Güman etmək olar ki, Ermənistan tərəflər arasında görüş keçirilməsini istəmir, bunu Moskvada XİN başçıları səviyyəsində keçirilən görüş də sübut edir. Üçtərəfli görüş planlaşdırılsa da, Ermənistan son anda bundan imtina edib. İrəvan bəhanə kimi Laçın yolundakı vəziyyəti göstərib.
Laçın yolunda azərbaycanlı vətəndaş cəmiyyəti nümayəndələrinin aksiyası 15 gündür davam edir. Yol açıqdır və BQXK və Rusiya sülhməramlılarının maşınları yoldan istifadə edir. Ermənistan görünür, məsələnin həllini Rusiyada görmür, ona görə də görüşlərdən imtina edir.
Nikol Paşinyanın da eyni məntiqlə Sankt-Peterburqda Azərbaycan lideri ilə görüşün əleyhinə olması istisna edilmir, lakin o, daha çox səs-küy və erməni-rus gərginliyinin yaşanmaması üçün Rusiya səfərini ləğv etməyib. Amma Rusiyanın xarici işlər naziri Lavrovun dekabrın 23-də Bayramovla görüşündən sonra Nikol Paşinyanın ATƏT və ya BMT-nin faktaraşdırıcı missiyaları ilə bağlı təklifi ilə bağlı birgə mətbuat konfransında kifayət qədər sərt açıqlamalar verdiyini nəzərə alsaq, gərginlik göz qabağındadır. Əgər Rusiya xarici işlər naziri Azərbaycan nazirinin yanında Ermənistanın birinci şəxsinin dediyi fikri belə sərt tənqid edirsə, bu, həqiqətən də gərginliyin yüksək səviyyədə olması deməkdir.
Asif Cəfərov
Ordu.az