İki əsgər - iki qardaş| “Ömrün nə olduğunu o dörd gündə daha yaxşı dərk elədim...”

2022/12/85fa2-1672427359.jpg
Oxunub: 500     11:32     25 Yanvar 2023    
Sovet hökumətinin siyasi rejimi İrzayevlər ailəsini də doğma yurdlarından - el-obadan didərgin salmışdı - ailə uzaq Qırğızıstana sürgün edilmişdi. Vətənə qayıtmaq ümidi ilə hər əziyyətə qatlaşırdı. Digər sürgün olunmuşlar kimi Həsənxan da deyirdi ki, qürbətin gecəsi uzun olurmuş. Sürgün olunanların ən yaşlısı belə demişdi: "Səbirlilər dönəcək". Səbirlə yaşayırdılar...

1990-cı ildə Həsənxan İrzayevin ailəsində doğulan uşağa Səməd dedilər. Körpənin dünyaya gəlişi ili ailənin Vətənə dönüşü ili oldu - Azərbaycana qayıtdılar. Tərtərin Talış kəndində məskunlaşdılar. Düz-əməlli ev-eşik olmamış ermənilər Talış kəndini işğal etdilər. Bu, ailənin üçüncü köçü oldu - Samux rayonunda məskunlaşdılar...

Səməd orta təhsil aldı. Vətənin nə olduğunu ata söhbətləriylə, oxuduqlarıyla, hərdən eşitdikləriylə dərk edirdi - o da Dövlət Himnimizin sözlərini əzbərləyə-əzbərləyə Vətəni ruhən tanımışdı, tanıya-tanıya sevmişdi.

Orta məktəbi bitirdikdən sonra Səməd İrzayevi hərbi xidmətə çağırıblar. Qonşu uşaqlara zarafatla deyib ki, o mahnını "Sıravi Səməd" deyib oxuyarsınız. Gülüşüblər...

Digər əsgər yoldaşları kimi nümunəvi xidməti ilə fərqlənib, bir neçə dəfə komandanlığın təşəkkürünü alıb...

Müddətli həqiqi hərbi xidmətdən sonra tərxis edilib. Ordu sıralarından uzaqda qalmağın mənəvi sıxıntılarını çəkdiyinə görə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi yenidən hərbi xidmətə qayıdıb. Artilleriyaçı olub. Xidmətini kiçik çavuş rütbəsi ilə davam etdirib...

2016-cı ilin Aprel döyüşlərində kiçik çavuş Səməd İrzayev də iştirak edib. Digər hərbçi yoldaşları kimi o da qətiyyətlə döyüşüb... Səməd xidmət yoldaşlarına deyərdi: "Ömrün nə olduğunu o dörd gündə daha yaxşı dərk elədim"...

İkinci Qarabağ müharibəsi başlayanda kiçik çavuş Səməd İrzayevin xidmət etdiyi hərbi hissə də döyüşlərə cəlb edilib. O da komandirlərin döyüş əmrlərini məsuliyyətlə yerinə yetirib.

Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Suqovuşanın azad olunmasına görə" medalına layiq görülüb...

Səmədin kiçik qardaşı Sərvər hələ orta məktəb şagirdi olduğu illərdə idmanın kinq-boksinq növü ilə müntəzəm məşğul olub, respublika miqyaslı yarışlarda müxtəlif yerlərə, mükafatlara layiq görülüb. Bu, onun hərbi xidmətdə fərqlənməsində müəyyən qədər təsirli olub.

İkinci Qarabağ müharibəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Sərvər İrzayev də iştirak edib. Zəfərdən sonra "Vətən uğrunda", "Ağdamın azad olunmasına görə" medalları ilə təltif olunub.

Səməd və Sərvər İrzayev qardaşları da digər hərbi qulluqçularımız kimi qüdrətli Azərbaycan dövlətinin vətəndaşı, güclü Azərbaycan Ordusunun hərbi qulluqçusu olmalarıyla qürurlanırlar. Bu qürur həm də azərbaycançılığın qürurudur...

Mübariz Musayev "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-ordusu  


Bizi "telegram"da izləyin