İslahatlar yolunda| Silahlı Qüvvələr İkinci Qarabağ Müharibəsindən sonra – ANALİZ

2023/01/1673451285.jpg
Oxunub: 1350     16:19     12 Yanvar 2023    
Kiçik toqquşmaları nəzərə almasaq, ikinci dəfə müstəqillik qazandıqdan sonra Azərbaycan Respublikası ərazisində iki irimiqyaslı müharibə baş verib. Birinci Qarabağ müharibəsində (1992- 1993) Ermənistan ordusu xarici havadarlarının dəstəyi ilə Azərbaycan Respublikasının təxminən 20%- ni işğal etdi.

İkinci Qarabağ müharibəsində (27 sentyabr - 09 noyabr 2020-ci il) Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatları ilə işğal altında olan ərazimizin böyük əksəriyyətini (5 şəhər, 4 qəsəbə və 286 kənd) azad etdi, nəticədə məğlub olmuş düşmən ordusu atəşkəs bəyanatı əsasında digər ərazilərdən çıxmağa məcbur qaldı. Bu iki müharibə arasında təxminən 27 il vaxt fərqi var. Bu müddət ərzində hər iki tərəf öz silahlı qüvvələrində müəyyən islahatlar aparıb və İkinci Qarabağ müharibəsində indiyə qədər baş vermiş dəyişikliklər sınaqdan keçirilib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şanlı Azərbaycan Ordusu qəti qələbə qazanaraq adını tarixin qalib orduları sırasına yazmağı bacarıb. Bu müharibədə Azərbaycanın həm hərbi gücü, həm əsgərinin fədakarlığı və qətiyyəti, həm də xalqının birliyi çox ciddi sınaqlardan keçdi. Bu sınaqların nəticəsinə uyğun olaraq, Azərbaycan Silahlı Qüvvələrinin effektivliyinin artırılması istiqamətində davamlı islahatların aparılması bundan sonra da ölkənin siyasi kursunda öz prioritetliyini saxlamalıdır. Lakin sülh dövründə hərbi islahatların aparılması, hətta illərlə davam edə bilər. Bu baxımdan, bütün sahələr üzrə hərtərəfli islahatın aparılması prosesi tənqidi analitik təhlilin nəticələri ilə dəstəklənməlidir. Elmi ədəbiyyatın təhlili göstərir ki, müstəqillik tariximizdə, ümumiyyətlə hərbi islahatlarla bağlı heç bir tutarlı elmi tədqiqat işi aparılmayıb. Ona görə də Silahlı Qüvvələrin fəaliyyətinin qiymətləndirilməsi istiqamətində tədqiqatların aparılması, elmi-nəzəri əsaslarının işlənməsi və nəticələrinin hərbi islahatların həyata keçirilməsində tətbiqi xüsusi aktuallıq kəsb edir. Məqalədə məqsəd dünyanın aparıcı ordularında reallaşdırılmış hərbi islahatları təhlil etmək, oxşar xüsusiyyətləri nəzərə almaqla, Azərbaycan Silahlı Qüvvələrində yaxın və uzaq perspektivdə hərbi islahatların həyata keçirilməsini şərtləndirən əsas faktorları göstərməkdir. Tədqiqat işində tarixi müqayisəli təhlil və sintez metodlarından istifadə edilib.

Hərbi islahatlar. Retrospektiv təhlil

Hərbi islahat silahlı qüvvələri olan hər bir ölkədə həyata keçirilən davamlı bir prosesdir. Bu proses vacib olduğu qədər də çətindir. Baş vermiş müharibələrin xarakterini nəzərə alsaq, hərbi təşkilatlar dinamik mühitdə hər zaman effektiv olmalıdır. K.F.Klauzeviçin islahatlarla bağlı ideyalarını ümumiləşdirən hərbi ekspert, dosent S.C.Nielsenə görə, bu mühitdə dəyişikliklərin ən azı dörd istiqaməti mövcuddur: siyasi, sosial, iqtisadi və texnoloji. Yəni, bu komponentlərdən asılı olaraq, müharibənin xarakteri dəyişə bilər, bu səbəbdən də hərbi təşkilatlar effektivliyini qorumaq üçün transformasiya etməlidir. Bütün dəyişikliklərin uğurlu olması şərt deyil, lakin bütün hallarda durğunluqdan (yerində saymaqdan) yaxşıdır. Beləliklə, hərbi islahat mövcud resurslar daxilində silahlı qüvvələrin keyfiyyət baxımından transformasiyasını nəzərdə tutan siyasi, iqtisadi, hüquqi, hərbi, texniki və sosial tədbirlər toplusudur.

Təhlillər göstərir ki, bir sıra orduların müharibələrdə qələbə qazanmasının əsas səbəbi vaxtında və düzgün aparılmış hərbi islahatlardır. Məsələn, tədqiqatçı Lorenzo Ruiz general Helmut fon Moltkenin başçılıq etdiyi Prussiya Ordusunun III Napoleonunun rəhbərlik etdiyi ordu üzərindəki qələbəsini (1870- ci ilin sentyabrı, Sedan döyüşündə) XIX əsrin əvvəllərində general Gerhard fon Şarnxorstun təşəbbüsü ilə orduda həyata keçirilən üç təhsil islahatı ilə əlaqələndirir: 1) pilləli təhsil; 2) zəngin tədris planı; 3) tarixi araşdırma. Bu islahatlar Prussiya rəhbərliyinə döyüşdə uğur qazanmaq üçün lazımi imkanlar yaratdı və bu gün də bir çox ölkədə hərbi təhsil sisteminin vacib komponentləri hesab olunur. Orduda həyata keçirilən islahatlar Prussiya Baş Qərargahının formalaşdırılmasında mühüm rol oynayıb. Alman tarixçisi Hajo Holborn Baş Qərargahı “ordunun beyni və sinir mərkəzi” hesab edirdi. Şarnxorst tərəfindən əsası qoyulan təhsil sistemi 1806-cı il Jena-Auerstedt müharibəsindən sonrakı yarıməsrdə Prussiya Ordusunun Baş Qərargahında innovasiya mədəniyyətinin formalaşmasına imkan yaratdı. Orduda həyata keçirilən islahatlar XIX əsrin sonlarında Prussiyanın dominantlıq etməsinə səbəb olan beyinlərin formalaşmasına gətirib çıxardı.

Təxminən 70 illik tarixə malik Çin Ordusunda bu günə qədər təxminən dörd irimiqyaslı hərbi islahat aparılıb. XX əsrin 50-ci illərində hərb elmi və texnologiyanın ibtidai səviyyədən başlayaraq təkmilləşdirilmiş səviyyəyə qədər inkişafı hərbi sistemin yaradılması prosesində strateji tapşırıq kimi müəyyənləşdirilmişdi. 80-ci illərdə kəmiyyətin azaldılması və keyfiyyətin artırılması yolu ilə Çin spesifikasını özündə əks etdirən hərbi sistemin yaradılmasına qərar verildi. 90-cı illərdən etibarən, Çin spesifikası ilə “hərbi məsələlərdə inqilab” və “silahlı qüvvələrin informasiyalaşdırılması” mərhələləri həyata keçirilməyə başlandı. Buradan aydın olur ki, hərbi islahat Çin Silahlı Qüvvələrinin inkişafının leytmotivi olub. Müxtəlif dövrlərdə bir-birini əvəz edən hərbi rəhbərliklər ölkənin ehtiyaclarına və hərbi vəziyyətə uyğun olaraq müasir standartlarla ayaqlaşmaq üçün müəyyən islahatlar həyata keçiriblər.

Lakin tarix göstərir ki, ən uğurlu hərbi islahatlar nəticələrindən asılı olmayaraq, bilavasitə müharibələrdən sonra həyata keçirilib. Məsələn, dünyanın ən güclü ordusuna sahib olan ABŞ-da əsaslı hərbi islahatlar Vyetnam müharibəsindən sonra aparılıb və yeni hərbi standartlar yaradılıb. ABŞ Ordusunda könüllü əsaslarla xidmət də 1970-ci illərdəki hərbi islahatlar nəticəsində qəbul olunub. ABŞ Ordusu, transformasiyanın effektivliyini Körfəz və İraq müharibələri zamanı sübut etdi. Lakin Körfəz müharibələri, İraq müharibəsi və Əfqanıstan təcrübəsi də orduda islahatların həyata keçirilməsində mühüm rol oynayıb.

2008-ci il Rusiya–Gürcüstan münaqişəsindən dərhal sonra hər iki tərəf hərbi islahatları həyata keçirməyə başladı. Həmin ilin avqust ayında rus hərbçiləri qazandıqları qələbəyə görə tərif və mükafat gözlədikləri bir vaxtda orduda genişmiqyaslı islahatlar prosesinə start verildi. İslahatlar prosesi Rusiya Federasiyasının keçmiş müdafiə naziri Anatoli Serdikovun adı ilə bağlıdır. 2014-cü il Krım böhranından sonra Ukrayna müdafiə sahəsində çox ciddi islahatlar həyata keçirildi. Bu islahatlar hələ də davam edir. Siyasi tədqiqatçı Denis Kiryuxin iddia edir ki, islahatlara start verildikdən üç il sonra Ukrayna Ordusunun döyüş qabiliyyəti ölkənin müstəqilliyi tarixində ən yüksək səviyyəyə çatdı. Tədqiqatçı bildirir ki, bu islahatlar nəticəsində Ukrayna Ordusu tənəzzül vəziyyətindən xilas oldu. Bununla yanaşı, tədqiqatçı qeyd edir ki, islahatların yekunlaşmasından söhbət gedə bilməz. O, islahatlar prosesində qarşıya çıxan aşağıdakı problemləri göstərmib: 1) zəif idarəetmə (sovet idarəetməsi); 2) korrupsiya; 3) maliyə çatışmazlığı. Rusiya, öz növbəsində 2014-cü ildən etibarən islahatları davam etdirir. İslahatlar prosesinin bu mərhələsinin memarı Rusiya Federasiyasının hazırkı müdafiə naziri Sergey Şoyqu hesab olunur. Türkiyə Ordusunda ən ciddi islahatlar 2016-cı ilin iyul ayında hərbi çevrilşə cəhddən sonra həyata keçirilib. Elə həmin il orduda irimimiqyaslı təmizləmə aparıldı və cəmi bir ay ərzində bütün general və admiralların 40%-i istefaya göndərildi, 99 polkovnik isə general və ya admiral rütbəsinə yüksəldi. Eskişehir Osmanqazi Universitetinin dosenti Ramazan Ərdağ iddia edir ki, 2016-cı ilə qədər Türkiyə Ordusunda strateji səviyyədə həyata keçirilən islahatlar uğurlu olsa da, əməliyyat səviyyəsində ciddi nöqsanlar var idi və bu da hərbi çevrilişə cəhdlə nəticələndi. Lakin 2016-cı ildən sonra Türkiyə Ordusunda əməliyyat səviyyəsində çox uğurlu islahatlar aparılıb. İstənilən halda, yeni hərbi islahat ölkənin hərbi gücünün növbəti illər, hətta onilliklər ərzində inkişaf istiqamətini müəyyənləşdirir.

Lakin bu, o demək deyil ki, hərbi islahatlar hər zaman müsbət nəticə verir. Məsələn, Gaius Mariusun həyata keçirdiyi hərbi islahatlar Roma Respublikasına ən təhlükəli düşməndən belə ciddi zərbə vurmuşdu. Mariusun islahatları ordunu peşakarlaşdırmaqla ölkəni gücləndirmək məqsədi daşıyırdı, lakin əks-effekt yaradaraq onun tənəzzülünə səbəb oldu. Belə ki, hərbi islahatların ən vacib elementi təqaüdə çıxan və torpağı olmayan əsgərlərə (capite censi) fərdi torpaq sahələrinin verilməsindən ibarət idi ki, bu da orduda döyüş ruhunun yüksəldilməsinə hesablanmışdı. Çünki torpaq sahəsi bir əsgərin həvəslə döyüşməsi üçün ən tutarlı səbəb idi. Lakin bu səlahiyyət dövlətə deyil, orduda xidmət edən ayrı-ayrı generallara həvalə edildi. Onlar isə bu imtiyazlarından öz siyasi ambisiyaları üçün istifadə etməyə başladılar. Lusius Kornelius Sulla bu imtiyazdan istifadə edən ilk general oldu və e.ə. 88–82-ci illərdə Roma üzərinə yürüşlər etdi. General Sullanın hərəkətləri sonradan digər generallar tərəfindən də təkrarlandı. Beləliklə, fərdi torpaq sahələri və ya qənimət əldə edəcəklərini düşünən əsgərlər öz generallarına daha çox sədaqət nümayiş etdirməyə başladılar. Bununla da Mariusun islahatları nəticəsində Roma legionerləri onlara heç bir təqaüd perspektivi vəd etməyən dövlətə inamlarını itirdilər. Belə ki, əgər əsgərin bir generalın rəhbərliyi altına qənimət əldəetmə imkanı az idisə, o, dövlətin maraqlarını düşünmədən bu imkanı təmin edən digər bir generalın tabeliyinə keçməyə üstünlük verirdi. Bu baxımdan, Sulla və Sezar qənimət imkanları təklif etməklə, öz əsgərlərinin sədaqəti və inamını qazanmış iki ən güclü general idi. Uğursuz hərbi islahatlara nümunə olaraq, XVIII əsrdə Osmanlı Ordusunda aparılmış qərbyönümlü islahatı göstərmək olar. Həmin hərbi islahatların tarixi üç fərqli dövrə və ya mərhələyə bölünür. Hər bir mərhələ yeni və kritik bir xarici təhdidə cavab olaraq başladılmışdı. Bütün mərhələlərdə qərbə inteqrasiya genişləndi və buna uyğun olaraq avropalıların iştirakı daha da artdı. Ancaq islahatlar fiaskoya uğradı. III Səlimin (1789–1807) dövrünə təsadüf edən son və ən əhatəli mərhələ tamamilə uğursuzluqla nəticələndi və dövləti parçalanma astanasına gətirdi. Beləliklə, əgər hərbi islahat vaxtında və düzgün aparılarsa, onda ölkənin milli müdafiə və ordu quruculuğu da müvafiq qaydada inkişaf edər.

Hərbi islahat təşəbbüsü kimdən gələ bilər? Belə bir yanaşma var ki, hərbi islahat təşəbbüsü ən ali səviyyədən, məsələn, ölkə prezidentindən və ya baş nazirdən (idarəçilik sistemindən asılı olaraq) gəlməlidir. Professor Barri Posen bu yanaşmanı dəstəkləyən tədqiqatçılardandır. O, iddia edir ki, mülki rəhbərlər istədikləri təqdirdə hərbi yenilik (innovasiya) baş verir. Posen etiraf edir ki, zəruri dəyişiklikləri icra etmək üçün mülki şəxslərin lazımi təcrübəsi olmaya bilər, buna görə də onlar hərbi biliyə və ya inqilabi yaradıcılığa malik şəxslərdən faydalanırlar. Bir sıra tədqiqatçılara, məsələn, professor Stefan Rosenə görə, hərbidə ən uğurlu yenilikləri ənənəvi təhsil və təcrübəyə malik ali hərbi rəhbərlik edə bilər. Eyni zamanda o, iddia edir ki, inqilabi yaradıcılığa malik şəxslər innovasiyanın effektiv təşəbbüskarı ola bilməz, çünki dəyişikliyi reallaşdırmaq üçün hərbi qurumdakı statusları onların təşkilati səlahiyyət qazanmalarını mümkünsüz edir. Professor Elizabet Kier də hərbi doktrinalara “mülki müdaxiləni” qəbul etmir. Tədqiqatçıya görə, mülki siyasi qərarlar sadəcə hərbi seçimlərin edildiyi mühiti formalaşdırır. Dosent Deborah Avant da iddia edir ki, təfsilatlı hərbi doktrinanın hazırlanmasında əsas məsuliyyət hərbi liderlərin üzərindədir. Bu baxımdan, dünyada ən uğurlu hesab olunan hərbi islahatlar Prussiya Ordusunun zabiti general Gerhard fon Şarnxorst və ABŞ Ordusunun keçmiş Baş Qərargah rəisi general Villiam Vestmorland tərəfindən həyata keçirilib. Professor Kimberli Zisk qeyd edir ki, zabitlər milli təhlükəsizlik üzrə peşəkarlar kimi nəzərdən keçirilməli və dövlətin təhlükəsizliyi onların potensial düşmənləri qiymətləndirmə nəticələri əsasında təmin olunmalıdır. Posenə görə, zabitlər xarici ordularda baş verən inkişafı daha yaxşı dəyərləndirir.

Beləliklə, həm Zisk, həm də Posenin fikrincə, zabitlər xarici ordularda baş verən inkişafdan öz planlarını uğurla həyata keçirmək üçün istifadə edə bilirlər. Bir çox orduların təcrübəsinin təhlili göstərir ki, ən uğurlu islahatların təşəbbüskarları hərbi liderlər olub ki, bu da ikinci yanaşmanın daha məntiqli olduğunu göstərir. Lakin hərbi islahat siyasi, iqtisadi, hüquqi, hərbi, texniki və sosial tədbirləri əhatə etdiyindən dövlətin bilavasitə dəstəyi olmadan heç bir nəticəyə nail olmaq mümkün deyil.

Digər bir məsələ hərbi islahatlar prosesinin müddəti ilə bağlıdır. Qeyd etdiyimiz kimi, hərbi islahatlar davamlı olaraq aparılır. Lakin daha irimiqyaslı islahatlar üçün mütləq şəkildə tutarlı bir səbəb olmalıdır (məsələn, müharibə). İrimiqyaslı islahatlar müxtəlif ölkələrdə müxtəlif müddətlərdə aparılıb. Məsələn, XIX əsrdə ingilis ordusunda həyata keçirilən islahatlar (Kardvel islahatları) təxminən 6 il (1868-1874), Vyetnam müharibəsindən sonra ABŞ-da aparılan ilk irimiqyaslı islahatlar prosesi 16 il, 2008-ci il rus-gürcü müharibəsindən sonra Rusiyada başladılan islahatlar prosesi 4 il davam edib. Cənubi Koreya Respublikasında ötən əsrin 50-ci illərindən başladılan islahatlar sırf hərbi modernləşmə məqsədi daşıyırdı və təxminən 40 il davam edib. 1990-cı ildən etibarən islahatlar, əsasən, təlimlərin təkmilləşdirilməsi, liderliyin inkişafı və elmi tədqiqata istiqamətləndi. 2005-ci ildə “Müdafiə İslahatları-2020” layihəsi təqdim edildi. Bu layihənin məqsədi kiçik, lakin texnoloji cəhətdən daha çox inkişaf etmiş peşəkar ordunun hazırlanması idi. Layihənin icrası müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının (MAHHXHQ) təlim və təhsil prosesinin təkmilləşdirilməsinə imkan yaratdı.

Hərbi islahatı şərtləndirən faktorlar. İslahatların əsas istiqamətləri

İkinci Qarabağ müharibəsində qələbə əldə etmiş Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün yeni dövr başlayıb. Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi: “Biz yeni reallıq yaratmışıq. Hər kəs bu reallıqla hesablaşmalıdır”. Azərbaycan Respublikası adambaşına düşən ÜDM-ə görə MDB məkanında ikinci yerdədir. Bu, ölkənin inkişafı üçün tarixi əhəmiyyətli faktdır. Silahlı Qüvvələr ölkənin milli maraqlarının qorunmasına xidmət edir. Şübhəsiz ki, yeni təhlükəsizlik mühiti Azərbaycan Respublikasının hərbi gücünün yeni tələblərə cavab verməsi məsələsini aktuallaşdırır. Belə ki, bundan sonra Azərbaycanın beynəlxalq arenadakı mövqeyinə və təhlükəsizlik maraqlarına uyğun milli müdafiə sisteminin effektivliyinin artırılması ən əsas strateji hədəf olmalıdır. Bu fakt yeni dövrdə hərbi islahatların həyata keçirilməsini şərtləndirir.

Hərbi islahatın aparılması hərbi gücün optimallaşdırılması və ya artırılmasına xidmət etməlidir. Hərbi güc, əsasən, üç faktordan asılıdır: 1) şəxsi heyət; 2) silah və texnika; 3) təşkilati struktur. Ona görə də istənilən hərbi islahat aparılarkən bu üç sahəyə diqqət yetirilməlidir. Hansı islahatın həyata keçirilməsi isə spesifik ehtiyac və şərtlərdən asılıdır. Hərbi islahatın məqsədi silahlı qüvvələrin hərbi təşkilati strukturunu müasirləşdirmək və ölkənin spesifikasına uyğun müasir ordu qurmaqdır. Burada ölkənin spesifikası xüsusilə vurğulanmalıdır. Həmçinin ölkənin elmi potensialından səmərəli istifadə edilməlidir. Çünki islahatların aparılması prosesində hər hansı bir uğurlu model, məsələn Türkiyə və ya İsrail modeli tətbiq oluna bilər. Lakin həmin prosesdə Azərbaycan spesifikası özünü büruzə verməzsə, islahatlar o qədər də effektiv olmayacaq. Təşkilati struktur silahlı qüvvələrin tərkibi, funksiyaları, eyni zamanda strategiya və mexanizmlərini əhatə edir. Bu sahələrin hər biri üzrə yeniliyin əldə edilməsi hərbi islahatın əsas məqsədidir. Dünya miqyasında hərbi dəyişikliklərin sürətlə baş verməsi tendensiyasını, silahlı qüvvələrin qarşısında qoyulmuş yeni missiyaları, yüksək texnologiyaya, həmçinin süni intellektə əsaslanan silah sistemlərinin inkişafını və s. nəzərə alsaq, deyə bilərik ki, təşkilati struktur üzrə problemlər kompleks xarakter daşıyır.

Çin Xalq Respublikasının Prezidenti Si Cinpinqə görə, hərbi sahə ən güclü rəqabət və qarşıdurmanın baş verdiyi sahələrdən biridir, innovativliyi və ruh yüksəkliyini şərtləndirir. Bəşəriyyətin inkişaf tarixi göstərir ki, elm və texnologiyanın təkmilləşdirilmiş səviyyədə tətbiqi hərbi sahə üçün həmişə prioritet olub. Ötən əsrin 40-cı illərində nüvə silahının tədqiqi və inkişafında kompüterlərin tətbiqi buna misal ola bilər. Bu gün texnologiyanın hərbidə geniş tətbiqi döyüş meydanını quru, dəniz, hava, kosmik və elektron domenlərin daxil olduğu çoxşaxəli məkana çevirib. Beləliklə, müharibənin istənilən forması əsas etibarilə, informasiyayönümlü xarakter alır. Ona görə də hərbi islahatların həyata keçirilməsində məqsəd, müasir müharibələrin aparılma şərtlərinə uyğun olaraq silahlı qüvvələrin transformasiyasını (operativ və mobil formaya) reallaşdırmaq olmalıdır. Məsələn, İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Ordusunda şəxsi heyətin sayının çox olmasına ehtiyac var idisə, bu müharibədən sonra kəmiyyətin azaldılıb, keyfiyyətin artırılması strategiyası qəbul edilməli, təşkilati struktur optimallaşdırılmalı, orduda texnoloji yeniliklərin tətbiqi ilə bağlı işlərin miqyası genişləndirilməlidir. Bütün bu faktlar silahlı qüvvələrdə islahatların aparılmasını şərtləndirir. Bu baxımdan, aşağıdakı islahatların aparılması labüddür:

1. Liderlik sisteminin təkmilləşdirilməsi. Liderliyin inkişafı xidmətə başladığı ilk gündən ehtiyata buraxılana qədər hər bir hərbi qulluqçunun inkişafının ən vacib elementidir. Dünyanın ən güclü ordusu hesab olunan ABŞ Ordusunda transformasiya prosesinin əsasını təşkil edən üç komponentdən biri liderlik olub. Digər iki komponent isə təlim və təhsildir. Liderlər döyüş effektivliyini müəyyənləşdirən əsas faktor olmaqla, hərbi təşkilati strukturda dominant mövqe tutur. Silahlı qüvvələrin “sinir mərkəzi” hesab olunan liderlik sisteminin təkmilləşdirilməsi hərbi islahatların özəyini təşkil etməlidir. Son illər bir çox ölkədə silahlı qüvvələrin liderlik sisteminin təkmilləşdirilməsi istiqamətində ciddi addımlar atılıb. Məsələn, 2003-cü ildə ABŞ Planlaşdırma, Proqlamlaşdırma və Büdcə Sistemini (PPBS) Planlaşdırma, Proqlamlaşdırma, Büdcə və İcra Sistemi (PPBE) ilə əvəz etdi. Bu, Müdafiə Departamentinin dəyişiklik planına uyğun olaraq icra edilmişdi və əsas məqsədlərindən biri silahlı qüvvələrin strateji liderlik sistemini inkişaf etdirmək idi. 2008-ci ildə Rusiya Ordusunda başladılan islahatların əsas elementlərindən biri də liderlik sisteminin optimallaşdırılması idi. Bu proses zabit korpusunun sayının azaldılmasını, əvvəllər zabitlərin icra etdikləri bir çox vəzifələrin çavuşlara həvalə edilməsini və digər məsələləri əhatə edirdi. Çavuş heyətinə olan ehtiyacı nəzərə alaraq, ordu rəhbərliyi bir sıra hərbi məktəblərdə çavuşların hazırlığı prosesinin həyata keçirilməsinə qərar verdi. Çavuş hazırlığı kursunu bitirmiş hərbi qulluqçularla beşillik müqavilə bağlandı. Çavuş hazırlığı proqramı həm yuxarı, həm də aşağı rütbəli çavuşların hazırlığını əhatə edirdi. Yuxarı rütbəli çavuş hazırlığı kursu iki il davam etdiyi halda, aşağı rütbəli çavuş hazırlığı kursu 5–10 ay çəkirdi. Onaylıq proqram çərçivəsində təhsil alan çavuşların illik sayı 5,000-10,000 arasında idi. Lakin təxminən iki əsr əvvələ təsadüf edən Şarnxorst islahatları (Prussiya ordusunda) bu gün də bir sıra ordularda ən dəyərli mənbə kimi istifadə olunmaqdadır. Belə ki, 1806-cı ildə islahatlar prosesinə başlayarkən, Şarnxorstun rəhbərliyi ilə ordunun ən savadlı zabitlərindən ibarət komissiya yaradılmışdı və həmin komissiya bütün prosesə nəzarət etmişdi. Komissiya əsas diqqəti ABŞ hərbi tarixçisi Trevor N. Dupuyun “institusional hərbi mükəmməllik” adlandırdığı sistemə yönəltmişdi. Məqsəd Baş Qərargah da daxil olmaqla bütün hərbi qərargahların fəaliyyətinin effektivliyini artırmaq idi. Şarxnosta görə, yalnız diqqətlə seçilmiş və yüksək səviyyədə hazırlanmış qərargah zabitləri komandirlərə dəyərli məsləhətlər verə və onların kobud səhvlərə yol verməsinin qarşısını ala bilərdi.

Müxtəlif dövrlərdə Azərbaycan Silahlı Qüvvələrində liderlik sisteminin təkmilləşdirilməsi istiqamətində də islahatlar həyata keçirilib. Belə ki, müasir standartlara uyğun zabit kadrlarının hazırlanması məqsədilə Ulu öndər Heydər Əliyevin fərmanı ilə 1997-ci ildə Azərbaycan Ali Hərbi Məktəbi, 1999-cu ildə Silahlı Qüvvələrin Hərbi Akademiyası və 2001-ci ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin əsası qoyulub. Hazırda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində kursantlara bakalavr səviyyəsində təhsil verilir. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində ixtisasartırma və təkmilləşdirmə kursları təşkil edilir. Silahlı Qüvvələrin Hərbi Akademiyasında isə 2012-ci ildən magistr, 2014-cü ildən isə adyunktura (doktorantura) (milli təhlükəsizlik və hərbi elmlər elm sahəsi üzrə) təhsili, eyni-zamanda əməliyyat- strateji və əməliyyat-taktiki səviyyələrdə zabitlərin hazırlığı həyata keçirilir. Hərbi qulluqçularda kritik düşünmə qabiliyyətinin formalaşması üçün bir sıra tədris proqramları (strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə; magistr, fəlsəfə və elmlər doktoru üzrə proqramlar) hazırlanıb ki, bu da müxtəlif dövlət strukturları üçün (xüsusilə, güc strukturları) liderlərin yetişdirilməsində mühüm rol oynayır. Lakin Azərbaycan Respublikası Silahlı Qüvvələrində həyata keçiriləcək islahatlarda tədris proqramlarının daha da zənginləşdirilməsi (mülki və hərbi fənlərin kombinə edilməsi, tarixi araşdırmalar əsasında keçmiş təcrübələrin təhlili), lidelik üzrə yeni proqramların hazırlanması məqsədəuyğun hesab edilir. Qeyd edək ki, hazırda liderlik üzrə ən mükəmməl proqramlar ABŞ Ordusunun təxminən 200 illik tarixə malik hərbi liderlik proqramlarıdır. Bu müddət ərzində bu proqramlar kifayət qədər təkmilləşdirilib;

2. Müştərək əməliyyatlar komandanlıq sisteminin təkmilləşdirilməsi. İkinci Qarabağ müharibəsi müştərək əməliyyatların həyata keçirilməsi məsələsini də aktuallaşdırdı. Belə ki, döyüş əməliyyatlarına Azərbaycan Ordusu ilə birlikdə Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizlik Xidməti, Daxili Qoşunlar və Xarici Kəşfiyyat Xidmətinin şəxsi heyəti cəlb olunmuşdu. Azərbaycanın bu istiqamətdəki təcrübəsi bütövlükdə uğurlu hesab edilə bilər. Lakin təkmilləşdirməyə hər zaman ehtiyac vardır. Ona görə də müştərək əməliyyatlar baxımından Azərbaycanın təcrübəsi təhlil edilməli, elmi- nəzəri əsaslandırmalar aparılmalı, gələcək fəaliyyətlər üçün elmi, hüquqi baza formalaşdırılmalıdır. Müştərək əməliyyatlar komandanlıq sisteminin əsas vəzifəsi milli hədəflərə çatmaq üçün hərbi kampaniyalar, əməliyyatlar, birgə təlim və digər fəaliyyətləri planlaşdırmaq və həyata keçirməkdir. Bir sıra ölkələr müştərək əməliyyatlar komandanlıq sisteminin təkmilləşdirilməsi baxımından da ciddi islahatlar həyata keçirib. Məsələn, Rusiyada əvvəllər dörd səviyyədən ibarət olan komanda zənciri, 3 səviyyəyə (müştərək strateji, əməliyyat və briqada), bundan əlavə, hərbi regional komandanlığın sayı isə altıdan dördə endirilib. Bundan əlavə, hərbi regional komandanlığın sayı altıdan dördə endirilib. Bu komandanlıqlar indi müvafiq istiqamətlər üzrə müştərək strateji qərargah kimi fəaliyyət göstərir. Yaponiyada yaradılan müştərək komandanlıq sistemində komandirlik və inzibati funksiyalar bir-birindən ayrılıb. Müştərək Qərargahın əsası qoyulmuş və xidmətlər üzrə qərargahlar inzibati işlərin və hərbi təlimlərin həyata keçirilməsi ilə məşğuldur. Xüsusi təyinatlı tapşırıqların icra edilməsi ilə məşğul olan müştərək tapşırıq qüvvələri yaradılıb. Komandanlıq sistemi – müdafiə naziri, müştərək qərargah və xidmət rəislərindən və ya müştərək tapşırıq qüvvələrinin komandirlərindən ibarətdir. Bütün bunları nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasında öz əksini tapmış Silahlı Qüvvələrin Baş Qərargahının (SQBQ) yaradılması müştərək əməliyyatlar komandanlıq sisteminin effektivliyinin artırılması istiqamətində ən vacib məsələ hesab olunur. SQBQ milli və beynəlxalq strateji məqsədlərə nail olmaq üçün silahlı qüvvələrin missiyalarını (planlaşdırmadan başlamış yekuna qədər) istiqamətləndirir, bütün güc strukturları arasında əlaqə yaradır. Məsələn, 2006- cı ildən etibarən, transformasiyası həyata keçirilən Serbiya Silahlı Qüvvələrinin strukturu aşağıdakı kimidir:

- Müştərək Əməliyyatlar Komandanlığı;
- İnsan resursları İdarəsi (J-1);
- Kəşfiyyat İdarəsi (J-2);
- Əməliyyat İdarəsi (J-3);
- MTT İdarəsi (J-4);
- Planlaşdırma və İnkişaf İdarəsi (J-5);
- Rabitə və İnformasiya Texnologiyaları İdarəsi (J-6);
- Döyüş Hazırlığı və Hərbi Təhsil İdarəsi (J-7);
- Maliyyə Bölməsi (J-8);
- Mülki-Hərbi Əməkdaşlıq Bölməsi (J-9);
- Hərbi Polis İdarəsi.


Müştərək Əməliyyatlar Komandanlığı silahlı qüvvələrdə əməliyyat planlaşdırılmasına rəhbərlik edir. Güc strukturları arasında qeyd etdiyimiz əlaqə, əsasən, burada reallaşır. Çünki Müştərək Əməliyyatlar Komandanlığı müvəffəqiyyətli planlaşdırmanı və Silahlı Qüvvələrin bütün birləşmələrinin fəaliyyətlərinin inteqrasiyasını təmin etmək üçün digər qərargahların (lazım olarsa, əməliyyat səviyyəsində) nümayəndələrindən ibarətdir. Komandanlıq mövcud böhrana cavab vermək üçün ölkənin təhlükəsizlik strukturlarının həyata keçirdiyi əməliyyatların sənəd və planlarını hazırlayır. Bu da əməliyyatların vahid mərkəzdən idarə edilməsinə imkan yaradır.

Beləliklə, İkinci Qarabağ müharibəsinin müxtəlif aspektlərinin təhlili fonunda təlim senarilərinin hazırlanması və xüsusi təyinatlı təhsil müəssisələrinin tədris proqramlarına daxil edilməsi, eləcə də bütün güc strukturlarının cəlb olunduğu illik təlimlərin keçirilməsi Azərbaycan Respublikası Silahlı Qüvvələrində müştərək əməliyyatlar komandanlıq sisteminin təkmilləşdirilməsində mühüm rol oynaya bilər.

3. Silahlı Qüvvələrin strukturunun və tərkibinin optimallaşdırılması. Silahlı qüvvələrin strukturunda dəyişikliklərin edilməsi hərbi islahatların əsas elementidir. Strukturla bağlı bir sıra problemlər mövcuddur ki, döyüş imkanlarının inkişaf etdirilməsinə mane olur. Ona görə də silahlı qüvvələrin sayı və strukturunun optimallaşdırılması bir zərurətdir. Lakin optimallaşdırma bəzən ixtisaretmə ilə qarışdırılır. Düzdür, ixtisaretmə optimallaşdırmanın bir elementidir, ancaq özü deyil. Optimallaşdırmanın məqsədi resursların israfına səbəb olan və bir-birini təkrarlayan vəzifələrin birləşdirilməsi və ya ləğv edilməsidir. Bütün hallarda, şişirdilmiş ştat-struktur yetərsiz struktur qədər qeyri-effektivdir. Şişirdilmiş struktur – müəyyən şəxslərin işinin nəzərdən tutulmuş normadan az olması və ya yalnız sənədlər üzərində göstərilməsidir. Yetərsiz struktur – bir neçə vəzifənin yalnız bir şəxsə həvalə edilməsi  yəni, müəyyən bölmənin/şöbənin işinin şəxslər üzərində qurulmasıdır. Nəticə etibarilə, şişirdilmiş struktur resursların israfına səbəb olursa, yetərsiz struktur resurslara qənaət etsə belə, qarşıya qoyulan tapşırığın effektiv icrasına mane olur. Bu istiqamətdə aparılan hərbi islahata nümunə olaraq, hələ XVII əsrin ikinci yarısında Osmanlı Ordusunda reallaşmış “gücləndirmə islahatı”nı göstərmək olar. Belə ki, həmin dövrdə orduda şəxsi heyətin sayını artırmaq məqsədilə peşəkar hərbi korpusların tərkibinə mülki qulluqçular da daxil edilmişdi. Həmin mülki qulluqçular isə orduda müvafiq qaydada xidmət etmir, sadəcə hərbçilərin imtiyazlarından faydalanırdılar. Onlarda olan intizamsızlıq tezliklə peşəkar əsgərlərin də davranışına öz mənfi təsirini göstərmişdi. Ona görə də ordunun böyüməsi onun effektivliyini artırmadı, əksinə rüşvətin çoxalmasına və ordunun döyüş gücünün zəifləməsinə səbəb oldu. “Gücləndirmə islahatı”nın məqsədi yaranan tendensiyanı dəyişmək idi. Nəticədə, aktiv hərbi xidmətdən yayınan şəxslər ordudan uzaqlaşdırıldı və qalan heyətdə ciddi intizam yaradıldı və onların təlim səviyyələri yüksəldildi. Şəxsi heyətin sayının azaldılması büdcədə qənaətə və ordunun effektivliyinin artmasına səbəb oldu . Son illərdə də bir sıra ordularda bu istiqamətdə çox ciddi islahatlar aparılıb. Məsələn, Çin Ordusunda 1985-2005-ci illər ərzində şəxsi heyətin sayı 4,238,000- dən 2,300,000-ə qədər azaldılıb. Çin 2005-ci ildən bəri ordunun sayını 2.3 mln. civarında saxlayır. “Müdafiə İslahatları-2020” layihəsinə əsasən Cənubi Koreya Ordusunda şəxsi heyətin sayı 2005-ci ildən 2020-ci ilə qədər 650,000-dən 500,000-ə qədər azaldılmalı, eyni zamanda könüllülük prinsipi əsasında xidmət edən hərbi qulluqçuların sayı ümumi ordunun 40%-ni təşkil etməlidir. 2008-ci il rus-gürcü müharibəsindən sonra Rusiya Silahlı Qüvvələrinin sayının azaldılması prosesinə start verildi. Rusiya rəhbərliyinin başlatdığı islahatlar nəticəsində silahlı qüvvələrin ümumi sayı elə həmin ildən başlayaraq, iki il ərzində 1,2 milyondan 1 milyona endirildi. Zabit korpusunda planlaşdırılmış ixtisarlar sürətləndirildi və onların sayı 355.000-dən 220.000-ə qədər azaldıldı. Qeyd edək ki, zabitlərin sayının, hətta 150000-ə endirilməsi planlaşdırılır. Effektivliyin artırılması məqsədilə çavuşların hazırlığı prosesi yeniləndi. Belə ki, elementar hazırlıq kursları keçmiş müddətli hərbi xidmətdə olan 140,000-lik çavuş heyəti 78,000-lik yeni təlim görmüş çavuşlarla əvəz edildi. Orduda məcburi xidmət müddəti iki ildən bir ilə qədər azaldıldı. Beləliklə, müddətli əsgərlərin sayı 2008-ci ildə 450,000-dən 2017-ci ildə 276,000-ə endirildi. MAHHXHQ-ların sayı isə müvafiq olaraq, 180,000-dən 384,000-ə qədər artırıldı. Rusiya Silahlı Qüvvələri sovet tipli, ştatı böyük, kadr çatışmazlığı olan “skelet” ordu strukturundan kiçik, lakin daha mobil və daimi hazırlıq səviyyəsində olan ordu strukturuna transformasiya etdi. Nəticədə, müharibədən sonra Rusiya Ordusunda aşağıdakı struktur dəyişiklikləri edildi:

- silahlı qüvvələr peşəkarlaşdırıldı;
- peşəkar çavuş korpusu hazırlandı;
- silahlı qüvvələrin 2/3-si daimi-hazır vəziyyətə gətirildi;
- təlimlər əhəmiyyətli dərəcədə təkmilləşdirildi.


Lakin Rusiya Ordusunda ən radikal dəyişikliklər müdafiə naziri Sergey Şoyqunun təşəbbüsü ilə reallaşıb. Şoyqu yaxşı başa düşürdü ki, müddətli hərbi qulluqçulardan ibarət taborlar heç vaxt tam döyüş hazırlığına malik ola bilməz. Ona görə də həyata keçirdiyi islahatların özəyini yeni yaradılmış 39 briqadanın şəxsi heyətinin MAHHXHQ-larla komplektləşdirilməsi təşkil edirdi.

ABŞ Ordusunda aparılan islahatların nəticəsi olaraq, şəxsi heyətin sayı 1968-ci ildə 1,57 milyondan 1974-cü ildə 783,000-ə qədər azaldıldı. 2000-ci ildə aparılan islahatların nəticəsində, Almaniya Ordusunun sayı 338000-dən 282000-ə, müddətli hərbi qulluqçuların sayı isə 112000-dən 80000-ə endirildi. Cəmi bir il sonra, ordunun sayı daha 42,000 nəfər azaldıldı. 2008-ci il rus-gürcü müharibəsindən sonra Gürcüstan Ordusunun yeni təyin olunan Baş qərargah rəisi general-mayor Vladimir Çaçibaia bildirirdi ki, islahatların aparılmasında prioritet silah və texnikanın alınması deyil, ordunun doktrinal və təşkilati bünövrəsinin təkmilləşdirilməsi olacaq. 2014-cü ildə Hindistanın Baş naziri seçilən Narendra Modinin də ilk həyata keçirdiyi islahatın ən vacib elementlərindən biri ordunun sayının azaldılması olub. Bu baxımdan, Hindistan Ordusunun Baş qərargah rəisi qeyd edib: “Çin harada bir yol çəkirsə, gedib orada gözləyirik ki, Çin bu yoldan gələrsə biz nə edəcəyik. Biz piyada bölmələrə güvənməkdən çox texnologiyadan istifadə etməliyik. Mən demirəm ki, piyada bölmələri vacib deyil, onları yerləşdirəcəyimiz yerləri prioritetləşdirməliyik”.

2009-cu ildə İsveçdə başladılan müdafiə islahatlarının nəticələrinə görə, silahlı qüvvələrdə şəxsi heyətin sayı 2030-cu ilə qədər, 500,000 nəfərdən 30,000 nəfərə qədər, yəni təxminən 17 dəfə azaldılmalıdır. Yaponiyada quru qoşunlarının sayı 13 diviziya və 2 briqadadan 9 diviziya və 6 briqada həcminə endirilib. 2012-ci ildə başladılan islahatlara əsasən Cənubi Koreyada şəxsi heyətin sayı 2030-cu ilə qədər 636,000 nəfərdən 522,000 nəfərə endirilməli, mövcud olan 444 general sayı 15% azaldılmalı, əksinə zabitlərin nisbəti 29.4%-dən, 42.5%-ə qədər, MAHHXHQ-ların sayı isə 115,000-dən 152,000-ə qədər artırılmalıdır. Azərbaycan Ordusunda da bu tip yanaşma tətbiq olunmalı, yəni strukturun optimallaşdırılması ilə daha mobil və peşəkar ordu formalaşdırılmalı, fərdi hazırlığa böyük üstünlük verilməlidir. Önəmli məqam ondan ibarətdir ki, silahlı qüvvələrdə ixtisarın aparılması optimallaşdırmaya xidmət etməlidir. Struktur islahatlarının kortəbii şəkildə aparılması silahlı qüvvələrin effektivliyinin azalması ilə nəticələnir. Ona görə də bu proses diqqətlə həyata keçirilməlidir, belə ki, bütün ixtisas (aviasiya, hava hücumundan müdafiə, motoatıcı, tank, artilleriya və s.) və istiqamətlər üzrə (təhsil, elm, mətbuat və s.) işçi qruplar yaradılmalı, təqdim edilən hər bir dəyişiklik elmi cəhətdən əsaslandırılmalıdır.

4. Hərbi proqram və mexanizmlərin hazırlanması və ya təkmilləşdirilməsi. Hərbi proqram və mexanizmlərin təkmilləşdirilməsi hərbi islahatlar prosesinin vacib tərkib hissəsidir. Dövrün tələblərinə və çağırışlarına uyğun olaraq, Hərbi Doktrina da daxil olmaqla, Azərbaycan Silahlı Qüvvələrində mövcud bir sıra rəhbər sənədlərə yeni təhlükəsizlik mühitinin xarakterik xüsusiyyətlərini özündə əks etdirən düzəlişlərin edilməsi şərtdir. Qeyd edək ki, Azərbaycan Respublikasının hərbi doktrinası 2010- cu ildə qəbul olunub. Bu müddət əslində çox deyil, lakin təhlükəsizlik mühitinin sürətlə dəyişən dinamikasını nəzərə alsaq, ötən əsrin ikinci yarısı ilə müqayisədə doktrinaların yenilənməsi müddəti mimimum 2-3 dəfə az olmalıdır. Hələ 50–60 il əvvəl bu müddət orta hesabla 15 il idi. Məsələn, İkinci Dünya müharibəsindən sonra, sülh dövründə 1950, 1970 və 1980-ci illərdə ABŞ-da hərbi doktrinaya üç tutarlı dəyişiklik edilib. Bundan əlavə, bütün sahələr üzrə mövcud proqram və mexanizmlərin təkmilləşdirilməsi də ordunun ümumi fəaliyyətinin effektivliyinin yüksəlməsi ilə nəticələnir. Bu proqram və mexanizmlər təhsil, təlim, elmi tədqiqat, insan resurslarının idarə edilməsi və s. sahələr üzrə ola bilər. Məsələn, insan resurslarının idarə edilməsi üzrə zabitlər üçün “Karyera inkişaf proqramı”nın hazırlanması bu istiqamətdə ən uğurlu addımlardan biri ola bilər. ABŞ, Birləşmiş Krallıq, Almaniya, Türkiyə, Pakistan kimi ölkələrin ordularında bu təcrübə uğurla tətbiq olunmaqdadır. Zabitlərin vəzifəyə təyin olunması bu proqram əsasında həyata keçirilərsə daha yaxşı nəticələrə nail olmaq mümkündür. Yəni, bir zabitin (xüsusən təlim və təhsil məqsədilə xarici ölkələrə göndərilmiş) hazırlanması və təkmilləşdirilməsi üçün Müdafiə Nazirliyinə ayrılmış büdcədən bəzən yüz minlərlə manat vəsait xərclənir və xidmət üçün müəyyənləşdirilmiş müddət başa çatdıqda o, tam yetişmiş bir mütəxəssis olur. “Karyera inkişaf proqramı” onun xidmətini müvafiq qaydada tənzimləmirsə, həmin zabit mütləq şəkildə xidməti tərk edir və ya onun xidmətini davam etdirməsi hər hansı bir sistem– mexanizmdən deyil, sadəcə vicdanından asılı olur. Daha dəqiq desək, “Karyera inkişaf proqramı”nın tələblərinə riayət olunursa, mexanizm/sistem özü zabitin perspektiv inkişafını müəyyənləşdirir, zabitin fəaliyyəti unudulmur, o, özü vəzifə üçün “əl-ayağa” düşmür, təhsil almaq üçün problemlərlə qarşılaşmır, təsadüfi vəzifələrə təyin olunmur və s. Bundan əlavə, hərbi xidmətin könüllülük prinsipi əsasında həyata keçirilməsi mümkündür. Lakin bu prosesi tənzimləmək üçün bir mexanizm hazırlanmalıdır. Bu baxımdan, Baltikyanı ölkələrin və Pakistanın təcrübəsinin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Bundan əlavə, Türkiyə Silahlı Qüvvələrinin yanaşması da tətbiq oluna bilər. Belə ki, yeni qəbul olunan qanuna əsasən Türkiyə Silahlı Qüvvələrində əsgərlər üçün müddətli xidmət altı ay, məcburi xidmət isə bir aydır. Bir aydan artıq xidmət etmək istəməyən vətəndaşlar dövlətin müəyyənləşdirdiyi məbləği (hazırda 31,000 lirə) silahlı qüvvələrin fonduna ödəməlidir. Həmin vəsait isə digər hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılmasında istifadə olunur. Qeyd edək ki, Azərbaycanda Xüsusi Təyinatlı Qüvvələrə qəbulun könüllülük əsasında həyata keçirilməsi ümumilikdə, bu qoşun növünün effektivliyinin yüksəlməsinə öz töhfəsini verib, istər 2016-cı ilin Aprel döyüşlərində, istərsə də İkinci Qarabağ müharibəsində şəxsi heyətin göstərdiyi hazırlıq səviyyəsi bu arqumentimizi sübut edir. Bundan əlavə, Silahlı Qüvvələrdə çalışan mülki şəxslərin fəaliyyətinin tənzimlənməsi üzrə sənədlər işlənməli və ya təkmilləşdirilməlidir. Təcrübə göstərir ki, hərbi qurumlarda çalışan bir çox mülki şəxslər ordunun vəsaiti hesabına müxtəlif təhsil və inkişaf proqramlarında iştirak etdikdən və özlərini təkmilləşdirdikdən sonra, hətta çox cüzi artımla məvacib təklif edən digər qurumlarda işləməyə üstünlük verməklə mövcud iş yerlərini tərk edirlər. Bu sahə üzrə ikinci prioritet hərbi xərclərin və resursların idarə edilməsidir. Mütəmadi aparılan tədqiqatlar əsasında proqramlar hazırlanmalı, effektivliyi artırmaq məqsədilə hərbi xərclər və resurslar bu proqramlar vasitəsilə idarə edilməlidir. Burada əsas məqsəd ondan ibarətdir ki, büdcə tələbləri dəqiqliklə incələnir, resursların bölüşdürülməsi elmi əsaslarla icra edilir və vəsaitdən düzgün istifadə olunur. İkinci Qarabağ müharibəsi göstərdi ki, müharibənin xarakteri dəyişmiş, bir neçə il əvvəl aktual hesab olunan hərbi resurslar artıq öz əhəmiyyətini itirib.

5. Hərbi və mülki sektorların müştərək fəaliyyətinin təkmilləşdirilməsi. Hərbi və mülki sektorların inteqrasiya edilmiş inkişafı ölkənin çiçəklənməsi və silahlı qüvvələrin güclənməsində çox vacib rol oynayır. Hərbi və mülki sektorların inteqrasiyası (HMSİ) texnologiya, proses, işçi qüvvəsi, təchizat, material və ləvazimatların ümumi istifadəsi sayəsində sabit xərclərin bölüşdürülməsini əhatə edir. HMSİ yalnız maliyyə xərclərini azaltmır, eyni zamanda inkişaf etmiş ticari məhsul və proseslərin müdafiə sektoruna gətirilməsini sürətləndirir. Son illər bu istiqamətdə ABŞ, Çin, Yaponiya, İsrail, Pakistan, Türkiyə və bir çox Avropa İttifaqı ölkələri uğurlu addımlar atıb. Azərbaycan hərbi büdcəsi baxımından, dünyanın bir sıra aparıcı ölkələri ilə müqayisə oluna bilər. Bu büdcədən səmərəli istifadə məqsədilə hərbi və mülki sektorların birgə inkişafının tənzimlənməsi bəzi sahələrdə sistemli islahatların aparılmasını şərtləndirir. Bu sahələr müdafiə məsələləri, texnologiya və sənaye, silah və texnika üzrə elmi-tədqiqat və inkişaf, şəxsi heyətin təhsili (təlimi), kənardan MTT dəstəyinin cəlb edilməsi, milli səfərbərlik və s. hesab olunur. İlk növbədə, müdafiə sənayesi və hərbi–elmi tədqiqat müəssisələri mülki təşkilat və şirkətlərlə əməkdaşlığı genişləndirməlidir. Laboratoriyalar, innovasiya mərkəzləri və təcrübə obyektləri də daxil olmaqla ölkədə mövcud olan bir çox texnoloji resurslar hərbi və mülki sektorlar tərəfindən müştərək istifadə edilə bilər. Lakin bu da həqiqətdir ki, hərbi və mülki sektorlar arasında əməkdaşlıq zəif olduğundan, onlar bir-birlərinin ehtiyacları və potensialından xəbərdar deyil. Hərbi təyinatlı məmulatların yaradılması məsələlərində də bürokratik əngəllərin neytrallaşdırılması vacibdir. Ona görə də hərbi və mülki sektorlar arasında koordinasiyanın yaradılması, ehtiyacların ödənilməsi və resursların bölüşdürülməsi üçün bir mexanizm hazırlanmalıdır.

Milli müdafiə səfərbərliyi hərbi və mülki sektorların koordinasiyalı inkişafı üçün vacib təşkilati vasitələrdəndir. Sistemli islahatlar, əsasən, aşağıdakı addımları əhatə edir:

a) milli müdafiə təhsilinin inkişaf etdirilməsi;
b) milli müdafiə səfərbərliyi sisteminin mükəmməlləşdirilməsi;
c) səfərbərlik institutlarının işinin təkmilləşdirilməsi;
d) dəstək qüvvələrinin sayı və strukturunun optimallaşdırılması;
e) sülh dövründə rekvizisiya və müharibə dövründə səfərbərlik üzrə hüquq sisteminin təkmilləşdirilməsi.

Hərbi və mülki sektorların inteqrasiyası üzrə uğurlu hesab edilən bir sıra ölkələrdə Milli Müdafiə Səfərbərliyi üzrə Komissiya yaradılıb. Bu komissiya hərbi məsələlər, strateji planlar və müdafiə səfərbərliyi (səfərbərlik hazırlığı və səfərbərlik haqqında qanundan irəli gələn məsələlər) ilə bağlı qərarların əlaqələndirilməsinə məsul bir təşkilatdır. Komissiya, eyni zamanda müharibə vəziyyətində mülki resursların bir araya gətirilməsinə və bu səylərin hərbi əməliyyatlarla əlaqələndirilməsinə cavabdehdir. Nəticə etibarilə, yalnız mərkəzləşdirilmiş və vahid, yaxşı strukturlaşdırılmış, çevik reaksiya vermək iqtidarında olan, qətiyyətli və effektiv səfərbərlik sistemi milli müdafiə potensialını gücləndirə bilər.

6. Texnoloji yeniliklərin mənimsənilməsi. İstənilən ölkənin milli təhlükəsizliyi və iqtisadi rifahı onun texnoloji qüdrətindən və sənaye potensialından asılıdır. Hərbi sahədə bir sıra dəyişikliklər texnoloji inkişafın əsas nəticəsi kimi təqdim edilə bilər. XVII əsrdə Osmanlı Ordusunda həyata keçirilən “gücləndirmə islahatı”nın əsas elementlərindən biri Avropanın texnoloji yeniliklərinin gətirilməsi idi. Müxtəlif artilleriya vasitələri, kiçikçaplı silahların və daha effektiv barıtın idxalına, eləcə də istehkam qurğuları və gəmilərin hazırlanmasına nail olsa da, Osmanlı dövləti sadəcə idxalçı olduğu üçün avropalı rəqiblərindən geri qalırdı. Beləliklə, qərb texnologiyası inkişaf etdikcə aradakı fərq daha da böyüyürdü. Yəni, texnologiyanın idxalına nə qədər çox resurs xərclənsə də, ölkənin özündə texnoloji yenilik imkanları yoxdursa, həmin ölkənin ordusunda inkişaf büdrəyəcək. Keçən əsrin ortalarından sonuna qədər, bu baxımdan yaxşı nümunə kimi, əsasən, ABŞ və Birləşmiş Krallığın təcrübəsinə istinad edilirdisə, hazırda bu siyahını bir neçə dəfə böyütmək olar. Türkiyə Respublikasında da son illərdə texnoloji asılılığın aradan qaldırılması istiqamətində çox uğurlu addımlar atılıb. Bu gün Türkiyədə istehsal olunan PUA-lar döyüşün taleyini dəyişən ən vacib vasitə hesab olunur. İkinci Qarabağ müharibəsində istifadə olunan Türkiyə istehsalı olan Bayraqdar PUA-ları nəinki regionda, hətta bütün dünyada rezonans yaratdı. Qərb birliyinə ənənəvi müharibədə texnologiyanın gücünü nümayiş etdirən ən vacib hadisə Birinci Körfəz Müharibəsi olub. Ötən əsrin 90-cı illərindən etibarən, texnologiyadan istifadə şəxsi heyət sayında mövcud çatışmazlığı kompensasiya etməyə başladı, daha dəqiq desək, insan həyatı üçün azriskli müharibələrin aparılmasına şərait yaratdı. Texnologiya qərb dövlətlərinə uzaq məsafələrdə yerləşən hədəflərə yüksək dəqiqliklə zərbə endirməyə imkan verdi ki, buna nümunə olaraq 1999-cu ildə NATO-nun keçmiş Yuqoslaviyanı 78 gün ərzində bombalamasını göstərə bilərik. Zaman keçdikcə müharibələrin xarakteri də sürətlə dəyişir və bu prosesdə güc mərkəzlərinin müstəsna rolu var. Professor Mixail Man qeyd edir ki, heç kim gələcəyin güc mərkəzləri barədə qabaqcadan dəqiq xəbər vermək iqtidarında deyil, ona görə də “müxtəlif şəraitlərdə nələr baş verə bilər” yanaşması əsasında alternativ senarilər nəzərdə tutulmalı və onlar mümkünlük ehtimallarına görə sıralanmalıdır. Birləşmiş Krallığın Konsepsiyalar və Doktrina Mərkəzi bu yanaşmanı tətbiq etməklə gələcək strateji trendlərin təhlilini dəstəkləmək üçün bir neçə senari hazırlayıb. Azərbaycan Respublikası Silahlı Qüvvələrində də bu senarilər təfsilatlı təhlil olunmalı, ordunun silah arsenalının təchizatında nəzərə alınmalı, silah ticarətinin diversifikasiyası aparılmalı, eyni zamanda yerli istehsal inkişaf etdirilməli, Türkiyə modeli əsasında texnoloji asılılıq azaldılmalıdır.

Döyüşlərdə üstünlük əldə etmək üçün hərbi təşkilatlar yeni texnologiyaları mümkün olduqca tez mənimsəməyə və müasir müharibə metodlarını tətbiq etməyə çalışırlar. Beləliklə, texnologiyada nəzərəçarpan inkişaf hərbi islahatların aparılması üçün əsas səbəb kimi göstərilir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsində PUA-lardan geniş istifadə təcrübəsi yeni nəsil müharibənin əyani nümunəsidir. Belə ki, müasir müharibənin əsas komponenti kimi PUA- lardan istifadə sübut etdi ki, bir çox silah və texnika döyüşlərdə öz effektivliyini, demək olar ki, itirib. Vaşinqton Post qəzetində yazılır: “Qarabağ müharibəsi kiçik və nisbətən ucuz hücum dronları hesabına quru döyüşlərinin və hava gücünün dominantlıq etdiyi ənənəvi müharibələrin xarakterinin dəyişdiyini göstərən ən yaxşı nümunədir”. Onu da qeyd etmək lazımdır ki, hələ 2009-cu ildə ABŞ-ın keçmiş prezidenti Barak Obama tərəfindən hava gücü (dronlar daxil olmaqla) və xüsusi təyinatlıların birgə fəaliyyətini özündə əks etdirən bir strategiya qəbul edilmişdi. Lakin motoatıcı birliklərin əməliyyatlarına üstünlük verən hərbçilər bu strategiyanın özünü doğruldacağına şübhə ilə yanaşırdılar. Ona görə də bu strategiya qəbul olunsa da, tətbiqi üçün imkan yaranmadı. 2013-cü ildə Rusiya da belə bir strategiyanın zəruriliyi özündə əks etdirən bir yanaşma tətbiq etdi. Belə ki, bəzi tədqiqat və testlərdən sonra, Müdafiə Nazirliyi quru qoşunlarını PUA-larla təmin etməyə başladı. Bütün motoatıcı və tank briqadalarında (alaylarında) taktiki PUA bölükləri yaradıldı. Artıq 2015-ci ilin sonlarında dronla təmin olunmuş bölmələrin sayı 1720-yə çatdırılmışdı. Qeyd edək ki, Rusiya Ordusu Suriyada üç il ərzində 23,000 dron uçuşu (təxminən 140,000 saat) reallaşdırıb. Lakin bu uçuşlar əsas etibarilə, kəşfiyyat xarakteri daşıyırdı. Bu baxımdan, Azərbaycan dünya miqyasında bu strategiyanı praktiki olaraq tətbiq edən ilk ölkə oldu. Ona görə də növbəti onilliklərdə Silahlı Qüvvələrin arsenalına yeni növ PUA-ların (yerli istehsala üstünlük verilməklə) qəbulu silahlanma strategiyasının əsasını təşkil etməlidir. Qeyd etmək lazımdır ki, hərbi islahatların siyahısını kifayət qədər genişləndirmək mümkündür.

Biz tədqiqat işində müşahidələrimizin nəticələri əsasında yalnız ümumiləşdirilmiş tədbirləri təklif etmişik.

Nəticə

Bu gün Azərbaycan dünyanın ən sabit, təhlükəsiz ölkələrindən biridir və bu, bilavasitə ölkə rəhbərliyinin həyata keçirdiyi strategiyanın nəticəsində mümkün olub. Bu strategiya gələcək illərdə də uğurla davam etdirilməlidir. Lakin təhlükəsizliyimizə ənənəvi və qeyri-ənənəvi təhdidlər mövcuddur ki, bu da Silahlı Qüvvələrimizin qarşısında ciddi öhdəliklər qoyur. Bundan əlavə, İkinci Qarabağ müharibəsi nəticələrinin tədqiqi silahlı qüvvələrdə islahatların aparılmasını şərtləndirir. Bu islahatlar Azərbaycan Silahlı Qüvvələrinin gələcək inkişafında böyük rol oynayacaq. Müasir və gələcək müharibələr informasiya və texnologiya dominantlığı, sistematik qarşıdurma və birgə əməliyyatlarla xarakterizə olunur. Həyata keçiriləcək yeni islahatlar arasında hərbi təşkilati struktur əsas sahə kimi seçilməlidir. Müasir şərtlərə uyğun olaraq, strukturun optimallaşdırılması və effektivliyin artırılması məqsədilə liderlik və əməliyyatlar üzrə müştərək komandanlıq sistemlərinin inkişafı çox vacibdir. Bunun üçün silahlı qüvvələrin strukturu optimallaşdırılmalı, proqram və mexanizmlər real vəziyyətə uyğun olaraq təkmilləşdirilməli, hərbi və mülki sektorların koordinasiyalı inkişafına nail olunmalıdır. Şəxsi heyətin hazırlığı baxımından, xüsusi təyinatlı təhsil müəssisələri və təlim resurslarının inteqrasiyası, təhsil sistemi və peşəkar hərbi təhsilin təkmilləşdirilməsi üçün islahatlar dərinləşdirilməlidir. Təlim, təhsil, fərdi və ya təşkilati səriştə hərbi islahatların özəyini təşkil etməlidir. Lakin nəzərə almaq lazımdır ki, hərbi islahatın həyata keçirilməsi çox çətin, zaman və səbir tələb edən bir prosesdir. Hərbi islahat aktiv şəkildə, lakin ehtiyatla aparılmalı, aktuallığını itirmiş rəhbər sənədlər yenidən işlənməli və düzgün siyasi istiqamət seçməklə xarici ölkələrin təcrübələri öyrənilməlidir.

Polkovnik Rəşad İbrahimov, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi
M.t.h.e.ü.f.d., dosent, polkovnik Arif Həsənov, Silahlı Qüvvələrin Hərbi Akademiyası
Mayor Xəyal İskəndərov, Silahlı Qüvvələrin Hərbi Akademiyası

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-ordusu   Qələbə  


Bizi "telegram"da izləyin