəfgöstərmə sistemini istifadə edən “Anka” PUA-ları və T-129 Hücumçu təyyarələrinə də CATS sistemlərinin quraşdırılması planlaşdırılır.
Şəkil 2. Hürkuş-C təyyarəsi
Bu təyyarələr yaxın hava dəstəyi zamanı hansı tapşırıqları yerinə yetirə bilər? Düşmən birliklərinə hücum zamanı yaxın hava dəstəyi təmin edə bilən təyyarələr tərəfindən aviasiya zərərvurma vasitələri ilə düşmənin müdafiə mövqeyindəki dayaq məntəqələrində, sığınacaqlarda olan canlı qüvvə və zirehli texnikalarını məhv edə və ya atəş altında saxlaya bilər.
Yaxın hava dəstəyində helikopterlərin istifadəsi
Sahib olduqları sürət, təsiretmə dərinliyi, manevr qabiliyyəti və hədəfə görə silah seçə bilmə xüsusiyyətləri hücum helikopterlərinə digər dəstək silahlarının çata bilmədiyi hədəfləri atəş altına alma imkanını verir. Atəş helikopterləri hər nə qədər hava hücumundan müdafiə sistemlərinə qarşı həssas olsalar da, tətbiq etdikləri taktiki fəndlər, özünümüdafiə sistemi və uzaq məsafələrə atəş açma, uçuş aparatına gecə və gündüz, sadə və mürəkkəb meteoroloji şəraitlərdə tapşırıq yerinə yetirmə və dəyişən taktiki şəraitlərə tez reaksiya vermə imkanı qazandırıb.
Pərlərin dönməyə başladığı andan etibarən helikopterlər insanlar üçün hər sahədə xidmət etməyə başladı. Yanğın söndürmə, nəqliyyat, kəşfiyyat, əyləncədən turizmə qədər müxtəlif tapşırıqların yerinə yetirilməsində tətbiq olunan helikopterlərin “hücum” tapşırıqlarına diqqət yetirək. Ruslar tərəfindən istehsal olunan və ilk hücum tapşırıqlarını yerinə yetirən helikopter kimi tarixə düşən Mi-1 helikopteri (Şəkil 3) 1948-ci ildə ilk uçuşunu həyata keçirərək 1950-ci ildə silahlanmaya daxil oldu.
Şəkil 3. Mi-1 helikopteri
Helikopterlər, təcili yardım, nəqliyyat və s. kimi bir çox tapşırıqların yerinə yetirilməsində istifadə edildi. Lakin bizim üçün əhəmiyyətli olanı “hücum” variantı idi. Ruslar bu helikopterin həm sol, həm də sağ tərəfinə qanadcıqlar əlavə edərək onu silahlandırdılar. Beləliklə, səmada pərlərini çevirərək atəş açan ilk helikopter tarixə düşdü. Daha sonra əsas məqsədi hücum olaraq istehsal edilən başqa bir rus helikopteri “Mi-4” tarixə keçdi. Bir çox variantda istehsal olunan bu helikopterin əsas tapşırığı nəqliyyat idi. Ancaq Mi-4MU, daşıdığı 1 ədəd pulemyot və raket sistemləri ilə hücum versiyası olaraq qəbul edilir.
Bu helikopterin sualtı gəmilərə qarşı silah daşıdığı 3-cü versiyası Mi-4PL (NATO adı ilə Hound- B), Mi-4VM (VM-12), Mi-4M (NATO adı ilə Hound-C) var. Ruslar “hücum” anlayışını genişləndirərək Mi-24A modelini istehsal etdilər. Beləliklə, dünyada ilk dəfə əsas məqsədi hücum olan bir helikopter istehsal edildi. Bu helikopter desant, yaralı və şəxsi heyəti daşınmaqla bərabər, qanadlarındakı 3 ədəd raket buraxma qurğusu ilə hücum tapşırıqlarını da həyata keçirə bilirdi. Hazırda tətbiq olunan Mi-24 modellərindən fərqli olaraq, bu modelin təyyarə kabinəsi yan-yana iki kreslodan ibarət idi. Ruslar inkişaf edən texnologiyaya uyğunlaşaraq Mi-24-ü sensorlar, FLİRlər, müasir silah sistemləri və pilotaj naviqasiya kompleksləri ilə təchiz etdilər. Beləliklə, günümüzün Mi-35-i meydana çıxdı. Təbii ki, inkişaf edən texnologiya və hücum helikopteri anlayışında lider olmaq üçün başqa yeni növ helikopter modelləri yaratmağa başladılar. 1982-ci ildə ilk uçuşunu həyata keçirən KA-50 helikopteri rusların o dövrdə ən inkişaf etmiş hücum helikopteri idi. Mİ-24 və KA-50 uzun illər Rusiyanın hücum helikopterləri eskadrilyalarında xidmət etdi. Ruslar inkişaf edən texnologiya və təhdidlərə qarşı KA-50- ni modelləşdirməyə qərar verdilər. Helikopterdə oturacaq sayı ikiyə çatdı və müxtəlif sensorlar, FLİR və radar sistemi ilə təchiz edildi. Pilotaj-naviqasiya və silah sistemlərində modelləşdirmələr aparıldı. Ruslar Mi-28 helikopteri təqdim olunana qədər Mi-24 helikopterini silahlanmada tutma qərarı aldılar. Mi-28 helikopteri 2006-cı ildə silahlanmaya daxil olduqdan sonra Ruslar silahlanmada olan helikopterlərini modelləşdirərək günümüzə gətirib çıxardılar.
İndi isə ABŞ-ın istehsal etdiyi helikopterləri araşdıraq. ABŞ Ordusu ilk dəfə Vyetnam döyüşündə istifadə etdiyi UH-1 helikopterləri ilə silahlandırıldı. Rusların hücum helikopterinin hazırlanması istiqamətində gördükləri işləri müşahidə edərək və Vyetnam müharibəsində duyduğu havadan atəş gücü ehtiyacını qarşılamaq istiqamətində işlərə başlandı. Məlum olduğu kimi, AH-1 layihəsi ilk “hücum helikopteri” sinfinə aid helikopterlərin istehsalını nəzərdə tuturdu. Lakin ABŞ dərhal AH-1 modelini işləyib hazırlamadı. Amerika AH-1 hücum helikopteri modelini hazırlayana kimi ilk dəfə 1962-ci ildə, 1945-ci ildə hazırlanan Bell 47 “Sioux” və 1956-cı ildə hazırlanan Bell 204 “İroquois” modellərini təkmilləşdirərək Bell D-255 modelini yaratdı. Təyyarə prototip olaraq qalsa da amerikalılara dizayn olaraq çox böyük bir fayda təmin etdi. Bir il sonra, 1963-cü ildə Bell 207 “Sioux Scoutu” modeli ortaya çıxdı. Bu helikopter amerikalıların ilk praktiki hücum sinfinə aid helikopteri oldu. İlk uçuşunu həyata keçirdikdən sonra bir neçə yoxlamaya cəlb olunan bu helikopter, Emerson Electric DAD-101 taretinin içində iki ədəd 7.62 mm pulemyot daşıyırdı.
ABŞ hücum helikopteri modelinin yaradılması işlərini arası kəsilmədən davam etdirərək, mümkün olan ən yaxşı helikopter modelini yaradaraq, ruslara cavab vermək istəyirdi. 1964-cü ildə “Sikorsky” S- 66 modeli ortaya çıxdı. Yalnız iki ədəd istehsal olundu, lakin dizayn olaraq amerikalılara çox köməkliyi dəydi, çünki bir il sonra bildiyimiz bu helikopter pərlərini çevirməyə başlamışdı və nəticədə Bell 209 “Huey Cobra” modeli yarandı.
Hazırda bir çox modelləşdirmələr aparılıb və müxtəlif variantlara bölünmüş vəziyyətdə günümüzə qədər gəlib çatan AH-1 helikopterinin ilk modelinin istifadə edə bildiyi silahlar yalnız pulemyot və raket sistemləri idisə, bu gün müxtəlif sensor, xəbərdarlıq sistemi, FLİR, müasir silah, pilotaj və naviqasiya sistemləri ilə təchiz edilib. Amerikalılar hücum helikopteri anlayışını daha da inkişaf etdirmək və rusları geridə qoymaq məqsədilə işlərini davam edərkən, 1967-ci ildə daha bir Lockheed AH-56 “Cheyenne” modeli ortaya çıxdı. 10 ədəd istehsal olunan və çox geniş qanad açıqlığı olan bu helikopter daha çox silah daşıma tutumuna malik idi. Lakin helikopterin idarəetmə və rotor sistemindən qaynaqlanan müxtəlif problemlər onun daha çox istehsal olunub istifadə edilməsinə maneə yaratdı. Buna baxmayaraq, daha yaxşı modellərin ortaya çıxmasına köməklik göstərmişdi. 1975-ci ildə iki yeni model ortaya çıxdı. Birincisi, Bell YAH-63 idi. Yalnız üç ədəd istehsal olunan bu helikopter dizayn olaraq, AH-1 modelini xatırlatsa da AH-1 modelindən daha çox silah daşıma imkanına malik idi. Onsuz da əsas məqsəd də AH-1 modelindən daha çox imkana malik bir helikopterin yaradılması idi. Lakin, bu helikopter də qəzaların qurbanı oldu. Yaşanan rotor problemləri və qəzalar səbəbindən layihə də irəliləyə bilmədi.
İkinci layihə isə hər kəsin bildiyi Boeing AH-64 Apache helikopteri (o dövrkü adı ilə YAH-64) idi. 1975-ci ildə hazırlandı və ilk uçuşunu həmin ildə həyata keçirdi. Lakin silahlanmaya 1986-cı ildə daxil edilmişdi. Səbəbi isə helikopterin layihə haqlarının başqa bir firmaya satılması, daha doğrusu onu hazırlayan firma “Hughes Helicopters”in McDonnell Douglas tərəfindən satın alınması idi. İlk AH-64 helikopteri silahlanmaya 1986-cı ildə, ilk AH-64D isə 1997-ci ildə daxil olmuşdu (D modelində AN/APG-78 Longbow atəşi idarəetmə radiolokasiya sistemi var). Bu helikopter də günümüzə qədər bir çox modelləşmələrdən keçib və müxtəlif variantlarda istehsal edilib.
Yüksək atəş və manevr imkanları sayəsində quru qoşunlarına bilavasitə hava dəstəyi vermək üçün təyin olunan T-129 Atak helikopteri (Şəkil 4), ilk növbədə Cirit və UMTAS/LUMTAS idarəolunan raketlərlə və AGM-114 Hellfire, BGM-71 TOW, Hydra 70, Spike-ER tipli tank əleyhinə idarəolunan raketləri tətbiq etmə imkanına malik olmaqla yanaşı, 20 mm-lik top silahını daşıyan Atak FLİR ilə eyni vaxtda işləyən ovçu kaskasına da malikdir. Kaskanı istifadə edən pilot hansı istiqamətə baxarsa FLİR də o istiqamətə dönür və pilota daha rahat görüş və hədəfi izləmə imkanı verir. Meteksan, Atak üçün MİLDAR (müasir həssas hədəf aşkaretmə və müşahidə radarı) işləyib hazırlandı və testləri müvəffəqiyyətlə tamamlandı. AH-64 Longbow modeli üçün hazırlanan bu radar sistemi AH-64 Longbow-ya nəzərən texniki olaraq daha əlverişli və üstündür.
Şəkil 4. T-129 Atak helikopteri
Helikopterlər yaxın hava dəstəyinin ayrılmaz bir hissəsidir. Təyyarələrlə müqayisədə hədəfi daha çox atəş altına saxlama imkanı onları əvəzolunmaz edir. Helikopterdə olan FLİR sistemləri sayəsində bir zirehli vasitənin aşkarlanmasını həyata keçirib anında məhv edə, düşmən qoşunlarını aşkarlayıb, top və ya raket sistemləri ilə ərazini atəş altında saxlaya, öz qoşunlarımızın marağında ərazi və düşmənin kəşfiyyatı və s. kimi tapşırıqları yerinə yetirə bilər. Ümumqoşun bölmələrinin düşdükləri hər hansı bir gözlənilməz şəraitdə ən asan və ilk kömək səmadan dönən pərlərlə gələcəkdir. Bunun üçün helikopterlərin yaxın hava dəstəyindəki rolunu müzakirəyə çıxarmaq belə olduqca mənasızdır.
Yaxın hava dəstəyində PUA-ların istifadəsi
Günümüzdə müasir texnologiya dayanmadan inkişaf edir. PUA–Dron texnologiyası da xüsusilə son 10 ildə çox ciddi bir inkişaf mərhələsini keçib. Bir tərəfdən PUA-lara daha müasir müşahidə sistemləri əlavə edilərkən, digər tərəfdən də silahlandırıldı və anında təsiretmə imkanı təmin edildi.
Əvvəllər dronlar yalnız kəşfiyyat tapşırıqlarını yerinə yetirmək məqsədilə istifadə olunurdusa, günümüzdə artıq atəş və nəqliyyat tapşırıqlarının yerinə yetirilməsində də istifadə olunur.
Yaxın hava dəstəyində dünyanın aparıcı ölkələri arasında ən yaxşı nəticə göstərən Türkiyənin istehsal etdiyi PUA-ların tətbiqini xüsusi vurğulamaq lazımdır. Bu PUA-lar özünü, Türkiyənin regionda apardığı antiterror əməliyyatlarında, eyni zamanda İkinci Qarabağ müharibəsində istər atəş dəstəyi kimi düşmənin taktiki-operativ dərinliyində olan hədəflərə havadan həyata keçirilən zərbələrdə, istərsə də müştərək əməliyyatın marağında kəşfiyyat tapşırıqlarının yerinə yetirilməsində göstərdi.
PUA-lar hava məkanında təyin olunmuş müəyyən bir bölgənin hava kəşfiyyatını aparmaq və həmin ərazidə olan düşmən qoşunlarını atəş altında saxlamaq üçün olduqca effektiv vasitəyə çevrildi. Həm yüksək dəqiqliyə malik atəş gücünün olması, maddi cəhətdən daha ucuz başa gəlməsi, insan itkisi faktorunun sıfıra enməsi, hədəfin aşkarlanması və məhv edilməsi ehtimalının daha yüksək olması havadan yaxın atəş dəstəyi zamanı üstünlüyün PUA-lara verilməsinə gətirib çıxarır. Bayraktar TB-2 Roketsan istehsalı olan MAS-L (lazer başlıqlı mini ağıllı sursat) və MAS-C (özüyönələn başlıqlı mini ağıllı sursat) sursatlarını tətbiq edə və hər qanad altında dörd ədəd bomba daşıma imkanına malikdir.
Anka PUA-nın fərqli versiyaları mövcuddur. Bu versiyaların da özünəməxsus FLİR və naviqasiya sistemləri var. Məsələn, Anka-A-da SAR (Sintetik Açıqlı Radar) sistemləri olduğu halda Anka-B-də bu sistem yoxdur. Peyk idarəetmə və CATS FLİR sistemi ilə təchiz olunan Anka-S, Anka PUA-nın ən inkişaf etmiş versiyalarından biridir (Şəkil 5). Hazırda Anka PUA-nın silahlı versiyası kimi seçilən modeli Anka-A modelidır. Lakin yaxın zamanlarda Anka-S PUA-nın silahlı versiyasının da atışları həyata keçiriləcəkdir. Anka layihələrindən əldə olunan təcrübə sayəsində 1000 kq-a qədər faydalı yük tutumuna malik və uçuş tavanı 15 km-ə qədər olan silahlı Akıncı PUA-nın istehsalı istiqamətində aparılan işlər artıq yekunlaşıb, aparılan test yoxlamaları uğurla nəticələnib. Peyk idarəetməli və SAR radarı olacaq bu layihə PUA sahəsində əldə olunan ən yüksək nailiyyət hesab olunur.
Şəkil 5. Anka-S və Bayraktar TB2 PUA-ları
PUA-ların yaxın hava dəstəyi ilə nə əlaqəs ola bilər? Bu məqamda texnologiya dövrəyə girir və müxtəlif məhsullarla orduların təhlükəsizliyini təmin edir. Nümunə olaraq, silah daşıya bilən PUA-nı göstərmək olar. Müəyyən ərazidə düşmənin cəm və ya tək hədəfini 1 km, hətta daha da uzaq məsafədən məhv etmək üçün istifadə oluna bilər. Bununla da hər hansı bir təyyarə və ya helikopterin havaya qalxmasına ehtiyac olmadan hədəf həmin dəqiqə yerindəcə məhv edilir. Hətta bəzi dronlar özünü hədəfə çırparaq hədəfi məhv edə bilirlər. Beləliklə, daha çox atəş gücü, daha yüksək dəqiqliklə birləşdirilmiş olurlar. Bu tip dronlara kamikadze dronlar deyilir. Müəyyən bir ərazidə şəxsi heyətin təhlükəsizliyini təmin etmək üçün uçuş yerinə yetirən silahlı PUA daşıdığı hava-yer raket və ya bombaları ilə hədəfi aşkarladığı andaca məhv edə bilirlər. Nəticədə bir tərəfdən hədəfin aşkarlanması və məhv edilməsi vaxtı minimuma endirilir, digər bir tərəfdən də ümumqoşun birliklərinin təhlükəsizliyi təmin edilmiş olur. Təbidir ki, müasir zərərvurma vasitələrinə qarşı müasir müdafiə sistemləri – anti–dron sistemləri, REM sistemləri, təyyarə və helikopterlər üçün yaxın-orta mənzilli hava hücumundan müdafiə sistemləri, orta uçuş məsafəli PUA-lar (daha çox uçuş məsafəli və havada qalma müddətinə malik PUA-lar), reaktiv mühərrikli təyyarələr üçün isə daha uzun mənzilli hava hücumundan müdafiə sistemləri mövcuddur.
Yaxın hava dəstəyi tapşırıqlarının yerinə yetirilməsi zamanı ikitərəfli məlumat mübadiləsi
Kəşfiyyat və ya müşahidənin imkan və qabiliyyət üstünlüyü heç vaxt müzakirə edilə bilməz, çünki məlumat gücdən əvvəl gəlir və hava məkanı düşmən fəaliyyətləri haqqında məlumat toplamaq üçün ən əlverişli yerdir.
Yaxın hava dəstəyi sabit və dönən qanadlı hava vasitələri tərəfindən düşmənlə yaxın təmasda olan dost qüvvələrinə havadan həyata keçirilən hər cür dəstək fəaliyyətlərini özündə birləşdirir. Havadan yerinə yetiriləcək bütün tapşırıqlar ümumqoşun bölmələrinin atəş və manevr fəaliyyətləri ilə geniş şəkildə koordinasiya edilməlidir.
Ümumqoşun bölmələri ilə və yaxın hava dəstək tapşırıqlarını yerinə yetirən HHQ bölmələri arasında koordinasiyanı yaratmaq və inkişaf etdirmək məqsədilə ikitərəfli məlumat mübadiləsini təmin edən sistemlər üzərində müasir texnologiyalara əsaslanaraq yeni üsul və vasitələrin inkişafı istiqamətində işlər davam etdirilməkdədir. L-3 Communications və Harris RF Communications firmaları tərəfindən işlənib hazırlanan iki ədəd yüngül və daşına bilər sistem, ümumqoşun bölmələri ilə yaxın hava dəstək tapşırıqlarını yerinə yetirən aviasiya birlikləri arasında məlumat mübadiləsini maksimum səviyyəyə çıxararaq, birliklərin koordinasiyası və idarəolunmasında qarşılıqlı məlumat mübadiləsinin dayanıqlı və fasiləsiz yaradılmasına imkan verir.
L-3 Communications firması tərəfindən işlənib hazırlanan əldə daşına bilər Rover 5 (Şəkil 6) cihazı ilə Harris RF Communications firması tərəfindən işlənib hazırlanan AN/PRC-117 modeli rabitə vasitəsi ilə birlikdə istifadə edildikdə havada kəşfiyyat aparan təyyarə (helikopter) və ya PUA-dan göndərilən məlumatların qəbul edilməsi və eyni zamanda ümumqoşun bölmələrinin işarələdikləri hədəfləri həmin anda təyyarə (helikopter) kabinəsinə ötürülməsini təmin etmək imkanına malikdir.
Şəkil 6. Rover 5 və AN/PRC-117 rabitə vasitəsi
Rover antenaları olan və möhkəm bir dizüstü kompüterə oxşayan bir cihazdır. Döyüş əməliyyatları aparılan ərazidə uçan təyyarə (helikopter) və ya PUA-dan kamera görüntülərini alaraq, digər yerləşmə və hədəf məlumatları ilə birləşdirərək düşmən hədəflərinin yerlərinin qəti və dəqiq bir şəkildə təyin olunmasını təmin edir.
Ümumqoşun istiqamətindən qiymətləndirildikdə isə, yüksək sürətlə uçan hava hücum vasitəsinə hədəf haqqında məlumatı ötürmək olduqca çətin bir tapşırıqdır. Rover ilə hədəf haqqında məlumatı ötürərkən hədəfin hər hansı bir şəkildə ekran üzərində işarələnməsi, eyni zamanda işarələmənin pilotun ekranında da görülməsini və düşmən hədəflərinin tez bir zamanda və yüksək dəqiqliklə aşkarlanmasını təmin etmək imkanına malikdir.
Rover yaxın hava dəstəyi və ümumqoşun birlikləri ilə yaxın hava dəstək tapşırıqlarını yerinə yetirən aviasiya birlikləri arasında koordinasiyanı həyata keçirmək məqsədilə işlənib hazırlanmış ən yaxşı vasitələrdən biridir. Böyük həcimdə məlumatların sürətlə təyyarə (helikopter) kabinəsindəki pilotlara ötürülməsini və ümumqoşun bölmələrinin hədəflərinin pilotlar tərəfindən asanlıqla müşahidə və aşkarlanmasını təmin etmək məqsədilə hazırlanıb.
Nəticə
Beləliklə, aparılan araşdırma bir daha onu sübut edir ki, müasir dövr müştərək əməliyyatlarda yaxın hava dəstəyi əməliyyatlarının planlaşdırılması və həyata keçirilməsi qarşıya qoyulmuş məqsədə nail olmaq üçün əsas fəaliyyətlərdən biri hesab olunur. Bu fəaliyyətin də müvəffəqiyyətlə həyata keçirilməsi üçün müasir, yüksək atəş gücü və manevr qabiliyyətinə malik olan uçuş aparatlarına ehtiyac var. Araşdırmadan bir daha bu nəticəyə gəlmək olar ki, dünyanın qabaqcıl ordularının Hərbi Hava Qüvvələrinin də üstünlük verdiyi, günümüzdə və gələcəkdə yaxın hava dəstəyinin həyata keçirilməsi tələblərinə cavab verə bilən yüngül, yüksək manevr imkanlarına malik, müasir FLİR və POD sistemləri ilə təchiz olunmuş təyyarələrə və uzun müddət havada qalma imkanı və daşıdığı aviasiya zərərvurma vasitələri ilə düşmənin müdafiə mövqeyindəki dayaq məntəqələrində, sığınacaqlarda olan canlı qüvvə və zirehli texnikalarına sarsıdıcı zərbələr endirə və ya onları atəş altında saxlaya bilən silahlı pilotsuz uçuş aparatları ilə təchiz olunması vacib faktorlardandır. Bundan başqa, yaxın hava dəstəyi tapşırıqlarında ən həssas və vacib xüsusiyyəti öz atəşlərimizin koordinasiyasını təşkil edərək qoşunlarımıza zərər vurulmasının qarşısını almaqdır. Təcrübələr göstərir ki, ümumiyyətlə əsas xətalar hədəfi səhv tanıma, koordinatların düzgün verilməməsi, rabitə əlaqəsi zamanı səhv məlumat mübadiləsi, aviatuşlayıcının, yaxın hava dəstəyi tələb edən ümumqoşun bölmələrinin və ya tapşırığı icra edən ekipajın taktiki şəraiti düzgün qiymətləndirməməsi səbəbindən baş verir. Yaxın hava dəstəyi əməliyyatında tapşırıq yerinə yetirən döyüş düzülüşünün bütün elementləri hədəfə atəş açmazdan qabaq öz bölmələrimizin və düşmən qoşunlarının vəziyyəti barədə lazımi məlumata sahib olması qarşıya qoyulmuş məqsədə çatmaq üçün əsas fəaliyyətlərdən biridir.
Polkovnik-leytenant Elçin Əzizov
Ordu.az