İlham Əliyev-Putin-Paşinyan üçtərəfli görüşü baş tutub?

2022/11/1667381273.jpg
Oxunub: 806     17:25     28 Dekabr 2022    
Dekabrın 27-də Sankt-Peterburqda Ermənistanın baş naziri ilə Rusiya Federasiyasının prezidentinin görüşü olub. Ermənistanın baş naziri ilə görüşə başlayan Rusiya prezidenti Vladimir Putin bir qədər gözlənilməz açıqlama verib.

“Dekabrın 26-da MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı ilə üçtərəfli görüş keçirməyə nail olduq”, - deyə Putin qeyd edib. O bildirib ki, hazırda əsas məsələ bütövlükdə Cənubi Qafqazda vəziyyətin nizamlanması, Ermənistan-Azərbaycan münasibətləridir: “Razılaşdığımız kimi, biz bütün bu məsələləri ətraflı müzakirə edirik”.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Peskov MDB sammiti çərçivəsində üçtərəfli görüşün planlaşdırılmadığını bəyan edib. Ancaq daha əvvəl həmin Peskov tərəflər istəsə, Moskvanın belə bir görüşü təşkil etməyə hazır olduğunu açıqlamışdı. Amma sammit ərəfəsində o, görüşün planlaşdırılmadığını açıqladı və bu, tərəflərin öz istəklərini ifadə etmədiyini güman etməyə əsas verir. Əslində Rusiya prezidentinin sözlərinə görə, üçtərəfli söhbət olub, müzakirə də olub və Putin açılış nitqində Nikol Paşinyanla detalları müzakirə edəcəyini bildirib. O, “Dağlıq Qarabağ” yox, sadəcə “Qarabağ” ifadəsini işlədib və Laçın yolundan danışmayıb.

Paşinyan görüşün mətbuata açıq hissəsində Putinə Rusiya sülhməramlılarından narazılığını ifadə edib. “Üçtərəfli bəyanata əsasən, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altında olmalıdır. İndi məlum olur ki, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətində deyil. Təbii ki, bu vəziyyəti müzakirə etmək istərdim”, - deyə Paşinyan bildirib.

Burada sual doğuran Putin-Paşinyan görüşündə müzakirənin hansı məntiqlə davam etdirilməsidir. Güman ki, görüş gərgin mühitdə keçib. Ümumilikdə bu görüş Rusiya-Ermənistan münasibətlərində yaranan çatların daha da dərinləşməsinə gətirib çıxaracaq.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev   Putin   Paşinyan  


Bizi "telegram"da izləyin