Polkovnik-leytenant: "Evimizi tapdım, əyilib həyətimizin torpağından, daşından öpdüm" - MÜSAHİBƏ

2023/01/555-1674547325.jpg
Oxunub: 603     16:05     24 Yanvar 2023    
Müsahibim İkinci Qarabağ müharibəsinin iştirakçısı olmuş və döyüşlərdə göstərdiyi şücaətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", Şuşanın azad olunmasına görə", həmçinin "Döyüşdə fərqlənməyə görə" medallarına layiq görülmüş polkovnik-leytenant Fariz Məhərrəm oğlu Rüstəmovdur.

Fariz Rüstəmov 1980-ci ildə Cəbrayıl rayonunun Qumlaq kəndində müəllim ailəsində anadan olub. 1993-cü ildə kiçik yaşlarında valideynləri ilə birlikdə ermənilərin hücumları nəticəsində doğma ocaqlarından didərgin düşüb. Bir müddət Sabirabad rayonunda məskunlaşıblar. Sonra Bakı şəhərinə köçüblər. Fariz Rüstəmov 1994-2001-ci illərdə hərbi təhsil alıb. 2001-2002-ci illərdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində zabit ixtisas hazırlığı kursunda olub. 2002-ci ildə "N" hərbi hissəsində taqım komandiri kimi xidmətə başlayıb. Hərbi hissənin məsul zabitlərindən biri kimi Vətən müharibəsində iştirak edib.


- Cəbhə bölgəsində xidmət edir, tez-tez səngərlərdən işğal olunan torpaqlarımızı seyr edirdiniz. Qoynunda dünyaya göz açdığınız rayonun işğalda qalmış ərazilərinə baxanda hansı hissləri keçirirdiniz?

- Bəlkə də dünyada ən ağır, dözülməz dərdlərdən biri də doğulub boya-başa çatdığın torpaqlara uzaqdan baxmaqdır. Mən rayonumuzun Nüzgar, Mehdili və başqa kəndlərinə uzaqdan baxanda kəndimiz Qumlaq gözlərim önündə canlanırdı. Ata-baba yurdumuza, evimizə qayıtmaq, uşaqlığım keçən o yerlərdə yaşamaq istəyirdim. Amma təəssüflər ki, bu mümkün deyildi. Çünki işğal edilmiş torpaqlarımızı ermənilər geri qaytarmaq niyyətində deyildilər.

- Erməni işğalçılarının hücumu nəticəsində 13 yaşında doğma kəndinizdən didərgin düşmüsünüz. Ağrı-acılarla dolu o günləri necə xatırlayırsınız?

- Tam səmimi deyim ki, o günlər həyatımın ən kədərli səhifəsidir. Çünki o günlərin yaddaşında qaçqınlıq var, doğma ocağından didərgin düşməyin ağrısı var. Ömrümün həmin səhifəsi demək olar ki, göz yaşları ilə yazılıb. 1993-cü ilin isti yay günlərinin birində ermənilərin hücumuna məruz qaldıq. Bizdən arxada qalmış kəndimizə baxa-baxa Araz çayını keçib ölkəmizin başqa bölgələrinə sığındıq.

- Zaman keçdikcə bu həsrət erməni işğalçılarına qarşı nifrətə çevrildi. Bu nifrətdən isə qisas və intiqam hissi doğdu.

- Məni hərbçi olmağa sövq edəndə bu hisslər oldu. Yaşa dolandan sonra hərbi təhsil alaraq doğma ordumuzun sıralarında xidmətə başladım. Ermənilərə qarşı olan nifrət hissi bir an olsun belə məni tərk etmədi. Çünki bu hiss daim mənə güc-qüvvət verirdi. Artıq kifayət qədər döyüş təcrübəm var idi. Hərbçi kimi ölkəmin ərazi bütövlüyü uğrunda vuruşmağa, döyüşməyə hazır idim.

- Həmin gün gəldi. Bir payız günü müharibə qapımızı döydü. 27 sentyabr 2020-ci ili necə xatırlayırsınız?

- Bəli, 27 sentyabr 2020-ci ildə erməni işğalçıları mövqelərimiz üzərinə hücuma keçməyə cəhd göstərdilər. Biz də torpaqlarımızın müdafiəsinə atıldıq. İkinci Qarabağ müharibəsi başladı. Komandiri olduğum bölmələrin şəxsi heyətini Cəbrayıl rayonunun Nüzgar və Füzuli rayonunun Kənd Horadiz kəndi istiqamətində düşmən hücumlarının qarşısını almağa cəlb etdik. Qəsbkarların ön mövqelərini yarmaq tapşırığı bir az vaxtımızı aldı. İllər idi ki, yağılar burada möhkəmlənmişdilər. Böyük və uğurlu həmlələrdən sonra erməniləri geri sıxışdırdıq. Artıq düşmən qarşımızda dayana bilməyib qaçırdı. İllərdən bəri ürəyimdə qövr eləyən torpaqlarımızın azadlığı uğrunda vuruşmaq arzusuna çatmışdım. Əlimdə silah, ürəyimdə qisas alovuyla işğalçılarla vuruşurdum. Ermənilərin üzərinə nifrət hissi ilə gedirdim. Fikirləşirdim ki, vuruşa-vuruşa doğma kəndimizi də erməni işğalçılarından azad edəcəm, uşaqlığım keçən bu yerlərə ayağım dəyəcək. Amma bir neçə gün sonra komandanlıq hərbi hissəmizi Xocavənd istiqamətinə göndərdi. Günlər keçdikcə bir-bir Qarabağın kəndlərini, qəsəbələrini düşməndən azad edirdik. Döyüşə-döyüşə Hadruta çatmışdıq. Bu qəsəbə uğrunda da gərgin döyüş getdi. Məğlubiyyətilə barışmayan düşmən geri çəkilmək istəmirdi. Amma biz gücümüzlə, bacarığımızla erməniləri buna məcbur edirdik. Onlar canlı qüvvə, həm də silah-sursat, döyüş texnikası sarıdan itkilər verərək addım-addım tutduqları mövqeləri tərk edirdilər. Artıq döyüşlər Şuşa ətrafında başlamışdı. Düşmən bu gözəl şəhərimizdən də çıxmaq istəmirdi. Ordumuzun zabit və əsgərləri böyük igidlik və qəhrəmanlıq göstərərək ermənilərə sarsıdıcı zərbələr vururdular. Düşmən məğlubiyyətin acısını dadırdı.

- Yaralansanız da, döyüş meydanını tərk etməmisiniz.

- Noyabrın 6-da Şuşa şəhəri ətrafında gedən döyüşlərdə qəlpə yaraları aldım. Amma döyüş meydanından çıxmadım. İlkin tibbi yardımdan sonra döyüşü davam etdirdim. İki gün sonra - noyabrın 8-də Şuşa erməni qəsbkarlarından azad olundu. Noyabrın 10-da isə döyüşlər dayandırıldı. İşğalçılar məğlubiyyətlərini kaputilyasiya aktına imza atmaqla təsdiqlədilər. Biz ermənilərə qalib gəlmişdik, torpaqlarımızı işğaldan azad etmişdik. Sevincimizin həddi-hüdudu yox idi. Qazandığımız bu Zəfər mənim həyatımın ən xoşbəxt günlərindən biri idi. Bu Zəfər, bu Qələbə 1993-cü ildə erməni işğalçılarından aldığımız sağalmayan yaraya məlhəm oldu.

- İkinci Qarabağ müharibəsində zabitlərimizin igidliyini, qəhrəmanlığını necə qiymətləndirirsiniz?

- Zabitlərimiz, əsgərlərimiz Vətən müharibəsində çox böyük cəsarətlə, hünərlə vuruşdular. Müharibənin elə ilk günlərindən xalqımız da, ordumuz da Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdi. Erməni işğalçıları bu birliyin, igidliyin qarşısında aciz qaldı, məğlub oldu. İkinci Qarabağ müharibəsindəki Qələbəmiz də bu monolit birlikdən doğdu. Əminlik hissi ilə deyə bilərəm ki, bu birliyi, bu monolitliyi heç bir vaxt heç bir qüvvə sarsıda bilməyəcək.

- Bəs doğma kəndinizə nə vaxt getdiniz? Evinizi, həyətinizi görəndə hansı hissləri keçirdiniz?

- Artıq qoynunda dünyaya göz açdığım Qumlaq kəndi də ordumuz tərəfindən işğaldan azad olunmuşdu. Bir az sakitlik yaranandan sonra - 2020-ci il noyabrın 28-də komandanlıqdan icazə alıb 28 ildən sonra doğma kəndimizə getdim. Yol boyu çox kövrək hisslər keçirdim. 28 il əvvəl kəndimizdən məcburi köçkün düşdüyümüz günləri xatırlayırdım. Amma yurdumuzun azad olunması bu kədərə sevinc qatdı. İllərin torpaq həsrətlisi kimi kəndimizə tələsdim. Axır ki, uzun yoldan sonra el-obamıza çatdım. Evimizi tapdım, əyilib həyətimizin torpağından, daşından öpdüm.

- Yoldaş polkovnik-leytenant, necə fikirləşirsiniz, İkinci Qarabağ müharibəsi yaddaşlarda necə qalacaq?

- Uğurla başa çatan Vətən müharibəsində xalqımıza Zəfər sevinci yaşadan oğullarımızın adları qəhrəmanlıq tariximizin səhifələrinə böyük hərflərlə yazılıb. Zabit və əsgərlərimizin döyüşlərdə göstərdiyi şücaət heç vaxt unudulmayacaq. Tarixin yaddaşında əbədi qalacaq. Gələcək nəsillər qəhrəmanlıq səhifələrini vərəqləyəndə, onları daha da yaxından tanıyacaqlar. İkinci Qarabağ müharibəsi qəhrəmanlıq tariximizin şərəfli səhifəsidir. İnanıram ki, gələcək nəsillər daim bu igidliklə, qəhrəmanlıqla fəxr edib öyünəcəklər.

Vahid Məhərrəmov, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-ordusu   Müharibə  


Bizi "telegram"da izləyin