Vətən Müharibəsi iştirakçısı: "Məni yara yox, döyüşlərdən uzaqda qalacağım incidirdi"

2022/12/3fb1a-1672426692.jpg
Oxunub: 260     16:12     25 Yanvar 2023    
Hərbçi taleyimdən razıyam ki, mən də İkinci Qarabağ müharibəsinin iştirakçısı olmuşam, xidmətimi qalib əsgər kimi davam etdirirəm.

Bölüyümüz döyüşə Füzuli istiqamətindən qoşulmuşdu. Komandirimizin əməliyyat şəraiti haqqında dedikləri bizim döyüşümüzün məsuliyyətini də, qətiyyətliliyini də artırmışdı. Bilirdik ki, bütün döyüşlər Böyük Qələbə, nəticə etibarilə torpaqlarımızın işğaldan azad edilməsi üçündü.

Düşmən inadla müdafiə olunurdu. Komandanlığın əmri ilə əks-hücum istiqamətimiz dəyişə-dəyişə, gizliliyi gözləməklə irəliləməyə çalışırdıq. Düşmən kəşfiyyatı bizi müşahidə edibmiş. Qəflətən mənim döyüşdüyüm mövqenin yaxınlığına bir mərmi düşdü. Ayağımdan yaralandım, lakin bir müddət büruzə vermədim. Döyüşçü yoldaşlarımdan biri bunu duyubmuş. Məni döyüşdən çıxartdılar.

Təxliyə olundum. Müayinə elədilər, müalicə müəyyənləşdirdilər. Həkim könlümü almaq üçün "Yaran çoxmu incidir?" deyə soruşdu. "Yara sağalacaq, həkim. Məni yara yox, döyüşlərdən uzaqda qalacağım incidir...", - dedim. "Bu yara ilə niyə döyüşməyim ki?", - sualım həkimin alnını düyünləndirdi. Az sonra təkidimlə məni bir də müayinə etdilər. Yenidən döyüşlərə qayıtdım...

Hərbi hissəmiz Şuşa ətrafında döyüşürdü. Döyüşlərə belə bir vaxtda qayıtmağımın sevinci yerə-göyə sığmırdı. Onda döyüşçü yoldaşlarımdan birinin dediyi kəlmələri döyüşə başlayacağımız anların əsgər xeyir-duası bildim: Hadrutu azad edəndən sonra Şuşa uğrunda döyüşəcəkdik. Bu sevincdən də gözəl sevinci orada yaşayacaqdıq!

Hadrut istiqamətində düşmən ciddi müqavimət göstərirdi. Hiss edilirdi ki, Hadrut onların Şuşa istiqamətində, müəyyən mənada, dayaq məntəqəsidir. Döyüşlərlə qəsəbəyə yaxınlaşırdıq. Bir neçə gündən sonra dağlıq massivlə Hadruta çatdıq. Hadruta yuxarıdan baxırdıq. Bir azdan dan yerinə düşəcək qızartı qazanacağımız qələbənin işığı olacaqdı. Müxtəlif istiqamətlərdən düşmən üzərinə hücuma keçdik. Düşmən əl-qol aça bilmədi. Ermənilər döyüşlər getdiyi müddətdə qaçmışdılar. Hərbçilər də, mülkilər də. Hadrut döyüşünü Şuşa döyüşündən əvvəl Azərbaycan əsgərinin qətiyyətli döyüşlərindən biri hesab edirəm...

Hadrutun ermənisizləşdirilməsi döyüşən ordumuzun qələbə ruhunu yüksəltdi. Belə döyüşlər ordumuzun sonrakı döyüşlərində, nəticə olaraq qələbə qazanmasında çox əhəmiyyətli oldu.

İkinci Qarabağ müharibəsində qazanılan böyük Zəfər Azərbaycan Ordusunun qüdrəti kimi tarixləşdi...

Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edildim. Bu təltiflər yaşayacağım illərdə Vətən müharibəsini, döyüşçü dostlarımın xatirələrini, şəhidlərimizin ruhunun ölməzliyini yaşadacaq. Vətən müqəddəsdi, müqəddəs Vətən üçün qazanılmış Zəfər də müqəddəsdi. Bu müqəddəslik əbədiyyən yaşadılacaq...

Rüstəm Rüstəmov “N” hərbi hissəsi
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-ordusu  


Bizi "telegram"da izləyin